29 Mart 2024

Cümə, 05:40

CONSON DİLEMMASI

Böyük Britaniyanın yeni baş nazirinin vahid Avropanın taleyini həll etmək üçün 1 ay vaxtı var

Müəllif:

01.08.2019

Boris Conson Böyük Britaniyanın baş naziri statusunda ilk çıxışındaca Avropa İttifaqı ilə tamamilə yeni sövdələşmənin əldə olunmasına çalışacağını bəyan edib. Baş nazir deyib ki, bu məsələdə cüzi dəyişikliklər onu qane edə bilməz. Bununla yanaşı, Conson Brüssellə danışıqların necə alınacağından asılı olmayaraq, ölkəsinin oktyabrın 31-də Aİ-dən ayrılacağını bildirib.

«Brexit»lə bağlı mövqeyini «et və öl. Qoy nə olur, olsun» kimi ifadə edən baş nazir sələfi Tereza Meyi «qətiyyətsizlikdə» günahlandırıb. «Hərəkətə keçməyin, qərar qəbul etməyin və bu ölkəni yaxşılığa doğru dəyişməyin vaxtıdır», - deyə Conson bildirib. O, Böyük Britaniyanın 2050-ci ilə «Dünyanın ən böyük yeri»nə çevriləcəyinə əminliyini ifadə edib.

 

Nikbinlər və bədbinlər

Böyük Britaniyanın yeni tarixində, yəqin ki, ölkə daxilində və dünyada belə birmənalı yanaşılmayan ikinci baş nazir olmayıb. Tərəfdarları onu 2016-cı ildə keçirilmiş Aİ-dən ayrılma referendumunda qələbəni təmin etmiş şəxs, Britaniyanın Aİ-dən oktyabrın 31-də ayrılacağına zəmanət verə biləcək siyasətçi sayır.

Avropapərəstlər isə hesab edir ki, Conson 2016-cı ildə qələbəyə Aİ-dən ayrılmağın iqtisadi faydalarını şişirtməklə, hətta aşkar yalan danışmaqla nail olub. «Deyli teleqraf»ın sabiq redaktoru Maks Xastinqs yazırdı: «O, milli hökumətdə işləməyə yaramır. Çünki onun özünü məşhurlaşdırmaqdan başqa marağının olmadığı açıq sezilir».

Avropada da vəziyyət fərqli deyil. Nikbinlər ümid edir ki, nəhayət, baş nazir kürsüsünə yiyələnmiş Conson Aİ-dən sövdələşməsiz çıxmaqla, bu vəzifəni itirmək istəməyəcək.

Bədbinlər isə yeni baş nazirin «çoxsaylı mənasız görüşlər» keçirməkdən başqa bir işə yaramayacağını düşünür. Misal kimi, Consonun Yunanıstanın borc böhranının pikdə olduğu 2015-ci ildə ölkənin maliyyə naziri Yanis Varufakislə keçirdiyi görüş göstərilir. Bu qəbildən olan insanların fikrincə, sonda hər şey sövdələşməsiz «Brexit»lə bitəcək. Niderlandın «De Telegraaf» qəzeti yazır ki, «Boris Conson Brüsseldə nəzakətlə qarşılanacaq… Lakin təslim olaraq yeni danışıqlara başlamaq? Belə şans yoxdur!»

Bunu Britaniyanın baş nazirinin diqqətinə Avropa İttifaqı Şurasının prezidenti Jan-Klod Yunker də çatdırıb. O, yeni baş nazirlə telefon söhbətində bildirib ki, ayrılmaqla bağlı Tereza Mey ilə əldə olunmuş razılaşma «ən yaxşı və yeganə mümkün variantdır».

Consonun Aİ liderlərilə danışıqlar strategiyası isə belədir: ölkənin Aİ-ni istənilən halda oktyabrın 31-də tərk edəcəyini göstərmək, bununla da, Brüsselin mövqeyində yumşalmaya ümid etmək. Əsas ümid odur ki, Avropa iqtisadiyyatı zəiflədikcə,  Aİ liderlərinin əsəbləri tab gətirməyə bilməz.

Consonun komandası əmindir ki, Brüssellə danışıqlarda sərt mövqe qismən də olsa, Aİ-dən razılaşmasız ayrılma ehtimalının yoxluğu üzündən ortaya çıxıb. Conson Aİ-nin «Brexit» razılaşması ətrafında Londondan daha geniş manevr imkanlarına malik olduğunu düşünməkdə haqlıdır. Amma o, Aİ-nin çevikliyini düzgün qiymətləndirmir. Brüssel razılaşmada hansısa xırda dəyişikliklərə gedə bilər. Lakin Aİ rəhbərliyi əmindir ki, Avropa üçün razılaşmasız «Brexit» «pis danışıqlar»dan daha arzulanandır. Belə güzəştlər  başqa ölkələrdə belə təsəvvür formalaşdıra bilər ki, şantaj vasitəsilə Brüsseldən istədiyini əldə etmək mümkündür.

