25 Aprel 2024

Cümə axşamı, 19:08

İNSANLIĞA İNAM SARSILDI

Radikal ideyaların savaşı Şri-Lankada da qanlı iz qoydu…

Müəllif:

01.05.2019

21 aprel 2019-cu il Şri-Lanka dövlətinin tarixində ən faciəvi günlərdən biri kimi qalacaq. Həmin gün ölkənin ən böyük şəhəri olan Kolombonun müxtəlif yerlərində, həmçinin digər şəhərlərdə, demək olar ki, eyni vaxtda kütləvi insan tələfatına səbəb olmuş partlayışlar törədilib. 9 partlayış 359 nəfərin həyatına son qoyub, 500-dək insan yaralanıb. Amma bu qanlı səhərin ən ciddi zərəri insanlığa inamın sarsılmasıdır…

 

Partlayışların xronologiyası

İlk 6 partlayış yerli vaxtla səhər saat 8-9 arasında baş verib. Bu vaxt təsadüfən seçilməmişdi:  xristian dünyasında pasxa gecəsi kilsədə sitayiş etmək ənənəsi var.  Çünki dindarlar inanırlar ki, həmin gecə fiziki yuxu mənəvi yuxuya keçir və gecəni kilsədə dualarla keçirən insan səhər bəxtiyarlıq yaşayır. Səhər bazar duası etmək üçün insanlar gecə ibadət etmiş şəxslərə qoşulur. Bu saatda xristian məbədləri adamla dolu olur. Terrorçular maksimum çox insanın ölümünə nail olmaq istəyinə çatdılar. Ən çox insan məhz ilk 3 partlayış zamanı həlak olub: onlardan biri Kolombodakı müqəddəs Antoniya kilsəsində, ikincisi Neqombo şəhərindəki müqəddəs Sebastyan kilsəsində, üçüncüsü Battikaloa şəhərindəki katolik məbədində törədilib.

Daha sonra partlayışlar paytaxtın mərkəzində yerləşən «Şanqri-La», «Sinnamon Qrand» və «Kinqsberi» hotellərində davam edib.

Partlayışlardan dərhal sonra hüquq-mühafizə orqanları var gücü ilə fəaliyyətə keçib. Onların reydinin gedişində daha 2 partlayış olub - Kolombonun Dexivala qəsəbəsində və Demataqoda rayonunda. Son partlayış 3 polisin həyatına son qoyub. Bundan başqa, Kolombo aeroportu yaxınlığında kustar üsulla hazırlanmış daha bir partlayıcı tapılaraq zərərsizləşdirilib - terrorçular 1,8 metr uzunluğunda borunu kustar üsulla hazırlanmış partlayıcılarla doldurubmuş.

Sonuncu - doqquzuncu partlayış səhəri gün Kolombo kilsələrindən birində törədilib. Bu zaman insan tələfatı olmayıb: minalanmış furqon partlayıcının zərərsizləşdirilməsi əməliyyatı zamanı partlayıb.

 

Nəzərə alınmayan xəbərdarlıq

Partlayışların səhəri gün məlum olub ki, Şri-Lanka hökuməti silsilə terror aktlarına hazırlığın getdiyinə dair bir neçə xəbərdarlıq alıbmış. İlk xəbərdarlıq hələ aprelin 4-də ortaya çıxıbmış və müdafiə naziri bununla bağlı polis rəisinə hesabat göndəribmiş. Aprelin 11-də isə təhlükəsizlik xidməti bölmələrinin rəhbərlərinə xəbərdarlıq göndərilibmiş. İnformasiyaların mənbəyi isə tərəfdaş ölkə olan Hindistan kəşfiyyatı olub. Doğrudur, xəbərdarlıqdan sonra ada dövlətinin təhlükəsizlik xidməti «Camaat at-Tauhid əl-Vataniya» hərəkatından olan cihadçılar qrupunu izləməyə başlayıb. Lakin onlara qarşı həbs və ya hər hansı digər ciddi tədbirlər görülməyib. Müşahidə kameraları çiynində böyük çantalar olan kamikadzelərin şəhəri sərbəst şəkildə dolaşdığını, heç bir maneə ilə üzləşmədən kilsələrə girdiyini qeydə alıb.

Sən demə, məlumat ölkənin ali rəhbərliyinə belə, çatdırılmayıbmış. Şri-Lanka prezidenti Maytripala Sirisena bundan heyrətini açıq şəkildə dilə gətirib. Polis və xüsusi xidmət orqanları rəhbərliyini səriştəsizlikdə günahlandıran prezident onlardan dərhal istefa vermələrini tələb edib. Göründüyü kimi, məhz xüsusi xidmət orqanlarının səhlənkarlığı əsl faciə ilə nəticələnib. İndi acı içərisində olan sakinlər evlərinə sığınaraq televiziya ekranlarından qopa bilmir…

Hökumət ölkədə fövqəladə vəziyyət elan edib. Bu, şübhəli şəxslərin məhkəmə sanksiyası olmadan saxlanılmasına və dindirilməsinə imkan verir. Ölkə polisi son dəfə bu səlahiyyətindən «Tamil-İslamın azadlığı pələngləri» təşkilatının ekstremistlərilə döyüşlər zamanı istifadə etmişdi.

Hüquq-mühafizə orqanlarının reydi nəticəsində 40 şübhəli şəxs saxlanılıb, partlayıcı maddə və qurğuların olduğu gizli anbarlar aşkar olunub. Araşdırmalara İnterpol da qoşulub. Törədilmiş partlayışlar nəticəsində vətəndaşlarını itirmiş digər dövlətlər də istintaqa yardım etmələri üçün öz nümayəndələrini Şri-Lankaya göndərib.

 

Radikal ideyalarla müharibə

Şri-Lankada 4 böyük dini konfessiya var. Əhalinin əksəriyyəti (70%-dən çoxu) buddizmə itaət edir. İnduistlər, müsəlmanlar və xristianlar əhalinin qalan hissəsini təşkil edir və onların sayı, demək olar ki, bərabərdir. Burada vacib məqam əhalinin mənsub olduğu konfessiyadan asılı olmayaraq, həddindən artıq dindar olmasıdır. Sosioloji sorğular zamanı vətəndaşların 99%-i həyatlarında əsas rolu dinin oynadığını bildirir. Şri-Lanka sakinləri əcdadlarının dininin var qüvvələrilə qoruyurlar: adət-ənənələrə əməl olunur, onlar nəsildən-nəslə ötürülür. Üstəlik, bütün bunlar cənublulara xas emosionallıqla baş verir.

«Tamil pələngləri»nin məğlub olmasından sonra şri-lankalıların milli coşğusu yerini dini dözümsüzlüyə verib. 2014-cü ildə ölkədə müsəlmanlara qarşı silsilə talanlar törədilib. O zaman toqquşmalar «Bodu Bala Sena» təşkilatının buddist-sinhal nümayəndələrinin təxribatı ilə baş vermişdi. Buna baxmayaraq, hökumət baş verənlərə görə müsəlman icmasını günahlandırmış, bu isə talan təşkilatçılarının işinə yaramışdı. O vaxtdan ölkə müsəlmanları hökumətdən incik düşüb. Bu isə radikal müsəlman dindarların onların arasında fəaliyyəti üçün yaxşı zəmin yaradıb. Faktiki «Əl-Qaidə»nin yerli qanadına çevrilmiş «Camaat at-Tauhid əl-Vataniyə» qruplaşmasının peyda olması da həmin vaxta təsadüf edir.

