19 Aprel 2024

Cümə, 02:34

SƏHRADA OAZİS

Şarm əl-Şeyx Azərbaycan turistinin qəlbini fəth edə biləcəkmi?

Müəllif:

01.08.2019

Büllur dəniz, mərcan rifləri, zəngin mədəniyyət və ilboyu yay havası. Bütün bunların yanında limitsiz yemək və içmək, müxtəlif servis və əyləncələr təklif edən komfortlu hotellər də varsa, gözəl istirahət üçün insana başqa nə lazımdır?

Sinay yarımadasının cənubunda, Qırmızı dənizin sahilində yerləşən Şarm əl-Şeyx kurort şəhəri öz adını tam doğruldur. Ərəbcədən tərcümədə Şarm əl-Şeyx - «şeyxin buxtası» anlamına gəlir. İstənilən zövqə uyğun yüzlərlə hotel, çoxsaylı restoran, bar və gecə klubları, kazino və müxtəlif dəniz əyləncələri sizə əsl şeyxlərə layiq tətil vəd edir.

Maraqlısı odur ki, hər şey 1967-ci ilin məşhur altıgünlük müharibəsindən sonra başlayıb. Həmin müharibədən sonra Sinay yarımadası İsrailin nəzarəti altına keçib və burada İsrail hərbçiləri məskən salıblar. Buna qədər Şarm əl-Şeyx kiçik bir balıqçı qəsəbəsi idi və yalnız 1979-cu ildə İsrail yarımadanı Misirə qaytardıqdan sonra, misirlilər burada İsrail əsgərlərinin başladığı şəhərsalmanı davam etdiriblər. O vaxt israillilərin tikdiyi hərbi kazarmalar bu gün də hotel kimi xarici qonaqları qəbul edir.

 

Yay və qış - birbaşa uçuş

Sırf turistik bölgə olan bu gənc şəhər zahirən digər Misir şəhərlərindən çox fərqlənir. Bura daha çox Aralıq dənizi kurortlarını xatırladır. Yəqin, elə buna görə Şarm əl-Şeyx Avropa və postsovet ölkələrindən olan turistlər arasında çox populyardır. Son illərədək bura istirahətə yollananların arasında ruslar çoxluq təşkil edirdi - bütün qonaqların 30%-i məhz onların payına düşürdü.  Lakin 2015-ci ildə Rusiya təyyarəsi burada faciəvi şəkildə qəzaya uğradıqdan sonra, bu ölkədən uçuşlar dayandırılıb, ona görə də hazırda MDB ölkələri arasında Şarm əl-Şeyxə gedənlərin sayına görə Ukrayna və Qazaxıstan liderlik edir.

Lakin misirlilər ümidlərini itirmir və Rusiya tərəfini birbaşa reysləri bərpa etməyə razı salmaq üçün əllərindən gələni edirlər. Bu məqsədlə Şarm əl-Şeyx hava limanında yalnız rus turistləri qəbul edəcək terminal tikilir. Burada xidməti də, təhlükəsizliyi də Rusiya özü təmin edəcək.

Bu arada misirli turoperatorlar da boş dayanmır və özləri üçün yeni bazarlar axtarıb tapır. Məsələn, “Nefer Tours” şirkəti iyulun 18-dən Azərbaycandan birbaşa təyyarə reysi qəbul etməyə başlayıb. “Millennium Tourism Azerbaijan” şirkəti və onun qazaxıstanlı tərəfdaşı “Kompas”ın dəstəyilə bizə də bir qrup jurnalist və turizm mütəxəssisi ilə birlikdə ilk reyslə Şarm əl-Şeyxə səfər etmək nəsib oldu. Bakı- Şarm-əl-Şeyx-Bakı marşrutu ilə daşımaları Qazaxıstanın “SCAT Airlines” şirkəti həyata keçirir. Reyslər “Sunday Airlines” turizm brendi altında Boeing 757-200 layneri ilə həyata keçirilir.

Misirin “Nefer Tours” şirkətinin satış və marketinq üzrə direktoru Qalina Qorelova bzimlə söhbətində bildirib ki, Bakıdan Şarm-əl-Şeyxə daimi reysə böyük tələbat var. Elə ilk reysdəcə yerlərin 99%-i dolub. Əgər əvvəllər Azərbaycandan bu istiqamətdə turistlər əsasən Novruz və Yeni il bayramında yollanırdısa, indi ilin bütün fəsillərində getmək imkanı var.

«Bilirik ki, Azərbaycan turistləri ənənəvi olaraq Türkiyə və Ərəb Əmirliklərinə gedirlər. Misir isə nisbətən yeni və yetərincə maraqlı istiqamətdir. Burada zəngin mədəniyyət, möhtəşəm dəniz, ilboyu çimərlik mövsümü var. Ümid edirik ki, biz bu proqramı, yəni Azərbaycandan uçuşları qışda da həyata keçirə biləcəyik. Şarm-əl-Şeyxdə qışda 25-30 dərəcə isti olur, suyun hərarəti isə 23 dərəcəyə çatır. Odur ki, burada komfortlu istirahət etmək olar. Bu, o qədər də baha tətil deyil və demək olar hər kəsin büdcəsinə uyğundur», - deyə Q. Qorelova bildirib.

Bəs, yüksək səviyyəli türk servisinə alışmış Azərbaycan turistini Şarm-əl-Şeyx nə ilə təəccübləndirə bilər? Sən demə, çox şeylə. «Misir çox fərqli bir ölkədir. Bu, fərqli təbiət, başqa mentalitetdir, buranın öz dini abidələri, öz görməli yerləri və əyləncələri var. Yəni, Şarm-əl-Şeyx yeni və maraqlı bir istiqamətdir. Üstəlik, biz Türkiyədə olduğundan daha qənaətli büdcəyə all inclusive (hər şey daxil) xidməti təqdim edə bilərik. O ki qaldı qış mövsümünə, belə büdcə ilə başqa hara getmək olar ki? Maldiv adalarına, Tailanda, yoxsa all inclusive servisinin göstərildiyi Misirə?», - deyə Misir şirkətinin rəsmisi ritorik sual verir.

Q. Qorelova əmindir ki, gerçəkləşdirdikləri proqram çərçivəsində oktyabr ayına qədər hər həftə Bakıdan, təxminən, 235 turist qəbul edəcəklər. Bundan sonra uçuşların bütün ilboyu həyata keçirilməsi barədə düşünmək olar. Bu zaman vacib faktor kimi Azərbaycan turistlərinin yüksək alıcılıq qabiliyyəti də nəzərə alınır. «Sizin əhalinin alıcılıq qabiliyyətini dəyərləndirməmək mümkün deyil. Sizin gözəl ölkəniz, inkişaf edən iqtisadiyyatınız var. Mən Bakıda 2016-cı ildə olmuşdum və sonuncu dəfə bir ay bundan əvvəl oldum. İlahi, hər yan necə dəyişib?! Bu, çox pozitiv dəyişikliklərdir və onlar göz önündədir. Sizin əhaliniz yetərincə savadlıdır, onlar yaxşı işləyir və komfortlu istirahət etməyi xoşlayırlar», - deyə Q. Qorelova vurğulayır.

 

Cənnətə necə düşməli?

