20 Aprel 2024

Şənbə, 10:51

ƏNƏNƏLƏR QALİB GƏLDİ

Azərbaycanda idmançıların ikinci Avropa Oyunlarındakı çıxışı təhlil edilir

Müəllif:

15.07.2019

Tarixi Bakıdan başlayan Avropa Oyunlarının növbəti dayanacağı Belarus paytaxtı Minsk oldu. 11 gün davam edən yarışda Azərbaycan millisi 28 medal qazandı. Atletlərimiz müxtəlif yarışlardan 5 qızıl, 10 gümüş və 13 bürünc medala layiq görüldü.

Azərbaycan yığması "Minsk 2019"da komanda hesabında 10-cu pillədə qərarlaşdı. Ümumilikdə, 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələndi. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşamağı bacardı.

Dörd il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi medal sıralamasına yenə Rusiya başçılıq edib. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüyü” qapayıb. İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.

İlk Avropa Oyunlarının nəticəsiylə müqayisədə atletlərimiz o qədər parlaq çıxışla yadda qalmayıb. Xüsusən, qızıl medal sayının azlığı diqqətdən yayınmayıb. Bu dəfə Azərbaycan idmançıları ilk Avropa Oyunlarında qazandıqları 56 medalın tən yarısını əldə edə bilib.

Buna əsas səbəb kimi Minsk Oyunlarının proqramında idman növlərinin, Azərbaycan təmsilçilərinin özünün sayının xeyli azalması, medal dəstlərinin sayının isə 253-dən 200-ə enməsi kimi amilləri göstərmək olar. İlk Oyunlarla müqayisədə yalnız cüdoda medal artımı oldu. Özü də Avropa çempionatı statusu ilə keçirilən bu növ üzrə yarışlarda Bakıda qazandığımız 1 gümüş medalı Minskin 1 "gümüş", "4 bürünc"ü əvəzləyib. Çıxışların keyfiyyətinə görə isə güləşi fərqləndirmək olar. Təsadüfi deyil ki, sərbəst güləşçilər 5 (2 qızıl, 1 gümüş, 2 bürünc), qadın güləşçilər 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), yunan-Roma güləşçiləri 2 (1 gümüş, 1 bürünc) medal əldə etdilər. Başqa sözlə, 28 medalın 10-u və 5 "qızıl"ın 3-ü güləşçilərin payına düşdü. Qalan 13 medalın 5-ni karateçilər (1 qızıl, 3 gümüş, 1 bürünc), hərəyə 3-nü gimnastikadan akrobat cütlük (2 gümüş, 1 bürünc) və samboçular (1 gümüş, 2 bürünc), 2-sini boksçular (1 qızıl, 1 bürünc) götürüblər. Sadalanan 6 növ "Minsk 2019"da ən çox idmançı ilə təmsil olunurdu. Atıcılıq, velosiped idmanı, kamandan oxatma, kanoe və badminton növlərindən olan üst-üstə 14 idmançı isə Belarusu mükafatsız tərk etdi.

Minskdəki yarışda idmançılarımız azarkeşləri çox vaxt həlledici məqamlarda, medalın bir addımlığında büdrəmələrilə məyus edib. Bəzi hallarda hakimlərin qeyri-obyektivliyini də vurğulamaq lazımdır. Bununla belə, əsas səbəblərdən biri bəzi idmançılarımızın hazırlıq səviyyələrinin aşağı olmasıdır. Bir neçə komandada məşqçi işi lazımi səviyyədə qurulmadığına görə idmançılar səviyyələrindən aşağı hazırlaşmışdı. Digər tərəfdən Minskdə buraxılan səhvlər gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində müvafiq məşqçilərə düzgün iş qurmağa kömək olacaq.

II Avropa Oyunlarında hamının qızıl medal gözlədiyi, bununla belə, gümüş medalla kifayətlənən Rafael Ağayevin fikirləri də kifayət qədər maraqlıdır. Beş qat dünya, dəfələrlə Avropa çempionu finaldakı məğlubiyyətinin səbəbini “R+”a açıqladı: “Bəzi idmansevərlər finalda zəif çıxış etdiyimi söyləyir. Bu da təbiidir. Gümüş medal qazanmağımı zədələrimlə əlaqələndirib bəhanə etmək istəmirəm. Zədəli olduğum üçün hazırlığa son anda başladım və bu da çıxışımda özünü göstərdi. Kənardan bəhanə axtarmaq kimi görünə bilər. Sadəcə olaraq demək istəyirəm ki, finalda hakimlər nədənsə iki xalımı görmədilər. Amma bu, mənim üçün bir təcrübə oldu. Bundan sonra daha da səylə çalışacağam. Karate olimpiya idman növü olandan sonra burada qalib gəlmək daha da çətinləşib. Rafael qocalmayıb, mən özümü hələ cavan hiss edirəm və düşünürəm ki, Azərbaycana daha çox medal qazandırmaq şansım var. Növbəti hədəfim “Tokio 2020”də qalib gəlməkdir. Hazırda bir neçə zədəm var, onları sağaldıb gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm”.

Azərbaycana Minskdə ilk qızıl medalı qazandıran güləşçi Mahir Əmiraslanov hazırda istirahətdə olmasına baxmayaraq, yarış haqqında qısa təəssüratlarını bölüşdü: “Minsk Azərbaycan idmançıları üçün çağırış idi. Avropa Oyunları bizə doğma yarışdır. Ona görə hər birimiz qalib gəlməyə çalışırdıq. İlk qızıl medalı qazandığımı eşidəndə çox sevindim. 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü qeyd olunur. Həmin gün qalib gəldiyimə görə qələbəni hərbçilərə həsr etdim. Özüm də bir-iki aydan sonra hərbçi olacam. Minskdəki qələbəylə işimi bitmiş saymıram. Əsas məqsədim “Tokio-2020”də Azərbaycan himnini səsləndirməkdir”.

“R+” idmançılarımızın nəticələri, eləcə də təşkilati işlərlə bağlı Gənclər və idman naziri Azad Rəhimovun da fikrini sizə təqdim edir. Azad Rəhimov idmançılarımızın nəticələrinin mənfi və müsbət tərəfini açıqlayıb: “Artıq oyunlarında kifayət qədər vaxt keçib. Rahat təhlil etmək olar. Medal qazanmaq baxımından çox razıyam. Əksər hallarda ənənəvi idman növləri bizi sevindirdi. Güləşçilərimiz həmişəki kimi medalçılar sırasında oldu. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin böyük potensialı var. Bundan başqa, yeni boksçularımız yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. O ki qaldı digər idman növlərinə, sambo Olimpiya idman növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, ölkəmizdə sambonun yaxşı inkişaf dövrü yaşaması üçün böyük dəstək olmalıdır.

Təşkilati işlərə gəlincə, Minsk Oyunlarından razı qaldım. Mütəmadi Minskə səfər edirdik. Amma belə gözəl təşkilatçılıq gözləmirdik. Minsk onlara bəslənən etimadı doğrultdu. İdman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarışın səviyyəsi heç də aşağı düşməyib. Bu onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir”.



MƏSLƏHƏT GÖR:

279