16 Aprel 2024

Çərşənbə axşamı, 12:13

DÜZ VAXTINDA

Azərbaycan energetika sahəsində Avropa İttifaqının əsas strateji tərəfdaşına çevrilir

Müəllif:

15.06.2019

İyunun 12-də Azərbaycan dünyanın ən böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizinin (CQD) əsas mərhələsi - Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınmasının birinci ildönümünü qeyd edib. Bu il layihənin təşəbbüskarları və həyata keçirənlər əsas hədəfə - Avropaya qaz tədarükünün şaxələndirilməsini təmin etməyə daha da yaxınlaşıblar.

Ticarət əlaqələrinin qeyri-neft komponenti də tədricən inkişaf etsə də, hazırda enerji sahəsində əməkdaşlıq Azərbaycanla Köhnə Qitə arasında iqtisadi əlaqələrin ən vacib aspektidir.

 

Regional lider  

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Qafqazda Avropa Birliyinin (AB) əsas ticarət tərəfdaşıdır - Cənubi Qafqaz ölkələrinin AB ilə ticarətinin 78%-i bizim payımıza düşür. Son məlumatlara görə, Avropa Birliyi ölkələri bu günə qədər Azərbaycan iqtisadiyyatına 33,6 milyard dollar sərmayə qoyub, Avropa ölkələrinə yatırılan Azərbaycan sərmayələri isə 15 milyard dollar təşkil edir.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlər bütün istiqamətlərdə - həm siyasi sahədə, həm də iqtisadi sahədə, xüsusən də enerji, ticarət, sərmayə, İKT sahələrində uğurla inkişaf edir.

Öz növbəsində Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han bildirib ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir və ölkəni enerji sahəsində əsas strateji tərəfdaşı hesab edir. Prezident İlham Əliyevlə görüşdə Y.Han Azərbaycanı AB üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirib və qeyd edib ki, Brüssel bütün sahələrdə Bakı ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Komissar həmçinin vurğulayıb ki, Azərbaycan Avropa Birliyinin energetika sektorunda əsas strateci tərəfdaşıdır və Cənub Qaz Dəhlizi layihəsinin qısa müddətlərdə tamamlanacağına əminliyini ifadə edib.

Ancaq AB-nin Azərbaycana belə etibarlı münasibəti və enerji sektorunda yüksək ümidləri olduqca anlaşılandır. Qaz İxracatçısı Ölkələri Forumunun (GECF) baş katibi Yuri Senturin Bakıda keçirilmiş "Oil&Gas 2019" konfransında bildirib ki, Avropada qaz istehsalının azalması və digər yanacaq növlərindən istifadənin tədricən azalması fonunda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın Avropa qitəsini təbii qazla təchizində rolu getdikcə artacaq. Belə ki, 2040-cı ilə qədər Norveçdə qaz hasilatı 50 milyard kubmetrdən 25 milyard kubmetrə qədər düşəcək, həmçinin Niderlandda hasilat önəmli səviyyədə azalacaq.

Ancaq bununla belə, hazırda qitənin enerji balansının təxminən 23%-ni təbii qaz təşkil edir. Bununla yanaşı, ona tələbat bir qədər arta bilər və ekspertlər hesab edirlər ki, təbii qaz qitənin enerji balansında payını artıracaq yeganə karbohidrogen ehtiyatı olacaq və 2040-cı ilə qədər onun payı 26%-ə çatacaq.

Buna görə də Köhnə Dünya, əlbəttə ki, əlavə mənbələrə ehtiyac duyacaq və xüsusilə də etibarlı tərəfdaş olduğunu sübut etmiş yeni tədarükçülərlə dostluq etməyə hazır olacaq.

 

Addım-addım  

Bu baxımdan, Azərbaycanda yeni kəşfiyyat layihələri üzrə müsbət nəticələr və təsdiq edilmiş ehtiyatların artması çox vacibdir. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin köməkçisi Vitali Bəylərbəyov bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizini (CQD) inşa edəndə təkcə «Şahdəniz» layihəsini nəzərdə tutmaqla kifayətlənməyib: "Burada həm Azərbaycandakı, həm də ölkədən kənardakı sahələr nəzərə alınıb. Dəxli yoxdur, bu, Trans-Xəzər xəttidir və ya CQD boyunca digər boru xətləridir, bütün istehsalçılar bu dəhlizə qoşula bilərlər".  

