20 Aprel 2024

Şənbə, 00:12

SUMQAYIT XƏZRİSİ

Gənclər şəhərinin 70 illiyinə həsr olunmuş Abşeron əhvallı sərgi keçirilib

Müəllif:

01.07.2019

«Xəzri». «Emin Gahramanov Art Gallery»də açılmış sərgiyə bu adı veriblər. Kiçik rahat bir otaqda Sumqayıtdan altı rəssamın əsərləri təqdim edilib: İntiqam Ağayev, Aydın Əsgərov, Rəhim Həşimov, Namiq Cavad, Elçin Bünyadov və Nurlan Məmmədovun əsərləri. Sərgi Prezident fərmanı əsasında 2019-cu ilin noyabr ayında ictimaiyyət tərəfindən geniş qeyd ediləcək Sumqayıt şəhər-peykinin yaranmasının 70 illiyinə həsr olunub.

 

Sumqayıt 

22 noyabr 1949-cu il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Burada geniş miqyaslı tikinti işləri başlayıb, beynəlxalq ümumittifaq tikintisinə çevrilən infrastruktur işlərində bütün İttifaqdan mütəxəssislər və işçilər işləməyə başladılar.

Bu yaşayış məskəni haqqında ilk dəfə ingilis səyyahı və ticarət agenti Xristofer Berroyun 1580-ci ilə aid qeydlərində xatırlanır. Fransız yazıçısı Aleksandr Düma da 1858-ci ildə «Qafqaza səyahət» adlı kitabında eyniadlı yaşayış məskənindən bəhs edir. İlk dəfə rusiyalı səyyah, şərqşünas (türkoloq, iranist, monqolşünas) İlya Berezin yol qeydlərində qəsəbənin adının etimologiyasını təhlil etməyə cəhd göstərir. Müəllifin sözlərinə görə, ad Azərbaycan dilində iki sözdən - "su" və "qayıt" sözlərindən yaranıb. O ehtimal edib ki, belə bir ad onunla bağlıdır ki, "isti havada çayda su quruyur, yağışlar gəldikdən sonra çay canlanır".

 

Sərgi

Ekspozisiyanın ideya ilhamçısı Emin Qəhrəmanov sanır ki, qalereyada sərgiyə çıxarılmış bütün müəllif əsərləri hər bir rəssamın şəxsiyyətini dəqiqliklə açır, əsərlərin energetik fonu isə müəllifin kiçik və böyük Vətənə sonsuz sevgisinə əsaslanan müsbət axınla qabarır. Hətta sərginin "Xəzri" adı da xüsusi bir məna daşıyır. Bu, şimaldan əsən soyuq dəniz küləyidir, Abşeron yarımadası üzərində bütün il ərzində gəzərək təravətləndirici sərinlik gətirir. Onu Abşeron və ya Bakı nordu adlandırırlar. Qalereyaya çıxarılmış işlər də xəzri kimi müəlliflərin düşüncələrinin və duyğularının canlandırıcı və təravətləndirici axın kimi ölkənin ümumi təsviri incəsənət cərəyanına qoşur. Yeri gəlmişkən, azərbaycanlı rəssamlar da şairlər kimi xəzrini düşüncələrin və duyğuların yenilənməsinin rəmzi kimi, həyatın alışılmış və dinc axınını dəyişdirə bilən bir qüvvə kimi vəsf edərək, bunu mədəniyyət ənənəsinə çeviriblər. Emin Qəhrəmanov əmindir ki, Sumqayıtdan olan bu altı rəssamın yaradıcılığı peşəkar yenilənmək üçün gərək olan təmiz hava udumudur.

 

İntiqam Ağayev

Müəllifin sərgiyə çıxardığı əsərlərin hansısa birinə üstünlük vermək çətindir. Çünki onların hamısı Həyata sevgi hissi ilə birdirlər. Heyrətamiz işıqlı, sevincli, demək olar ki, inanılmaz işlərdir! Bax, dəvə şəhər divarlarının dibində yatıb, özünü və üzərindəki yükünü elə rahatlayıb ki, sanki indicə İpək Yolu və yolda keçirdiyi min bir gecə haqqında «danışacaq»! Bax, bu da müəllifi və bizi öz açılmayan sirləri ilə cəlb edən İçərişəhərin rəsmidir. Və əlbəttə ki, sevimli şəhər Sumqayıtın damları! Onlarda rəssamın əsərlərinə aşıladığı energetik cazibə hiss edilir. İlk baxışdan, bu damlar İçərişəhərin damlarına bənzəyir. Ancaq bu yalnız ilk baxışda belədir. Əslində, bu damların hər birinin "öz üzü" var.

