25 Aprel 2024

Cümə axşamı, 19:19

EMAL QONŞULARI

Xəzər ölkələri sinxron şəkildə neft emal istehsalının səviyyəsini artırırlar

Müəllif:

01.08.2019

Alternativləri tapmaq üçün göstərilən səylərə - məsələn, elektromobillərin yaradılmasına və ya hidrogenin yanacaq kimi istifadəsinə, tükənməyən mənbələrdən biodizel və bitki mənşəli spirt kimi yanacaqların yaradılmasına baxmayaraq, dünyada neft məhsullarına davamlı tələbat qalmaqdadır. Bu da öz növbəsində istehsalçı ölkələri öz neft emalı güclərini artırmağa məcbur edir. Bu zaman yalnız kəmiyyətə deyil, keyfiyyətə də xüsusi diqqət yetirilir, çünki yanacağa ekoloji tələblər mütəmadi olaraq sərtləşdirilir.  

Azərbaycan da neft və neft məhsullarının ixracatçısı kimi, əlbəttə ki, bu prosesdən kənarda qalmır.

 

Biri hamısının yerinə

Azərbaycanın neft emalı sənayesinin əsası 1859-cu ildə qoyulub, onda Suraxanı kəndində ilk neftayırma zavodu yaradılıb, 1902-ci ildə isə onların sayı 91-ə çatıb. Lakin bu gün Azərbaycanda yalnız bir müəssisə işləyir - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) qarşısına ölkənin daxili tələbatını ödəməklə yanaşı, həm də istehsal edilən məhsulların ixracını təmin etmək kimi vəzifə durur. Əlbəttə, son illərdə görülən işlər sayəsində Bakı Neft Emalı Zavodunda neft emalı gücünü 2008-ci ildəki 80,4%-dən 2018-ci ildə 94,1%-ə qədər yüksəltmək mümkün olub. Cari ildə müəssisə bu göstəricini 94,3%-ə qədər artırmağı və 6,1 milyon ton neft emal etməyi düşünür.

Ancaq zavod 40-a yaxın neft məhsulu istehsal etməsinə baxmayaraq, burada yalnız AI-92 markalı avtomobil benzini istehsal olunur, 2014- cü il aprelin 1-dən etibarən «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlər ölkəyə idxal olunur. Bununla yanaşı, Azərbaycanda avtomobil benzininə daxili tələbat ildən- ilə artır (SOCAR-ın məlumatına görə, təkcə 2019-cu ilin birinci rübündə bu növ yanacağa daxili tələbat 3% artıb).

Ümumiyyətlə, müəssisənin istehsal etdiyi məhsulların keyfiyyəti onun ixrac coğrafiyasını genişləndirməyə imkan vermir. Belə ki, SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədovun sözlərinə görə, SOCAR hazırda BNEZ-də istehsal olunan neft məhsullarından mayeləşdirilmiş qaz və dizel yanacağı ixrac edir. “Bu ilin birinci rübündə təqribən 8 min ton mayeləşdirilmiş qaz, 200 min tondan bir qədər az dizel yanacağı ixrac edilib. Mayeləşdirilmiş qaz Gürcüstana, İrana, Pakistana, Əfqanıstana göndərilir, dizel yanacağı isə Gürcüstana və Qara dəniz bölgəsinə verilir", - deyə o bildirib.

Bu problemlərin həlli və istehlakçıların yüksək keyfiyyətli yanacaqla təmin edilməsi üçün SOCAR Bakı Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Layihə 13 yeni qurğunun inşasını nəzərdə tutur və ilkin olaraq 2,2 milyard dollar dəyərində qiymətləndirilir. SOCAR bütün yenidənqurma və modernizasiya işlərini 2021-ci ilin ortalarına qədər başa çatdırmağı planlaşdırır. Layihənin gerçəkləşdirilməsindən sonra zavodun neftin ilkin emalı üzrə gücünün ildə 6 milyondan 8 milyon tona qədər artırılacağı, istehsal olunan dizel və benzinin «Avro-5» ekoloji standartlarına uyğun olacağı gözlənilir.

Modernləşmə nəticəsində BNEZ indiki 1,2 milyon ton əvəzinə ildə 2,2 milyon ton avtomobil benzini istehsal edəcək, dizel yanacağı istehsalı ildə 2,9 milyon tona qalxacaq (indi 1,9 milyon tondur), reaktiv yanacaq istehsalı 1 milyon ton olacaq (indi 600 min tondur), neft-kimya məhsulları istehsalı isə 390 min tona qədər artacaq (indi 112 min tondur). Bununla yanaşı, SOCAR düşünür ki, müəssisədə «Avro-5» standartlarına uyğun dizel yanacağı istehsalı 2020-ci ilin sonunda, «Avro-5» standartlarına uyğun AI 92/95/98 avtomobil benzini istehsalı isə 2021-ci ildə qurulacaq.