Şarm-əl-Şeyx həm uşaqlı ailələr, həm gənclər, həm də yaşlılar üçün maraqlı yerdir. Burada hərəkət etmək çox asan, azmaq ehtimalı isə sıfıra bərabərdir. O qədər də böyük olmayan şəhər «Sülh yolu» adlanan bir prospektin kənarında salınıb. Şarm-əl-Şeyxin bu başından o biri başına qədər cəmi 30 kilometrlik məsafə var. Yollarda tez-tez silahlı polis postlarına rast gəlsəniz, narahat olmayın - heç bir təhlükə yoxdur, əksinə, bunlar, turistlərin təhlükəsizliyi üçündür. Şəhər hər iki tərəfdən milli parklarla əhatə olunub. Lakin artıq bu qoruqlardan birindən sonra daha 50 kilometr məsafəyə uzanacaq yeni şəhər salınmağa başlayıb. Hardasa 5 ildən sonra burada ikinci Şarm-əl-Şeyxin yaranacağı gözlənilir.

Turizm şirkətləri həmçinin ümid edirlər ki, Misir hökuməti dəniz üzərindən yeni körpünün salınmasına da icazə verəcək. Həmin körpü Misirlə Səudiyyə Ərəbistanını birləşdirəcək və varlı ərəb ölkələrinin turistləri onun vasitəsilə 40 dəqiqəyə Misirə gələ biləcəklər.

Görünür, elə Şarm-əl-Şeyxin turizm sektorundakı yeni investisiya bumu da məhz bu gözləntilərlə bağlıdır. Doğrudur, hələlik siz yolboyu xeyli sayda «dondurulmuş» tikintilərin şahidi olacaqsınız, lakin artıq investorların nikbinliyi artmaqdadır və bunun əlamətləri indidən özünü göstərir. Məsələn, məşhur Rixos hotellər şəbəkəsi Qırmızı dənizin sahilində 4 min yerlik yeni hotel və Disneylənd inşa etdirmək niyyətindədir. Lakin, Şarm-əl-Şeyxə yollanmaq üçün onun tikintisini gözləməyə ehtiyac yoxdur. Burada indinin özündə də yetərincə əyləncə imkanları var.

Əgər siz Sinay yarımadasında dincəlmək fikrindəsinizsə, onda sizə Misir vizası gərək deyil. Yox, əgər Qahirəyə gedib ehramları və sfinksi görmək, əfsanəvi Nil çayında gəmi gəzintisinə çıxmaq, Misirin mədəni paytaxtı sayılan İsgəndəriyyə şəhərində məşhur İsgəndəriyyə kitabxanasına baş çəkmək istəyirsinizsə, onda ölkəyə girərkən viza almalı olacaqsınız. Əgər bunu hava limanında edə bilməmisinizsə, narahat olmayın. Vizanı Şarm-əl-Şeyxdə bələdçinizin köməyilə də rəsmiləşdirə bilərsiniz. Bu zaman diqqət yetirmək lazımdır ki, vizanızın üzərinə mütləq üçkünc ştamp vursunlar, çünki Rusiya və Ukrayna vətəndaşlarından başqa bütün MDB məkanından gələnlər üçün onun olması şərtdir. Əks halda Misiri tərk edərkən 45 ABŞ dolları cərimə ediləcəksiniz. Vizanın öz qiyməti isə 25 dollar təşkil edir.

Beləliklə, cəmi 100-110 dollar və bir gün yarım vaxt sərf etməklə siz avtobusla Qahirəyə yollana, ehramların, sfinksin yanında şəkil çəkdirə, Misir Milli Muzeyinə baş çəkə və Tutanxamonun 110 kiloqramlıq qızıl maskasını görə bilərsiniz. Nil çayı üzərində gəmi gəzintisi də bu tura daxildir. Şarm-əl-Şeyxdən Qahirəyə avtobusla səfər 8 saat vaxt alacaq. Lakin siz avtomobillə uzun səfərləri sevmirsinizsə, “Nefer Tours” firması cəmi 230-300 dollara sizə Qahirəyə «hər şey daxil» təyyarə turu təqdim edə bilər. Bu zaman uçuş cəmi 40 dəqiqə vaxtınızı alacaq.