 

İrlandiya sərhədilə bağlı problem

«Brexit» tərəfdarlarının əksəriyyəti Aİ ilə razılaşmanı «backstop» müddəası üzündən bəyənmir. Bu müddəaya əsasən, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında «sərt sərhəd»dən qaçmağa imkan verəcək variantın tapılmasınadək Britaniya Aİ-nin gömrük sazişində qalmalıdır. 1998-ci ildə qəbul olunmuş və illərlə davam edən qanlı münaqişəyə son qoymuş müqaviləyə əsasən, İrlandiyanın iki hissəsi arasında fiziki sərhəd olmamalıdır.

Hazırda Böyük Britaniya (Şimali İrlandiya ona aiddir) ilə İrlandiya Respublikası Aİ-nin Gömrük İttifaqının və vacib bazarının üzvləridir. Əgər Böyük Britaniya Aİ-dən hər hansı razılaşma əldə olunmadan ayrılarsa, İrlandiyalar fərqli gömrük və tənzimləyici rejimlərdə qalacaq. Tereza Mey kabineti ilə Aİ «backstop» razılaşmasını məhz sülh prosesinə mane ola biləcək sərhəd postlarının qurulmasından qaçmaq üçün əldə edib. Ona əsasən, Şimali İrlandiya müəyyən müddət Aİ-nin Gömrük İttifaqının tərkibində qalacaq və bu, İrlandiya adasında sərhədsizliyə imkan verəcək. Amma bu, faktiki olaraq, Şimali İrlandiyanın iqtisadi baxımdan Böyük Britaniyadan ayrı düşməsi deməkdir.

Boris Conson sərhəd problemlərilə bağlı müzakirələri danışıqların növbəti mərhələsinə saxlamaq istəyir. Brüssel isə «backstop» müddəasının razılaşmada yer almasını vacib sayır. İndi, London razılaşmanı imzalamadan gedər və Aİ ilə azad ticarət haqda danışıqlara bundan sonra başlamaq qərarına gələcəksə, Brüssel danışıqlardan İrlandiyada sərhəd məsələsinin həllinədək imtina edə bilər.

«Brexit»lə bağlı razılaşmaya əsas, bəlkə də, yeganə əsas maneə məhz bu məsələdir.

 

Razılaşmasız

Tərəflər razılığa gələ bilməzsə, bu, elə ilk ildəcə Britaniya ÜDM-nin 8% azalması ilə nəticələnəcək. Bu, Britaniya Mərkəzi Bankının hesablamasıdır. 21 aylıq keçid dövrü olmazsa, Böyük Britaniya dünyanın ən nəhəng ticarət blokuna rüsumsuz çıxışı itirəcək. Onun ixracının 48%-i isə məhz bu blokun payına düşür.

İlkin mərhələdə ticarət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları əsasında aparılmalıdır. Bu halda britaniyalı sahibkarların Aİ-yə ixrac etdikləri malların əksəriyyətinə vergi tətbiq ediləcək, ölkə mağazalarında əksər xarici malın qiyməti artacaq. Bununla da, istehsalçıların bir hissəsi vergidən, məhsulların sərhəddə ləngiməsindən qaçmaq üçün fəaliyyətini Aİ-də davam etdirməyə üstünlük verəcək.

Bu gün Britaniya iqtisadiyyatının 79, ixracının isə 45%-ni xidmət sektoru təhkil edir - maliyyədən tutmuş, hüquqi və tibbi sahələrədək. Avropa İslahatlar Mərkəzinin qiymətləndirməsinə görə, vahid Avropa bazarının tərk edilməsi Böyük Britaniyanın Aİ-yə yalnız maliyyə xidmətləri ixracını 59% azalda bilər.

Böyük Britaniya Aİ vətəndaşlarının immiqrasiyasına nəzarəti özü quracaqsa, blok da britaniyalılarla bağlı eyni addımı ata bilər. Odur ki, Aİ ölkələrindəki 1,3 milyon britaniyalının və Böyük Britaniyadakı 3,7 milyon avropalının yaşamaq və işləmək hüququ ilə bağlı durum qeyri-müəyyəndir.

