19 Aprel 2024

Cümə, 14:01

ÜÇ CİDDİ BARYER

Ankara artıq “soyuq müharibə” ölkəsi olmaq, Qərb isə bununla barışmaq istəmir

Müəllif:

01.08.2019

Əslində, bütün bunlar gözlənilən idi. “Soyuq müharibə” dövrünün “özünə qapalı, NATO-nun “şərq cəbhəsi” funksiyasını yerinə yetirən Türkiyənin 2000-ci illərdən sonra xarici siyasətdəki aktivliyinin bir gün müqavimətlə üzləşəcəyi gözlənilən idi. 2010-cu il “Mavi Marmara” hadisələri və ardınca başlayan “ərəb baharı” mərhələsində Ankaranın iddialı regional siyasəti Qərb paytaxtlarında rəğbət görmədi, baxmayaraq ki, müsəlman-demokrat Türkiyə modelinin bütün Yaxın Şərq və Şimali Afrikaya yayılmasını ozamankı ABŞ və bir sıra Avropa ölkələri dəstəkləyirdi.

Amma artıq hər şey dəyişmişdi. Məlum olmuşdu ki, güclənən Türkiyənin istəkləri heç də hər zaman və hər yerdə Qərb müttəfiqləri ilə üst-üstə düşmür. Əvvəl Liviyada, sonra Misirdə, sonra isə Fələstin və Suriyada bu ziddiyyətlər ortaya çıxdı və hər dəfəsində bir barmaq böyüyərək dərinləşdi. İndi isə Qərblə Türkiyə arasında 3 ciddi baryerə çevrilərək Ankaranın qarşısında dikəlib.

 

Niyə hücumçu F-35 deyil, müdafiəçi S-400?

İyulun 12-də Türkiyənin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin təhvil-təslim prosesi başladı. S-400-lərin hissələri Rusiya təyyarələri vasitəsilə Ankara yaxınlığındakı “Mürtəd” hərbi hava bazasına gətirildi. “Mürtəd” köhnə adı “Akıncı” olan və 2016-cı il 15 iyul qiyamı zamanı Ankaranı bombalayan qırıcıların qalxdığı aerodrom idi. Yeri gəlmişkən, Türkiyənin aldığı 4 ədəd S-400 batareyasından bir də məhz Ankara ətrafında, yəqin ki, Akıncıda - “Mürtəd”də quraşdırılacaq. Bir daha 15 iyul ssenarilərinin baş verməməsi üçün.

2017-ci ildə Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən bu ölkədən 4 ədəd S-400 HHM batareyası alacaq. Layihənin dəyəri 2,5 milyard dollardır. Artıq Rusiyadan S-400 hissələri Türkiyəyə gətirilib. Zenit qurğuların texniki hissələri təyyarələrlə daşınıb, raketlər isə dəniz vasitəsilə Türkiyəyə gətiriləcək.

S-400 analoqları arasında ən güclüsü sayılır, müdafiə silahı, daha dəqiq sülh dövrünün silahı hesab olunur. Çünki bu silah vasitəsilə sərhədləri qorumaq, sərhəd pozan düşmənə vaxtında və çox xərc olmadan xəbərdarlıq edib geri göndərmək mümkündür. Türkiyənin kompleks hava hücumundan müdafiə sistemi olmayıb. 2012-ci ildə Türkiyəyə məxsus hərbi təyyarə Suriya HHM-ləri tərəfindən vurulduqdan sonra Hollandiya, ABŞ və Almaniya “patriot” sistemlərini Türkiyənin Suriya ilə sərhəd bölgələrinə yerləşdirib. Ancaq ABŞ və NATO Türkiyənin özünü müasir HHM sistemləri almasına isti yanaşmayıb. Nəticədə, Ankara əvvəlcə Çinə üz tutub, 2017-ci ildə isə Rusiya ilə anlaşıb.

Artıq Vaşinqton Türkiyənin S-400 addımına cavab olaraq Ankaraya F-35 döyüş təyyarələrinin satışını dayandırmaq barədə qərar qəbul edib. Üstəlik, indi Ankara sanksiyalarla təhdid olunur. ABŞ Konqresinin iki respublikaçı senatoru Rik Skott və Todd Yunq Senata Türkiyəyə embarqo təklif edən qanun layihəsi təqdim edib. “Reuters”in əldə etdiyi qanun layihəsində Türkiyənin S-400 alması “ABŞ-ın təhlükəsizlik hüququna birbaşa və böyük təhdid” olaraq qeyd olunub. Bu qərar Senatda təsdiqlənərsə, o zaman Türkiyəyə qarşı “ABŞ-ın rəqibləri ilə sanksiyalarla mübarizə qanunu” (CAATSA) çərçivəsində sanksiyaların tamamən tətbiq olunması gündəmə gələ bilər. Respublikaçı senator bundan başqa Tramp administrasiyasına “Rusiyanın yaratdığı təhdidin dəyərləndirilməsi və Türkiyənin daimi NATO üzvlüyünün gözdən keçirilməsi üçün NATO sammiti çağırmasını” təklif edir.

