19 Aprel 2024

Cümə, 16:31

FƏAL AXTARIŞ

«Şahdəniz» layihəsinin səhmdarları yatağın ən dərin laylarının məhsuldarlığını tədqiq etmək niyyətindədir

Müəllif:

15.06.2019

Alternativ və bərpa olunan enerji mənbələrinin fəal inkişafına baxmayaraq, ənənəvi yanacaq hələ uzun illər bazarda hakim mövqeyini saxlayacaq. Britaniyanın «BP» şirkəti tərəfindən hazırlanan «2040-cı ilə kimi dünya energetikasının inkişafı proqnozları»na (BP Energy Outlook) görə, dünyada «mavi yanacağın», xüsusilə sıxılmış təbii qazın əlçatarlığı sayəsində qaza tələbatın, demək olar ki, hər bir ölkədə artacağı gözlənilir. BP tərəfindən təqdim edilən təkamül inkişafı ssenarisinə görə, təbii qaza tələbatının artması ildə 1,7% olacaq və bu, əsasən sənayenin və energetikanın inkişafı ilə bağlı olacaq. Özü də, bu, əsas enerji daşıyıcıları arasında yeganə enerji mənbəyidir ki, bərpa olunan mənbələrlə yanaşı payı artır.

 

Hər il artım  

BP-nin proqnozlarına görə, qaz hasilatının əsas həcmi ABŞ-ın və Yaxın Şərqin (Qətər və İranın) payına düşəcək, onların toplam göstəriicsi, demək olar ki, 50% olacaq. Eyni zamanda, Rusiya və Çində də qaz hasilatının önəmli artımı gözlənilir.

Qaz İxracatçısı Ölkələr Forumu (Gas Exporting Countries Forum, GECF), yəni qaz "OPEK"i, öz növbəsində Xəzər regionunda qaz hasilatının 2040-cı ilə qədər 54% artmasını gözləyir. Təşkilatın baş katibi Yuri Şenturin mayın 30-da Bakıda keçirilmiş «Caspian Oil&Gas 2019» konfransında belə bir açıqlama ilə çıxış edib.  

GECF baş katibi bildirib ki, təbii qaza tələbatın müsbət dinamikası Xəzəryanı ölkələrin istehsal potensialının genişləndirilməsi və ixrac infrastrukturunun inkişaf etdirilməsi üzrə səylərinə təsir göstərən fundamental amildir.

"Artıq gerçəkləşdirilən çox sayda layihələri nəzərə aldıqda, demək olar ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan qaz istehsalının artımının əsas iştirakçıları olacaqlar. Əfqanıstan, Hindistan, Pakistan, əlbəttə ki, Avropa kimi yeni bazarlara nəql hesabına boru kəməri qazının ixracının artırılması, Çin və Türkiyə istiqamətində mövcud infrastrukturların genişləndirilməsi üçün regionun yaxşı perspektivləri var", - deyə Şenturin bildirib.

GECF baş katibinin sözlərinə görə, Avropanın təbii qaz təminatında Xəzər regionunun rolu qitənin özündə yerləşən ölkələrdə qaz hasilatının azalması və digər növ yanacaqlardan istifadənin tədricən azalması fonunda ildən ilə artacaq.

"Azərbaycana gəlincə isə, bu ölkədə 1,4 trilyon kubmetrdən çox təsdiqlənmiş ehtiyatlar və mümkündür ki, təxminən, 1 trilyon kubmetr araşdırılmamış qaz ehtiyatı var. Azərbaycan Qərbi Xəzər regionunda mühüm qaz istehsalçısına çevrilir və öz ixrac potensialını fəal şəkildə artırır. Ölkənin nəhəng "Şahdəniz" yatağının işlənməsinin yeni mərhələləri və «Abşeron» yatağının istismara açılması çərçivəsində istehsalın artması gözlənilir. GECF «Abşeron»un işlənməsinin birinci mərhələsinin 2023-cü ildən başlayacağını, 2025-ci ilə qədər burada istehsalın 5 milyard kubmetrə çatacağını gözləyir ", - deyə Şenturin bildirib.

Onun sözlərinə görə, yeni layihələrin perspektivləri nəzərə alındıqda Azərbaycanda təbii qaz istehsalı proqnozları bütövlükdə çox perspektivli görünür.

