16 Aprel 2024

Çərşənbə axşamı, 15:34

ULDUZUN İZİ İLƏ

“Region Plus”un Portuqaliya yığması və Türkiyənin Beşiktaş klubunun yarımmüdafiəçisi Rikardu Kuarejma ilə müsahibəsi

Müəllif:

15.06.2019

Bakıda keçirilən futbol üzrə Avropa Liqasının final matçından bir neçə gün sonra Portuqaliya millisinin və Türkiyənin "Beşiktaş" komandasının futbolçusu Rikardu Kuarejma ölkəmizin qonağı oldu. Səfər zamanı Gənclər və İdman naziri Azad Rəhimovla görüşən ulduz futbolçu ardınca “Beşiktaş”ın fan-klub üzvlərinə də vaxt ayırdı.

Dünya şöhrətli futbolçunun Bakıya gözlənilməz səfəri Azərbaycan mətbuatı və azarkeşlərin çoxsaylı suallarına səbəb oldu. Bu sualların bəzilərinə cavabı elə Rikardu Kuarejmanın özündən almağa çalışdıq.

- İlk olaraq səfəriniz barədə danışmaq istərdik. Bakıya səfərin əsas məqsədi nədən ibarət idi?

- Azərbaycan paytaxtına gəzməyə gəlmişdim. Bir neçə il əvvəl Bakıda olmuşam. Həmin vaxt seçmə mərhələnin rəsmi oyunu çərçivəsindən gəlmişdik. Futbol üzrə Azərbaycan millisinə qarşı oynadıq. İndi isə menecerim və həyat yoldaşımla birlikdə gəlmişik.

- Nazir Azad Rəhimovla görüşdə hansı məqamlar müzakirə edildi?

- İdmanla bağlı müzakirələrimiz oldu. Daha doğrusu, futboldan danışdıq. Digər mühüm müzakirələr apardıq, sadəcə o barədə geniş danışmaq düzgün olmazdı. Qonaqpərvərliyə görə nazir Azad Rəhimova təşəkkür edirəm. İşinin çoxluğuna baxmayaraq bizə vaxt ayırdı.

- Bakıda keçirilən Avropa Liqasının final matçını izləmək imkanınız oldu?

- Bakı finalı iki güclü klub “Çelsi”-“Arsenal”ın mübarizəsiylə yadda qaldı. Avropa Liqası çox nüfuzlu yarış hesab olunur. Finalın Bakıda keçirilməsi böyük hadisədir. Deməli Avropa Azərbaycana inanır və güvənir. Final oyunu 1 gün davam etsə belə nəticə il boyu müzakirə ediləcək. Bu yarışı təşkil edən ölkə istənilən turnirə ev sahibliyi edə bilər. Avropa Liqasının finalı əsl bayram oldu.

- “Çelsi”nin qələbəsinə sevindiniz?

- (gülür) Nəyə işarə etdiyinizi anladım. Əlbəttə, sevindim. “Çelsi”də futbol oynamışam, ona görə zadəganların uğuruna sevindim. Digər tərəfdən “Çelsi” çox güclü idi.

- Maraqlıdır, Azərbaycan idmanı haqqında hansı məlumatlarınız var?

- Son illər çoxlu sayda yarışın Azərbaycanda keçirildiyini bilirəm. Xüsusilə Formula 1 yarışını qeyd etməliyəm. Belə bahalı və sürətli maşınların yarışını keçirmək çox çətindir. Eyni zamanda bildiyimə görə Avro-2020-nin 4 oyunu Bakıda baş tutacaq. Futbolla bağlı klublarınızın Avropa Liqası və Çempionlar Liqasında iştirak etdiyini eşitmişəm.

- “Beşiktaş”dan ayrılacağınız söylənilirdi. Kuarejma karyerasını harada davam etdirəcək?

- Heç bir kluba getmək barədə düşünmürəm. “Beşiktaş”da çox xoşbəxtəm. Bu komanda mənə ikinci ailəm kimidir. Baş məşqçi məni saxlamaq istəsə böyük məmnuniyyətlə burada oynayacam. “Beşiktaş”da özümü evdə olduğu kimi hiss edirəm. Niyə klubu dəyişməliyəm? Azərbaycanda klubla bağlı çoxlu sayda suallar verdilər. Yəqin mediadan oxumusunuz.

