19 Aprel 2024

Cümə, 06:26

QONŞULAR BİRİNCİDİR

Azərbaycanın SOCAR şirkəti MDB ölkələrində biznesini genişləndirmək niyyətindədir

Müəllif:

01.07.2019

Ötən il dünya neft qiymətlərinin artması transmilli şirkətlərin fəaliyyətinə müsbət təsir göstərib ki, bu da onların ili uğurla başa çatdırmasına və rahat şəkildə yeni layihələrə sərmayə qoyuluşlarını planlaşdırmasına imkan verib.

 

Dünya meyli

2018-ci ildə neftin bir barelinin orta qiyməti 71$ təşkil edib, bir il əvvəl isə 54 $ olmuşdu. Bunun sayəsində 2018-ci ildə Britaniyanın «BP Plc» neft şirkəti 2017-ci ilə baxanda mənfəətini iki dəfədən çox artırıb, Fransanın «Total SA» şirkət isə 2017-ci ildə 2,9 milyard dollar mənfəət əldə etdiyi halda, keçən il 3,1 milyard dollara çatdırıb. ABŞ-ın ən böyük şirkətləri «Exxon Mobil Corp.» və «ConocoPhillips» də müsbət saldoya nail olublar.

Bazar Azərbaycanın «SOCAR» şirkətinin də mənfəətinə müsbət təsir göstərib – 2017-ci və 2018-ci illərdə maliyyə göstəricilərini böhran öncəki səviyyəyə qaldırmağı bacarıb və bu illəri mənfəətlə başa vurub. 2018-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 111,2 milyard manat təşkil edib ki, bu da əvvəlki illə nisbətən 20,1 faiz çoxdur, şirkətin xalis mənfəəti isə 1,2 milyard manat təşkil edib.  

"Müsbət saldo ötən il dünya neft bazarında qiymətlərin artması, STAR neft emalı zavodunun və "SOCAR Polymer" polipropilen zavodunun işə salınması ilə neft-kimya məhsullarından daxilolmaların artması, həmçinin "Şahdəniz" layihəsinin «2-ci Mərhələsi» çərçivəsində təbii qaz satışının artması hesabına formalaşıb. Önümüzdəki illərdə biz yeni layihələrin başa çatdırılması və dayanıqlı işlətmə hesabına bu müsbət dinamikanın qorunmasına çalışacağıq", - deyə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

Yeri gəlmişkən, şirkətin 2018-ci il üzrə məcmu maliyyə hesabatına görə, şirkətin gəlirlərinin əsas hissəsini ötən il İsveçrədə gerçəkləşdirilmiş əməliyyatlar təmin edib - 94,5 milyard manat, bu, şirkətin keçənilki ümumi gəlirlərinin 84,9 faizinə bərabərdir. Bu gəlirlər 2017-ci illə müqayisədə 20,2% artımı təşkil edib. SOCAR-ın Azərbaycandakı əməliyyatlardan gəlirləri keçən il 6,6 milyard manat (23,1 faiz artım), Türkiyədəki gəlirlər 5 milyard manat (0,9 faiz artım), Birləşmiş Ərəb Əmirliklərindəki gəlirləri 2,4 milyard manat (77,6 faizrtım), digər ölkələrdəki gəlirləri isə 1,6 milyard manat (44,5 faiz) olub. Yalnız Gürcüstanda 5,2% azalma qeydə alınıb.

Hazırda SOCAR-ın xarici fəaliyyəti əsasən neft və neft məhsulları ticarətinə, öz yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafına, qaz paylanmasına, həmçinin neft-kimya və neft emalı güclərinin yaradılmasına yönəlib. Eyni zamanda xaricdə həyata keçirilən layihələrin çoxu qonşu Türkiyədə gerçəkləşdirilir və onların sayı getdikcə artmaqdadır.