 

3-cü mərhələ çoxmu uzaqdır?

Gerçəkdən, Energetika Nazirliyinin proqnozlarına görə, 2019-cu ildə Azərbaycan qaz hasilatını bir il əvvəlki ilə baxanda 6 milyard kubmetr artıracaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 30,6 milyard kubmetr qaz hasil edilib. Nazirlik 2020-ci ildə Azərbaycanda qaz hasilatının 40 milyard kubmetrdən çox olacağını proqnozlaşdırır, 2021-ci ildə isə 45 milyard kubmetrə qədər artacaq.

Eyni zamanda, 2019-cu ildə artımın əsas hissəsi, əlbəttə ki, keçən il inkişafının ikinci mərhələsinə daxil olan və ildə 16 milyard kubmetr qazın istehsalı nəzərdə tutulan «Şahdəniz» yatağı tərəfindən təmin ediləcək. Bu il Azərbaycan hökuməti yataqdan 17,5 milyard kubmetr qaz səviyyəsində hasilat proqnozlaşdırır ki, bu da 2018-ci il göstəricisindən 51,3 faiz çoxdur.

«Şahdəniz» yatağından qaz hasilatı 1-ci mərhələ çərçivəsində «Alfa» platformasından və 2-ci mərhələ çərçivəsində «Bravo» hasilat platformasından həyata keçirilir. Hal-hazırda yataqda mövcud olan hasilat sisteminin gücü ildə 20 milyard kubmetr və ya gündə 56 milyon kubmetr qaz təşkil edir ", - deyə «Şahdəniz»in texniki operatoru «BP-Azerbaijan»ın hesabatında deyilir.

Ancaq heç də bu, hamısı deyil. Yataqda yetərincə qaz ehtiyatları olmasını nəzərə alan layihə səhmdarları artıq onun işlənməsinin növbəti mərhələsinə, məsələn, dərin laylarda qaz ehtiyatlarının işlənməsini nəzərdə tutan 3-cü mərhələyə keçmək imkanlarına baxırlar. SOCAR mütəxəssislərinin sözlərinə görə, söhbət 300 milyard kubmetrdən 500 milyard kubmetrə qədər əlavə qaz ehtiyatlarından gedir.  

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons deyib ki, 2020-ci ildə "Şahdəniz" yatağında "bu müqavilə sahəsinin dərin təbəqələrinin potensialını öyrənmək üçün" kəşfiyyat qazma işləri aparılacaq.

Bununla yanaşı, SOCAR sərmayələr idarəsinin rəhbəri Vaqif Əliyev bildirib ki, «Faza-3» layihəsinin konsepsiyası hələlik yoxdur. "Lakin layihənin səhmdarları arasında razılaşma əldə edilib və bu anlaşmaya uyğun olaraq müəyyən geoloji və geotexniki işlər aparılır", - deyə o vurğulayıb.

Azərbaycan Dövlət Neft Şirkətində hesab edirlər ki, «Mərhələ-3» üzrə investisiya qərarının qəbulu, çətin ki, bu il mümkün olsun. "İlk öncə həm texniki, həm də kommersiya xarakterli çox sayda məsələləri həll etmək, yəni ehtiyatları təsdiqləmək lazımdır ki, gələcək sərmayələrin məbləği müəyyənləşdirilsin. Bundan başqa, layihə mövcud infrastrukturun genişləndirilməsini tələb edir, buna görə də layihə hələlik icra mərhələsinə çıxmayıb, amma gerçəkləşdirilmə ehtimalı yetərincə yüksəkdir ", - deyə V. Əliyev bildirib.

 

Böyük perspektivlər

Bununla yanaşı, BP bu il «Şəfəq-Asiman» müqavilə sahəsində kəşfiyyata başlamağı planlaşdırır. "Kəşfiyyat işləri uğurla gedərsə, buradakı ehtiyatlar «Şahdəniz» ehtiyatlarına uyğun ola bilər", - deyə H.Cons bildirib.

2019-cu ildə yerli qaz hasilatının artmasına «Abşeron» dəniz qazı və kondensat yatağının işlənməsi töhfə verməlidir, yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilir. PSA (Production Sharing Agreement - hasilatın pay bölgüsü anlaşması) tipli müqavilə tərəfləri SOCAR (50%) və Fransanın TOTAL şirkətidir (50% - operatordur).