Lakin radikalların «mömin» qəzəbi faktiki olaraq ölkənin bütün güc strukturlarına nəzarət edən buddistlərə yox, müdafiəsiz xristianlara yönəlib. Vaxtilə Şri-Lanka əhalisinin, təxminən, üçdə birini təşkil etmiş xristianlar ölkənin müstəqilliyini elan etməsindən sonra kəskin şəkildə azalmaqdadır: Şri-lankalılar onları Avropa müstəmləkəçisi gözündə görərək, sıxışdırmağa başlayıb. İlkin istintaq müəyyən edib ki, terror aktının təşkilatçıları bunu Yeni Zelandiyadakı Kraysçörç məscidinə hücuma görə qisas elan edib.

Digər tərəfdən «Camaat at-Tauhid əl-Vataniyə» kimi kiçik təşkilat kənar yardım olmadan bu cür miqyaslı terror törədə bilməzdi. Odur ki, ilkin şübhələr «İslam Dövləti» qruplaşmasına yönəlib. «Xilafətçilər» də özlərini çox gözlətməyib. Qruplaşma nümayəndələri yaydıqları videoçarxda terror aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər.

 

Sarsılmış beynəlmiləlçilik

«Pasxa» günü adada həlak olmuş insanların əksəriyyəti yerli sakinlərdir. Amma onların arasında 30-dan artıq əcnəbi də var: Böyük Britaniya, Hindistan, Niderland, Danimarka, İsveçrə, İspaniya, ABŞ, Avstraliya və Türkiyə vətəndaşları. Bu, adada baş vermiş faciəni beynəlmiləl hadisəyə çevirib.

Şri-Lanka kilometrlərlə uzanan sahili, qumlu çimərlikləri,  palmaları və şəffaf suyu ilə tanınır. Odur ki, əcnəbilərin əksəriyyəti bu cənnətdə dincəlməyə ailələrilə yollanır, bu zaman onları təhlükənin gözlədiyini ağıllarına belə, gətirmir…

Dünya KİV-də terror aktlarının qurbanları haqda oxuyarkən baş verənlərə laqeyd qalmaq mümkün deyil. Məsələn, ingiltərəli Ben Nikolson faciə nəticəsində bütün ailəsini itirib. «Shangri-La» hotelinin restoranında törədilmiş partlayış onun həyat yoldaşı Anita Nikolsonun, 14 yaşlı oğlu Aleksin və 11 yaşlı qızı Annabelin həyatına son qoyub.

Terrorun qurbanı olmuş türkiyəli mühəndis Sərhat Nariçin atası qayğıkeş oğlu haqda göz yaşları içərisində danışır: «Səhər saat 5-də mənə «WhatsApp» vasitəsilə mesaj yazmışdı. Xoş səhərlər diləyirdi. Ondan aldığım son mesaj bu oldu».

UNİCEF-in məlumatına görə, terror aktları nəticəsində ən azı 45 uşaq həlak olub. Onların arasında danimarkalı milyarder, Britaniyanın «Asos» internet mağazasının sahiblərindən olan Anders Xolx Povlsenin 4 övladının 3-ü də var.

Barrikadanın digər tərəfində isə yerli milyarder Məhəmməd İbrahimin iki oğlu var - səhər saatlarında özlərini partlatmış kamikadzelər arasında onlar da olub. Bu fakt da baş vermiş faciənin miqyasının, beynəlmiləlliyinin göstəricisidir.

Beləliklə, dünyada gedən radikal ideyalar savaşı Şri-Lankada da qanlı iz qoydu. Eyni dindən olan insanların qisasını almaq məqsədilə törədilən terror aktları bəşəriyyəti əsrlərlə geri salır. Burada ilk qanı kimin axıtdığı haqda mübahisə yersizdir: bu sualın birmənalı cavabı yoxdur - lap «toyuq birinci yaranıb, yoxsa yumurta?» sualı kimi. Terrorun qarşısını yalnız sağlam düşüncə ala bilər - bir vaxtlar «Homosapiens»i heyvanların zalım dünyasından qurtardığı kimi.



MƏSLƏHƏT GÖR:

289