25 Aprel 2024

Cümə axşamı, 14:10

DURĞUNLUQDAN ÇIXMAQ

Azərbaycanda ciddi şəkildə sığorta bazarının əsas problemlərinin həllinə qərar veriblər

Müəllif:

15.07.2019

Son bir neçə il ərzində Azərbaycanın sığorta bazarı sabit artım nümayiş etdirir, lakin bu sahədə problemlər hələ də qalmaqdadır və zaman-zaman özünü büruzə verir. İyunun sonunda Bakıda növbəti beynəlxalq sığorta forumu keçirilib ki, orada ekspertlər mövcud bazar potensialını mənimsəməyə necə sürətlə nail olmağı anlamaq üçün sektorun artım faktorlarını və onu yavaşıdan elementləri müzakirə etmişlər.

 

Bazar göstəriciləri

2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra maliyyə sektorunun bir hissəsi kimi sığorta bazarı da müəyyən çətinliklərlə üzləşmişdi, lakin bu üç il əvvəlki valyuta böhranı ona bank sektorunda olduğu qədər ciddi təsir göstərməmişdi.

Belə ki, 2015-ci ilin yekunlarına görə bazarda 3,2% azalma olmuşdu, ancaq artıq 2016-cı ildə artım, təxminən, 10% təşkil edirdi. 2017-ci ildə isə artım 14%-ə çatmışdı və bazar sığorta yığımlarının toplam göstəricisi üzrə 500 mln. manatlıq psixoloji baryeri keçərək bazar iştirakçılarının ümidlərini doğrultdu. Ötən il, ümumilikdə, yığımlar 700 milyon manatdan artıq olub, yəni sabit artım templəri göz qabağındadır.

Bütün bunları yerətincə ürəkaçan mənzərə kimi təqdim etmək olar, lakin daha ətraflı təhlil heç də hər şeyin elə də gözəl olmadığını aydınlaşdırır. Əslində, bu görünən artım əsasən yığım sığortası və icbari sığorta növləri sayəsində baş verir ki, bu da öz növbəsində bir növ durğunluq göstəriciləri hesab olunur. İcbari sığorta növləri olduqca məhduddur, çünki bazarın tam əhatə olunmasından sonra yalnız onlar cüzi templərlə arta bilərlər. Düzdür, Azərbaycanda icbari sığorta növləri arasında əmlak sığortası ayrıca seçilir, orada nüfuz səviyyəsi olduqca azdır, lakin bu barədə daha sonra.

Ümumiyyətlə, yaxşı artım templərinə baxmayaraq, sığorta bazarı hələ də ondan gözlənilən potensialı göstərə bilməyib. Məsələ, yalnız yığım və ya ödəniş göstəricilərində deyil. Azərbaycanın sığorta bazarının ÜDM-də payı cəmi 0,91% təşkil edir ki, bu da elə yaxşı göstərici deyil. Yeri gəlmişkən, sığorta yığımları da artıq azalmağa başladı - beş ay ərzində 319,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9 faiz azdır. Sığorta şirkətlərinin sığorta halları üzrə ödənişləri də beş ay ərzində 3,8 faiz azalaraq 93,8 milyon manat təşkil edib. Tənzimləyici bunu yığım sığortasına ayrılan vəsaitlərin azalması ilə izah edir ki, bu da bu məhsula yönəldilən vəsaitlərin qismən məhdudlaşdırılması ilə bağlıdır.

 

Problemlər: həll ediləndir, amma bu asan deyil

Paradoksal olsa da, sığorta bazarımızın əsas problemi, ilk növbədə, sığorta şirkətləridir. Daha doğrusu, onların bəziləridir, aldadıcı və yanlış hərəkətlər edərək, əhalinin bu bazarda etibarı itirməsinə səbəb olurlar. Əlbəttə, başqa bir problem maliyyə savadlılığının aşağı olmasıdır. Bu problemlər qlobaldır və onların həlli bir neçə il, bəlkə də, bir neçə on il aparacaq. Sığorta sahəsində etibar və bilik illərlə gəlir, sığorta mədəniyyətinin formalaşması yetərincə mürəkkəb bir məsələdir, yalnız sığorta şirkətləri və tənzimləyicidən asılı məsələ deyil.