Xatırladaq ki, 2020-ci ilin əvvəlindən Avropaya ildə 10 milyard kubmetr həcmində Azərbaycan qazı verilməyə başlayacaq ki, bunun üçün Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi sürətlə davam etdirilir. Bundan əvvəl, yəni bir neçə gündən sonra TANAP-ın ikinci mərhələsinin tikintisi tamamlanacaq: "Ümid edirik ki, iyulun 1-dək hazır olacağıq və TAP-ın tikintisinin başa çatmasından sonra Avropaya kommersiya nəqlinə başlayacağıq", - deyə TANAP konsorsiumunun başçısı Saltuk Duzyol deyib.

Qaz boru kəmərinin inşası yolunda mütəmadi olaraq meydana çıxan bəzi siyasi və ekoloji fikir ayrılıqlarına baxmayaraq, ümumiyyətlə, Avropada böyük səbirsizliklə tikintinin başa çatmasını gözləyirlər və bütün maneələri asanlıqla aradan qaldırırlar. Ancaq TAR da, bütün CQD kimi yalnız Köhnə Dünyanın deyil, həm də Azərbaycanın özünün, eləcə də Gürcüstan və Türkiyənin də qaz müstəqilliyinin və sabitliyinin zəmanətidir. «SOCAR Turkey Enerji»nin rəhbəri Zaur Qəhrəmanovun sözlərinə görə, 2019-cu il iyun ayının sonunadək TANAP vasitəsilə ötürüləcək Azərbaycan qazının ümumi həcmi təxminən 1,8 milyard kubmetrə çatacaq, ümumilikdə bu il nəqlin 3 milyard kubmetr həcmində olması gözlənilir. 2020-ci ildən etibarən TANAP vasitəsilə Azərbaycan qazının illik nəqlinin həcmi 6 milyard kubmetr təşkil edəcək. "TANAP qaz kəməri Türkiyənin qaz ehtiyaclarının 12% -ni əhatə edəcək", - deyə Z.Qəhrəmanov bildirib.

Bundan əlavə, CQD 40 milyard dollar büdcəsi ilə dünyanın ən bahalı layihələrindən biri olmasına baxmayaraq, regionun bu strateji üçlüyü üçün gələcək gəlirlərin önəmli bir mənbəyidir. Amma Azərbaycanın payı bütün xərclərin yalnız dörddə birini təşkil edir və biz demək olar ki, layihəyə öz sərmayələrimizi başa çatdırmışıq. "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayevin sözlərinə görə, daha 0,4 milyard dollarlıq sərmayə qoyulacaq və öhdəliklər yerinə yetirilmiş sayılacaq. Yeri gəlmişkən, Azərbaycan bu məqsədlə beynəlxalq maliyyə qurumlarından cəmi 2,8 milyard dollar həcmində kredit götürüb, qalanları isə SOCAR və Dövlət Neft Fondunun hesabına ödənilib.

Layihədən gələcək dividendlərin tam həcmi əlbəttə ki, bu məbləğə uyğun deyil. İlkin hesablamalara görə, Azərbaycan CQD layihəsinin gerçəkləşdirilməsindən, həmçinin karbohidrogenlərin daşınmasından və satışdan 30 mlrd. dollardan 50 mlrd. dollaradək vəsait əldə edəcək. Bu zaman da ölkə daxilində obyektlərin tikintisinə qoyulan investisiyaların həcmindən söhbət getmir.  

 

Sonra nə olacaq?

Ancaq maraqlıdır ki, CQD-dən Avropanın qazancları heç də TAR-la başa çatmır, xüsusən də əgər sualtı fantastik Trans-Xəzər qaz kəməri layihəsini necəsə gerçəkləşdirmək mümkün olarsa, Azərbaycan təbii qazına türkmən sahillərinin qazı da qoşulacaq. Bu, qlobal qaz bazarında, çox güman ki, çox güclü bir təklif olacaq. Hazırda, hətta "mavi yanacağın" yalnız Azərbaycandan tədarükü nəzərə alınsa belə, artıq CQD-nin ötürmə gücünün təxminən iki dəfə artımı və onun gələcək şaxələndirilməsi üzrə planlar mövcuddur.

Belə ki, artıq Yunanıstan-Bolqarıstan (IGB) interkonnektor layihəsinin tikintisi başlayıb və «ICGB AD» layihə şirkətinin direktoru Teodora Georgiyeva bildirib ki, bununla Bolqarıstan və qonşu ölkələr Xəzər regionundan gələn alternativ təbii qaz və müxtəlif mənbələrdən sıxılmış təbii qaz əldə etmək imkanı qazanacaqlar.  