 

Namiq Cavadov

Sanki xüsusi bir şey yoxdur? Natürmort və natürmort. Janrın bütün qanunlarına uyğun çəkilib. Amma burada bir sirr var: əgər siz kətanın qarşısında dayansanız və əsərə baxarsanız, çiçəklərin və meyvələrin ətrini hiss etməyə başlayarsınız. Bu Günəşin isitdiyi gavalıların və yemişlərin qoxusudur. Bu, heyva qoxusudur - heç bənzəri yoxdur, biri o birinə heç oxşamır. Bu, uşaqlığın ətri, doğma evin qoxusu, xoşbəxtliyin qoxusudur, ana, nənə və xalaların sağ olduğu çağların qoxusudur…

 

Nurlan Məmmədov

Müəllifin var olmanın mahiyyəti ilə bağlı tam fərqli baxışını əks etdirən iki heykəltəraşlıq əsəri. Yeri gəlmişkən, bu bədii təxribat variant bizim özümüzə təsəvvür və ümumiləşdirmə qabiliyyəti göstərərək kodlaşmış ismarıcı açmağa imkan verir.

 

Rahim Həşimov

Bizdən kim, ən azından, bir dəfə Abşeron bağlarında olmayıb? Kim günəşin yayda batdığı zaman yaratdığı hissi, uzun müddət soyumayan isti qumu, dənizdən yeni tutulmuş təzə balığın iyini, kababı və dənizkənarında ulduzlar altında dostlarla axşam yeməyini kim xatırlamır? Bu əsərlərin müəllifi bizi uzaqlaşan xatirələrə qaytarmaqla yanaşı ətraf dünya ilə harmonik qovuşma hissini, xoşbəxtlik anları tapmaq sevincini yaşamağa məcbur edir.

 

Elçin Bünyadov

Bu əsərlər bizi Abşeron rəsm məktəbinin ənənələrinə qaytarır. Bunu istəsək də, istəməsək də, yaddaşımız "alt qatlarından" qayğıkeşliklə Azərbaycan təsviri incəsənətinin keçmiş rəssamlıq təcrübələrini üzə çıxarır. Amma bu əsərlərin öz "səsləri" var. Həm də xoşbəxtlik bəxş edən məkana sevginin öz hekayəsi var. Rəssam bezdirmədən çoxdan görmədiklərimizə yenidən baxmağa kömək edir: xoşbəxtlik – sadəcə, saxlamaq mümkün olmayan bir andır, onu ancaq yaşamaq və hiss etmək mümkündür. Əgər istəsəniz, o, qanadından "tuta" bilərsiz. Bunun üçünsə sizin hər şeyiniz var: ağaclar, ev, quyu və başınızın üzərində əbədi günəş. Dinc səma üzərində günəş sizə yaşanan günə şükr bəxş edir.

 

Aydın Əsgərov

Bu işlərə uzun müddət, gözlərinizi ayırmadan baxsanız, sizə elə gələcək ki, sanki onlar öz həyatlarını yaşayırlar: özlərini kökləyirlər və ətraflarındakı bütün məkana nəzarət edirlər. Kaktusların, fikusun və ananasın isə ümumi bir şeyi var. Sanki onlar bir-biri ilə "tanış"dırlar və insanlardan gizli şəkildə aramsız söhbətlər edirlər. Nə haqqında? Bəlkə, öz yiyələri haqqında? Ya da isti ölkələr haqqında? Yaxud da...

 

Qalereya haqqında 

«Emin Gahramanov Art» altı ay əvvəl yaradılıb. XXI əsr Azərbaycanının çağdaş incəsənətini - rəssamlığı, heykəltəraşlığı, qrafikanı, fotoqrafiyanı təmsil edir. Məqsəd, o cümlədən istedadlı gənc azərbaycanlı rəssamları dəstəkləmək və təbliğ etmək; təsviri incəsənəti sevənləri, kolleksiyaçıları, mütəxəssisləri və həvəskarları maarifləndirmək; interyerlərin tərtibatında, sərgi salonlarının bədii məkanını təşkil etməkdə praktiki yardım göstərməkdir. 

Bir sözlə, burada həmişə Emin Qəhrəmanovun şəxsində peşəkar həmsöhbət tapmaq, Azərbaycanın çağdaş təsviir incəsənəti haqqında mütəxəssis məlumatı əldə etmək mümkündür. Eyni zamanda, Abşeron rəssamlıq məktəbi tarixinin səhifələrinə səyahət etməkdə kömək edəcək əla bələdçi tapa bilərsiniz. «Emin Gahramanov Art» Qalereyasına baş çəkməklə buna özünüz əmin ola bilərsiniz.



MƏSLƏHƏT GÖR:

309