Digər tərəfdən yaxın perspektivdə həll edilə biləcək problemlər var. Belə ki, bazar iştirakçılarının həyat sığortası kimi bir məhsulun yığımlarından güclü asılılığı onsuz da öz acı nəticəsini göstərməyə başlayıb. Sığorta etdirənlərin əmanət sığortasına göndərə biləcəkləri vəsaitlərin məhdudlaşdırılması ona gətirib ki, yığım və ödənişlər azalmağa başlayıb.

Nə etməli? Əlbəttə ki, digər növ sığorta növləri inkişaf etdirilməlidir və başlanğıc üçün icbari əmlak sığortasına diqqət yönəldilməlidir. Bəli, yuxarıda qeyd olunduğu kimi, icbari sığorta növlərindən asılılıq ürəkaçan vəziyyət deyil, lakin göstəricilərin artımını sürətləndirmək üçün yenilərini yaratmaqdansa, ölkədə mövcud olan məhsulların inkişafı daha asandır. İş bundadır ki, icbari olmasına baxmayaraq, ölkədə bu sığorta növündən əhalinin yetərincə az hissəsi istifadə edir. Səbəb ondadır ki, əvvəllər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə vaxt var idi ki, polisin qiyməti cəmi 10 manat idi - potensial müştərilərin məlumatlılıq səviyyəsi aşağı idi, keçərli nəzarət mexanizmi yox idi və cərimələrin məbləği cüzi idi. Bunun nəticəsidir ki, bu gün tək-tək adam öz əmlakını sığortalayır.  

Sektorun digər əhəmiyyətli problemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının yüksək zərərlilikli olmasıdır və bu gündən-günə artır. Uzun müddətdir ki, yenilənməyən köhnə tariflər, yüksək agent komissiyaları və s. Bir sözlə, bu məhsulun islahatlara ehtiyacı var.  

Buna paralel olaraq, yeni məhsullar yaradılmalı və hər şeydən əvvəl, nə qədər paradoksal səslənsə də, yenə də icbari məhsullar yaradılmalıdır. Onlar həmişə könüllü məhsulların inkişafı üçün pis tramplin olmurlar - əhali sığorta mexanizminə alışdıqdan sonra sığorta portfelinin inkişafına daha həvəslə gedir.

 

İcbari həll

Uzun müddətdir belə fikir vardı ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bütün diqqətini bank sektoruna yönəldib və beləcə, sığorta sektoru kölgədə qalır. Lakin keçirilmiş sığorta forumu və bütün sığorta həftəsi göstərdi ki, tənzimləyici bu istiqamətdə fəal işləyir. Belə ki, son vaxtlar Palata sığorta şirkətlərinin müvəqqəti idarəetmə, həmçinin bərpa planı hazırlamaq qaydalarını təsdiqləyib. Bu göstərir ki, tənzimləyici əsas tələbləri yerinə yetirməkdə çox geri qalan bazar iştirakçıları ilə məşğul olmaq qərarına gəlib.

Sonrası daha kəskin olacaq. Yaxın günlərdə ölkədə "Qəzaları idarəetmə sistemi" tam fəaliyyətə keçəcək, bu da icbari növlər üzrə sığorta hallarının tənzimlənməsini avtomatlaşdırmağa imkan verəcək. İcbari Sığorta Bürosu tərəfindən təqdim edilən sistem sığorta edilmişlərin sığorta halları zamanı fəaliyyətini önəmli dərəcədə asanlaşdıracaq, həmçinin lazımi sənədlərin alınması üçün onlarla və vəzifəli şəxslər arasında təması minimuma endirəcək.