"Abşeron yatağında «Heydər Əliyev» yarımdalma üzən qazma qurğusundan (YÜQQ) istifadə edilərək kəşfiyyat quyusunun qazılması davam edir. 7411 metr dərinliyə qədər aparılan kəşfiyyat qazma mərhələsi yatağın yüksək karbohidrogen ehtiyatları potensialı olduğunu təsdiqlədi. Hal-hazırda istehsal quyusunun qazılması mərhələsinə başlanıb, həmçinin lazımi infrastruktur quraşdırılması üzrə işlər aparılır", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Quyudan gündəlik 2 min ton kondensat və 4,3 milyon kubmetr qaz çıxarılacağı gözlənilir.  

Yatağın işlənməsinin iki mərhələdə aparılacağı gözlənilir. Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. «Total» şirkəti "Abşeron" yatağından ilk qazın hasilinə 2021-ci ildə başlamağı planlaşdırır, baxmayaraq ki, bu, əvvəllər 2020-ci il nəzərdə tutulmuşdu. Hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək. Növbəti mərhələdə istehsal ildə 5 milyard kubmetrə qədər artırılacaq.

Azərbaycanın qaz istehsalının və ixracının artımı üzrə gələcək planları ehtiyatları 600 milyard kubmetr qaz və 120 milyon ton kondensat səviyyəsində qiymətləndirilən "Ümid-Babək" Xəzər blokunun kəşfiyyatı və işlənməsi ilə sıx bağlıdır. R. Abdullayevin sözlərinə görə, bu dəniz blokunun kəşfiyyatı və işlənməsinə bir çox şirkətlər maraq göstərir.

 "Təkliflər öyrənilir. Biz əsasən Fransanın "Total" şirkətinin bu layihədə iştirakını gözləyirik və hazırda onlarla danışıqlar aparırıq ", - deyə SOCAR rəhbəri vurğulayıb.

Eyni zamanda o, qeyd edib ki, Rusiyanın "LUKOYL" şirkəti də “Ümid-Babək” blokuna maraq göstərir. "Sanırıq ki, bura perspektivli sahədir, bütün sərmayə şərtləri yaradılıb, buna görə şirkət Azərbaycanda öz fəaliyyətinin genişləndirməsini qərara alıb", - deyə LUKOYL-un rəhbəri Vahid Ələkbərov bildirib.

Bundan əlavə, SOCAR-ın neft və qazla bağlı «Qarabağ» yatağının işlənməsinə böyük gözləntiləri var. Azərbaycanın Dövlət Neft Şirkətinin rəhbəri bunu bildirərək, yaxın vaxtlarda layihənin icrası ilə bağlı işlərin baza layihələndirmə mərhələsinə keçəcəyini qeyd edib. Eyni zamanda, layihənin operatoru - Norveçin «Equinor» şirkəti artıq bu müqavilə sahəsinin qazma əməliyyatları üzrə podratçıları müəyyən edib. Podratçı qazma şirkəti kimi «Caspian Drilling Company» (CDC) seçilib, o, yataqda iki quyu qazacaq.

Bununla yanaşı, 2019-cu ilin iyulunda «Equinor» Xəzər dənizinin Azərbaycan sektorundakı «Əşrəfi-Dan Ulduzu-Aypara» perspektiv strukturlarında ikiölçülü və üçölçülü seysmik tədqiqatlara başlayacaq. Tədqiqatlar bütünlükdə 40-50 gün davam edəcək.

"Bizim əsas hədəflərimizdən biri - neft hasilatını sabit səviyyədə saxlamaqla yanaşı qaz hasilatını artırmaqdır və biz bu istiqamətdə irəliləyirik. 2018-ci ildə qaz hasilatının önəmli artımı bizə xaricdən qaz idxalını tamamilə dayandırmağa imkan verdi. Bu il də artım gözlənilir, sonrakı illərdə isə qaz hasilatı artan xətlə davam edəcək", - deyə R.Abdullayev bildirib.

Bu müsbət meyil Azərbaycanın qarşısında qaz emalı və kimya sənayesinin inkişafı sahəsində geniş perspektivlər açır və indiyə qədər idxal olunan məhsulların yerli istehsalına təşviq edir.



MƏSLƏHƏT GÖR:

267