25 Aprel 2024

Cümə axşamı, 10:23

PULLAR, XƏRİTƏ… SMARTFON

Yaxın illərdə Azərbaycanda təmassız ödənişlərin dövriyyəsi yetərincə artacaq

Müəllif:

01.05.2019

Bu ilin iyun ayından başlayaraq Azərbaycanda ilk dəfə olaraq dünyanın ən populyar xidmətlərindən «Apple Pay» və «Samsung Pay» vasitəsilə təmassız ödənişlər sistemi tətbiq ediləcək. Düzdür, ilkin mərhələdə hesablaşmaları «Android» bazasında işləyən telefonlar və bilavasitə bank kartları vasitəsi ilə aparmaq mümkün olacaq, amma daha sonra bu yenilik «IOS» bazasında işləyən «Apple» smartfonlarını da əhatə edəcək. Müştərilər üçün aydın şəkildə əlverişli olmasından başqa, həm də təmassız ödənişlər Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə planların gerçəkləşdirilməsində önəmli irəliləyişdir. Nağdsız ödənişlər isə  öz növbəsində kölgə iqtisadiyyatına qarşı mübarizədə əsas alətlərdən biridir.

 

Nağdsız ödənişlərin həcmi artır

Sirr deyil ki, məhz maliyyə institutları son bir neçə il ərzində müştərilərinin artan ehtiyaclarını ödəməyə çalışaraq, dünyada, o cümlədən Azərbaycanda innovasiya həllərin inkişaf etdirilməsində əsas drayverə çevriliblər.  Özü də elektron ödənişlər kimi effektiv alətdən söhbət gedirsə, onların istifadəsi həm hökumətlərə, həm də birbaşa bankların müştərilərinə faydalıdır. Bir sıra araşdırmalar göstərir ki, toplumun nağd pul dövriyyəsinin gerçəkləşdirilməsi  üzrə xərclər dövlətin ümumi daxili məhsulunun (ÜDM) 1%-dən 2%-dək təşkil edir. Bu, ölkə səviyyəsində böyük vəsaitlərdir və onları tibbə və ya təhsilə yönəltmək daha doğru olardı. Elektron ödənişlər mərkəzi bankların pul dövriyyəsini təmin etmək üzrə xərclərini azaldır, ölkə üzrə kölgə iqtisadiyyatının payını azaltmağa və nağd pul dövriyyəsinin mümkün itkilərini yetərincə kiçiltməyə imkan verir.

Son illərdə, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə həm inzibati səviyyədə, həm də banklar və beynəlxalq ödəniş sistemləri tərəfindən böyük işlər görülüb. Ekspertlər qeyd edirlər ki, Azərbaycanda ödəniş kartları bazarı çox dinamikdir və sürətlə böyüyür, eyni zamanda böyümə üçün böyük potensiala malikdir. Bu gün tranzakiyaların ümumi həcminin yalnız 18%-i nağdsız ticarət şəbəkəsində baş verir. Bu, açıq-aydın şəkildə azdır, nəzərə alsaq ki, eyni postsovet məkanındakı Ukraynada bu göstərici 40%, Avropada isə 90%-dir. Yəni insanlar hələ də ticarət nöqtələrində alış-veriş etmək üçün kartdan nağd pul çıxarırlar, halbuki onların hamısında POS-terminallar quraşdırılıb və bank kartlarının qəbul edilməsində, belə demək olar ki, bir neçə il bundan əvvəllə müqayisədə daha az problem var. Bununla yanaşı, nağdsız ödənişlərin dövriyyəsinin artım göstəriciləri yetərincə ümidvericidir. Təkcə 2018-ci ilin nəticələrinə görə elektron ödənişlərin həcmi 31%, nağdsız kart əməliyyatlarının həcmi isə 70% artıb. Bununla yanaşı, artıq 2019-cu ilin birinci rübünün sonuna Azərbaycanda kart tranzaksiyalarının ümumi həcmində nağdsız ödənişlərin payı  20% təşkil edib.

Bu rəqəmlər ümid etməyə imkan verir ki, «2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» vaxtında yerinə yetiriləcək. Xatırladaq ki, sənədə görə, 2021-ci ilə qədər iqtisadiyyatda bütün nağd tranzaksiyaların payı 74%-dən 40%-dək azalmalıdır.

