19 Aprel 2024

Cümə, 20:42

705 №-li İŞ

Heydər Əliyevin Üçüncü reyxin erməni agenturası ilə gizli savaşı haqqında

Müəllif:

01.05.2019

Mayın ilk rübündə Azərbaycan tarixinin 2 vacib hadisəsi xatırlanır: mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış Qələbə günü, mayın 10-da isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu iki hadisənin bir-birinin ardınca gəlməsi son dərəcə rəmzi məna daşıyır. Çünki Heydər Əliyevin həyatı həmin müharibə və müharibənin fəsadları ilə çox bağlı olub. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində yer alan və məxfilikdən çıxarılmış bəzi sənədlərlə tanışlıq həm İkinci Dünya müharibəsilə bağlı tarixin indiyədək bəlli olmayan bəzi səhifələrinə, həm də Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı ayrı-ayrı faktlara işıq salır.

Rəsmi tərcümeyi-halından məlumdur ki, 25 il təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri olub. Ona general-mayor rütbəsi verilib. Bununla yanaşı, Heydər Əliyevin sovet Azərbaycanının dövlət təhlükəsizlik orqanlarında konkret hansı işlə məşğul olduğunu, hansı xüsusi əməliyyatlara rəhbərlik etdiyini çox adam bilmir. Bu gün biz Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətilə bağlı bir epizod haqda danışmaqla, nəinki müasir Azərbaycanla, həm də Sovet İttifaqı ilə bağlı bəzi sirli məqamları üzə çıxarmaq imkanı qazanmışıq.

Bu gün Heydər Əliyevin daxili işlər orqanlarından dövlət təhlükəsizlik orqanlarına keçidinin nə ilə bağlı olduğunu böyük ehtimalla söyləmək mümkündür. Bu, yəqin ki, onun abverin (hərbi kəşfiyyat) «Abverqrup 114» adı ilə də tanınan «Dromedar» kəşfiyyat orqanı ilə mübarizəyə cəlbi ilə bağlı olub. O zaman əsas məqsəd, əlbəttə ki, alman agenturasının üzə çıxarılması və neytrallaşdırılması idi.

«Dromedar»ın xüsusiyyəti onun erməni siyasi mühacirləri, daha sadə desək, daşnaklar tərəfindən yaradılmasında, əsasən Sovet İttifaqından çıxmış etnik ermənilərdən ibarət olmasında idi. Söhbət əsasən Azərbaycan və Abxaziyadan çıxmış, Qafqazda qohumları olan ermənilərdən gedirdi. Agentura, kəşfiyyat-diversiya fəaliyyəti məhz onların yardımı ilə aparılırdı. Sovet hərbi komandanlığı və SMERŞ hərbi əks-kəşfiyyat orqanı Şərq cəbhəsində alman hərbi kəşfiyyatının strukturunda bu xüsusi bölüyün mövcudluğu haqda məlumatı 1941-ci ilin sonu, 1942-ci ilin əvvəlində əldə etmişdi. Qızıl ordu üçün uğursuz olmuş Kerç-Feodosiya desant əməliyyatı zamanı «Dromedar»ın Kerç yaxınlığındakı səhra məntəqələrindən birindən sənədlər tapılmışdı. SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən 1952-ci ildə dərc olunmuş və 2017-ci ildə məxfilikdən çıxarılmış «1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə SSRİ-yə qarşı fəaliyyət göstərmiş alman kəşfiyyat orqanları haqqında arayış materialları məcmusu» adlı sənəddə nasistlərin bu hərbi bölüyü haqda bunlar deyilir: «Abverqrup 114» 1943-cü ilədək Abverkomanda 101-ə tabe olub və əvvəlcə «Zonderkomanda «Dromedar» adlanıb. Təşkilata erməni general Drastamat Martirosoviç Kananyan (Dro) başçılıq edib. 1943-cü ilin aprelində zonderkomandaya müstəqillik verilib və o, abverqrup statusu qazanıb. Şərti adı «İrena» olub».

Qrup Şimali Qafqaz cəbhəsi arxasında kəşfiyyat-diversiya əməlləri ilə məşğul olur, qiyamçı hərəkatlar yaradırmış. Eyni zamanda o, Şimali Qafqazın işğal olunmuş ərazilərində əks-kəşfiyyat da aparırmış. Onun əməkdaşlarının və agentlərinin özəyini ermənilər təşkil edir, insanların ələ alınması ilə strukturun rəsmi əməkdaşları - Ermənistandan gəlmə şəxslər məşğul olurmuş.

