24 Aprel 2024

Çərşənbə, 11:41

ƏVƏZSİZ ÇEMPİON

“Qarabağ” ard-arda altıncı dəfə futbol üzrə Azərbaycan çempionatının qalibi oldu

Müəllif:

15.05.2019

Futbol üzrə Azərbaycan çempionatının sonuna bir tur qalmış əsas suala aydınlıq gəldi. Belə ki, “Qarabağ” ardıcıl altıncı dəfə çempionatın ən güclüsü oldu. Bununla da, Qurban Qurbanovun komandası rekorda imza atdı. İndiyədək heç bir komanda premyer-liqada ard-arda altı dəfə qızıl medala yiyələnə bilməmişdi. Bu isə o deməkdir ki, qarşıdakı avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında yenə də “köhlən atlar” təmsil edəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə karyerasında altıncı dəfə bu titula sahib çıxmaqla bundan əvvəl beş dəfə belə uğura imza atmış Ağasəlim Mircavadovun rekordunu arxada qoydu. Ümumilikdə isə indiyədək 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb. Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxasında” iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cu dəfə ilk “üçlüyə” düşdü.

“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi oldu. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki “bürünc”dür. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırdı.

Sözsüz ki, "Qarabağ"ın uğurunu şərtləndirən əsas amillərdən biri məhz stabil oyundur. Mütəxəssislər də qeyd edir ki, son illərlə müqayisədə "köhlən atlar" cari mövsüm nisbətən zəif təsir bağışladı. Heyətdə rotasiyalar etməyə imkan olmasa da Qurban Qurbanov əsas rəqibi "Neftçi"yə qızıl medal qazanmağa imkan vermədi. Ölkə çempionunun əsas uğur formulu - stabil oyun və komandadakı intizamdır. Futbolçular hətta xal itirdikləri matçda belə emosiyalarına hakim olur, səhvlər üzərində işləməyi bacardılar.

“Neftçi” ilə “köhlən atlar” arasında məsafənin böyük olduğu dövrü xatırlayaq. “Qarabağ” Avroliqada mübarizə aparırdı, Qurban Qurbanov klubla yanaşı, millidə də çalışırdı. Təcrübəli mütəxəssisə həmin vaxt yığmanı Millətlər Liqasının qrupundan çıxarmaq tapşırığı verilmişdi. Üstəlik, “Səbail”lə oyundakı texniki məğlubiyyəti də yaddan çıxarmayaq. Bütün bunlar olmasaydı, “Neftçi” əsas rəqibini turnir cədvəlində bu qədər geridə qoya bilməzdi. Çempionatın ikinci dövrəsində isə “Qarabağ”da fərqli şərait var idi. Qurbanov yığmadan ayrılmış, komanda Avroliqa ilə vidalaşmışdı. Tam diqqət və güc çempionata yönəldi ki, belə də ağdamlılar aşkar şəkildə “Neftçi”ni üstələdi. Rəqibinin inamlı çıxışı istər-istəməz “ağ-qaralar”da təzyiq yaratdı ki, Roberto Bordin yetirmələrini bu “yük”ün altından çıxara bilmədi.

“Neftçi”nin “qorxulu üçlüyü» qışdan sonra dağıldı. Söhbət Baqali Dabo – Mirabdulla Abbasov – Dario Federiko üçlüyündən gedir. Məlum olduğu kimi, braziliyalı yarımmüdafiəçi qışda komandadan ayrıldı. Düzdür, “sambaçı”nın özü getmək istəyib və ürəyi klubda olmayan futbolçunu saxlamağın məqsədəuyğun olmadığı deyilir. Bununla belə, rəhbərlik və baş məşqçi hər vasitə ilə futbolçunu saxlamalı idi. Baxmayaraq ki, klub onun gedişindən pul qazandı, qışda buraxmasaydılar, yayda azad agent kimi gedəcəkdi. Ancaq hədəf çempionluqdursa, futbolçunun pulunu artırmaq lazımdırsa, artırılmalı və ortaq məxrəcə gəlinməli idi. Sistemi dağıtmaq yaxşı heç nə vəd etmir və zaman da bunu təsdiq etdi. Doğrudur, Vangelis Platellas zəif futbolçu deyil. Ancaq fakt budur ki, Dario komandaya daha çox fayda verirdi. Həmçinin Federiko bizim çempionatı, futbolu, rəqiblərini daha yaxşı tanıyırdı.