Böyük Britaniya bununla Aİ ilə imtiyazlı ticari razılaşmalar imzalamış 70 ölkənin əksəriyyətilə bu razılaşmalardan da məhrum olur. Halbuki, onlarla ticarət ölkənin ümumi ticarət həcminin 11%-ni təşkil edir. London bu ölkələrin bəzilərilə artıq yeni danışıqlara start verib. Lakin bu müzakirələr illərlə uzana bilər.

Böyük Britaniya Aİ-yə maliyyə öhdəlikləri əsasında ümumilikdə 33 milyard funt-sterlinqi ödəməkdən imtina edə bilər. Amma bu, çətin ki, yeni iqtisadi razılaşmanın əldə edilməsinə kömək olsun.

 

5 əsas tarix

Avqustun 24-də G7 ölkələri Fransada bir araya gələcək. Toplantıda «Brexit»in əsas müzakirə mövzularından olacağına şübhə yoxdur. O vaxtadək isə Boris Conson Avropanın əsas paytaxtlarına turnesini başa vuracaq. Bu müddətdə Emmanuel Makronla Angela Merkelin müəyyən birgə fəaliyyət planını razılaşdıracaqları da istisna deyil. Yeni baş nazirin Donald Trampla təkbətək görüşü də gözlənilir.

Sentyabrın 3-də Britaniya parlamentinin yeni sessiyası açılacaq. Deputatların ölkə adına vacib qərarlar qəbul etmələri üçün vaxt çox deyil.

Sentyabrın 29-da Mühafizəkar Partiyanın qurultayı keçiriləcək. Bu, «X saatı»ndan cəmi 1 ay əvvələ təsadüf edir. Boris Conson qurultayda partiyadaşlarına hansı işləri görə bildiyinə dair hesabat verməli olacaq.

Oktyabrın 17-18-də Aİ ölkələrinin liderləri bir araya gələcəklər. Toplantıda, bəlkə də, yalnız «Brexit» müzakirə olunacaq. O vaxta bu məsələ ilə bağlı yekun qərar verilmiş olacaq. 3 variant var - razılaşma imzalanıb və keçid dövrü ilə bağlı ümumi strategiya müzakirə olunur, razılaşma imzalanmayıb və bundan sonra durumun necə olacağı müzakirə edilir, yaxud London yenidən vaxt istəyir. Son variantın mümkünlüyü növbədənkənar parlament seçkisi və ya yeni referendumla əlaqələndirilir.

Oktyabrın 31-i «Brexit» günüdür. Bu tarix də təsadüfən seçilməyib. Məsələ ondadır ki, noyabrdan Aİ-nin yeni seçilmiş rəhbərləri səlahiyyətlərinin icrasına başlayacaq.

 

Britaniya siyasətində yenilər

Böyük Britaniya parlamentində Aİ-dən razılaşmasız çıxmaq istəyənlər çoxluqda deyil. Odur ki, Consonun hadisələrin bu istiqamətdə gedişini əngəlləməyə çalışan müxalifətçilər və «qiyamçı» mühafizəkarların razılaşdırılmış müqaviməti ilə qarşılaşacağı gözlənilir. Mey hökumətində yüksək postlar, nazir vəzifəsi tutmuş bir qrup sabiq də daxildir. Bu vəziyyətdə Consonun parlament seçkisi elan etməkdən başqa yolu qalmaya bilər.

Amma bu da sadə deyil. Bəlkə də, Böyük Britaniyada hakimiyyət uğrunda yalnız iki partiyanın - mühafizəkarlarla leyboristlərin mübarizə apardığı dönəm başa çatır. «Brexit» xaosu və partiyadaxili çəkişmələr hər iki siyasi təşkilatın nüfuzunu sürətlə itirməsinə yol açıb. Bunun fonunda mərkəzçilərə - Liberal-Demokrat Partiyasına simpatiya durmadan artmaqdadır.

Britaniya siyasətində daha ciddi rol oynamaq şanslarının yarandığını görən liberal-demokratlar bu günlərdə özlərinə yeni gənc və xarizmatik lider seçiblər. Bu, 39 yaşlı Co Suinsondur. İndi, ölkədə növbədənkənar seçki olunarsa, LDP-nin qələbəyə iddia etməsi mümkündür.

Partiyanın lideri seçilmiş Suinson «Conson, Farac və Korbini dayandırmaq üçün» səyləri birləşdirməyin vaxtı olduğunu bəyan edib. O, liderlərinin fəaliyyətindən məyus olmuş mühafizəkarlarla leyboristləri LDP-yə qoşulmağa səsləyib.

Beləliklə, Consonun Böyük Britaniya vətəndaşı və siyasətçisi kimi, nələrisə bacardığını sübut etməsi üçün çox az vaxtı var.



MƏSLƏHƏT GÖR:

335