Ələ alınmış agenturanın bir hissəsi kəşfiyyatçı radistlərin yanında təlim keçir, bir hissəsi Varşava kəşfiyyat məktəbinə göndərilirmiş. Radistlərə təlimləri də Ermənistandan gələnlər keçirmiş. Bir vaxtda kursda 20-dək agent iştirak edirmiş. Kəşfiyyata yararlı olmayanlar «Dromedar»ın nizami bölüyünə (40-60 nəfər) və qrupa aid ərazilərin mühafizəsinə yönləndirilirmiş.

Qrup Sovet arxa cəbhəsindəki agenturası ilə radio vasitəsilə əlaqə qururmuş. Cəbhə xəttini geri keçmək üçün şifahi olaraq «Qars 11-01» və ya «1TS Puşkin» parollarından istifadə edilirmiş.

Şimali Qafqazdakı cəbhəyanı xətdə qrupun 4 ön kəşfiyyat qrupu var imiş:

1-ci məntəqə - Pyatiqorsk yaxınlığındakı Nikolayevsk stansiyası. Rəhbər Tiqran Baqdasaryan (Tiqris). O, agentlərin Nalçik, Mozdok, Stavropol, Qroznı bölgələrinə, həmçinin Qafqaz sıra dağlarının aşırımlarına səpələnməsilə məşğul olub.

2-ci məntəqə - Krasnodarda. Rəhbər Arutunyan (Uqryan). Agenturanın Tuapse, Soçi və Qara dəniz sahillərinə yayılması ilə məşğul olub. Qrupa 1943-cü ilin martında Tamana gəlməklə qoşulub.

3-cü məntəqə - Stavropolda. Rəhbər Boqdan Yüzbaşev (Smetanov). Şimali Qafqazın işğal olunmuş ərazilərində əks-kəşfiyyatla məşğul olub. Agentlərini erməni əhali arasında da yerləşdirib.

4-cü məntəqə - o da Stavropolda yerləşib. Rəhbər Qevorkov (Qevorkyan Nikolay). Məşhur daşnak lideri S.Camalyanın oğlu olan Qevorkov əvvəllər SS sıralarında xidmət edib. Məntəqə antisovet təbliğatı ilə məşğul olub, yerli erməni komitələri və milli birliklər yaratmaqla məşğul olub.

«Erməni milli komitəsi» (EMK) ermənilər arasında Reyxin protektoratı altında «Böyük Ermənistan»ın yaradılması təbliğatını aparıb. Alman qoşunlarının geri çəkildiyi vaxt komitənin funksionerləri radioötürücülərlə təchiz edilmiş agenturanı yerli əhali arasında yerləşdirirdilər və onlar yerli sakinlər kimi əhaliyə qarışırdı.

1944-cü ilin iyulunda abverqrup yenidən təşkil olunub. Onun əməkdaşlarının bir hissəsi T.Baqdasaryanın başçılığı altında adını qoruyub saxlayaraq, Niderzee adlı qəsəbəyə (Şərqi Prussiya) göndərilib, 1944-cü ildə Eşenbaxa (Berlinin yaxınlığı), 1945-ci ilin martında isə Qmyunta (Avstriya) yollanıb.

Şəxsi heyətin qalan hissəsi Belqrada göndərilib. Orada bu qurumun bazasında «Aynxayt Şturm» bölüyü yaradılıb. O, erməni agentlərin hazırlanaraq Sovet arxa cəbhəsinə göndərilməsilə də məşğul olub. 1943-cü ilin yanvarında bu dəstə Kesselxeli qəsəbəsinə (Macarıstana) üz tutub, Sovet hərbçilərinin yaxınlaşması ilə isə əvvəl Bergenə (Almaniya, Ryugen adası), 1945-ci ilin martında isə Egerə (Çexoslovakiya) köçüb. Qrupun son məskəni Drezden yaxınlığındakı Parna olub.

Göründüyü kimi, Sovet təhlükəsizlik orqanları «Dromedar»ın və ya sonradan adlandırıldığı kimi, «Abverqrup 114»ün erməni nümayəndələrinin Üçüncü reyxin maraqlarına xidmət etdiyini detallarınadək bilib. Buna Sovet əks-kəşfiyyatçılarının onların cinayət əməllərilə bağlı illərlə apardığı sistemli, dəqiq təhlillər imkan verib. Bu işin əsası isə SSRİ DTN-nin İkinci idarəsinin (əks-kəşfiyyat) 31 dekabr 1943-cü il tarixli, 2/6/31215 saylı göstərişilə qoyulub. Söhbət «Almanların «Dromedar» kəşfiyyat orqanı haqda bütün materialların bir agentura işində cəmlənməsi» göstərişindən gedir. Bu göstərişə əsasən, Azərbaycan SSR DTN-nin İkinci idarəsi bir ay sonra, 1944-cü il yanvarın 31-də müvafiq işə başlayıb. Bu məqsədlə «Cinayət ortaqları» adlı 705 saylı agentura işi açılıb. Cinayət işi «Dromedar»ın rəhbərliyinə və o vaxtadək üzə çıxarılmış agentlərinə bu və ya digər formada aidiyyəti olan hər bir şəxs haqda maksimum ətraflı informasiyanın toplanmasını nəzərdə tuturdu. Nəticədə, ilk olaraq həmin şəxslərin siyahısı hazırlanmışdı. Sonra da SMERŞ Baş əks-kəşfiyyat idarəsi və ya onun cəbhədəki idarələri tərəfindən siyahıya əlavələr və dəyişikliklər də edilib.

