29 Mart 2024

Cümə, 16:22

HÖRMÜZ TƏHDİDİ

İranla Qərb arasında qarşıdurma son həddə çatır

Müəllif:

01.08.2019

İran ətrafında vəziyyət regional və qlobal sülh baxımından getdikcə təhlükəli həddə çatır. Üstəlik, böhran yalnız beynəlxalq razılaşmaların pozulması ilə müşahidə olunmur. Artıq güc tətbiqi aksiyalarına da əl atılır, hər iki tərəf miqyaslı hərbi hazırlıq görür.

 

Tanker çəkişməsi

Düz 1 ay əvvəl ABŞ prezidenti Donald Tramp İrana zərbə endirilməsilə bağlı demək olar ki, qəbul edilmiş qərardan son anda vaz keçdi. O, qərarı Amerikaya məxsus pilotsuz uçuş aparatının vurulmasına cavab kimi qəbul edibmiş. Lakin qərardan son anda imtina müharibə ehtimalının aradan qalxdığı anlamına gəlmir. ABŞ və müttəfiqlərilə İran arasında müharibə istənilən an başlaya bilər.

Son həftələrdə qarşıdurmanın episentri Hörmüz boğazıdır. Söhbət «tanker ixtilaf»ının özünəməxsus davamından gedir: yayın əvvəlində ABŞ və Səudiyyə Ərəbistanı iranlıları Oman və Fras körfəzlərində gəmilərə çoxsaylı hücumlarda ittiham edib. Tehran isə deyilənləri qəbul etmir. Əvəzində iyulun əvvəlində Böyük Britaniya İrana məxsus «Grace 1» tankerini Cəbəllütariq boğazında saxlayıb. Səbəb kimi, tankerin guya Suriyadakı neft emalı zavoduna İran nefti daşıdığı göstərilib - bu, ABŞ və Avropa İttifaqının sanksiyalarının pozulmasıdır.

İran Londonun bu əməlinə simmetrik cavab veriləcəyini dərhal bəyan edib. 2 həftə sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hörmüz boğazında Britaniyaya məxsus «Stena Impero» neft tankerini saxlaması yəqin ki, vəd olunmuş cavab idi. İİKK qüvvələri tankeri Bəndər-Abbas limanına aparıb. Tehranın iddiasına görə, o, beynəlxalq dəniz qaydalarını pozduğu üçün saxlanılıb.

Bu dəfə Londonun baş verənlərə reaksiyası gözlənildiyi kimi, sərt olub. Böyük Britaniyanın xarici işlər naziri bildirib ki, «Stena Impero» ən yaxın vaxtda sərbəst buraxılmazsa, bunun İran üçün ciddi fəsadları olacaq. London gəminin saxlanılmasını «qeyri-qanuni müdaxilə» və «düşmənçilik aktı» kimi qiymətləndirib.

Amma Birləşmiş Krallıqla İran İslam Respublikası arasındakı «tanker münaqişəsi» İran ətrafında getdikcə dərinləşən böhranın yalnız bir süjetidir. Hörmüz boğazının İran-Qərb qarşıdurmasının ən fəal ocaqlarından birinə çevrilməsi heç də təsadüf deyil. Bütün nəhəng gəmilər bu boğazdan İran və Omanın ərazi suları ilə keçməlidir. Bunu BMT-nin dəniz hüququ üzrə Bəyannaməsi və onun tranzit daşımaları ilə bağlı əsasnaməsi tələb edir. Dünya üzrə neft daşımalarının dörddə biri bu ərazi ilə daşınır. ABŞ və müttəfiqləri Hörmüz boğazında gəmilərin sərbəst naviqasiyasının təminində məhz bu üzdən maraqlıdır. İran isə öz növbəsində, dünyanın «qara qızıl»la təminatında son dərəcə vacib rola malik Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməyə hazır olduğunu göstərir. Başqa sözlə, Tehran onu öz milli maraqlarının əleyhinə getməyə məcbur edən qüvvələrə məhz bu yolla cavab verəcəyini bildirir. Söhbət xüsusilə İrana nüvə proqramı ilə bağlı təzyiq göstərən dövlətlərdən gedir.

Yeri gəlmişkən, İranla bağlı gərginlik xüsusilə ABŞ-ın ötən ilin mayında Tehranın nüvə proqramına dair beynəlxalq razılaşmanı tərk etməsindən sonra artmağa başlayıb. Həmin razılaşma İrana qarşı sanksiyaların ləğvini də nəzərdə tuturdu. Həmin hadisədən bir il sonra İran rəhbərliyi nüvə razılaşmasına dair öhdəliklərinin bir hissəsindən imtina edib. Tehran bunu razılaşmanın digər iştirakçılarının ona tam əməl etməməsilə əsaslandırıb. Məsələn, sazişə imza atmış Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin İrana ABŞ-ın sanksiyaları üzündən dəymiş zərərin ödənilməsi üçün konkret addımlar atmaması Tehranın qəzəbinə səbəb olub.

Sazişi imzalamış dövlətlərin nümayəndələri İranla bu «altılıq» arasında razılaşdırılmış fəaliyyət planının xilası üçün Vyanada bir araya gəliblər. Lakin məlum olub ki, iştirakçılar ABŞ-ı razılaşmadan imtina etdiyi üçün tənqid atəşinə tutsa da, bu məsələdə Vaşinqtonla qarşıdurmaya getmək niyyətində deyillər. Bundan başqa, İran Avropa ölkələrilə yanaşı, Rusiya ilə Çinin də de-fakto Amerikanın sanksiyalarına əməl edəcəyinə əmin olub. Bu mənada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Vyana görüşündən dərhal sonra verdiyi bir bəyanat heç də təəccüblü deyil. O, ölkəsində 3,67%-dək zənginləşdirilmiş uran ehtiyatının nüvə razılaşmasında nəzərdə tutulmuş həcmi 300 kiloqramı aşdığını bildirib. Bu bəyanat İranın da nüvə razılaşmasından çıxdığı anlamına gələ bilər.