Yuxarıda qeyd etdiyimiz “üçlüyün” daha bir “halqası” isə Canluka Sansonenin gəlişi ilə qırıldı. O, komandaya gec qoşulsa da, qış fasiləsindən sonrakı 3-cü oyunda artıq start heyətində idi. Yeri gəlmişkən, həmin qarşılaşmada “Neftçi” “Zirə”nin qapısına yol tapa bilmədi. Şübhəsiz, Sansone transfer olunanda artıq Mirabdulla ilk psixoloji zərbəni almışdı. İtaliya A seriyasında oynamış hücumçunun onun əsas heyətdəki yerini tutacağını düşünən Abbasovun təzyiq altına düşməsi təbiidir. Kiril Petrov – Anton Krivotsyuk cütünün müdafiənin mərkəzində əla təsir bağışladığı, Ruslan Abışovun isə sıraya döndüyü vaxtda Mamadu Mbocla Petru Rakunun transferi də tarazlığı pozdu. Ola bilər, Mboc 5 qol vurub, bir neçə matçın taleyinə birbaşa təsir edib. Ancaq o qol vurmaq üçün alınmamışdı. Hər zaman deyilirdi ki, “Neftçi”nin müdafiə xəttində problem var. Qol vuran müdafiəçi yox, qol buraxmayan arxa xətt oyunçusu lazım idi. Onun gəlişi ilə Krivotsyuk da arxa plana keçdi. Bir sözlə, qış fasiləsində heyətdə edilən dəyişikliklər uğurlu alınmadı və artıq üçüncü dövrədə xalların bərabərləşməsi də sonuncu – həlledici mərhələdə vəziyyətin daha ağır olacağının siqnallarını vermişdi.

"Qarabağ"da kapitan Rəşad Sadıqov amili var. Yaşı çox olsa da, meydanda kapitanlığı-liderliyi komandaya böyük fayda verir. Ağ-qaralarda liderin olmaması da özünü göstərdi. Doğrudur, əksəriyyət buna əks arqument kimi Emin Mahmudovun adını çəkə bilər. Rusiya futbol məktəbinin yetirməsinin mövsümü yüksək səviyyədə keçirdiyi birmənalıdır. Təkcə 7 qol və 7 məhsuldar ötürməsini yada salsaq, kifayətdir. Onun meydanda olmadığı görüşlərdə “Neftçi”nin əziyyət çəkdiyini də zaman-zaman qeyd etmişik. Ancaq bir komandanın lideri olmaq təkcə oyun planında onu uğura daşımaq çabası ilə məhdudlaşmır. “Köhlən atlar”ın Rəşad Sadıqov kimi kapitanının olması onlar üçün böyük üstünlükdür. Belə bir liderin yoxdursa, artıq çempionluq mübarizəsində 0:1 geridəsən. Ruslanın heyətdən kənarda qalması fonunda əsas missiya Mahmudovun üzərində idi. Lakin Emin nə qədər yaxşı futbolçu olsa da, komandaya kifayət qədər fayda versə belə, “Rəşad” ola bilməyib. Olsaydı, çətin anlarda komandanı toparlamaq, vəziyyətdən çıxarmaq yönündə baş məşqçinin “sağ əli” olduğunu ortaya qoyardı.

Vaxtilə “Qəbələ”nin də “Qarabağ”la çempionluq mübarizəsində uduzmasının səbəblərindən biri kimi məhz lider məsələsini qabartmışıq.

İstənilən komandanın uğurunda oynadığı rol qədər, uğursuzluğunda da məşqçinin günahı böyükdür. "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin həmkarları ilə yaşadığı mübahisə-münaqişələr, onları özünə qarşı motivasiya etməsi, orta və zəif komandalarla oyunlarda itirilən xallar, qorxaq oyun, lazımsız yerdə edilən və fəsadla müşayiət olunan əvəzetmələr təsirsiz ötüşmədi. Düzdür,.. heyətinə, baş məşqçisinin və oyunçuların təcrübəsinə, sabitliyinə və başqa bir neçə səbəbə görə “Qarabağ”ın “Neftçi”dən əlverişli mövqedə olduğu faktdır. Sadəcə, Bordinin əlində olan üstün cəhətləri əldən verməsi səhvlərin olduğunu təsdiq edir. Bununla belə, italiyalı məşqçinin istefaya göndərilməsi səhv qərar olacaq. Onun göndərilməsi, xüsusən bunun Avroliqa ərəfəsində edilməsi növbəti uğursuzluğu qaçılmaz edəcək. Baş məşqçiyə ən azı beynəlxalq arenada da şans vermək və orda yaşananlara uyğun davranmaq olar. “Neftçi” azarkeşlərinin çempionluq istəyini anlamaq çətin deyil. Ancaq baş məşqçiləri əlcək kimi dəyişmək, adətən, komandaya ziyan vurur.

Beləliklə də, ölkəmizi bu yay avrokuboklarda təmsil edəcək klublardan üçü artıq bəllidir. Bunlar “Qarabağ”, “Neftçi” və “Səbail”dir. “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” ilə “Səbail” isə Avropa Liqasında mübarizə aparacaq. Bildiyiniz kimi, “Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. “Qarabağ” iyunun 18-də keçiriləcək püşkatmada 1-ci mərhələdə “səpələnmişlər” səbətində yer alacaq.



MƏSLƏHƏT GÖR:

305