Şarm-əl-Şeyxin özü gənc şəhər olduğundan burada qədim Misir mədəniyyətinə aid çoxsaylı abidələrə rast gəlməyəcəksiniz. Bununla belə siz Musa dağını, yerli məscidləri və pravoslav kilsəsini ziyarət edə bilərsiniz.  Bələdçimiz Mahmudun dediyinə görə, Şarm-əl-Şeyx əhalisinin üçdə birini xristian-koptlar təşkil edir.

Şarm-əl-Şeyxə gedərkən məyus olmamaq üçün səfərinizin təşkilini turizm şirkətlərinə etibar etsəniz yaxşı olar. Hoteli internet üzərindən sifariş vermək sizə sözün bütün mənalarında baha başa gələ bilər. Bəzən reallıq internetdə gördüyünüz əlvan fotoların sizdə oyatdığı təəssüratlarla üst-üstə düşməyə bilər. Lakin bütün bunlara rəğmən siz hoteli internet üzərindən sifariş verəcəksinizsə, onda Misir rezidenti, yəni vətəndaşı olmadığınızı qeyd etməyi unutmayın, çünki rezident və qeyri-rezidentlər üçün qiymətlər fərqlənir - çox güman ki, sonuncuların xeyrinə.

 

Çoxlu kiçik oazis

Şarm-əl-Şeyxdə müxtəlif zövq və imkana uyğun hotellər var. Onların hamısı səhrada oazisi - yaşıl vadini xatırladır. Burada Hyatt Regency, “Rixos”, “Mariott”, “Four Seasons”, “Movenpick” kimi tanınmış dünya brendləri ilə yanaşı, “Jaz”, “Albatros” və “Baron” adlı yerli hotel şəbəkələri də fəaliyyət göstərir. Yeri gəlmişkən, əgər siz Türkiyədəki premium keyfiyyətə çox alışmısınızsa, Şarm-əl-Şeyxdə “Rixos” və idarəçiliyini türklərin həyata keçirdiyi “Baron” hotellər şəbəkəsinə üz tutmağınız məsləhətdir. Ümumiyyətlə, yeni tikilmiş, müasir təmirli və avadanlıqlı hotellərə üstünlük verənlər Şarm əl-Şeyxin Nabk rayonundakı hotelləri seçməlidir.

Şəhərin, demək olar ki, bütün hotellərinə xas olan yeganə mənfi cəhət isə internetin çox zəif olmasıdır. Lakin hotel sahibləri buna da cavab tapır. Onlar zarafatla deyirlər ki, bunu da qonaqların məmnunluğu üçün ediblər ki, onlar cənnətin dadını çıxara bilsinlər.

Ən məşhur hotellər limitsiz yemək və standart animasiya proqramı ilə yanaşı qonaqlar üçün müxtəlif konsertlər və hətta at şouları təşkil edir. Bir sıra hotellərdə hətta yeni evlənənlər üçün xüsusi sürprizlər də edilir. Cütlüklər pulsuz romantik şam yeməyinə qonaq edilir, onların otaqları xüsusi bəzədilir və evliliklərinin ilk günlərini yaddaqalan edəcək müxtəlif sürprizlər təşkil edilir. Yeri gəlmişkən, Fransanın 23-cü prezidenti Nikolya Sarkozi də özünün gözəl xanımı Karla Bruni ilə bal ayını buradakı “Movenpick” hotelinin villalarından birində keçirib.

Şarm-əl-Şeyxin demək olar ki, bütün yaxşı hotelləri Qırmızı dənizin sahilində yerləşib. Onların əraziləri böyük olsa da, binaları adətən hündür olmur. Əksər hotellər amfiteatr şəklində düzülmüş 2-3 mərtəbəli binalardan ibarətdir. Nəticədə, nömrələrin əksəriyyətindən dənizə gözəl mənzərə açılır. Lakin hətta əgər hotel dənizdən aralı yerləşsə belə avtobuslar sizi çimərliyə pulsuz aparıb-gətirəcək. Çimərlikdə dincəlməyi xoşlayanlar onu da bilməlidirlər ki, Şarm-əl-Şeyxdə dəniz bütün sahilboyu mərcan rifləri ilə örtülüb və burada çimmək mümkün deyil. Odur ki, hotellərin çimərliklərindən dənizin ortasına uzunluğu bəzən yüzlərlə metr olan körpülər çəkilib. Lakin əgər siz dərin suda üzməyi bacarmır və ya sevmirsinizsə, onda çalışıb dayaz və qumlu girişi olan çimərlik tapmalı olacaqsınız.

