25 Aprel 2024

Cümə axşamı, 07:57

GEOSİYASİ MAT

Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik növbəti mərhələsini yaşayır

Müəllif:

15.07.2019

Rusiya-Gürcüstan münasibətlərində 2008-ci ilin avqustundan bu yana baş qaldırmış ən ciddi böhran getdikcə dərinləşir. Bu isə Gürcüstan üçün yalnız iqtisadi problemlər yaratmır. Tbilisinin strateji əhəmiyyətə malik bölgədə – Avrasiyanın kəsişməsində yerləşən ölkəni Qərbin forpostuna çevirmək perspektivi də maneələrlə üzləşir.

Xatırladaq ki, növbəti böhran dalğası Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən toplantısında iştirakı ilə başlayıb. Bunun ardınca Tbilisi küçələrində anti-Rusiya nümayişləri başlayıb, polislə etirazçılar arasında toqquşmalar olub və indi, proses getdikcə daha gözlənilməz xarakter alır. Əgər Salome Zurabişvilinin nümayişlərin fonunda Rusiyanı «işğalçı düşmən» adlandırması, həmçinin Kremlin iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmağı qadağan etməsi qarşıdurmanın məntiqinə uyursa, «Rustavi-2» telekanalının aparıcısı Georgi Qabuniyanın etdikləri beynəlxalq münasibətlərdə görünməmiş hadisədir. Gürcü jurnalist televiziya efirindən Rusiya prezidenti Vladimir Putinin və onun mərhum valideynlərinin ünvanına ağıza alınmayacaq təhqirlər yağdırıb. Bu, nəinki Rusiya, həm də Gürcüstan rəhbərliyi, həmçinin ictimaiyyətin böyük hissəsi tərəfindən görünməmiş təxribat kimi qiymətləndirilib. Gürcüstan prezidenti Salome Zurabişvili Qabuliyanın əməlini «Gürcüstan üçün yolverilməz» addım adlandırıb. O, deyib ki, jurnalistin bu əməli «yeni müharibə təxribatı»dır və faktiki olaraq, «dövlət maraqlarına zərbədir».

Ölkənin baş naziri Mamuka Baxtadze isə insidenti «iyrənc təxribat, ölkədə sabitliyin pozulmasına cəhd» kimi dəyərləndirib. Baş nazir hesab edir ki, bu, «dövlətin və vətəndaşların təhlükəsizliyilə oynanan çirkin, iyrənc oyundur».

Gürcü jurnalistin anti-Rusiya demarşında şübhəsiz ki, daxili siyasi çalarlar da var. «Rustavi-2» telekanalı müxalif yönünü, eks-prezident Mixail Saakaşvili və onun «Vahid Milli Hərəkat»dan olan silahdaşları ilə yaxınlığını gizlətmir. Odur ki, Qaboniyanın Rusiya liderinin ünvanına təhqirlər söyləməklə yalnız «düşmən dövlət»ə münasibətini göstərməyə çalışmadığı, həm də Gürcüstan hakimiyyətilə müxalifəti arasında yeni çəkişməyə yol açmaq istədiyi istisna deyil. Amma istənilən halda, jurnalistin söyüşləri Gürcüstan üçün, ilk növbədə ölkənin xarici siyasi maraqları baxımından ciddi fəsadlara yol aça bilər. Ölkə rəhbərliyinin Qaboniyanı birmənalı olaraq tənqid etməsi də buradan qaynaqlanır. Onlar PPA-nın sessiyasındakı qalmaqal və ardınca başlamış etirazlar fonunda da Moskvanın Gürcüstanda rusofobiyanın mövcudluğu haqda bəyanatlarını təkzib edir, Putinin iki ölkə arasında hava əlaqəsinin kəsilməsinə dair qərarının nəticələrini mümkün qədər yumşaltmağa çalışırdı. Lakin «Rustavi-2»nin efirində baş verənlərdən sonra Rusiya Xarici İşlər Nazirliyi bunu «radikal gürcü qüvvələrinin Rusiya-Gürcüstan münasibətlərini pozmağa yönəlmiş təxribatı» kimi qiymətləndirib. Nazirlik baş verənlərin «azğın rusofobiyanın nələrə aparıb çıxara bildiyini göstərən parlaq nümunə» olduğunu da bəyan edib. Bundan başqa, rusiyalı siyasətçilər, o cümlədən, Dövlət Dumasındakı bütün fraksiyaların nümayəndələri Gürcüstana sanksiyaların tətbiqinə çağırış etməyə başlayıb. Onların fikrincə, ilk növbədə, Gürcüstan şərabının Rusiyaya idxalı qadağan olunmalıdır. Nəzərə alsaq ki, ötən il Gürcüstan şərabının ixracında 62,3%-lik pay məhz Rusiya bazarının payına düşüb, bunun gürcü şərabçılığına nə qədər zərbə vuracağı aydındır.