 

Hücum qaçılmazdır?

İranın nüvə proqramına dair beynəlxalq razılaşmanın faktiki olaraq, iflasa uğradığı şəraitdə bilavasitə Vaşinqtonla Tehran arasında qarşıdurma getdikcə qızışır. Bu isə Yaxın Şərqdə yeni miqyaslı müharibəyə yol aça bilər. ABŞ prezidenti Donald Trampın İrana zərbələrin endirilə biləcəyini bəyan etməsinə cavab olaraq, İslam respublikasının rəhbərliyi yenidən ABŞ-ın yaxın müttəfiqlərini hədələyib. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Mohtaba Zonnurun xəbərdarlığı isə əməlli-başlı rezonansa səbəb olub. O, bildirib ki, «ABŞ bizə hücum edərsə, İsrail cəmi yarım saata məhv olunacaq».

ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşması regional vəziyyəti gündən-günə ağırlaşdırır. Birləşmiş Ştatlara məxsus beşinci nəsil «F-22» qırıcılarının Qətərdə yerləşən Əl-Udeyd aviabazasına cəmləşdirilməsi də bu qəbildən olan faktdır. Qeyd edək ki, bu baza ABŞ-ın Yaxın Şərqdəki ən nəhəng hərbi bazasıdır. Orada 13 min amerikalı hərbçi və 100-dən artıq hərbi təyyarə yer alır.

Bundan başqa, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi Səudiyyə Ərəbistanı ərazisinə Amerika hərbi kontingentinin yerləşdirilməsinə razılıq verib. Dünya KİV-i artıq Vaşinqtonun Səudiyyə Ərəbistanına yüzlərlə əsgər, hərbi təyyarə və raket sistemləri göndərdiyini yazır.

Nəhayət, Londonla Tehran arasındakı «tanker çəkişməsi» fonunda Vaşinqton Hörmüz boğazında patrul xidməti üzrə koalisiyanın yaradıldığını elan edib. Bu, kifayət qədər ciddi hərbi-siyasi təzyiq aksiyası sayıla bilər.

Lakin indiki şəraitdə İrana qarşı tammiqyaslı hərbi əməliyyatlara başlanılmasının mümkün olub-olmadığını təhlil edən ekspertlərin əksəriyyəti ABŞ-ın qarşısında ciddi maneələrin olduğunu deyir. Söhbət ilk növbədə, əlbəttə ki, İranın özünün qüdrətindən gedir. Yarım milyonluq orduya malik İran Amerikanın Fars körfəzindəki hərbi mövqelərinə zərbələr endirmək iqtidarındadır.

Digər önəmli amil ABŞ-ın İran üzərində tam qələbə qazanması üçün yerüstü əməliyyatların vacibliyidir. Lakin indiki şəraitdə İranla həmsərhəd olan dövlətlərin heç biri ərazisindən İrana hücum üçün istifadə olunmasına razı deyil. Bu mənada Azərbaycanın adı xüsusilə tez-tez çəkilir. Bakı ölkə ərazisindən İrana hərbi hücum üçün istifadənin mümkünsüzlüyünü yalnız sözdə demir. Azərbaycanla İran arasında hərbi və kəşfiyyat sahələrində əməkdaşlığa dair ikitərəfli razılaşma da var.

Lakin Birləşmiş Ştatların müxtəlif «məhdud müharibə» variantlarına əl atacağı da istisna deyil. Məsələn, o, İran ərazisindəki konkret hədəflərə raket zərbələri endirməklə də kifayətlənə bilər. Sadəcə ABŞ prezidenti Donald Tramp buna gedəcəkmi? Hər halda, o, «İran problemi»ni birdəfəlik həll etməyi çox istəsə də, bunun Vaşinqtonun və müttəfiqlərinin, ilk növbədə İsrailin maraqlarına hansı təhlükələr yarada biləcəyini yaxşı anlayır.

Bu məsələdə Amerika administrasiyası daxilində İranla bağlı fikir müxtəlifliyinin olduğunu da unutmayaq. Trampın nüfuzlu məsləhətçisi Con Boltonun Tehrana qarşı son dərəcə radikal mövqe tutduğu bəllidir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İran ətrafında beynəlxalq gərginlik yaratmaqda məhz Boltonu günahlandırması təsadüf deyil.

Amerika-İran qarşıdurmasının Yaxın Şərq, ümumiyyətlə dünya üzərində “Damokl qılıncı” kimi asıldığı bir vaxtda İran prezidenti Həsən Ruhaninin Vaşinqtonu danışıqlar masasına çağırması, nüvə sazişinə əməl olunmasının vacibliyini bildirməsi cüzi də olsa, ümid yaradır. Ruhaninin sözlərinə görə, İran nüvə sazişinə sadiqdir və ona «100% əməl etməyə hazırdır». İran prezidenti bunun üçün sadəcə, digər iştirakçıların da razılaşmaya əməl etməli olduğunu deyib.

Lakin «tanker münaqişəsi» kimi qarşıdurmaların artdığı bir şəraitdə bəşər sivilizasiyasının beşiyi olan regionun taleyində həlledici rol oynaya biləcək nüvə sazişinə tam əməl olunacağı ehtimalı yüksək deyil.



MƏSLƏHƏT GÖR:

325