Şarm-əl-Şeyxdə Tiran, Ras Muhammed adalarına və Ağ adaya ekskursiyalar turistlər arasında çox sevilir. Burada siz instruktorların köməyilə Qırmızı dənizin dibinə dala, mərcan meşələrinin fonunda şəkil çəkdirə və zəngin sualtı dünya ilə tanış ola bilərsiniz. Əgər səhhətiniz buna imkan vermirsə və ya dərinə dalmaqdan qorxursunuzsa, yenə də narahat olmayın. Bələdçiləriniz sizə o qədər maraqlı əyləncə təklif edəcəklər ki, imtina edə bilməyəcəksiniz. Məsələn, kvadrasikl karvanında səhraya yollanmaq və bədəvi daxmasında çay içməyə, elə buradaca dəvə belində gəzməyə nə deyirsiniz?

Artıq dediyimiz kimi, Şarm-əl-Şeyxdə ilboyu yaydır. Havalar çox isti olsa da, bürkülü deyil və adamı narahat etmir. Qışda bəzən buludlu, lakin yenə də isti olur. Hovuzlarda suyun hərarəti 22-24 dərəcəyə çatır. Üstəlik əksər hotellərdə hovuzlar həm də qızdırılır. Şərti olaraq dekabrın 20-dən fevralın 20-dək qış hesab olunsa da, yerli hotel sahiblərinin mövsümü dəyişmək üçün başqa əlamətdən istifadə edirlər. «Bu ölkədə polis geyiminin rəngi dəyişdisə, deməli mövsüm dəyişib. Bayıra çıxanda polisləri qara geyimdə gördünüzsə, deməli artıq qışdır, yox ağ geyimdədirlərsə, deməli hələ yaydır», - deyə “Movenpick” hotelinin qonaqlarla iş üzrə meneceri İnqa İlyenko bildirir.

Yeri gəlmişkən, yol qeydlərimdən hiss etdinizsə, Şarm-əl-Şeyxin demək olar ki, bütün hotel və turizm şirkətlərində qonaqları rusdilli əməkdaşlar qarşılayıb, yola salırlar. Onların əksəriyyəti işləmək üçün Ukrayna, Rusiya və Qazaxıstandan gəliblər. Ümumiyyətlə, yerli əhalinin də əksəriyyəti rus dilində rahat ünsiyyət qurur, buna görə siz hətta bazarda qiyməti endirməyə belə çətinlik çəkməyəcəksiniz. Bütün restoran və mağazaların adları da rus dilində yazılıb. Burada siz natural aromatik yağlar, müxtəlif xurma çeşidləri və şərq şirniyyatı, müalicəvi bitki və çaylar əldə edə bilərsiniz. Doğrudur, əvvəlcə qiyməti çox baha deyirlər, lakin bir az bazarlıq etsəniz, istədiyiniz malı çox əlverişli qiymətə ala bilərsiniz. Bazar və mağazalar səhərdən açıq olsa da, hava çox isti olduğundan ticarət əsasən axşam sərinində başlayır. Bu səbəbdən hətta şopinq belə istirahətə ayırdığınız vaxtı sizdən ala bilməyəcək.

Bizim gördüklərimiz bu qədər. Bəs, siz necə, hələ də fikirləşirsiniz?



MƏSLƏHƏT GÖR:

327