29 Mart 2024

Cümə, 15:41

WHO İS MİSTER ZELENSKİ

Ukrayna üçün şans, yoxsa yeni sınaq?

Müəllif:

01.05.2019

Ukraynada prezident seçkisindən Vladimir Zelenskinin qalib çıxması gözlənilməz olmadı. Lakin onun rəqibini az qala 3 dəfə üstələyəcəyini (24,5%-ə qarşı 73,17%) yəqin ki, çox az adam gözləyirdi. Prezident Pyotr Poroşenkonun məğlubiyyətlə dərhal barışacağı da bir çoxları üçün gözlənilməz oldu. İndi hər kəs Zelenskinin necə prezident olacağı haqda düşünür…

 

Səhvlərin nəticəsi

Əksər müşahidəçilər hesab edirlər ki, seçki kampaniyasını «İnanc. Dil. Ordu» şüarı ilə aparmış Poroşenkonun məğlubiyyəti əslində, bu qədər də ağır olmaya bilərdi. Bəlkə də, seçicilər onu həyat səviyyələrinin aşağı olması, Ukraynanın Avropanın ən yoxsul ölkəsi elan edilməsi, korrupsiya ilə mübarizənin effektiv olmaması, Rusiya ilə razılığa gələ bilməməsi və ölkənin şərqində davam edən müharibəyə son qoya bilməməsi üçün «cəzalandırdılar». Poroşenkonun Ukrayna kilsəsini müstəqil elan etməsi, ukraynalılar üçün Şengen vizasının ləğvi və Ordunun gücləndirilməsi xalq üçün kifayət etməyib. Viza məsələsi kimi (ukraynalıların əksəriyyəti ondan istifadə etməklə Avropaya turist deyil, ucuz işçi qüvvəsi kimi yollanır) bir sıra nailiyyətlər isə hətta əksinə, prezidentin zərərinə işləyib.

Nəticədə, hakimiyyətə siyasətə lap yeni qoşulmuş, Krivoy Roqda rusdilli yəhudi ailəsində doğulmuş aktyor, prodüser və şoumen – 41 yaşlı Vladimir Zelenski gəlib.

O, hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyətlə məşğul olub, daha sonra ŞHK komandasına qoşulub, sonda özünün «Veçernıy kvartal» şousunu yaradıb. Yeri gəlmişkən, o, çox qısa zamanda Ukraynanın ən populyar şousuna çevrilib. Zelenskiyə məxsus «Kvartal 95» studiyası bir neçə film və serial çəkib. Onların arasında Ukrayna ilə yanaşı, Rusiyada da son dərəcə populyar olan «Qudalar», böyük səs-küy yaratmış «Xalqın xidmətçisi» də var. Yeri gəlmişkən, «Xalqın xidmətçisi»nin baş qəhrəmanı olan sadə müəllim Vasili Qoloborodko sonda prezident seçilir…

Odur ki, Zelenski ənənəvi anlamda seçki kampaniyası aparmayıb. O, kampaniyanı serial və realiti-şou çəkilişlərilə əvəzləyib, mümkün prezidentliyə necə hazırlaşdığını bütün ölkəyə bu yolla göstərib. Məsələn, eyni zamanda həm fiziki formasını normaya salıb, həm də Ukrayna dilini.

Zelenskinin ciddi cəhdlərinə və seçkidə əldə etdiyi ciddi uğura baxmayaraq, əksəriyyət bunun əsas səbəbi kimi, ictimaiyyətin Pyotr Poroşenkonun siyasətindən və şəxsindən narazılığını göstərir. Onların fikrincə, bu üzdən prezident seçkisinin ikinci turuna kim yüksəlsəydi, Poroşenkoya qalib gələcəkdi.

Zelenski özü də Poroşenko ilə debatında buna diqqət çəkib: «Pyotr Alekseyeviç, mən sizin səhvlərinizin nəticəsiyəm».

Bu debat, əslində, Ukrayna tarixində bir ilk idi. Hər kəsin gözü qarşısında, bütün xalq miqyasında siyasi fleşmob, rəqəmsal «maydan» təşkil olunmuşdu. Virtual aləm reallıqla tam qarışmışdı və bu, öz real nəticəsini verdi. Ekran qəhrəmanına heyran olmuş və ona inandığını ortaya qoymuş (səs vermiş) ukraynalılar indi bu şəxsi real həyatda tanımalıdırlar. Lakin ən önəmlisi indi Zelenskinin özü də özünü tanımalıdır.

