26 Aprel 2024

Cümə, 02:32

TUNELİN SONUNDA İŞIQ GÖRÜNDÜ?

«Lavrov planı» Qarabağ münaqişəsinin həlli prosesinin dalandan çıxarılmasına kömək edəcəkmi?

Müəllif:

01.05.2019

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov Rusiya tərəfinin təşəbbüsü ilə aprelin 15-də Moskvada bir araya gəliblər. Onlara ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də qoşulublar. Bu, təxminən, 2 illik fasilədən sonra Minsk qrupuna həmsədrlik edən ölkələrdən birinin XİN başçısının iştirakı ilə keçirilən ilk görüş idi. Belə görüşün təşkili vasitəçi fövqəldövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artdığının göstəricisi sayıla bilər. Problemin nizamlanması prosesi müxtəlif səbəblərdən uzun müddətdir ki, dalana dirənmiş vəziyyətdədir.

Maraqlıdır ki, ABŞ Dövlət Departamenti növbəti bənzər görüşün Amerikada keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Danışıqlar prosesinin belə fəallaşması müsbət hal olsa da, hələlik hansısa konkret nəticələrdən danışmaq tezdir. Tərəflər substantiv danışıqlara start verməklə yanaşı, bir sıra tədbirlərlə bağlı razılığa da gəlib. Razılaşdırılmış tədbirlərin həyata keçirilməsi ictimai əhvali-ruhiyyədə müsbət fon yaratmalı, qarşılıqlı inamı artırmalıdır.

Görüşün yekununda yayılmış bəyanatda deyilir: «Azərbaycan Prezidenti İ.H.Əliyev ilə Ermənistan baş naziri N.V.Paşinyan arasında martın 29-da Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq, görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyət, həmçinin humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə aparıblar. Münaqişənin həlli ilə bağlı əsas aspektlər istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik vasitələrlə nizamlanması üzrə səylərini davam etdirmək niyyətlərini təsdiqləyiblər. Nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyətində vəziyyətin gələcək sabitləşməsində maraqlı olduqlarını vurğulayıblar. Onlar həmçinin ailələrə tərəflərin müvafiq mərkəzlərində həbsdə saxlanılan qohumları ilə görüşmək imkanı vermək üçün qarşılıqlı əsasda tədbirlər görməyə razılaşıblar. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla insanlar arasında əlaqələrin qurulmasına dair konkret işə başlamağa hazır olduqlarını bildiriblər. Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri regionda davamlı sülhə nail olunması istiqamətində vasitəçilik missiyasına sadiq olduqlarını bir daha bəyan ediblər. Görüş iştirakçıları yaxın vaxtlarda əlaqələri davam etdirmək barədə razılığa gəliblər».

Görüşün yekununda təşkil olunmuş mətbuat konfransında isə Rusiyanın XİN başçısı S.Lavrov Moskva danışıqlarının məzmununu açıqlamayaraq, diplomatik tərzdə bunları deyib: «Əgər mən düz başa düşürəmsə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu görüşün nəticələrinə dair müsahibələrindən birində danışıqlarda 2016-cı ilin təkliflərinin müzakirə edildiyini deyib. Odur ki, mənim əlavə edəcəyim heç nə yoxdur. Həmin təkliflərin məğzinə gəlincə, bu, həmsədr ölkələr olan Rusiya, Fransa və ABŞ rəhbərlərinin çoxsaylı bəyanatlarında yer almış məsələlərdir».

Rusiyalı və ermənistanlı həmkarlarından fərqli olaraq, Məmmədyarov daha açıq danışıb. O, Moskva görüşü haqda sualı belə cavablandırıb: «Görüş məhsuldar keçdi. Biz konkret olaraq bu vaxtadək prosesə mane olan məsələləri müzakirə etdik. Bunu tam irəliləyiş adlandıra bilmərəm. Lakin ümumilikdə bəzi problemli məqamları istər erməni tərəfi, istərsə də mən daha hərtərəfli, daha dərindən başa düşdük. Biz müzakirələri Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflər əsasında apardıq. Təbii ki, bir görüşdə bütün probelmləri həll edə bilməzdik. Bugünkü görüşün faydası ciddi problemlərin nələr olduğunu, hansı problemlərin çözülməsinin vacibliyini daha yaxşı anlamamızdır. Məsələn, Ermənistan status və təhlükəsizlik məsələlərini qaldırır. Biz isə ilk növbədə, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması məsələsini qoyuruq. Məhz bu dörd məsələ ətrafında danışdıq. Düşünürəm ki, onu davam etdirmək haqda razılığa gələ bildik. Məsələ ondadır ki, mən bunlar haqda cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım da öz baş nazirini məlumatlandırmalıdır. Görüşdə müxtəlif fikirlər səsləndirilib. İndi söhbətin hansı təkliflərdən getdiyini açıqlamaq istəmirəm. Bu, Rusiya tərəfinin, həmsədrlərin, Azərbaycan və Ermənistanın təklifləridir. Bu istiqamətdə işi davam etdiririk».