 

SOCAR-ın yeni hədəfi

Eyni zamanda mənfəətin davamlı artımı SOCAR-a beynəlxalq miqyaslı layihələri genişləndirməyə imkan verir ki, bu da öz növbəsində daha çox ölkəni əhatə edir. İndi şirkət Rusiyanın bazarına istiqamətlənib. Söhbət Tümendə Rusiya «Sberbank»ına məxsus olan Antipino Neft Emalı Zavodunu (ANEZ) satın alınması imkanından gedir. Gücü ildə 9 milyon ton neft olan zavod dizel yanacağı, neft koksu, mayeləşdirilmiş karbohidrogen qazı istehsal edir. Müəssisədə neft emalının dərinliyi 2016-cı ildə 98%-ə çatdırılıb. ANEZ 2018-ci ilin sentyabrında Avro-5 keyfiyyət standartına uyğun Aİ-95, AI-92 və AI-80 benzin markalarının sənaye istehsalına başlayıb. «Ekspert-Ural» jurnalının hər il keçirdiyi «Ural Exportu-100» reytinqində Antipin Neft Emalı Zavodu 2018-ci ilin yekunlarına görə beşinci yeri tutaraq Ural və Sibirin ilk beş ixracatçısından biri olub. Eyni zamanda sahənin müəssisələri arasında ANEZ 1,6 milyard dollarlıq ixrac məhsulları sataraq ikinci yeri tutub ki, bu da əvvəlki ilə nisbətən 16 faiz çoxdur.

2019-cu il mayın 23-də "Sberbank" bildirib ki, «Antipino Neft Emalı Zavodu» ASC-nin səhmlərinin 80%-inə nəzarət edən Kipr şirkəti "Vikay Industrial Limited" şirkətinin səhmlərinin mülkiyyət hüququnu alıb. Zavodun səhmlərinin qalan 20 faizi hazırda vəkil Nikolay Yeqorova məxsusdur. «Sberbank»a satılmasından əvvəl, Antipino Neft Emalı Zavodu Dmitri Mazurova məxsus «New Stream» şirkətinin əsas aktivi olub, həmin şikətin əsas kreditoru isə «Sberbank» imiş. Əldə edilən son məlumatlara görə, ANEZ-in banka borcları 2,9 milyard dollar təşkil edir, zavodun kreditorları sırasında «Sberbank»la yanaşı, «Absolyut Bank», «Promsvyazbank», «İnterkombank», MKB və «Kredit Evropa Bank» kimi qurumlar da var. «Sberbank» Antipino Neft Emalı Zavodundan borclarını təcili almaq barədə qərar qəbul edib və zavodun daha öncə verilən kreditlər üçün girov kimi istifadə edilən səhmlərinin sahibliyini öz mülkiyyətinə götürüb. Daha sonra aydın olub ki, zavodun əlavə olaraq nəzərə alınmayan 1 milyard dollar borcu da var. İndi ANEZ qanunla nəzərdə tutulan müflislik prosedurundan keçməlidir. Paralel olaraq, «Sberbank» zavodun fəaliyyətini mümkün qədər tez bərpa etməyi vəd edir.

 

İlk addım  

Borclarla dolu, işləməyən NEZ-in satışı asan bir iş deyil. Rusiya "LUKoyl"unun rəhbəri Vahid Ələkbərov, məsələn, bu ilin fevral ayında bəyan edib ki, şirkətin Rusiyada istənilən əmlakı nəzərdən keçirir , "lakin bu aktiv yetərincə mürəkkəbdir. Bu cür kredit yükü ilə bizi maraqlandırmır."

"Rosneft" şirkətinin rəhbəri İqor Seçin də şirkətin Antipino Neft Emalı Zavodunu almaqda maraqlı olmadığını bildirib.

Buna baxmayaraq, «Sberbank» rəhbəri Alman Qref səhmdarların illik yığıncağında bildirib ki, bank artıq Antipino Neft Emalı Zavodunun bir neçə potensial alıcısı ilə artıq danışıqlar aparır və yaxın vaxtlarda müqavilə bağlayacağına ümid edir.

"Əlbəttə ki, əgər satarsaq, yalnız böyük təcrübəsi olan şirkətlərə satacağıq. Maraqlanan tərəflər var və hesab edirəm ki, biz yaxın vaxtlarda sövdələşmənin strukturlaşdırılmasına çıxacağıq".

«Bloomberg» agentliyinin məlumatına görə, «Sberbank» hazırda Antipino Neft Emalı Zavodunun mümkün alıcısı kimi Azərbaycan Dövlət Neft Şirkətini nəzərdən keçirir.

SOCAR prezidenti Rövnəq Abdullayev isə öz növbəsində qeyd edib ki, şirkət həqiqətən, Antipino Neft Emalı Zavodunun satın alınmasına maraq göstərir. "Danışıqlar gedir. Rusiya bazarı çox böyükdür və bu, bizə maraqlıdır", - deyə R.Abdullayev jurnalistlərlə söhbətində bildirib. Bununla yanaşı, o bildirib ki, SOCAR neft emalı zavodunu satın alarsa, borc öhdəlikləri öz üzərinə götürmək fikrində deyil.

Bu marağın NEZ-in alqı-satqı müqaviləsində real görkəm alıb-almayacağı hələ dəqiq deyil, amma buna baxmayaraq, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün ilk addımlar atılıb. Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, SOCAR və «Sberbank» Antipino Neft Emalı Zavodunda neft emalı üçün «Sokar Enerqoresurs» MMC birgə treydinq müəssisəsi təsis ediblər. Yeni birgə müəssisənin səhmlərin 60%-i "Socar Russia Investments LTD"yə, qalan 40% isə «Sberbank»ın qurumu olan «SBK Komplekt» MMC-yə məxsusdur.

Yeni birgə müəssisənin (BM) baş direktoru Fərid Cəfərovdur. O, buna qədər SOCAR-ın əsas Rusiya strukturuna – «SOKAR RUS» MMC treyder şirkətinə rəhbərlik edib. Ehtimal edilir ki, birgə müəssisənin iflas vəziyyətində olan Antipino Neft Emalı Zavodunda prosesinqlə məşğul olacaq. Prosessinq sxeminə görə, neftin sahibi onu neft emalı zavoduna çatdırır, zavoda emalı xidmətlərinə görə vəsait ödəyir, sonra alınan neft məhsullarını özü satır. Bəzi məlumatlara görə, SOCAR iyul ayına kimi Antipino Neft Emalı Zavodunda prossesinqə başlamağa ümidlidir. Ehtimal edilir ki, birgə müəssisənin böyük neft şirkətlərindən, xüsusən də "LUKoil" və "Surqutnefteqaz"dan neft alacaq.  

Belə bir mürəkkəb sxem müflislik proseduruna başlayan neft emalı zavodunun işini dayandırılmaması üçün təmin edilib. Axı, zavod aprel ayında dayandırıb, çünki emal etmək üçün neft almağa pulu yox idi.

Daha sonra, «Sberbank» rəsmi olaraq açıqladı ki, yeni qurulan «Sokar Enerqoresurs» MMC-nin Antipino Neft Emalı Zavodunun səhmlərinin 80%-nin sahibi oldu. Bankın məlumatına görə, şirkət zavodun özü ilə yanaşı, Orenburq vilayətində müəssisənin balansında qeyd olunan yataqlar üzərində nəzarətə də sahib olub.

Beləliklə, bu mərhələdə yeni sahiblərin əsas vəzifələri aşağıdakılardır: zavodun işə salınması və onun fasiləsiz işinin təmin edilməsi; neft məhsullarının daxili bazara çatdırılması və ixrac edilməsi; federal və regional büdcələrə sabit vergi ödənişlərini təmin etmək.  

"SOCAR müəyyən edilmiş korporativ prosedurlar çərçivəsində aktivlərin auditi aparıldıqdan və əməliyyat fəaliyyəti qiymətləndirdikdən sonra sərmayəçilər tərəfindən layihəyə qoşulmağı düşünür", - deyə «Sberbank»dan bildiriblər.