Təsadüfi deyil ki, Azərbaycan hökuməti 2021-ci ildə dizel yanacağı istehsalının önəmli dərəcədə artacağını - 2 milyon 370,2 min tona çatacağını proqnozlaşdırır, halbuki bu il istehsalın 2 milyon tondan az olacağı, 2020-ci ildə isə hətta 1,8 milyon tona qədər düşəcəyi gözlənilir.

SOCAR BNEZ-də ilkin neft emalının həcmini illik gücü 7,5 milyon ton olacaq və 350 milyon dollara başa gələcək yeni ELOU AVT-6 qurğusunun inşası yolu ilə artırmağı planlaşdırır. Bakı NEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinin strateji önəmi nəzərə alındığından, onun maliyyələşdirilməsində problem yoxdur - dövlət onun gerçəkləşdirilməsi xərclərini tamamilə öz üzərinə götürüb. "Əgər qurğunun tikintisi 2020-ci ildə başlasa, bu iş ən yaxşı halda 2023-cü ilin sonunda tamamlanacaq", - deyə D.Məmmədov bildirib. Həmin vaxta qədər isə zavodda hazırda işləyən və emal gücü ildə 6 milyon ton olan ELOU-AVT qurğusu istismar ediləcək.

Bundan əlavə, SOCAR 2020-ci ilin birinci rübündə yeni qaz emalı və polimer kompleksi «SOCAR GPC»nin inşasına başlamağı planlaşdırır. Müəssisəyə ildə 10 milyard kubmetr gücə malik qaz emalı kompleksi və polimer kompleks daxil olacaq. Layihənin dəyəri, təxminən, 4.2 milyard dollar təşkil edir.  

«SOCAR GPC»nin polimer məhsullarının satış bazarı kimi İran, Mərkəzi, Qərbi və Şərqi Avropa, Türkiyə və Çin nəzərdə tutulur. "Bizim hesablamalarımıza görə, Azərbaycanda «SOCAR GPC» kompleksinin tikintisi layihəsinin gerçəkləşdirilməsi onun fəaliyyətindən ildə 1 milyard ABŞ dolları məbləğində gəlir əldə etməyə imkan verəcək. 2023-cü ilin üçüncü rübündə müəssisədə hazır məhsul istehsalına başlanması üçün obyektin inşasına 2020-ci ilin birinci rübünün sonunda başlanacaq", - deyə Dövlət Neft Şirkətinin mütəxəssisləri vurğulayırlar.

SOCAR 2019-cu ilin dördüncü rübündə GPC kompleksinin tikinti layihəsi ilə bağlı son maliyyə qərarı verməyi və onun maliyyələşdirilməsi ilə bağlı işləri başa çatdırmağı planlaşdırır.

 

Rəqib həmkarlar  

Bununla yanaşı, neft emalı kompleksinin inkişafı estafetinə Xəzər regionunun digər ölkələri də qoşulurlar.

Belə ki, 29 iyun 2019-cu ildə Türkmənistanın Axal vilayətində dünyada qazdan benzin istehsal edən ilk zavod açıldı. "Türkmənqaz" dövlət konserninin məlumatına görə, dünya təcrübəsində ilk dəfə olaraq müəssisədə böyük miqdarda təbii qazın "qovularaq" maye yanacaq - benzin şəklində oturması gerçəkləşdiriləcək. Müəssisədə hər il 1,8 milyard kubmetr qaz emal ediləcək. Zavodun layihə gücü ildə 600 min ton «Avro-5» standartının ekoloji tələblərinə cavab verən benzin, həmçinin ildə 12 min ton təmizlənmiş dizel yanacağı və 115 min ton maye qaz istehsalıdır. Burada istehsal olunan 1 litr benzinin qiyməti 2 Türkmənistan manatı (60 sent) olacaq.

Yeri gəlmişkən, müəssisə hətta Ginnes Fondundan " Dünyada təbii qazdan benzin istehsal edən ilk zavod" sertifikatı, həmçinin Amerikanın Ətraf Mühitin Mühafizəsi Fondunun "Ekoloji təmiz məhsul" sertifikatı və İsveçrə Federal Texnologiya İnstitutundan "İnnovativ texnologiyalar" sertifikatını alıb.

Bundan əlavə, Türkmənistanda "Türkmənbaşı neft emalı zavodları kompleksinin və Seydi Neft Emalı Zavodunun konseptual inkişaf strategiyası" hazırlanır. Bu gün bu kompleksin məhsulları Əfqanıstan, Tacikistan, Türkiyə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrəyə ixrac olunur.

Qazaxıstan da daxili və xarici bazarlara çıxarmaq üçün beynəlxalq standartlara cavab verən hazır məhsul istehsalı üzrə neftin dərin emalını artırmaq planları qurur.  