ABŞ Senatının xarici əlaqələr komitəsinin demokrat üzvü Bob Menendez də bu layihəni dəstəkləyib. Menendez Türkiyənin F-35 layihəsindən çıxarılmasının yetərli olmadığını bildirib. Senator deyib ki, Tramp CAATSA qanunu rədd edərsə, Türkiyəyə qarşı ABŞ hökumətinin sanksiya tətbiq etməsi üçün yeni qanun layihəsi hazırlayacaq.

Halbuki hər kəs düşünürdü ki, Tramp Ərdoğanın S-400 arqumentləri ilə razılaşıb, Türkiyəyə qarşı sanksiyalar olmayacaq. Hətta Türkiyəyə F-35 satışının dayandırılması ilə bağlı qərardan sonra Tramp elan eləmişdi ki, Ankaraya qarşı sanksiya olmayacaq. Amma indi görünür ki, bu məsələ yalnız Trampın iradəsindən asılı deyil.

Pentaqon artıq Türkiyə hərbi pilotlarını ABŞ-dakı təlim uçuşlarından çıxarıb geri göndərir. Baxmayaraq ki, Türkiyə 2002-ci ildə qurulmuş F-35 konsorsiumunun üzvü olub, təyyarələrin bəzi hissələri Türkiyəyə istehsal olunur. Hətta ehtimal olunur ki, bu anlaşma ləğv olunsa, F-35-lərin qiyməti 7-8 milyon dollar bahalaşa bilər. ABŞ isə Türkiyənin layihədən çıxmasına görə 500 milyon dollara qədər ziyan edə bilər. Amma Vaşinqton qəzəblidir, Türkiyəni yenidən keçmiş mövqeyinə qaytarmaq lazımdır.

Əlbəttə, Vaşinqtonun F-35 satışını dayandırması və Türkiyəyə CAATSA çərçivəsində embarqo tətbiq etməsi Ankaranı NATO-dan ayıra bilər. Proqramın birdəfəlik dayandırılması Türkiyənin alternativlərə üz tutmasına səbəb ola bilər. Hansı ki, artıq türkcə yayınlanan Rusiya mediası Türkiyəyə SU-35 və SU-57 təyyarələrinin F-35-ə layiqli alternativ ola biləcəyini servis edir. Ortada minimum 9 milyardlıq böyük layihədən gedir.

Bu səbəbdən də, NATO və ABŞ-ın Türkiyəni tamamilə itirməklə razılaşacağı inandırıcı deyil. Amma əlbəttə ki, Vaşinqton son şansa qədər Türkiyəni geri çəkilməyə vadar etməyə çalışacaq. Həm də, axı, məsələ təkcə S-400 və ya F-35 deyil.

 

Köhnə problemin yeni çalarları

Türkiyənin Rusiyadan aldığı S-400 batareyalarından biri Aralıq dənizi sahillərində quraşdırılacaq. Kipr və ətraf bölgələri izləyə bilməsi üçün. Çünki indi dünyanın diqqəti burdadır. Söhbət Aralıq dənizinin şərq hissəsində tapılan fantastik neft-qaz ehtiyatları uğrunda mübarizədən gedir.

İyulun 16-da isə Avropa İttifaqı xarici işlər nazirləri Ankaranın Aralıq dənizinin şərq sahillərində təbii qaz kəşfiyyatı fəaliyyətlərinə cavab olaraq sanksiyalar tətbiq edib. Sanksiyalar Türkiyə ilə Aİ arasında yüksək səviyyədə təmasları və hava-yük daşıması müqaviləsi müzakirələrini və Türkiyəyə 2020-ci ilə qədər verilməsi nəzərdə tutulan 145,8 milyon avro dəyərində yardımı dayandırır.

Bu sanksiya 2014-2020-ci illər ərzində Aİ-nin Türkiyəyə 4,4 milyard avro dəyərində demokratiya, idarəçilik, hüququn aliliyi, əsas hüquqlar, ekologiya, iqlim, nəqliyyat, enerji, innovasiya, təhsil, sosial siyasət və sair kimi sahələrə ayrılmalı olan vəsaitin son mərhələsinin ödənməsini dayandırır. Bundan başqa, Aİ xarici işlər nazirləri Türkiyənin Aralıq dənizindəki qazma fəaliyyəti ilə əlaqəli təşkilat və şirkətlərə maliyyə sanksiyalarının tətbiq olunması istiqamətində fəaliyyətlərin davam etməsini tələb edib. Eyni zamanda Avropa İnvestisiya Bankının Ankaraya veriləcək kreditinin də nəzərdən keçirilməsi tələb olunub.

Xatırladaq ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatları mövcuddur. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir. Bu isə bu günə qədər kəşf olunmuş ən böyük yataqlardan biri deməkdir.

Və təbii ki, indi bu yataqların çox ciddi müştəriləri var. Ötən il noyabrın 10-da Amerikanın “Exxon Mobil” şirkəti, “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başlatdığını elan edib. Bundan öncə isə ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Frensis Fannon Kiprə səfər edib. O da məlum olub ki, hazırda qeyd olunan bölgədə qaz kəşfiyyatını Britaniyaya məxsus “Stena Icemax” gəmisi həyata keçirir. Onun ətrafında isə bir sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi keşik çəkir.

Bu il isə Türkiyə Kipr adası ilə Türkiyə arasındakı bölgəyə iki geoloji-kəşfiyyat və qazma gəmiləri göndərib. Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində axtarış-qazma fəaliyyətinə başlayıb. Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb.

Ancaq indi məsələ ondadır ki, Avropa İttifaqı bölgədə Türkiyənin fəaliyyətini qanunsuz hesab edir. Türkiyə hökuməti Kipr ətrafındakı yataqlarda həm də adanın türk tərəfinin də haqqının olduğunu və Türkiyə gəmilərinin məhz buna əsasən bölgədə fəaliyyət göstərdiyini bildirir.

Türkiyə XİN “Fatih” gəmisinin Türkiyə hökumətinin 2009-2012-ci illərdə “Türkiyə Petrolları” şirkətinə verdiyi lisenziya əsasında, eləcə də Türkiyə hökumətinin BMT-yə deklarasiya verdiyi qitə suları daxilində fəaliyyət göstərdiyini bildirir.

Eləcə də “Yavuz” gəmisinin Karpaz yarımadasında Şimali Kipr Türk Respublikasının 2011-ci ildə “Türkiyə Petrolları” Neft Şirkətinə verdiyi lisenziya əsasında Şimali Kipr üçün axtarış-kəşfiyyat işləri həyata keçirdiyini bildirir.

Türkiyə XİN bildirir ki, Cənubi Kipr hökumətinin beynəlxalq hüquqazidd olaraq adanın bütün hissəsinin təmsilçisi olaraq Avropa Birliyi üzvü olması Kipr türklərinin leqal haqlarını və maraqlarını qəsb etmə haqqı vermir. Türkiyə hökuməti Avropa Birliyi və yunan tərəfinin Kiprin ehtiyatlarının istismarı məsələsində türk əhalinin maraqlarını nəzərə almamasını tənqid edib və bu vəziyyətin AB-nin Kipr müzakirələrində tərəfsiz mövqe nümayiş etdirməsinin inandırıcı olmadığını qeyd edib.

Bölgədəki resurslara ən təbii haqlardan biri də Kipr adasının türk əhalisi, başqa sözlə, Şimali Kipr Türk Respublikasıdır. Amma 1974-cü ildən, yəni ada Türkiyənin hərbi müdaxiləsi nəticəsində ikiyə bölündükdən sonra adanın türk hissəsi Avropa ilə yaxınlaşa bilməyib. Hətta 2004-cü ildə BMT baş katibi Kofi Annanın adı ilə tanınan “Annan planı”na əsasən keçirilən referendum nəticəsində türklər birləşməyə səs versələr belə, yunanlar birləşməni rədd etdi. Avropa İttifaqı isə yunan tərəfini Kipr Respublikası olaraq üzv qəbul etdi. İndi isə Kipr məsələsi bir başqa formada gündəmə gələrək Türkiyə üçün ciddi sınağa çevrilib. Və təəssüf ki, indi 2004-cü ildən fərqli olaraq Türkiyə hakimiyyətinin Avropa və ABŞ-la əlaqələri o qədər də isti deyil.

 

Suriya təzyiqi

Qərblə, daha dəqiqi, ABŞ-la Türkiyənin arasında daha bir düyünlü mövzu Suriyadır. Əslində, Suriya mövzusunda da Türkiyə-ABŞ fikri ayrılığı Trampdan əvvəlki dönəmin, yəni Obama dövrünün “məhsuludur”. Baxmayaraq ki, Tramp Suriya məsələsində zahirən də olsa Türkiyə ilə həmfikirdir, amma Türkiyə və ABŞ Suriyanın şimalında səngərin əks tərəflərindədir.