Lakin Kreml Gürcüstanla onsuz da yaxşı olmayan münasibətləri daha da gərginləşdirmək istəməyib. «Gürcüstana müxtəlif sanksiyaların tətbiqi məsələsinə gəlincə, mən bunu məhz gürcü xalqına olan hörmətimə görə etmirəm», - deyə V.Putin bildirib. Bununla yanaşı, o, Gürcüstanla ikitərəfli dialoqun tam bərpasını arzuladığını da deyib, bu üzdən də münasibətləri korlayacaq addımlara ehtiyacın olmadığını vurğulayıb.

Bəs, Rusiya ilə Gürcüstan arasında yaxın perspektivdə münasibətləri sahmana salmaq mümkündürmü? Təəssüf ki, bu suala müsbət cavab vermək çətindir. Səbəb heç də Moskvanın Gürcüstan iqtisadiyyatına zərbə vurmaq istəyinin davam etməsində deyil. Yeri gəlmişkən, Moskvanın cənub qonşusu ilə turizm sahəsində əməkdaşlıqdan imtina qərarı qüvvədə qalır. Tbilisi-Moskva münasibətlərində bitmək bilməyən böhranın kökləri daha dərindədir. Bu, bir yandan Moskva ilə Qərb arasında Gürcüstan uğrunda gedən geosiyasi savaşdır, digər tərəfdən, Gürcüstanın avroatlantikaçıların irəli sürdüyü yeni dünya düzənində Qərbin müttəfiqi kimi yerini tapmaq cəhdidir.

Gürcüstan qərbpərəst kursu SSRİ-nin süqutundan və müstəqilliyini bərpa etdikdən dərhal sonra götürüb. Lakin Avro-Atlantik məkanla yaxınlaşma Rusiya ilə münasibətlərdə problemlər yaradıb. Moskvanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı separatçılara aşkar dəstəyi də buradan qaynaqlanan məsələdir. Bu qarşıdurma kulminasiya nöqtəsinə 2008-ci ilin avqust müharibəsilə çatıb. Müharibə nəticəsində Gürcüstan qiyamçı muxtariyyətlərini tam itirib – Moskva onları müstəqil dövlətlər kimi tanıyıb. Rusiya ilə qarşı-qarşıya qalan kiçik Gürcüstan ABŞ və Avropa kimi yeni himayədarlarının dəstəyini görməyib. Buna baxmayaraq, Tbilisinin NATO və Avropa İttifaqının üzvünə çevrilmək cəhdləri davam edir. Nəticədə Moskva ilə dil tapılması çətinləşir. Sonuncu amil gürcülər üçün xüsusilə ağırdır. Çünki bu, birincisi, Gürcüstan iqtisadiyyatı üçün yeni-yeni problemlər yaradır (Rusiya və onun bazarı Tbilisinin iqtisadi maraqlarını reallaşdırdığı ənənəvi istiqamətdir), ikincisi, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək ümidləri yox olur. Buraya daxili siyasi mübarizənin kəskinləşdiyini də əlavə etsək, bu qarışıqlıq bəzən son dərəcə gözlənilməz, etik baxımdan iyrənc nəticələrə aparıb çıxarır – «Rustavi-2» telekanalının jurnalistinin əməli kimi.

Beləlikcə, dairə getdikcə daralır, nəticədə Gürcüstan üçün istər xarici, istərsə də daxili siyasi problemlər yaranır. Bunun fonunda Gürcüstanın ən yaxın strateji tərəfdaşı olan Azərbaycanın son dərəcə mühüm rolunu bir daha vurğulamaq yerinə düşər. Azərbaycan yenə də yaxın qonşusunun dövlət müstəqilliyi, iqtisadi inkişafı ilə bağlı maraqlarının təminində öz rolunu oynayır.