- “Fənərbağça”dan təklif aldığınız deyilirdi...

- Türkiyədə “Beşiktaş”dan başqa digər klubda özümü görmürəm.  

- Sizcə, uğurlu futbolçu olmaq üçün hansı amilə diqqət etmək lazımdır?

- Futbol həyatı uşaqlıqdan başlayır. Futbolçu olmaq istəyən uşaq həyatını topa həsr etməlidir. Bəzən həmyaşıdlarım əyləndiyi zaman sən məşq barədə düşünürsən. Zaman keçdikcə bunun bəhrəsini görürsən. Futbol meydanda qaçmaqdan ibarət deyil. Sən komanda ruhunu daşımalısan. Meydanda olan 11 futbolçudan hər biri komanda oyunu oynamalıdır. İlk məşqçidən çox vacib amillər asılıdır. Məşqçi uşaqlıqdan yetirməsini mühüm məlumatlar, psixoloji hazırlıqla təmin etməlidir.

- Portuqaliya millisi ulduz futbolçularla tanınır. Kriştiano Ronaldo haqqında danışaq. Futbolçu kimi tanıyırıq. Bəs, insani keyfiyyətləri necədir?

- Bizim komandada pis keyfiyyətli futbolçu yoxdur. Kriştiano futbolçu kimi həm də gözəl insani keyfiyyətlərlə seçilir. Avropa Çempionatının final matçını xatırlayın. Meydandan kənarda belə ürəyi komandayla döyünən futbolçudur. Əsl kapitandır. Lazım olanda kömək istəyir, əksinə digərlərinə dəstək olur. Portuqaliya idmanına adını yazmış simadır. Onunla eyni komandada olmaq hər bir futbolçuya əlavə inam, güc verir. Ronaldo kimi futbolçusu olan komanda bəxtəvərdir.

- Milli komanda kimi ilk mükafatınızı məhz Avropa Çempionatında qazandınız - 2016-cı ildə çempion oldunuz. Belə güclü heyətə malik yığmanın uğur qazanmasında problem nə idi?

- Güclü heyət uğurun yarısıdır. Məşqçi, futbolçuların hazırlıq vəziyyəti, bir az da bəxt olmalıdır. Əvvəlki illərdə bəxtimiz gətirməyib. Dünya və Avropa Çempionatında medala layiq olsaq da mübarizəni erkən dayandırmışıq. İndi Portuqaliya yığması tilsimi qırdı. Ona görə Avro-2020-də də komandanın şansları yüksək qiymətləndirilir.

- “Çelsi”dən tanıdığınız Maykl Esyen indi Bakıda yaşayır. Qanalı futbolçu “Səbail” klubunun şərəfini qoruyur. Gələcəkdə təklif olacağı halda karyeranızı Azərbaycanda davam etdirmək istərdinizmi?

- Bu barədə düşünməmişəm. Azərbaycana istirahət etmək üçün səfər mümkündür. Karyeranı davam etdirmək çətin sualdır. Çünki bu zamanda ölkənizin mədəniyyətinə öyrəşməliyəm. Türkiyə və Azərbaycan mədəniyyətləri oxşardır. Sadəcə futbol fəlsəfəsi fərqlidir. Hazırda karyeramı Türkiyə ilə bağlamışam. Alınacağı təqdirdə gələcəkdə futbol layihələrində iştirak etmək üçün Bakıya gəlməyim mümkündür.  

Sonda sizə müsahibəyə görə təşəkkür edirəm. Sizə az vaxt ayırdığıma görə inciməyəcəyinizə inanıram. Eyni zamanda “Beşiktaş”ın Azərbaycandakı fan-klubuna böyük təşəkkür düşür. Onlar məni çox böyük dəstəklə qarşıladılar. Futbolçuya belə dəstək əlavə güc verir.



MƏSLƏHƏT GÖR:

318