Zelenski bütün seçki kampaniyası dövründə, demək olar ki, müsahibə verməyib və seçicilərlə görüşməyib. Ümumiyyətlə, o, konkret danışmaqdan çəkinib. Yalnız ümumi cümlələrlə Ukraynanın Aİ və NATO ilə yaxınlaşacağı vədini verib müharibəyə son qoyacağını, korrupsiya və oliqarxlarla mübarizə aparacağını, insanların həyat şəraitini yaxşılaşdıracağını söyləyib. Yəni Zelenski əslində, istənilən namizədin verməli olduğu vədləri verib. Hansı ki, bu vədləri Poroşenko da vermişdi və ötən illər ərzində o, sözünü tuta bilməmişdi. Zelenskinin konkret fəaliyyət planı isə bəlli deyil.

İndi Zelenski və komandası son dərəcə ağır «miras»ın öhdəsindən gəlmək məcburiyyətindədir. Ondan, ilk növbədə, əməkhaqlarının durmadan azaldığı, ərzaqların, mənzil-kommunal təsərrüfatının durmadan bahalaşdığı vəziyyətinə son qoyması gözlənilir. Bununla eyni vaxtda korrupsiyanın öhdəsindən gəlinməli, həddindən artıq yüksək olan vergilərə əlac tapılmalı, ölkənin şərqindəki münaqişəyə son qoyulmalıdır. İdarəçilik sistemi yenidən qurulmalı, Ordu və DİN-in tabeliyi təmin olunmalıdır. Hər halda, qalmaqallı Arsen Avakovun yeni prezidentə problem yaradacağı istisna deyil.

Yeni prezidentin ilkin mərhələdə parlamentin müzakirəsinə təqdim etməyi düşündüyü əksər qanun layihəsi faktiki olaraq, hakimiyyət strukturunun yenidən qurulması ilə bağlıdır – birbaşa demokratiya normalarının genişləndirilməsi, deputat, hakim və prezident toxunulmazlığının ləğvi, xalq deputatlarının geri çağırılması hüququ, impiçment proseduruna dəyişiklik. Onlardan bəzilərinə nail olunması üçün isə ölkə Konstitusiyasına dəyişiklik edilməlidir.

Bütün bunlarla yanaşı, parlament seçkisilə də məşğul olunmalıdır. Sadalananları nəzərə alsaq, Zelenski, çətin ki, bütün bu vəzifələrin öhdəsindən əla gələ bilsin. Demək, o, dəstəyini tədricən itirəcək. Əksər yerli və xarici müşahidəçinin dediyi kimi, Zelenskiyə verilmiş səslər, əslində, Poroşenkonun əleyhinə verilmiş səslərdir. Odur ki, bu seçiciləri qoruyub saxlamaq asan olmayacaq. Üstəlik, hakim elita arasında daxili mübarizə də, güman ki, davam edəcək.

 

Hər şey indi başlayır

Beləliklə, Ukraynada hakimiyyət konfiqurasiyasının yekun vəziyyəti və ümumiyyətlə, ölkənin siyasi mənzərəsi yalnız oktyabrda keçiriləcək parlament seçkisindən sonra tam aydınlaşacaq. Ali Radaya seçkidən sonra yeni hakim koalisiya və ölkənin yeni baş naziri olacaq.

Odur ki, Zelenski özünün «Xalqın xidmətçisi» partiyasının bazasında həqiqətən güclü siyasi qüvvə formalaşdırmalıdır. Bunsuz onunla hesablaşmayacaqlar. Həmin siyasi qüvvə hakimiyyəti ciddi şəkildə ələ ala bilməsi üçün parlamentdə çoxluğa yiyələnməlidir.

Poroşenko faktiki olaraq, artıq «Pyotr Poroşenkonun Bloku» partiyasının parlament seçkisi ilə bağlı proqramını elan edib. O, prezident seçkisindəki məğlubiyyətini etiraf etdiyi çıxışına təslim olmamağa çağırışla başlayıb. Poroşenko bildirib ki, o, «prezident olduğu dövrün nailiyyətlərini» (Ukraynanın Aİ və NATO kursunu, vizasız rejimi, təhsildə (Ukrayna dilinin müdafiəsi) və tibdə islahatlar) qorumaq üçün siyasətdə qalacaq.

Amma deyəsən, Yuliya Timoşenko daha çox şey vəd edir. Hər halda, sabiq baş nazir prezident seçkisinin ilk turunda üçüncü yeri tutub. Yeri gəlmişkən, o, Ukrayna hökumətinin payızı gözləmədən buraxılmasını tələb edir. «Bu hökumətin daha yarım il qalmasına ehtiyac varmı? Fikrimcə, insanların 75%-i dəyişikliyə bu hökumətin daha yarım il işləməsi üçün səs verməyib… Odur ki, hazırkı parlamentin zərrə qədər vicdanı qalıbsa, yeni hökumətin formalaşdırılmasına imkan yaradılmalıdır», - deyə «Batkivşşina» partiyasının lideri bildirib. Beləliklə, prezident seçkisini uduzmuş Timoşenko yenidən hakimiyyət uğrunda yarışın başındadır. Yeri gəlmişkən, növbədənkənar seçki Zelenskinin özünə də sərf edir. Çünki onun partiyası, hələ ki, yalnız seçkiqabağı vədlərilə yaddadır. Hələlik ona yanlışlıqlar, uğursuzluqlar «ləkə»si düşməyib.

Deyilənə görə, yaxın zamanlarda Ukrayna siyasi meydanına «Okean Elzı» qrupunun lideri Svyatoslav Vakarçukun partiyası da çıxa bilər. Siyasətlə əlaqəsi olmayan Vakarçuk da populyarlıqda yeni seçilmiş prezidentdən geri qalmır.

 

Moskvadan xəbərdarlıq addımları

Ukrayna hakimiyyəti haqda danışarkən Kiyev-Moskva münasibətlərinə toxunmamaq mümkün deyil. ABŞ, Fransa, Polşa prezidentləri, NATO-nun baş katibi, Aİ rəhbərliyi, Böyük Britaniyanın baş naziri Zelenskiyə qələbə münasibətilə dərhal təbrik ünvanlayıblarsa, Almaniya kansleri isə onu Berlinə səfərə belə, dəvət edibsə, Kreml təbrik məktubu göndərməyə tələsmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, «təbrik etmək hələ tezdir». Onun fikrincə, bunun üçün «konkret fəaliyyətə, konkret addımlara qiymət verilməsi lazımdır».

Rusiyanın baş naziri Dmitri Medvedev isə «Facebook» sosial şəbəkəsində Zelenskinin qələbəsilə bağlı «heç bir xülya qurmadığını» yazıb. O, Ukraynanın yeni rəhbərliyinə «sağlam düşüncə» arzulayıb.

Bunun səhəri – aprelin 24-də Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına vətəndaşlığın verilməsi prosedurunun sadələşdirilməsinə dair sərəncam imzalayıb. İndi onlara pasportun verilməsi məsələsi 3 ay ərzində öz həllini tapmalıdır.

Rusiya tərəfinin sırf humanitar niyyətlə əsaslandırdığı bu addım Kiyevdə ciddi narazılığa səbəb olub. Zelenskinin seçki qərargahı bununla bağlı bəyanat da yayıb. Bəyanatda bildirilir ki, Rusiya bu qərarla «işğalçı dövlət məsuliyyətini etiraf edib» və əsas hədəf olan atəşkəsdən uzaqlaşıb. «Ukrayna müvəqqəti işğal olunmuş ərazilərindəki vətəndaşlarının maraqlarının müdafiəsi, hüquq və azadlıqlarının təmini məsələsində beynəlxalq birliyin dəstəyinə arxalanır, Rusiyaya diplomatik təzyiqlərin, sanksiyaların artırılacağına ümid edir», - deyə bəyanatda vurğulanır.

Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin məsələyə reaksiyası özünü çox gözlətməyib. O, deyib ki, «Moskvanın Donbas sakinlərinə Rusiya vətəndaşlığının verilməsi prosedurunu sadələşdirməsi Ukraynanın suverenliyinə qəsddir».

Ukrayna Xarici İşlər Nazirliyi isə tanınmamış DXR və LXR sakinlərini yeni pasportlar almamağa çağırıb. Məsələyə Ukraynanın hələ vəzifəsinin başında olan prezidenti Poroşenko da münasibət bildirib. O, hesab edir ki, Kremlin son qərarı Rusiyanın bölgədə hərbi mövcudluğunun legitimləşdirilməsi cəhdidir.

Əksər ekspert, o cümlədən rusiyalı və ukraynalı müşahidəçilər Kremlin son qərarını xəbərdarlıq siqnalı kimi qiymətləndirirlər. «Naftoqaz»la «Qazprom» arasında qaz müqaviləsilə bağlı vəziyyətin qarışıqlığını da nəzərə aldıqda, bu, həqiqətən də, belə görünür. Demək, ilin ikinci yarısında Ukrayna-Rusiya münasibətləri çətin olacaq.

Bütün daxili və xarici amilləri nəzərə aldıqda, Ukraynada növbəti həyati əhəmiyyətli məqamın yetişdiyini söyləmək mümkündür. Zelenski prezident hakimiyyətilə parlament və güc strukturları arasında balans yarada biləcəksə, Rusiya ilə razılığa gələcəksə və vədlərinin, heç olmasa, bir hissəsini yerinə yetirəcəksə, Ukrayna, nəhayət, inkişafının az-çox sabit, sakit mərhələsinə qədəm qoyacaq. Buna inanmaq istəyir və bütün ukraynalılara bunu arzulayırıq.



MƏSLƏHƏT GÖR:

286