"Biz tikinti mərhələsinə çatana qədər çox sayda problemləri və çətin məqamları uğurla aradan qaldırdıq. Bir çox maraqlı tərəflərdən aldığımız dəstək layihənin strateji önəmindən xəbər verir", - deyə icraçı direktor bildirib.

IGB-nin ilkin gücü ildə 3 milyard kubmetr qaz olacaq və bazarın gələcək ehtiyaclarına uyğun olaraq, bu həcm ildə 5 milyard kubmetrədək artırıla bilər. Artıq gələn ildən Yunanıstan və Bolqarıstan qaz şəbəkələrinin birləşdirilməsi planlaşdırılır ki, sonuncu interkonnektor ilə 1 milyard kubmetr Azərbaycan qazı ala bilsin – bu, ölkənin yanacağa olan ehtiyacının dörddə bir hissəsidir.

Eyni zamanda, Yunanıstanın ətraf mühitin mühafizəsi və energetika nazirliyinin məlumatına görə, «IGB» Balkanlara «TAP»dan təbii qaz nəql edəcək «Vertikal Dəhliz»in bünövrəsidir. "Gələcəkdə boru kəməri Şərqi Aralıq dənizindəki yataqlardan Avropa bazarlarına qaz verə bilər. «İGB» həmçinin Balkanlarda sabit məhsul axınına və aşağı qiymətlərə inteqrasiya olunmuş qaz bazarının yaradılmasına kömək edəcək ki, bu da yeni oyunçuların yaranmasına təşviq edəcək", - deyə nazirlikdə bildiriblər.

Qeyd etmək lazımdır ki, artıq Rumıniya da CQD-nin bir hissəsi olmaq istəyini bildirərək, Cənub Qaz Dəhlizi Konsorsiumu ilə RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektorunun və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) boru xəttinin CQD ilə birləşdirilməsi üzrə memorandum imzalanmasını təklif edib. Rumıniya energetika nazirinin müavini Yulian-Robert Tudoraşe bildirib ki, bu, regional enerji təhlükəsizliyinin artırılması, enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi, həmçinin enerji asılılığının azaldılması baxımından bölgənin bir çox ölkələrinə müsbət təsir göstərəcək.  

"BRUA və CQD-nin birləşdirilməsi Cənub Qaz Dəhlizinin infrastrukturunun Balkanlara və Mərkəzi Avropa ölkələrinə qədər təhlükəsiz və səmərəli ötürmə infrastrukturu vasitəsilə genişləndirilməsi maraqlarına cavab verir", - deyə Tudoraşe vurğulayıb.

Qeyd edək ki, BRUA fiziki olaraq bir tərəfdən Rumıniya ilə, digər tərəfdən

Bolqarıstan və Macarıstan ilə kəsilməz iki istiqamətli axını təmin edəcək. Birinci mərhələnin başa çatmasından sonra BRUA-nın ötürmə gücü Macarıstana ildə 1,75 milyard kubmetr və Bolqarıstana ildə 1,5 milyard kubmetr olacaq, ikinci mərhələdə isə Macarıstana ildə 4,4 milyard kubmetr və Bolqarıstana 1,5 milyard kubmetr təşkil edəcək.

Beləliklə, Azərbaycan mütəxəssislərinin hesablamalarına görə, bütövlükdə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Balkan ölkələrinin qaza tələbatının 50%-ni təmin edə bilər. Təmiz iqtisadi faydası ilə yanaşı, bu, bir sıra Avropa ölkələrinin enerji müstəqilliyi baxımından son dərəcə önəmli məqamdır. Deməli, söhbət siyasi sabitliyin qorunmasından gedir və bu, yalnız Köhnə Qitə üçün deyil, ümumiyyətlə bütün Qərb üçün çox vacib məsələdir.

Təsadüfi deyil ki, Bakıda 26-cı illik neft-qaz sərgisinin açılışı münasibətilə Prezident İlham Əliyevə məktub göndərən ABŞ prezidenti Donald Tramp vurğulayıb ki, Azərbaycan neft-qaz hasilatı və CQD layihəsinin həyata keçirilməsi hesabına qlobal enerji bazarına sabitlik gətirir. " Türkmənistan və Şərq Aralıq dənizi hövzəsi ölkələrindən digər potensial təchizatçılarla tərəfdaşlıq quran Azərbaycan daha da böyük lider ola bilər. Ölkənizin müvəffəqiyyətini genişləndirməyin vaxtı gəlib", - deyə D.Tramp bildirib.

Əlbəttə, tam zamanıdır...



MƏSLƏHƏT GÖR:

318