Müəllif: Sənan NADİROĞLU
Bakıda təşkil edilən paracüdo üzrə Qran-Pri Azərbaycan yığmasının parlaq qələbəsiylə yadda qaldı. Təmsilçilərimiz ümumilikdə 11 medal qazanmaqla azarkeşləri sevindirdi. Təəssüf ki, medal qazananlar sırasında ölkə idmanının canlı əfsanəsi İlham Zəkiyev olmadı. İki dəfə paralimpiya oyunlarının qalibi, 7 dəfə Avropa, dəfələrlə dünya çempionu olan Zəkiyev bürünc medal uğrunda görüşdə də məğlubiyyət acısı yaşadı.
Uğursuzluğa rəğmən, turnirin nəticələrini məhz İlham Zəkiyevlə təhlil etmək qərarına gəldik.
- Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olaraq Qran-Prinin nəticələrini qiymətləndirirsiniz?
- Bu, bizim üçün çox böyük sınaq idi. Komitəmiz ilk dəfə bu səviyyədə Bakıda idman tədbiri keçirirdi. Özünüz gördünüz ki, çox ciddi hazırlaşmışdıq. Yüksək təşkilatçılıqla yadda qalan yarış oldu. Ümumilikdə idmançılarımız layiqincə çıxış etdi. Əsas hədəf 2020-ci ildə olimpiadada daha çox idmançıyla təmsil olunmaqdı. Tokio Paralimpiya Oyunlarına kimi vaxtımız var. Məqsədimiz həmin Oyunlar üçün lisenziya xalları qazanmaqdı. İnanırıq ki, paracüdoçularımız bizi Tokioda da layiqincə təmsil edəcək.
- Bəlkə də, bütün mümkün titullara sahib olduğunuz üçün hər yarışda sizdən qələbə gözləyirlər. Bakı turnirində uğursuzluğu nə ilə izah edirsiniz?
- İdmanda hər bir nəticəyə hazır olmalısan. Bəxtsizlik oldu. Bürünc medal uğrunda görüşdə hakimin qərəzli qərarıyla üzləşdim. Bununla belə, qarşıdakı yarışları düşünürəm. Zalda mənə dəstək olan insanlara “çox sağ olun” demək istəyirəm. Yarış vaxtı onların səsi mənə əlavə güc verirdi.
- İlk rəqibiniz yapon idmançı oldu. London -2012-də 14 final mərhələsində sizi dayandıran idmançı idi.
- Həmin idmançıdan sonralar revanşımı almışam. Əvvəllər uduzduğum yaponiyalı Kento Masakiylə görüşə ciddi hazırlaşmışdım. Masakini məğlub etməklə yarımfinala vəsiqə qazandım. İkinci görüşdə özbək idmançıya uduzmaqla finaldan kənarda qaldım. Hərçənd həmin mübarizədə qələbəyə yaxın idim. Sadəcə alınmadı. Məğlubiyyətdən sonra bəhanə axtarmağı sevmirəm. Üzərimdə daha çox işləməliyəm. İlham Zəkiyev heç vaxt arxayınlaşmır. Bakıda məsuliyyət ikiqat çox olur. Ona görə bu yarışda medal qazanmağı çox arzulayırdım. Qarşıda Avropa Çempionatı gəlir. Orada İlham Zəkiyevin gücünü hamı görəcək.
- Bürünc medal uğrunda görüş dramatik alındı. Zədələnsəniz belə mübarizədən imtina etmədiniz...
- Bürünc medal uğrunda görüşdə gürcü paracüdoçu ilə görüşdə zədələnməyimi hamı gördü. Üstəlik, yarış vaxtı sol qolumda köhnə zədəmi təzələdim. Qolumda vətər cırılmışdı, əməliyyat olunsam belə tam bərpa olunmamışam. Ağrılara baxmayaraq, heç bir rəqibimə bunu hiss etdirmədim. Üstəlik, burnumdan zədələndim, qan açıldı. İki dəfə tatamidən kənarda həkimlər qanı saxlamağa çalışdı. Artıq hakim bildirdi ki, üçüncü dəfə bu hal yaşansa yarışdan uzaqlaşdırılacam. Bununla belə, sona qədər döyüşdüm. Təəssüf ki, medal qazanmaq istəyim reallaşmadı.
- Belə fikirlər səslənirdi ki, bəlkə, Zəkiyev yorulub?
- Hər zaman məni qələbəylə təbrik etmisiniz. İndi bir yarışda medalsız olduğum üçün müxtəlif fikirlər eşidirəm. Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyi düşünürəm. Ona görə olimpiadaya qədər məni tatamidə görəcəksiniz. Bakı yarışı karyeramda medalsız qaldığım ikinci turnir oldu. Digər iştirak etdiyim bütün yarışlarda medal qazanmışam. Özümə də pis təsir etdi. Amma Zəkiyev həmin idmançıdır. Bakı turnirindəki çıxışımdan nəticə çıxaracam. Hakimlər obyektiv olmayanda gərək idmançı ikiqat yaxşı çıxış etsin.
- İyulda İtaliyada Avropa Çempionatı keçiriləcək. Bu yarışda səkkizinci dəfə qitə çempionu olmaq imkanın var.
- Bizim idmanda Avropa Çempionatı iki ildən bir təşkil olunur. 2005-ci ildən indiyə qədər bütün çempionatlarda qızıl medal qazanmışam. 100 kq-dan yuxarı çəkidə heç bir rəqib mənimlə bacarmayıb. İtaliyaya 8-ci qızıl medal üçün yollanacam. Azərbaycan dövləti bizə ən yaxşı şərait yaradıb. Bizim işimiz yarışlardan Vətənə medalla qayıtmaqdı. Ona görə hər bir yarışda uğur qazanmağa çalışıram.
- Gələn il keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq şansınız yüksəkdir. Razısınız?
- İdman proqnozu sevmir. Bu gün bütün yarışlarda mənə qarşı xüsusilə hazırlaşırlar. Titullu idmançını daha çox təhlil edirlər. Bu məni daha da həvəsləndirir. Tokio-2020-yə qədər lisenziya xarakterli yarışlarım çoxdu. Mümkün qədər yaxşı çıxış etməklə olimpiadada iştirak üçün vəsiqə qazanmalıyam.
- Tokioda Paralimpiya Oyunları üçün neçə lisenziya hədəfləmisiniz?
- Hesab edirik ki, hər bir çəki kateqoriyasında idmançılarımızın Tokioda iştirak etmə şansı var. Onların reytinqdə tutduqları yer, hazırlıq səviyyələri tam heyətlə orda iştirak etmə şansımızı artırır. Digər idman növlərinə gəlincə, Rio Paralimpiya Oyunlarından daha çox sayda idmançı ilə qatılmağı planlaşdırırıq. Düzdür, bizdə yeni idman növləri də artıq var. Məsələn, parataekvando.
- Tokio-2020-dən sonra karyeranızı davam etdirəcəksinizmi?
- Bu barədə indi danışmaq çətindir. Əsas hədəf Tokioda Azərbaycan bayrağını yüksəltməkdir. Yalnız olimpiadadan sonra bu barədə dəqiq fikir bildirmək olar. Olimpiya Oyunlarına 14 ay vaxtımız qalır. Bütün fikrimiz Tokiodakı məsul yarışa yönəlib. Gələcəkdə nə olacağını zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: