19 Aprel 2024

Cümə, 17:43

HƏDƏFDƏN DAHA ÇOX

Azərbaycanda minimum əməkhaqqının məbləği yaşayış minimumunu ötür

Müəllif:

01.07.2019

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş yeni sosial qərarlar paketi ölkə vətəndaşlarının sosial müdafiəsi ilə bağlı vacib məsələlərindən birini - minimum əməkhaqqı və pensiyaların yaşayış minimumunu üstələməsi məsələsini həll etməyə imkan verəcək. Uzun illər idi ki, hökumət bu məqsədə doğru gəlirdi, lakin qlobal maliyyə və enerji böhranlarının iqtisadiyyata mənfi təsiri lazımi tədbirlərin bir qədər ləngiməsinə gətirib çıxarırdı. İqtisadi sabitliyin tam bərqərar olunması qısa müddət ərzində insanların rifahının yaxşılaşdırılması və onların sosial təminatının artırılması ilə bağlı silsilə qərarlar qəbul etməyə imkan verdi

 

Əməkhaqları

Beləliklə, iyunun 18-də Prezident İlham Əliyev 2019-cu il sentyabr ayının 1-dən büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması haqqında sərəncamlar paketini imzalayıb. O cümlədən, hərbi qulluqçuların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının pul təminatları 50%, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı 20%, minimum əməkhaqqı 40%, bir sıra dövlət qulluqçularının əməkhaqqı isə 40% artacaq. Dərc olunan məlumatlara görə, minimum əməkhaqqı da daxil olmaqla əməkhaqqının artırılmasına dair sərəncam 1,35 milyon adamı əhatə edir ki, bunlardan 1 milyonu dövlət sektorunda, 350 mini isə özəl sektorda işləyir.

Bu, heç də dövlət başçısının təkcə bu il maaşların artırılması üçün verdiyi ardıcıl qərarların tam siyahısı deyil. İlkin qiymətləndirmələrə görə, bu qərarlar 2 milyondan çox insanı əhatə edir ki, bu da muzdlu işçilərin 80 faizini təşkil edir.

Amma əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, ən inqilabi qərar minimum əməkhaqqının 250 manata qədər artırılması olub. Ölkədəki yaşayış minimumunun bu gün 180 manata bərabər olduğu nəzərə alınarsa, minimum əməkhaqqı ondan ən azı 40% çox olub. Qeyd edək ki, bu, cari ildə minimum az əməkhaqqının ikinci artımıdır. Daha öncə martın 1-də 130 manatdan 180 manatadək artırılmışdı.

"Beləliklə, Azərbaycan sosial dövlətə çevrilmə istiqamətində fəal şəkildə irəliləyir ", - deyən nazir əlavə edib ki, oktyabr ayından etibarən minimum əməkhaqqının artırılması oktyabr ayından Azərbaycanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri arasında ikinci səviyyəyə yüksəlməsinə imkan verəcək.

Bu addımın xərclərinə gəldikdə isə, minimum əməkhaqqının artırılması dövlət büdcəsindən ildə 780 milyon manat, o cümlədən 2019-cu ilin sentyabr-dekabr aylarında 245 milyon manat ayrılmasını tələb edir.

"Azərbaycanda islahatlar büdcə vəsaitlərini artırır. Nəticədə, vətəndaşlar üçün çox ciddi sosial paketlər qəbul edilib. Tezliklə insanlar bu paketlərin faydalarını görəcəklər. Azərbaycan hökuməti üçün vətəndaşların rifahının yüksəlməsindən daha vacib bir məsələ yoxdur ", - deyə Baş nazirin müavini Əli Əhmədov bununla bağlı bildirib.

Yeri gəlmişkən, o qeyd edib ki, özəl sektorda çalışan işçilərin maaşının da artırılması nəzərdə tutulur - prinsipcə, bu, əmək bazarında rəqabət qabiliyyətinin təmini baxımından məntiqlidir.

Beləliklə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqqı 2019-cu il sentyabrın 1-dən 833 manatdan 1200 manatadək artacaq, deməli, özəl sektorda da əməkhaqları bu səviyyəyə uyğun gəlməlidir. Əks təqdirdə, işəgötürənlər ixtisaslı işçilərin dövlət orqanlarına axını ilə üzləşəcəklər. Özü də, dövlət strukturlarında işçilərin sosial müdafiəsi bu gün özəl sektora nisbətən daha yüksəkdir.

 

Pensiya təminatı

Çox önəmlidir ki, əməkhaqlarının artırılması üzrə addımlara paralel olaraq, əhalinin sosial cəhətdən daha zəif təbəqəsi – təqaüdçülərlə bağlı da sərəncamlar verilib. Belə ki, onlar üçün minimal vəsait oktyabrın 1-dən 200 manata qədər artırılacaq. Qeyd edək ki, bu il martın 1-dən etibarən minimum pensiya 116 manatdan 160 manatadək artırılıb. Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü təqaüdçülərin minimum pensiyasını təqaüdçülər üçün yaşayış minimumundan (149 manat) 34,2% -ə qədər artıq olmasına imkan verəcək.

"Bu ilin sonuna kimi bu məqsədlərə 70 milyon manatdan çox vəsait ayrılacaq, 2020-ci ildə isə bu, 220 milyon manata çatacaq", - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Əliyev bildirib.

Azərbaycanın pensiya sistemində həyata keçirilən islahatlar 750 min insanı əhatə edəcək ki, bu, ölkədəki bütün təqaüdçülərin təxminən 60 faizi deməkdir. Nazir S.Babayevin sözlərinə görə, təqaüdçülərin digər 40%-i də diqqətdən kənarda qalmayıb, doğrudur, onların pensiyaları 2020-ci ildən artacaq. "Orta aylıq əməkhaqqının artımı üzrə proqnoz 15%-ə bərabərdir. Buna uyğun olaraq, 2020-ci il yanvarın 1-dən bütün pensiyalar 15% artacaq, minimum pensiya isə 230 manata qədər artırılacaq", - deyə nazir vurğulayıb.

Eyni zamanda, gələn il bu sahədə daha bir mühüm dəyişiklik gözlənilir – sığorta edilmişlərin şəxsi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı 2020-ci ildən yeni parametrə əsasən – ildə bir dəfə illik inflyasiya göstəricisinə uyğun şəkildə indeksləşdiriləcək. Bu, Milli Məclisin plenar iclasında müzakirə olunan «Əmək pensiyaları haqqında» qanuna düzəlişlərdə nəzərdə tutulur. Prinsipcə, bu, bir neçə il əvvəl mövcud olmuş indeksləşdirmə metoduna qayıdışdır. Lakin sonra qərara alınmışdı ki, əmək pensiyasının sığorta hissəsi ilə yanaşı pensiya kapitalı da orta aylıq nominal əməkhaqqının artım səviyyəsinə uyğun olaraq ildə bir dəfə indeksləşdirilsin.

Həm də yaxın illərdə pensiya təminatı sahəsinin daha yeni dəyişikliklərə məruz qalması mümkündür, çünki Azərbaycanda bu sektorun 2050-ci ilə qədər inkişafı üzrə Konsepsiya hazırlanır. "Yeni sənədin hazırlanması zamanı, Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq, avtomatik elektron sistemdən istifadə etməklə innovativ yanaşmadan yararlanılacaq ", - deyə nazir S.Babayev bildirib və əlavə edib ki, konsepsiya Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsinə və onun beynəlxalq standartlara yaxınlaşmasına yönəlib.

 

Sosial müdafiə

Daha əvvəl qeyd edildiyi kimi, sosial sahədə əsas islahatlar məhz 2019-cu ildən yeni bir qüvvə ilə başlayıb və belə görünür ki, dəyişikliklərin əsas payı bu ilə düşəcək. Xatırladaq ki, daha öncə təxminən 100 min tələbənin təqaüdü artırıldı, yaşa görə və əlilliyə görə müavinətlər, 18 yaşa qədər sağlamlıq problemləri olan uşaqlar üçün müavinətlər, valideynlərini itirmiş uşaqların qəyyumlarına edilən ödənişlər, həqiqi müddətli hərbi xidmətdə olan valideynlərin uşaqları üçün sosial ödənilşlər, 5-dən çox uşağı olan qadınlara edilən ödənişlər, həmçinin uşağın doğulması üçün edilən ödəniş, dəfn üçnü verilən müavinət və s. artırılıb.

Sosial sərəncamların böyük paketi şəhid ailələrini əhatə edib – bu sıraya onların varislərinə (təxminən 12 min 200 ailəyə) 11 min manat məbləğində birdəfəlik ödəniş verilməsi, həmçinin onlar üçün müavinətin 242 manatdan 300 manatadək artırılması və onların mənzillərlə təmin edilməsi daxildir.

"Sosial paketi ölkə üzrə 3 milyon adamı əhatə etdi. Yalnız avtomatlaşdırılmış pensiya təminatı sistemi çərçivəsində 10 min təqaüdçünün pensiyası elektron variantda təyin edilib", - deyə S. Babayev bildirib. Eyni zamanda, ölkədə əhalinin sosial cəhətdən zəif qrupa aid 35 min nəfər - qaçqınlar, qadınlar, fiziki cəhətdən məhdud insanlar var. Bu kateqoriya vətəndaşlar üçün sosial dəstəyin təmin edilməsi üzrə tədbirlər davam edəcək.

Bütün bu islahatlara dövlət sosial xidmətlərinin (məşğulluq, sosial təminat növləri, ünvanlı dövlət sosial yardımı, pensiya, sosial sığorta və digər sahələr üzrə xidmətlərin) önəmli hissəsini operativ, sadələşdirilmiş prosedurlar vasitəsilə təmin etmək üçün yaradılan yeni DOST mərkəzlərinin açılmasını da əlavə etsək, aydın olar ki, yeni təşəbbüslərin əhatə dairəsi həqiqətən bütün rekordları keçib.

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlının sözlərinə görə, ilin əvvəlindən Azərbaycan Prezidenti tərəfindən vətəndaşların, dövlət qulluqçularının, büdcədən maliyyələşən təşkilatların işçilərinin və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün imzaladığı sərəncamların ümumi maliyyə dəyəri 3 milyard manatdan artıqdır.

Doğrudur, bəzi ekspertlər bunun müsbət tərəfləri ilə yanaşı inflyasiya kimi mənfi nəticələri olacağını da gözləyir. Onların fikrincə, həmişə bu cür təşəbbüslər qiymətlərin artması ilə müşayiət olunur. Özü də, təəssüf ki, qiymətlərin artması heç də həmişə obyektiv iqtisadi amillər nəticəsində baş vermir - əksər hallarda, bu, topdan və pərakəndə ticarət obyektləri tərəfindən vətəndaşların maddi vəziyyətinin növbəti artımından pul qazanmaq üçün verilən özbaşına qərarlar nəticəsində baş tutur.

Ancaq nazir S.Babayev əmin edir ki, minimum əməkhaqqının və müxtəlif sahələrdə çalışan insanların maaşlarının artması ilə bağlı xərclərin dinamikasının təhlili göstərir ki, inflyasiyaya heç bir ciddi təsir gözlənilmir. Məsələ bundadır ki, xərclər dövlət büdcəsinin gəlirlərinin artımı hesabına örtülür və bu, ÜDM və pərakəndə ticarət dövriyyəsi ilə müqayisədə yetərincə azdır. Qeyd etmək lazımdır ki, minimum pensiyanın və əməkhaqlarının artması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcəsini də 200 milyon manat artırmaq zərurəti yaranıb, Fondun işsizlik sığortası üzrə büdcəsinin icrası nəticəsində yaranan qalıq vəsaitlərdən gəlir və xərcləri isə 15 milyon manat artırmalıdır.

Maliyyə naziri Samir Şərifov bu məqamı daha müfəssəl şəkildə izah etdi. Onun sözlərinə görə, sosial tədbirlərin gerçəkləşdirilməsi mərhələlərə ayrılır və birinci mərhələ bu ilin mart ayında başlanıb. "Biz inflyasiya baxımından elə bir önəmli təzyiq müşahidə etmirik. Amma biz buna nəzarət edirik. İkinci artım isə payız aylarında baş verəcək. Hazırda verilən qərarın yerinə yetirilməsi üçün vaxt lazımdır. Biz birbaşa inflyasiya təzyiqini görmürük. Bu gün inflyasiya olduqca aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya səviyyəsi 2,5% -dən aşağıdır. Mən düşünürəm ki, bu, müsbət amildir və onun bəzi əlamətlərini indidən görürük", - deyə maliyyə naziri vurğulayıb.

Beləliklə, bu dəfə əməkhaqqı və pensiyaların ikiqat artımı maliyyə vəsaitlərinin

bazara mərhələli şəkildə daxil olması ilə gerçəkləşdirilib ki, bu da inflyasiyanın təsirlərini məhdudlaşdırmağa və tənzimləməyə imkan verir. Buna görə də ekspertlər bazara iqtisadi təzyiq gözləmirlər ki, bu da əhaliyə real gəlirlərinin artımının təsirini 100 faiz hiss etməyə imkan verəcək.



MƏSLƏHƏT GÖR:

428