Məsələ ondadır ki, ABŞ 2014-cü ildə İŞİD Yaxın Şərqin bəlasına çevriləndə Suriyanın şimalındakı sol yönümlü kürd təşkilatları ilə yaxınlaşdı. Kürdlər İŞİD-ə qarşı mübarizədə ABŞ-ın quru qoşunları funksiyasını yerinə yetirdi. Kobani əməliyyatı, Raqqanın və nəhayət, İŞİD-in sonuncu düşərgələrinin alınmasında ABŞ ordusu havadan bombalayır, kürdlər isə quruda vuruşurdular. Hətta Raqqa əməliyyatı öncəsi belə Ankaranın israrlarına rəğmən Vaşinqton 65 illik NATO müttəfiqi ilə deyil, solçu kürdlərlə Raqqaya hücum etdi. Suriyada İraqdan sonra ikinci kürd muxtariyyətinin qurulması Vaşinqton üçün strateji əhəmiyyətə sahibdir.

Amma Tramp Ərdoğanın israrlarını və arqumentlərini dinləməyə məhkumdur. Hətta hazırkı ABŞ hökuməti şərti də olsa Türkiyə-Suriya sərhədində 32 kilometrlik təhlükəsizlik zonasının yaradılmasına da razılıq verib. Amma Vaşinqton kürdləri Ankaranın qarşısında yalnız buraxa bilmir.

Hazırda Suriyada əksəriyyəti kürdlərin nəzarətində olan şimal-şərq rayonlarında yerləşən ABŞ ordusunun 26 hərbi bazası var. Sonuncu - 26-cı baza ABŞ prezidentinin ordunu Suriyadan çıxarmaqla bağlı qərarını elan etdiyi 2018-ci ilin dekabrından sonra yaradılıb. ABŞ strateqləri Suriya məsələsində Trampa ciddi təzyiq edir. Hətta müdafiə naziri Ceyms Mattis Trampın Suriya qərarından sonra istefa verdi.

Türkiyə isə narahatdır. Suriyanın şimalında, Türkiyə ilə, təxminən, 400-500 kilometrlik sərhədə nəzarət edən bölgədə kürd muxtariyyətinin rəsmiləşməsinə razı ola bilməz. Çünki açıq bəyan olunmasa da, belə anlaşılır ki, Suriyanın yeni konstitusiyasında kürdlərə hansısa formada özünüidarə veriləcək. Nə qədər qəribə də olsa indi kürd məsələsində Ankaranın ən təbii müttəfiqi Bəşər Əsəddir. Yeri gəlmişkən, bu ilin fevralında fəaliyyətə başlaması gözlənilən Konstitusiya komissiyası müəyyən səbəblərdən qurula bilmirdi. Ötən həftə Dəməşqə gələn Rusiya yüksək səviyyəli heyəti komissiyanın qurulması ilə bağlı Bəşər Əsədlə uzun müzakirələr aparılıb və yaxın zamanlarda komissiyanın fəaliyyətə başlaması gözlənilir.

Yəni indi Türkiyənin vaxtı çox azdır. Bu səbəbdən də, Ankara son bir neçə həftədir sərhədə yeni qüvvələr toplayır. İndi Türkiyənin qarşısında əsas hədəf ən azı Türkiyə-Suriya sərhədindən kürdləri çıxarıb 32 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır. Amma bu mövzuda Vaşinqtonla anlaşa bilməsi çox çətin görünür. Bir başqa tərəfdən bu məsələdə Türkiyənin Rusiyadan da dəstək ala bilməsi ehtimalı azdır.

Beləliklə, onu deyə bilərik ki, Türkiyə xarici siyasəti son illər ərzində ən çətin sınaq ilə qarşı qarşıyadır. Leninin məşhur “inqilab teoremində” deyilir ki, inqilab, yuxarılar köhnə qayda ilə idarə edə bilməyəndə, aşağılar isə əvvəlki kimi yaşamaq istəməyəndə baş verir. Bu teoremi bir qədər dəyişib belə deyə bilərik: İndi nə Türkiyə “soyuq müharibə” ölkəsi olaraq qalmaq istəyir, nə də Qərb əvvəlki münasibətləri davam etdirə bilir. Dəyişiklik isə hər zaman ağrılı prosesdir.



MƏSLƏHƏT GÖR:

320