 

Bir nömrəli tərəfdaş

Gürcüstanın müstəqillik qazandığı ilk anlardan Azərbaycan onun siyasi mövqeyinə, iqtisadi potensialına təsirini göstərən əsas xarici güc olub. Ötən ilin rəsmi statistikası göstərir ki, Gürcüstan iqtisadiyyatına ən böyük investisiyanı məhz Azərbaycan qoyub. Söhbət 240 milyon dollardan gedir. Yalnız Azərbaycandan sonra Böyük Britaniya, Niderland və digərləri gəlir…

Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə Gürcüstanın ən nəhəng 3 ticarət tərəfdaşından biridir. 2018-ci ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi, təxminən, 4,2 milyard dollar olub. Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 33,4%-i deməkdir.

Gürcüstan Azərbaycanın iştirakı və aparıcılığı ilə reallaşdırılan nəhəng iqtisadi layihələrdən də gen-bol bəhrələnir. Misal kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Cənub Qaz Dəhlizini, Bakı-Tbilisi-Qars dəmir yolunu göstərmək kifayətdir. Söhbət ümumavrasiya inteqrasiyasında aparıcı arteriyaya çevrilən, böyük İpək Yolunun vacib hissəsində Qərblə Şərqi birləşdirən layihələrdən gedir.

Azərbaycanın «Şahdəniz» yatağının işlənməsinin 2-ci fazası çərçivəsində Avropaya qaz nəqli də Azərbaycanla yanaşı, Gürcüstan üçün də çox şey vəd edir. Azərbaycan Dövlət Neft Şirkəti artıq bu yataqdan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Avropaya qaz nəqlinə hazır olduğunu bəyan edib. Beləliklə, Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayacaq Azərbaycan qazı Gürcüstan və Türkiyə ərazisindən keçməklə, daha sonra Türkiyə-Yunanıstan sərhədində Trans-Adriatik qaz kəmərilə (TAP) İtaliyaya çatdırılacaq.

Bütün bu layihələr Gürcüstanın ən ağır dövrlərində belə, ölkə rifahı üçün ən perspektivli mənbənin harada olduğunu göstərir. Bu, hərbi-siyasi sahəyə də aiddir. Hər halda, gürcü ekspertlərinin özləri bu mənada Bakı-Tbilisi-Ankara «üçbucağı»nın önəmini etiraf edirlər. Bu «üçbucağ»ı həqiqətən də baş tutmuş saymaq olar. Məsələn, uğurla keçən üçtərəfli hərbi təlimlər, üç ölkənin müdafiə nazirlərinin mütəmadi görüşləri (son belə görüş 1 ay əvvəl Qəbələdə baş tutub), üçtərəfli hərbi əməkdaşlığa dair Giresun sazişinin imzalanması bunun təsdiqidir.

Bir sözlə, Azərbaycan regional inteqrasiyanın mərkəzi kimi çıxış edir. Söhbət yalnız qeyd olunan «üçbucaq»dan yox, həm də Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran kimi üçtərəfli formatda əməkdaşlıqlardan gedir. Bakı məhz bu üzdən Rusiya ilə Gürcüstan arasında münasibətlərin tezliklə normallaşmasında maraqlıdır. Azərbaycanı onların hər ikisilə sıx dostluq münasibətləri birləşdirir.

Lakin Azərbaycanın regionun, o cümlədən Gürcüstanın taleyində bu qədər vacib rol oynaması bölgədə sülhü pozan əsas qüvvəni – Ermənistanı qane etmir. Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsinə də açıq iddia edir. Gürcüstanın ağır anlar yaşadığı indiki günlərdə Ermənistan KİV-nin Tbilisi ilə Bakının arasına nifaq salmağa çalışması da təəccüblü deyil. Üstəlik, İrəvan Rusiya ilə quru əlaqəsini Gürcüstan və onun qiyamçı bölgələri vasitəsilə qurmaq üçün əlindən gələni edir.

Lakin Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu yaxınlarda verdiyi açıqlama ilə kimin kim olduğunu bir daha ortaya qoyub: «Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır. Biz əsas strateji tərəfdaşımızla münasibətlərimizi korlaya bilmərik».

Yalnız xaricdə deyil, Gürcüstanın daxilində də bəzi qüvvələrin Bakı ilə Tbilisinin strateji tərəfdaşlığına zərbə vurmağa çalışdığı bir şəraitdə son qeyd xüsusilə əhəmiyyətlidir.



MƏSLƏHƏT GÖR:

282