Rusiya tərəfinin Moskva görüşünün təşkililə bağlı təşəbbüsü «Lavrov planı»na ictimai marağı artırıb. Xatırladaq ki, bu vaxtadək onunla bağlı rəsmi qaydada heç bir detal açıqlanmayıb. Analitiklər düşünür ki, onun əsasını keçmiş DQMV ətrafındakı rayonlardan erməni qoşunlarının 2+3+2 (variasiyalar mümkündür) sxemi ilə çıxarılması, eyni vaxtda təhlükəsizlik tədbirlərinin görülməsi, tərəflər arasında iqtisadi və nəqliyyat əlaqələrinin qurulması təşkil edir. Kompromis razılaşmanın qarantı kimi digər dövlətlərin də rəmzi iştirakı ilə Rusiya çıxış etməlidir. KİV yazır ki, münaqişənin həlli prosesinin bu trayektoriya ilə irəliləməsi Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına üzvlüyünü də nəzərdə tutur. Bu isə onun bu təşkilatlarda Dağlıq Qarabağın da maraqlarını təmsil edəcəyi deməkdir. Mətbuatda yer almış bu məlumatlarda deyilir ki, bu, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinədək belə, təhlükəsiz şəraitdə, özünü idarə etmək hüququ ilə yaşamasına, insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkətinə imkan verəcək.

«Lavrov planı» haqda müxtəlif müsahibələrində rusiyalı filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri, siyasi elmlər doktoru Aleksandr Dugin və tanınmış rusiyalı jurnalist, hazırda həm də siyasətçi olan Maksim Şevçenko da çox danışıblar. Ermənipərəst «REGNUM» agentliyinin analitiki Stanislav Tarasov isə Moskva görüşündən dərhal sonra verdiyi açıqlamada deyib ki, «Lavrov planı» Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarının bəzilərinin boşaldılmasını nəzərdə tutur.

Separatçıların «özünümüdafiə qüvvələri»nin sabiq «komandan»ı, gələn il «DQR» rəhbərliyinə keçiriləcək «seçki»də namizəd olmaq niyyətini açıqlamış Samvel Babayan isə deyir ki, söhbət nizamlama prosesinin gedişində Dağlıq Qarabağa Rusiyanın protektatı kimi keçid statusun verilməsindən və Moskvanın danışıqların aparılması üçün səlahiyyətlərin tanınmasından gedir.

Sanki Qarabağ probleminin nizamlanması tunelinin sonunda işıq görünür. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın qarışıq bəyanatları, kompromisdən uzaq fikirləri, həmçinin erməni siyasətçiləri və analitiklərinin mütləq əksəriyyətinin mövqeyi nikbin gözləntilərin üzərindən xətt çəkir. Məsələn, cənab Paşinyan AŞPA-dakı çıxışında «İlham Əliyev ilə kifayət qədər konstruktiv və müsbət danışıqlar aparmağa nail olduğunu» deyib: «Cəmiyyətlər arasında dialoqun başlanması, bizim ictimaiyyətimizi müharibəyə deyil, sülhə hazırlamamız çox vacibdir…». Lakin sonrası məşhur satirikin əsərindəki «Ostapın ağzı açıldı» kəlamını xatırladır. Paşinyan həyasızcasına AŞPA-nı «Dağlıq Qarabağda demokratik institutların güclənməsi, vətəndaş cəmiyyətinin formalaşması üçün heç bir addım atmamaqda» günahlandırıb. O, hesab edir ki, Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınmaması bu işlərin görülməsinə mane olmamalıdır: «Çünki orada da insanlar yaşayır». Amma bu zaman məhz Ermənistanın ucbatından başlamış müharibə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən köçkün düşmüş 1 milyondan artıq insanın elementar olaraq öz vətənində yaşamaq hüququnun pozulduğu Paşinyanın «yadına düşmür». Ermənilərin əməllərilə bağlı «işğal» terminindən istifadəni də düzgün saymayan baş nazir deyib: «İnsan özünün, övladının doğulduğu, əcdadlarının yaşadığı və dəfn olunduğu torpağı necə işğal edə bilər?» Amma Paşinyan Ermənistan silahlı qüvvələrinin ekspedisiya korpusunun hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdiyi haqda heç nə demir. Halbuki onun oğlu ölkənin müdafiə nazirinin övladı ilə birlikdə məhz orada hərbi xidmətdədir. Görünür, Nikol Paşinyan 100 min Qarabağ ermənisinin hüququndan danışarkən Qarabağdan qovulmuş 600 mindən artıq azərbaycanlını «unudur».

