20 Aprel 2024

Şənbə, 16:42

SƏFİR BAXIŞI

Yana BATIRŞİNA: “Belə gözəl arena olduğu halda yarışı televizordan izləmək günahdır”

Müəllif:

15.05.2019

Bakıda bu il sentyabrın 16-dan 22-dək keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlar start götürüb. Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatın ulduz səfirinin adı da məlumdur. Bu, dəfələrlə dünya çempionu, Atlanta Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşinadır. Tanınmış gimnast artıq öz missiyasının icrasına başlayıb. Yana Batırşinanın Bakıya qısamüddətli səfərindən istifadə edib ondan “Region Plus” jurnalı üçün müsahibə almışıq.  

- Sizi Bakıda görmək xoşdur. Səfər zamanı bədii gimnastika üzrə Dünya Kubokunu izlədiniz. Təəssüratlarınızı bilmək maraqlıdır...

- Bakı gimnastika yarışlarını ən yüksək səviyyədə təşkil edir. Bu bütün idmançılara, məşqçilərə məlumdur. Fürsətdən istifadə edərək Dünya Kubokunun final gününü arenadan izlədim. Milli Gimnastika Arenası möhtəşəmdir. Məşq zalında 12 xalçanı saydım. İnanın heç bir arenada belə şərait yoxdur. Dünya Kuboku zamanı işıqların quruluşuna valeh oldum. Tamaşaçıları yormur, çox gözəl görüntü yaradır.  

Bakıda olduğum müddətdə bir neçə gözəl məkanda oldum. Həyatımda ilk dəfə Formula-1 yarışını canlı izlədim. Ekstrim, sürəti gördüm. Bakının Formula-1 kimi nüfuzlu yarışı keçirməsi tarixi uğurdur. Bu yarış Bakının bütün gözəlliyini dünyaya nümayiş etdirir.

- Bir neçə gündən sonra Bakıda bədii gimnastika üzrə Avropa Çempionatı keçiriləcək. Sizi qitə birinciliyində görmək imkanı olacaq?

Azərbaycan Gimnastika Federasiyası məni dəvət edib. Böyük məmnuniyyətlə iştirak edəcəm. Bakıda keçirilən hər bir yarış gimnastika bayramıdır. Səbirsizliklə dünya çempionatını gözləyirəm. Tokio Yay Olimpiya Oyunları ərəfəsində keçirilən dünya çempionatında güclü rəqabət olacaq. Ona görə maraqlı yarış izləyəcəyik.

- Sizin üçün Bakıdakı dünya çempionatının ulduz səfiri olmaq nə deməkdir?

İlk növbədə, bu seçimə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm. Belə böyük yarışın ulduz səfiri olmaq şərəfdir. Əsas vəzifəm gimnastikanı təbliğ etməkdir. Sosial çarxların çəkilişində iştirak edəcəm, uşaq evlərinə gedəcəyik, gimnastika məktəblərində master-klasslar təşkil olunacaq. İşimiz çoxdur və maraqlıdır. İnanıram ki, dünya çempionatı bu yarışın ən tarixində ən yaxşılardan olacaq. Dünya çempionatından sonra Yana Batırşinanın mükafatları uğrunda uşaqlar arasında beynəlxalq turnir təşkil edəcəyik. Ardıcıl altı il bu turnir Moskvada keçirilib, bu dəfə Bakıda olacaq. Adətən, 10-12 ölkədən 400-ə yaxın yeniyetmə turnirdə mübarizə aparır. Bu dəfə də iştirakçıların çox olacağına ümid edirəm. Gimnastlar üçün belə möhtəşəm arenada məşq keçmək unudulmaz hisslər yaradacaq.

- Azərbaycanda gimnastikanın səviyyəsini necə qiymətləndirirsiniz?

Çox yüksək nəticələriniz var. Qısa zamanda böyük işlər görülüb. Ümumiyyətlə, son illər gimnastika bütün ölkələrdə inkişafdadır. Dünya Kubokunun nəticələrinə baxın. Artıq Rusiya gimnastları ilə rəqabət aparan çoxlu sayda ölkələr var. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq yarışlarda öz sözünü deyir. Yeni güclü nəsil yetişir. Hamısı azərbaycanlı qızlardır. Yeniyetmə komandanızın çıxışını izlədim və zövq aldım. Millidə güclü rəqabət olacağı dəqiqdir. Artıq məşqçilər seçimdə çətinlik çəkəcək. Azərbaycan kənardan idmançı dəvət etmir. Özü uşaqları yetişdirir. Bu, çox önəmlidir. Tokio Olimpiadasından sonra yeni nəsil olacaq. Bax, onda uşaqların zamanı gələcək. Perspektivli gimnastlarınız çoxdur.

- Bədii gimnastikada kumiriniz kim olub?

Bolqar gimnast Mariya Petrova. Uşaqlıqdan ona valeh olmuşdum. Hər bir yarışda ona oxşamağa çalışırdım. Ukraynalı Oksana Skaldina və ispan Karoluna Paskualın adını çəkməliyəm. Karyeram zamanı bu idmançılar mənə nümunə olub. Skaldina texniki cəhətdən çox çevik idi. Paskual Olimpiya Oyunlarında fırtına qoparmışdı. Elə kompozisiya göstərirdi ki, rəqiblərin şansı qalmırdı.

- Müasir gimnastika çox dəyişib?

Çox dəyişib. O vaxt yarışda etdiklərimizi indi uşaqlar məşqdə təkrarlayır. Zaman getdikcə qaydalar dəyişir və inkişaf sürətlənir. Alətlərlə edilən hərəkətlər çətinləşib. İndi gimnast ayaq barmağı və çiyinlə istənilən alətlə hərəkət göstərir. Bizim vaxt belə deyildi. Gimnastika müəyyən qədər çətinləşib, amma risk azalıb. O vaxt risk çox idi. Bununla belə, gimnastikanın daha gözəl olduğunu deməliyəm.

- Azərbaycan gimnastika sevərlərinə nə məsləhət görərdiniz?

İlk növbədə, hamını Bakıdakı dünya çempionatına dəvət edirəm. Mənə dedilər ki, Azərbaycanda hazırda gimnastika trend olub. Hamı övladının gimnastikayla məşğul olmasını arzulayır. Bu çox sevindiricidir. Əksəriyyət çempion olmasa da, qızların bədən quruluşu gözəl olacaq. Gimnastika həm də incəsənət və idmandır. İdman isə intizamı sevir. Uşaqlar kiçik yaşlarından intizamlı olmağa səy göstərəcək.

Belə gözəl arena olduğu halda yarışı televizordan izləmək günahdır. Bütün gimnastika həvəskarlarını yarışı zaldan izləməyə dəvət edirəm. Azərbaycan Gimnastika Federasiyası arenada elə şərait yaradıb ki, turnirə ailəlikcə gəlmək istəyirsən. Nə uşaqlar darıxır, nə də böyüklər. Milli Gimnastika Arenanızın qədrini bilin, onu qoruyun. Və imkan olduqca gimnastikayla məşğul olun.  

Qeyd edək ki, 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri artıq satışa çıxarılıb. 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi bədii gimnastika üzrə Dünya Çempionatı Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyır.



MƏSLƏHƏT GÖR:

325