 

Ən iri aktiv  

Lakin SOCAR Antipino Neft Emalı Zavodunu almağa qərar verərsə, bu, Rusiya neft sənayesindəki şirkətin ən böyük aktivi olacaq, şirkət həm də yataqları istismar etmək üçün lisenziyaya sahibdir. Daha öncə də Azərbaycanın Dövlət Neft Şirkəti Rusiya bazarına daxil olmaq üçün cəhdlər etmişdi, amma uğursuz olmuşdu. O cümlədən, mətbuatın yazdığına görə, SOCAR "Rosneft" şirkətindən «Polyarnoe siyaniye» neft şirkətinin almaq məsələsini araşdırıb. 2013-cü ilin dekabrında «SOKAR RUS» MMC Həştərxan vilayətinin Nərimanov rayonu ərazisində Şimali Beşkul rayonunda karbohidrogen yataqlarında axtarış və qiymətləndirilmə işləri aparmaq üçün lisenziya alıb, lakin bu istiqamətdə işlər davamını tapmadı.

Amma bununla belə, təsəvvür etmək çətindir ki, ARDNŞ yalnız Rusiya neft bazarına daxil olmaq arzusu naminə hər borc yükü içində boğulan bir neft emalı zavodunu almağa razılaşacaq.

SOCAR-ın xaricdə indiki uğurlu fəaliyyəti yaxşı düşünülmüş investisiya siyasətinin nəticəsidir və şirkətə yetərincə gəlir gətirir. Yəni Antipino Neft Emalı Zavodu üzrə müqavilədə şirkətin istisna kimi öz maraqlarının ziddinə gedəcəyinə inanmaq mümkün deyil.  

Əgər şirkət neft emalı müəssisəsinin borc yükü olmadan satın alınması ilə bağlı razılaşa bilərsə, SOCAR yaxşı gəlirlər vəd edən yetərincə işlək bir aktiv əldə edə bilər. Bu, şirkət üçün yaxşı sərmayə yatırımı olmaqla qalmaz, həm də ona downstream sahəsində əməliyyatları genişləndirmək imkanı verər.

 

Şimaldan Asiyaya qədər  

SOCAR Rusiya ilə yanaşı, Mərkəzi Asiya regionunda fəaliyyətinin coğrafiyasını genişləndirir və yaxın vaxtlarda Özbəkistanda neft hasilatının artırılması, yeni karbohidrogen ehtiyatlarının axtarışı üzrə əməliyyatlar aparacaq. Belə ki, bu yaxınlarda "Uzbekneftqaz" SC və SOCAR-ın bölməsi olan «NİPİ NEFTEQAZ» MMC birgə fəaliyyət haqqında saziş imzalayıblar. Sənəd SOCAR-ın qabaqcıl üsullarından və texnologiyalarından istifadə edərək, Özbəkistanda yerləşən «Qarbiy Taşli» və «Şarkiy Taşli», «Şimoliy Şurtan» və «Qarmiston» yataqlarında karbohidrogen hasilatının artırılması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyənləşdirir.

"Bu," Uzbeknefteqaz"ın SOCAR ilə ilk bu cür layihəsidir. Onun birgə gerçəkləşdirilməsi ilə bağlı anlaşma 2018-ci ildə əldə edilib. İki şirkət arasında əməkdaşlığın inkişafı Özbəkistanda karbohidrogenlərin istehsalını artıracaq və Kaşkadərya vilayətinin sosial-iqtisadi inkişafının yüksəlməsinə təsir edəcək ", - deyə "Uzbeknefteqaz"da hesab edirlər.

Bundan başqa, Ustyurt bölgəsində üç investisiya blokunda kəşfiyyat potensialını qiymətləndirmək üçün "Uzbeknefteqaz", SOCAR və BP arasında üçtərəfli saziş imzalanıb.

