19 Aprel 2024

Cümə, 17:59

VOKALİST

Orxan Cəlilov: «Həyatda bizi hər şeyə ruhlandıran – sevgidir!»

Müəllif:

01.07.2019

Orxan Cəlilovun qeyri-adi ifasını qəflətən eşitsən, o, dərhal beynə həkk olunur. Musiqiyə sevgisi, musiqi təhsili sahəsindəki güclü fundamenti və Allahın hədiyyəsi sayıla biləcək qeyri-adi səsi olan bu gənc və istedadlı ifaçı özü üçün böyük səhnələrə yol açır. Bu iddialı musiqiçinin çox böyük planları var: xaricdə təhsil almaq, dünyanın opera səhnələrini fəth edərək, Azərbaycana şöhrət qazandırmaq.

Orxan CƏLİLOV müxbirimizə müsahibəsində akademik təhsilin vacibliyindən, hazırkı və gələcək layihələrindən, ifa zamanı keçirdiyi hisslərdən və s. danışıb.

- Musiqiçi yolunuz necə başlayıb?

- Əlbəttə ki, təhsillə. O, mənim formalaşmağımda böyük rol oynayıb. Məsələ ondadır ki, mən bu işə vokalist kimi başlamamışam. Əvvəlcə Sumqayıtdakı 3 saylı musiqi məktəbinin skripka sinfinə getmişəm. Doğrudur, o vaxt da oxuyur, səhnələrə çıxırdım. Amma səsim uşaq səsi idi və yerinə oturmamışdı.

Daha sonra Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını da voklist kimi deyil, musiqi nəzəriyyəçisi kimi bitirmişəm. İndi isə həmin akademiyada magistraturanın birinci kursunda vokalist kimi təhsil alıram.

- Skripka, musiqi nəzəriyyəçisi və sonda vokal?

- Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 8-ci sinfində oxuyarkən bu təhsil ocağının direktoru dahi musiqiçi, görkəmli dirijor Teymur Göyçayev idi. O vaxt hələ skripka sinfində oxuyurdum və baxmayaraq ki, bu, məndə çox yaxşı alınırdı, aləti əlimdə düzgün tuta bilmirdim. Bunu ustaddan gizlətmək çox çətin idi və Teymur müəllim məndən israrla ixtisasımı dəyişməmi istədi.

- İxtisası dəyişmək belə asan idi?

- Məsələ ondadır ki, bizdə vaxtaşırı yoxlama olurdu. Təhsildən ciddi şəkildə geri qalan, solfecio, musiqi ədəbiyyatı, harmoniya bilikləri zəif olan şagirdlər məktəbdən kənarlaşdırılırdı. Halbuki, onlar ixtisasını yaxşı bilə, səhnələrdə çıxış edə, nailiyyətlər qazana bilərdilər. Məndə vəziyyət tam tərsinə idi. Bütün fənləri yaxşı bilirdim, ixtisasda isə «axsayırdım». Teymur müəllim mənə özümə gəlmək və yolumu müəyyənləşdirmək üçün 1 il vaxt verdi. İlin bitimində məndə heç bir irəliləyiş görmədiyini dedi (gülür). Ən dəhşətlisi isə o idi ki, məni məktəbdən qovmağa hazırlaşırdılar.

- Bu, sizin üçün zərbə idi?

- Güclü zərbə idi. Çünki mən özümə hər zaman inanmışam. Bu, əsl şok idi. Sadəcə, bəxtim gətirdi. İmtahanadək açıq dərsimiz var idi və onda direktor müavinimiz Samirə Dbilova da iştirak edirdi. Mənim musiqi duyumum güclü idi - bunu özümü tərifləmək üçün yox, məktəbin necə işlədiyini izah etmək üçün deyirəm. Onlar uşağın istedadını tam ortaya qoya bilməsinə çalışırlar. Samirə xanım mənim musiqi duyumuma heyran oldu və musiqiçi həyatım üçün həlledici imtahanda mənim məktəbdən kənarlaşdırılmağımı təklif edən Teymur müəllimə təklif etdi ki, məni musiqi nəzəriyyəsi sinfinə keçirsinlər. Bununla da, məktəbdə qaldım və xoşbəxtlikdən, skripka sinfindən qurtuldum (gülür).

Əslində, mən özüm də özümü hər zaman ifaçı kimi görürdüm. Halbuki Teymur müəllim bir dəfə məni «Bu nədir oxuyursan?!» deyərək səhhədən qovmuşdu (gülür). O anda, həqiqətən də, səsim dəyişmişdi.

Beləliklə, bu gün təhsilimi vokalist kimi davam etdirirəm və musiqi nəzəriyyəsilə bağlı biliklərim bu işdə çox köməyimə gəlir.