Sovet Azərbaycanının dövlət təhlükəsizlik orqanları 705 №-li iş üzrə respublikanın yetirməsi olan 30 nəfəri qeydiyyata almışdı. Onların arasında ən tanınmışı siyahıda 11-ci olan Qaregin Njde idi. Onun adının siyahıda Drastamat Kananyanın fəal silahdaşları sırasında deyil, ikinci onluqda yer alması maraqlı faktdır. Məsələ ondadır ki, müasir Ermənistanda Njdenin şəxsiyyəti böyük həvəslə qəhrəmanlaşdırılsa da, əslində, bu, qətiyyən belə olmayıb. Daha bir maraqlı məqam onun operativ qeydiyyata alınmasının əsasıdır: «erməni milli-sosialist partiyasının təşkilatçısı və «Erməni milli komitəsi»nin üzvü». Yəni o, diqqəti kollaborasionist kimi deyil, erməni nasizmi ideologiyasının yaradıcısı kimi çəkib.

705 №-li agentura işinin materiallarında daha bir qeyri-adi fakt yer alır. Njdenin tərcümeyi-halında bu faktın yer alması hazırda onun şəxsiyyətini qəhrəmanlaşdıranların xoşuna gəlməyəcək. Njdenin ətrafı haqda məlumat toplayan çekistlər Varvara Badalovna Ağamalyan (qeydiyyata götürülmüş şəxslərin siyahısında 24-cü yerdədir) adlı bir nəfərə gedib çıxıblar. Naxçıvan ASSR Ordubad rayonunun Paraqa kəndindən olan bu xanım 1920-1921-ci illərdə fəal daşnak və Njdenin sevgilisi olub. Qız qeyd olunan illərdə Njdenin dağlara çəkilərək azərbaycanlı kəndlərini məhv etmək və Qırmızı ordudan gizlənmək əvəzinə, onun evində yaşadığını, oranı özünün mənzil-qərargahına çevirdiyini təsdiq edib. Belə çıxır ki, 1920-1921-ci illərdə Zəngəzurda erməni dövlətçiliyinin qurulması işində Njde heç bir hünər göstərməyib. Çünki o, həmin vaxt həmin ərazidən 2 dağ silsiləsi aralıda, Ordubad rayonunun Paraqa kəndində yaşayırmış. Amma bu, ayrıca araşdırma tələb edən fərqli söhbətin mövzusudur.

Almanların «Dromedar» kəşfiyyat orqanı haqda hekayəni yekunlaşdıraraq qeyd edək ki, onun əməkdaşları və agentlərinin axtarışı istiqamətində Azərbaycan dövlət təhlükəsizlik orqanları xəttilə aparılan operativ axtarış işləri 1955-ci il avqustun 12-də dayandırılıb. Açılmış agentura işi isə arxivə verilib. Bu iş üzrə qeydiyyata alınmış 30 nəfərdən 18-i nasistlərlə əməkdaşlıqda günahlandırılaraq mühakimə olunub və ya ələ keçirilən zaman məhv edilib. 12 nəfərin izlənilməsinə isə son qoyulub. Çünki onların nasist agenturası ilə əlaqəsi nə müharibə illərində, nə də savaşın bitimindən 10 il sonra üzə çıxıb.

İndi isə məqalənin əsas sualını cavablandırmağın vaxtıdır: bütün bunların Heydər Əliyevə nə aidiyyəti var? Heydər Əliyevin bu işlə birbaşa əlaqəsi varmış! O, 1944-1955-ci illərdə əvvəlcə Azərbaycan DTN-DTK-nin operativ səlahiyyətlisi, daha sonra şöbə rəisi və əks-kəşfiyyat şöbəsi rəisinin müavini kimi, Azərbaycan və ona bitişik ərazilərdə alman agenturasının axtarışı ilə bilavasitə məşğul olub, daha sonra bu işi koordinasiya edib. Bunu Heydər Əliyevin 705№-li «Dromedar» işinin agentura işindən informasiyaya çevrilməsilə bağlı qərardakı imzası da təsdiq edir.

Beləliklə, ortaya qoyduğumuz arxiv sənədi bizə bu dahi şəxsiyyətin tərcümeyi-halında indiyədək məlum olmayan daha bir səhifəni açmağa imkanı verib.



MƏSLƏHƏT GÖR:

322