Qeyd edək ki, GEAR-2018 (The 2018 Government e-Payments Adoption Ranking – Dövlət elektron ödənişlərinin tətbiq edilməsi üzrə reytinq) məlumatlarına əsasən, Azərbaycan 73 ölkə arasınla 43-cü yeri tutur və bu, nağdsız ödənişlərin inkişafının bir çox göstəriciləri üzrə fəal artım göstərir.

Bu reytinqdə əsas məsələ elektron ödəniş sisteminin təhlükəsizliyi, internetə çıxış səviyyəsi və vətəndaşların elektron ödəniş həllərindən maneəsiz şəkildə istifadə etməsinə imkan verən rəqəmsallaşdırma prosesləridir. Azərbaycan ilk dəfədir ki, bu reytinqə düşdü və ekspertlər əmindirlər ki, iki ildə bir dəfə keçirilən araşdırmanın növbətisində ölkə öz mövqeyini önəmli dərəcədə yaxşılaşdıracaq.

 

Smartfonla… ödəniş

Bununla yanaşı, analitiklərin fikrincə, Azərbaycan bazarı artıq nağdsız ödənişlərin yeni alətinə - NFC (Near field communication – yaxın təmassız rabitə) texnologiyası üzrə işləyən təmassız ödənişlərə tam hazırdır. Pərakəndə ödənişlər sahəsində NFC texnologiyasından istifadəsinin iki əsas variantı var. Birincisi, təmassız texnologiyaları dəstəkləyən kartlar (məsələn, Contactless Mastercard və PayWave Visa) ilə ödənişlərdir. Daha çox populyarlıq qazanan ikinci üsul Pay-servislər («Apple», «Android», «Samsung») vasitəsilə mobil cihazlarla təmassız ödənişlərdir. Ondan istifadə etmək üçün kartı smartfona xüsusi əlavədən istifadə edərək qoşmaq lazımdır, bundan sonra kart olmadan smartfonla ödəniş gerçəkləşdirmək mümkündür.

Əldə olan göstəricilərə görə, bu gün Azərbaycan bazarına smartfonların nüfuz  dərinliyi 60%-ə, bütünlükdə internetin əhatə dərinliyi 65%-ə çatır. «Bu, həm bazarın, həm də insanların onlayn alış-verişə və satışa hazır olduğunu göstərir», - deyə « MasterCard»ın biznesin və rəqəmsal ödənişlərin inkişafı departamentinin rəhbəri Hakan Tatlıcı bildirib.

Yeri gəlmişkən, «MasterIndex»in pul xərclənməsi və yığılması üzrə istehlakçı seçimlərini öyrənmək məqsədi ilə Bakıda apardığı bir tədqiqata görə, paytaxt sakinlərinin yarıdan çoxu gündəlik həyatda təmassız ödənişlərə keçidə hazır olduqlarını ifadə ediblər. Araşdırmanın nəticələri göstərir ki, bu ödənişlərə tələb əsasən supermarketlərdə və mağazalarda (75%), ictimai nəqliyyatda (60%), əczaxanalarda (41%), yanacaqdoldurma məntəqələrində (20%), qəzet köşklərində (15% ), taksilərdə (13%), restoran və kafelərdə (11%), kitab mağazalarında (9%), idman obyektlərində (3%), kinoteatrlarda və teatrlarda (3%) istifadə üçün var.

Şirkətdən qeyd edirlər ki, nəticələr qlobal meyillərə uyğun gəlir. "Təmassız ödənişlər ABŞ, Kanada, İngiltərə, Fransa və Türkiyə də daxil olmaqla dünyanın bütün ərazisində artıq populyardır. Beləliklə, eyni kartla Nyu-York, Honq Konq, Tayvan və bir çox başqa  şəhər və ölkələrin metrolarında bilet almadan gedə bilərsiniz", - deyə «MasterCard»ın Azərbaycandakı baş meneceri Hakan Akar bildirib.

Öz növbəsində, «Visa» ödəniş sistemi Azərbaycan bankları qarşısında aprel ayından etibarən satınalınma zamanı bir dəfə toxunuşla ödəniş etməyə imkan verən təmassız kartlar buraxmağı  öhdəlik qoyub. Bu barədə «Visa»nın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə regional bölməsinin böyük vitse-prezidenti Vera Platonova bildirib.