Yeri gəlmişkən, qonşu Qazaxıstan da geoloji kəşfiyyat sahəsində SOCAR-la birgə fəaliyyətə ümid edir. "SOCAR-la memorandum imzalanıb, bununla əlaqədar biz Azərbaycan geoloqları ilə birlikdə Azərbaycanın və Qazaxıstanın dəniz və quru ərazilərində tədqiqat aparmağı planlaşdırırıq. Sonrakı kəşfiyyat və istehsal sahələri bu tədqiqatların nəticələrinə görə seçiləcək", - deyə KMQ-nin İdarə Heyətinin sədr müavini Kurmanqazı İskaziyev bildirib.

Onun həmçinin bildirib ki, SOCAR-la birlikdə Qazaxıstan neftinin Azərbaycanın boru kəmərləri vasitəsilə dünya bazarlarına çıxarılması məsələsi üzərində işlənilir. "Qazaxıstandan neft ixracının şaxələndirilməsi üçün biz cənub istiqamətinə (Azərbaycan vasitəsilə – «R+») baxırıq. Biz bu istiqamətdə ARDNŞ ilə işləri fəallaşdırmışıq, lakin Azərbaycandan boru kəmərləri vasitəsilə nəql edilə biləcək neftin həcmləri tariflərdən asılı olacaq. Cənub istiqamətinin Qazaxıstan neftinin ixrac potensialı ildə 30 milyon ton ətrafında dəyişir ", - deyə K.İskaziyev bildirib.

Bütün bunlar, hələ ki, perspektiv üçün düşünülür, amma bu gün iki şirkət arasındakı əməkdaşlığın konkret nümunəsi kimi 2016-cı ilin fevralında Qazaxıstanın «Satti» üzən yarım dalma qazma qurğusunun SOCAR-ın etibar idarəetməsinə verilməsi ilə bağlı KMQ ilə bağlanmış müqaviləni göstərmək olar.  

"Biz tərəfdaşlarımızla birgə fəaliyyəti daha da inkişaf etdirməyi və ümumi layihələrə dəstək olmağı planlaşdırırıq. Bu, hər iki tərəf üçün imkanların genişləndirilməsi ilə yanaşı, Qazaxıstanın neft-qaz sektorunun səriştəsinin və rəqabətədavamlılığının artırılmasına imkan verir ", - KMQ İdarə Heyətinin sədri Alik Aidarayev bildirib. Qurğu, ilk növbədə, Abşeron arxipelağının dayaz sularında kəşfiyyat quyularının qazılmasında istifadə ediləcək və burada kəşfiyyat və işlənmə operatoru kimi Britaniyanın BP şirkəti fəaliyyətdədir.  

SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyəti və STAR neft emalı zavodunun istismara verilməsi Belarus rəhbərliyinin də diqqətindən yayınmayıb – ölkə bu yaxınlarda Dövlət Neft Şirkətini «Qrodno Azot» ASC-nin modernləşdirilməsi layihəsinə sərmayəçi kimi dəvət edib.  

"Türkiyədə siz neft emalı kompleksi inşa etdiniz. Biz Azərbaycan sərmayəçilərinin Belarusa gəlməsini alqışlayırıq və strateji sahələrdə ciddi əməkdaşlığa hazırıq", - deyə Belarus prezidenti Aleksandr Lukaşenko ötən ilin noyabrında Bakıya gəlişi zamanı bildirmişdi.

"Belneftxim" konserninin məlumatına görə, layihə Belarusda fəaliyyətdə olan istehsalın müasirləşdirilməsini və yeni azot zavodunun tikintisini nəzərdə tutur. Bu zaman, fəaliyyətdə olan «Qrodno Azot» ASC-nin mövcud istehsalının modernləşdirilməsi xərcləri, təxminən, 400 milyon dollar təşkil edir, yeni zavodun tikintisinin dəyəri isə 1,3 milyard dollardan çox olacaq.

Gerçəkdən, çox sayda təkliflər arasında seçmək imkanı həmişə yaxşıdır, amma unutmaq olmaz ki, bu həm də böyük məsuliyyətdir, buna görə də qərar əsaslı və vaxtında verilməlidir, maksimum fayda gətirməlidir.



MƏSLƏHƏT GÖR:

294