Sığorta edilmiş, məsələn, xüsusi mobil tətbiqə çıxış əldə edə biləcək ki, onunla yol qəzalarını yerində qeydiyyata almaq, onlayn rejimdə sığorta şirkətini məlumatlandırmaq, onlara hadisə yerinin şəklini göndərmək və sığorta ödənişi almaq üçün ərizə forması doldurmaq imkanı qazanacaq. Bundan əlavə, bu sistem Daxili İşlər Nazirliyinin sisteminə tam inteqrasiya olunacaq ki, bu da daha bir problemin həllini təmin edir: sığorta halları zaman lazım olan «Form 4»ün verilməsi prosesini avtomatlaşdıracaq - indi bu, cəmi 10 iş günü çəkəcək.

Bu, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əməliyyatlarının elektronlaşdırılmasının tamamlanması və digər zəruri növlər üzrə önəmli irəliləyiş deməkdir.

Bundan əlavə, büro həmçinin daşınmaz əmlakın icbari sığortası, istehsalatda peşə xəstəlikləri və qəzalar səbəbindən əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ilə bağlı vəziyyətin yetərincə yaxşılaşdırılması üzrə Əmlak Məsələləri Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işləri davam etdirir.

Başqa əlverişli yenilik odur ki, tənzimləyici və sığorta şirkətləri əsas sığorta növləri üzrə tarifləri yenidən nəzərdən keçirmək üçün birgə təklif hazırlayırlar, çünki onlar artıq bu günün tələblərinə cavab vermirlər.

Yeni sığorta növləri kənarda qalmayıb. Tənzimləyici dörd yeni sığorta növü təqdim etməyi qərara alıb. İlk növbədə, həkimlərin məsuliyyətinin sığortası və tikinti ilə məşğul olan şəxslərin məsuliyyət sığortasıdır. Bundan əlavə, tənzimləyici ixrac-idxal əməliyyatlarında (xarici iqtisadi fəaliyyətdə) yüklərin gömrük anbarlarında saxlanmasına görə icbari sığorta və sığorta agentinin məsuliyyətin icbari sığortasının tətbiqi ilə maraqlanır.

Şübhəsiz, insan amilini də unutmaq olmaz, o, sığorta işində ən əsas məsələ hesab edilir. Daha yüksək səmərəliliyin əldə edilməsi üçün tənzimləyici sığorta agentlərinin fəaliyyəti ilə bağlı diferensiallaşdırılmış yanaşma tətbiq etməyi zəruri hesab edir. Bu, həm də sığorta vasitəçiləri klasterinin və müstəqil ekspertlər institutunun formalaşdırılması üçün vacibdir.

Lakin bu zaman hər bir sığortaçı üçün risklərin fərdi qaydada qiymətləndirilməsi problemi hələ də qalmaqdadır ki, bu da sığorta etdirmişlərin reyestrinin olmaması ilə bağlıdır. Bu, bir növ mərkəzləşdirilmiş kredit reyestrinə bənzər bir şeydir ki, orada hər bir sığorta etdirən və onun sığorta hadisələri ilə bağlı məlumatlar yığılır. Bu da öz növbəsində, anderrayterlərin işini risklərin hesablanması zamanı asanlaşdırır və müştərilərlə qarşı daha fərdi yanaşma tətbiq etmək imkanı qazandırır. Palatanın nümayəndələri qeyd ediblər ki, sığorta sahəsində oxşar reyestrinin formalaşması üçün model artıq seçilib, texniki şərtlər müəyyənləşdirilib. Bu, sığorta şirkətlərinin risklərini idarə etmək üçün çox vacibdir.

Bütün bu tədbirlər onun göstərir ki, sığorta sektoru tənzimləyicinin ciddi nəzarəti altındadır və biz köklü dəyişikliklərə ümid edə bilərik. Hələ ki, əsasən kəmiyyət dəyişikliklərinədir, lakin ümid edə bilərik ki, onların keyfiyyət dəyişiklikləri müstəvisinə keçidi az vaxt aparacaq.


MƏSLƏHƏT GÖR:

301