"Təmassız texnologiyalara keçid inkişafın təkamülündə həlledici qlobal dünya trendidir. İndi bu texnologiyalar Azərbaycan bazarına gətirilir. Amma bu gəlişin mümkün qədər yeyin gerçəkləşdirilməsi üçün ölkə infrastrukturunun, əhalisinin və qanunvericiliyinin bu prosesə hazırlanmasını gücləndirmək lazımdır. Buna görə də, bizdə 2019-cu ilin aprelindən etibarən qüvvəyə minən mandata görə, banklar tərəfindən buraxılan bütün ödəniş kartlarının yeni emissiyaları təmassız texnologiyalı kartlara əsaslanmalıdır",- deyə V.Platonova bildirib.

Belə ödənişlərin təhlükəsizliyinə gəlincə, prosessinq şirkətlərinin və ödəniş sistemlərinin nümayəndələri əmin edirlər ki, bu, adi bank kartlarındakından daha yüksək olacaq. "Təmassız kart çipinin olması hesabına tamamilə təhlükəsizdir. Doğrudur, bizim daima mübarizə apardığımız möhtəkirlik halları var, ancaq açıq danışaq -  bank kartının üzərindəki maqnit zolağı saxtalaşdırmaq kartda və ya «Pay»da saxlanılan təmassız texnologiyadan daha asandır. Təmassız kartın surətini bütünlüklə çıxarmağın mümkün olduğu hala hələ rastlanmayıb", - deyə «Visa»ın vitse-prezidenti bildirib.

Bununla belə, təmassız ödənişlər həm də belə kartların buraxılması bankların xərclərinə qənaət baxımından faydalıdır, çünki onlar daha uzun müddətə - 5-7 ilə verilə bilər, çünki maqnit zolağının zədələnməsi təhlükəsi yoxdur. Buna görə, yeni  texnologiyaya keçid banklara kart emissiyalarında vəsaitə qənaət etməyə imkan verəcək.

Digər önəmli məqam isə isə ödəniş terminallarının yeni növ kartlara uyğunlaşmağa hazır olması ilə bağlıdır. "Hazırda Azərbaycanda əksər terminallar bu cür texnologiyaları qəbul edir və təmassız terminallar üçün mandat artıq fəaliyyətdədir", - deyə V.Platonova vurğulayıb.

Beləliklə, əgər ötən ilin yekunlarına əsasən, dövriyyədə olan kartların 9 faizi təmassız olubsa, yaxın beş ildə plastik təmassız texnologiyalar Azərbaycan ödəniş kartları bazarının önəmli hissəsini tutacaq. Mütəxəssislərin fikrincə, 2022-ci ildə ölkədə bank kartları emissiyasının  80%-i təmassız olacaq.

Belə optimist proqnozlar şəhər nəqliyyatında təmassız kartla hesablaşmaların tətbiqi üzrə geniş bir layihənin həyata keçirilməsi planlarına dayanaraq da səsləndirilir. Doğrudur, ekspertlər bunun uzunmüddətli hazırlıq tələb edən çətin bir iş olduğunu göstərirlər. Bu ideyanın həyata keçirilməsində əsas rol hökumətə məxsus olmalıdır, banklar və ödəniş sistemləri isə yalnız onun tərəfdaşları kimi çıxış edə bilərlər.

"Bu, çox xərc aparan layihədir və bir qayda olaraq, dövlət tərəfindən maliyyələşdirilir. Axı, ən azından, ödəniş terminalları qurmaq, onlara xidmət göstərmək üçün kadrlar hazırlamaq, kartların buraxmaq lazımdır. London metrosu ilə bağlı gerçəkləşdirilmiş oxşar layihə yüz milyonlarla funta başa gəldi, lakin bu sərmayələri şəhər meriyası tərəfindən verildi. Yüz faiz əminliklə, demək olar ki, bu layihə Bakıya da gətirilə bilər, yalnız hökumətin və ya şəhər icra hakimiyyətinin sifarişi vacibdir", - deyə V.Platonova bildirib.

Düşünülür ki, hökumətin Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək, o cümlədən bank kartlarından istifadəni maksimum dərəcədə asanlaşdırmaq üzrə səyləri nəzərə alınarsa, bu layihənin həyata keçirilməsinə elə də çox qalmayıb. Özü də, bütün bunlar son nəticədə,  kölgə iqtisadiyyatının payının azaldılması və ölkədə iqtisadi şəffaflığın təmin edilməsi kimi vacib məqsədə xidmət edir.



MƏSLƏHƏT GÖR:

283