- Əlbəttə ki, burada musiqiçi genlərinin də rolu var…

- Bəli, mən musiqiçi ailəsində doğulmuşam. Babam Əsəd Cəlilov kaman ustası, nənəm Sona Cəlilova aşıq, atam Yusif Cəlilov ifaçı idi. Əmim Elçin Cəlilov isə Azərbaycanın böyük ifaçılarından biri kimi tanınır. Bu, mənim deyil, Azərbaycan xalqının fikridir. Təəssüf ki, bu gün onlar həyatda yoxdur. 2005-ci ildə əmim, daha sonra atam dünyasını dəyişib.

- Özünüzü musiqisiz təsəvvür edə bilirsinizmi?

- Xeyr. Mənim üçün musiqisiz həyat yoxdur. Başqa heç nə ilə bu qədər həvəslə, şövqlə məşğul ola bilmərəm.

- Hədəfiniz nədir?

- Hazırda hədəfim təhsilimi xaricdə davam etdirməkdir. Opera ifaçısı olmaq istəyirəm. Bu sahədə lazımi biliklərə yiyələnmək, artıq yiyələndiyim bilikləri onlarla daha da artırmaq fikrindəyəm. Əlbəttə ki, dünya səhnələrində vətənimə şöhrət qazandırmaq da əsas hədəfimdir.

- Artıq bu istiqamətdə addımlar atırsınız? Qastrollarınız haqda danışın. Tez-tez orkestrlə qastrola gedirsiniz. Sizin üçün ən önəmlisi insanların ürəyini fəth etməkdir, yoxsa səhnəni?

- (fikrə gedir) Çətin sualdır. Bunları bir-birindən ayrı təsəvvür etmək çətindir. İnsan ilk olaraq öz işi, ifası ilə insanların ürəyini fəth etməlidir. Bundan sonra səhnələrin fəthi özü gələcək! Səni nə qədər sevirlərsə, nə qədər yüksəyə qaldırırlarsa, konsertlərin o qədər çox olur. Qastrollara orkestrlə də gedirəm, orkestrsiz də. 2017-ci ildə Vyanada o zaman orada yaşayan dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Vyana Kamera Orkestrilə konsert vermişəm. Konsert Azərbaycanın əfsanəvi bəstəkarı Tofiq Quliyevə həsr olunmuşdu. Onun əsərlərini ifa edirdik.

2018-ci ildə Norveçdə (Oslo) konsertim olub. Orada həm Azərbaycan, həm də xarici klassika, eyni zamanda estrada mahnıları ifa edirdim. Elə həmin il Ankarada dirijor Yalçın Adıgözəlovun rəhbərliyilə bacımla birlikdə Türkiyənin Prezident Simfonik Orkestrilə çıxış etmişəm. Konsert Türkiyə və Azərbaycan demokratiyasının 100 illiyinə həsr olunmuşdu. Orada Aygün Səmədzadənin «Bismillah», Vasif Adıgözəlovun «Azərbaycan» əsərlərini ifa etmişəm. Almaniyada, Küveytdə, Qazaxıstanda və digər ölkələrdə də konsertlərim olub.

- Bir çox əcnəbi dinləyici bizim musiqimizi, xüsusilə muğamı qəmli musiqi sayır.

- Musiqimizin melanxolik olduğunu düşünmürəm. Musiqilərimizin əksəriyyəti majordadır. Dünyanın şən mahnı kimi xarakterizə etdiyimiz bir çox musiqisi isə minorda yazılıb.

- Akademik musiqinin gələcəyini necə görürsünüz?

- Acınacaqlı. Təəssüf ki, bir çox ifaçı akademik musiqi ilə kifayət qədər tanış olmadan əhəmiyyətli, keyfiyyətli əsər yaratmağın mümkünsüzlüyünü anlamır. İnsanlar bilik ardınca qaçmır. Odur ki, akademik musiqinin gələcəyi haqda müsbət danışa bilmirəm.

- İfalarınızın əksəriyyəti sevgi haqdadır. Məsələn, «Sevgilim», «Sevgili canan». Musiqiçinin belə musiqiləri dinləyiciyə çatdıra bilməsi üçün onun ürəyində sevgi olmalıdırmı?

- Fikrimcə, bu, son dərəcə vacibdir. Amma bu, o demək deyil ki, ürəyin boşdursa, bu və ya digər əsəri layiqincə ifa edə bilməzsən. Hesab edirəm ki, peşəkar məhz bununla fərqlənir. O, səhnədə bu cür atmosfer yarada, dinləyicini oxuduğu musiqini yaşadığına inandıra bilir. Digər yandan biz həyatımızın hər mərhələsində sevgi yaşayırıq – anaya sevgi, ailəyə, yaxınlara, Allaha sevgi. Bu, hər dəfə özünü fərqli göstərən fövqəladə hissdir. Həyatda bizi hər şeyə ruhlandıran – sevgidir və sevgisiz biz bir addım da ata bilməzdik.

- Müsahibə üçün təşəkkür edirik!



MƏSLƏHƏT GÖR:

302