Ermənistanın baş naziri demaqoq ritorikanı Strasburqda keçirdiyi mətbuat konfransında da davam etdirib. Paşinyan Azərbaycan xalqına müraciət etmək, onunla söhbətləşmək istədiyini deyib. Amma onun siyasi hoqqabazlığı elə də təsirverici olmadı. Əgər Paşinyanın Qarabağ münaqişəsinin həllilə bağlı demək istədikləri varsa, onu ermənilərin nəzərinə çatdırsın. Biz azərbaycanlılar onun dediklərindən nəticə çıxarmaq iqtidarındayıq. Hökumət başçısının öz xalqına deyəcək sözü isə yoxdur. Əksinə, o, problemlər bağlı xalqından konsensus tapşırığı gözləyir. «Siz məni Qarabağ danışıqlarına göndərən zaman demirsiz ki, get, bu cür et. Erməni xalqı baş nazirə demir ki, al, bu sənə kağız, onu oxu, danış və məsələni həll et. Fərqli yanaşmalar bu üzdən yaranır. KİV-də isə qısa desək, «işğal olunmuş (ermənilərin anlayışında «azad edilmiş») bir qarış da torpağı geri qaytarma» kimi sərt mövqe tirajlanır», - deyə N.Paşinyan İrəvana qayıdarkən bildirib.

Beləliklə, getdikcə bir məqam özünü daha aydın göstərməyə başlayır: populist Paşinyanın rəhbərlik etdiyi Ermənistan Qaradağ probleminin nizamlanması prosesində özbaşına konstruktiv mövqe tutmaq bacarığına malik deyil. Məhz bu üzdən həmsədr ölkələrin XİN başçıları, hətta prezidentlər səivyyəsində danışıqlara qoşulması vacibdir. Moskvada Rusyianın xarici işlər naziri S.Lavrovun iştirakı ilə keçirilmiş danışıqlara da məhz bu kontekstdə yanaşmaq lazımdır.

Bu arada Azərbaycanın Avropa İttifaqı və üzvlərinin, ilk növbədə Fransa, Almaniya və Böyük Britaniyanın prosesə cəlb olunması məqsədilə Avropa istiqamətində fəallaşacağını gözləməyə dəyər. Çünki «dondurulmuş münaqişələr»in başlı-başına buraxılması hər an şiddətli müharibələrə yol aça bilər. Bu halda onların regional səviyyədə lokallaşdırılması da çətin olacaq. Buna baxmayaraq, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun da bu yaxınlarda verdiyi müsahibəsində dediyi kimi, ən yüksək səviyyəli beynəlxalq siyasi təşkilatların qəbul etdiyi heç bir qərar, o cümlədən Qarabağ münaqişəsilə bağlı qərarlar yerinə yetirilmir. «Bizim ölkələrimizin ərazi bütövlüyü pozulub və bunun belə qalması bütünlükdə müasir dünya düzəni üçün təhlükədir. Avropa bunu anlamalı və bu münaqişələri öz problemi kimi qəbul etməlidir. Çünki müasir dünyada təcavüz yalnız yaxın qonşudan yox, minlərlə kilometr uzaqdan da gələ bilər…» - deyə o, bildirib.

Düşünürəm ki, Avropa liderləri istefada da olsa, kifayət qədər təcrübəli siyasətçi olan Yuşşenkonun sözlərini eşitməlidirlər. Onlar miqyaslı «Şərq tərəfdaşlığı» proqramının 10 illiyi münasibətilə mayın ortalarında keçiriləcək sammitdə bununla bağlı qəti fikirlərini deməlidirlər.



MƏSLƏHƏT GÖR:

283