Hal-hazırda 18,2 milyondan çox əhalisi olan ölkədə üç neft emalı zavodu var - Atırau, Pavlodar və Çimkənt zavodları. Çimkənt neft emalı zavodu 1985-ci ildə tikilib, «KazMunayQaz» və «CNPC» hər biri zavodda 50% paya sahibdirlər. Atırau və Pavlodar neftayırma zavodları müvafiq olaraq 1945-ci və 1978-ci illərdə tikiliblər, «KazMunayQaz» dövlət şirkətinin nəzarəti altındadırlar. Bu üç müəssisənin modernləşdirilməsi sayəsində daxili bazarın «Avro-4» və «Avro-5» markalı benzinə olan tələbatı yerli istehsal hesabına tam təmin olunur. Bu zavodların olmasına baxmayaraq, ölkə rəhbərliyi ötən yay dördüncü neft emalı zavodunun tikilməsinin zəruriliyindən danışmağa başladı. Dəyəri 420 milyon dollar olan layihə BƏƏ-dən olan sərmayəçilərlə birgə həyata keçirilir. Müəssisənin gücü gündə 16 min barel və ya ildə, təxminən, 800 min ton neft məhsulları istehsalı olacaq.  

Vilayət hakimiyyət orqanlarının məlumatına görə, bu layihə idxaləvəzedicidir və eyni zamanda ixracyönümlüdür: yeni neftayırma zavodunun istehsalının 80%-i daxili bazarda satılacaq və bura «Avro-5» markalı benzin, dizel yanacağı, kerosin, bitum daxildir, qalan 20% isə MDB ölkələrinə və uzaq xaricə ixrac ediləcək.

İranın da öz emal güclərini artırmaq üzrə məqsədləri var. İran rəsmilərinin etiraf etdiyi kimi, İslam Respublikası bununla ABŞ-ın sanksiyalarına duruş gətirmək və öz iqtisadiyyatı üçün nəticələri yüngülləşdirmək niyyətindədir.

IRNA agentliyinin məlumatına görə, İran parlamenti 22 iyun 2019-cu il tarixdə dövlət sərmayələri hesabına ölkənin neft emalı və qaz-kondensat zavodlarının gücünü artırmaq üçün qanun layihəsini təsdiqləyib. "Neft emalı zavodlarının inşası İranın neft sanksiyalarına ağıllı cavabıdır, bu, istehsalın artırılmasına və məşğulluq üzrə yeni imkanlarının yaradılmasına kömək edəcək", - deyə parlamentin energetika komitəsinin nümayəndəsi Sakine Almasi bildirib.

İranda 10 neft emalı zavodu fəaliyyət göstərir: Abadan, Tehran, İsfahan, Təbriz, Şiraz, Kermanşah şəhərlərində, Fars körfəzindəki Lavan adasında, Mərkəzi əyalətin Ərak bölgəsindəki Şazand məntəqəsində (İmam Xomeyni neft emalı zavodu) və Bəndər Abbasda.

İranın neft nazirinin müavini Əlireza Sadeqabadinin sözlərinə görə, 2 il əvvəl ölkənin ümumi emal gücü gündə 1,55 milyon barel neft təşkil edirdisə, indi bu, gündə 2,15 milyon barelə çatıb. Gözlənilir ki, İran təqviminin cari 1398-ci ilinin sonuna (19 Mart 2020-ci il tarixə) kimi İran neftayırma zavodlarının gündəlik emal gücü 250 min barel artaraq gündəlik 2,4 milyon barelə çatacaq.

Ə.Sadeqabadi bildirib ki, ABŞ-ın sanksiyaları üzündən dünya bazarına çıxmasına icazə verilməyən 850 min barel xam İran neft və qaz kondensatı hazırda ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərli məhsullara çevrilir. "Neft Nazirliyinin yeni siyasətinə uyğun olaraq, cari maliyyə ilinin sonuna qədər qaz kondensatı emalı gün ərzində 450 min bareldən 500 min barelə, xam neft emalı isə gün ərzində 1,7 milyon bareldən 1.9 milyona qədər artacaq", - deyə o bildirib.

Məmurun sözlərinə görə, emal qabiliyyətinin artmasının böyük hissəsi İranın cənub əyaləti Hormozqanda yerləşən «Fars körfəzinin ulduzu» neft emalı zavodunun dördüncü fazasının hesabına gözlənilir ki, zavod xammalı yaxınlıqdakı həddində iri «Cənubi Pars» təbii qaz yatağından xammal qəbul edir, həm də yüngül neftdən benzin və nafta da istehsal edir.

Bəyan edilən planlara əsasən, Xəzər dənizi hövzəsində neft emalı sahəsinin inkişaf perspektivlərinin uzaq hədəfləri var. Məqsədlərinin ixrac bazarlarını əhatə etmək olması nəzərə alınarsa, bu yeni müəssisələrin bir-biri ilə rəqabət aparacağı inandırıcı deyil. Amma istənilən halda, bu, mütəmadi olaraq istehsal səviyyəsini artırmağa və markanı qorumağa təşviq edir. Bundan əlavə, dünya miqyasında baxılarsa, yeni neftayırma zavodlarının tikintisi yeni iş yerlərinin açılmasına, ixracın şaxələndirilməsinə və iqtisadiyyatın inkişafına kömək edir. Qonşu ölkələrin bir-birlərinə yetərincə təsir etdiyi nəzərə alınsa, bu amil Xəzəryanı qonşulara görə ürəkdən sevinmək üçün yetərincə önəmlidir.



MƏSLƏHƏT GÖR:

328