19 Aprel 2024

Cümə, 21:22

MONASTIRIN QARANLIQ TƏRƏFİ

Azərbaycan-Gürcüstan sərhədindəki təxribatın səbəbləri və mümkün fəsadları haqqında

Müəllif:

01.08.2019

Gürcüstan-Azərbaycan sərhədində, Keşikçidağ məbəd-kompleksi yaxınlığında növbəti insident iyulun 14-də baş verib. Gürcüstan vətəndaşlarından ibarət qrup Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq, Azərbaycan sərhədçilərinə hücum edib. Onlar əsgərləri nəinki təhqir edib, üstəlik, silahlarını belə, əllərindən alıb.

Gürcüstan KİV-nin məlumatına görə, insident guya azərbaycanlı sərhədçilərin məbəddəki ikonaları oradan yığışdırmasından və ətrafı çirkləndirməsindən sonra baş verib. Lakin Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi rəisinin müavini Teymuraz Kupatadze İTAR-TASS-a açıqlamasında fərqli fikir söyləyib. Onun sözlərinə görə, azərbaycanlı sərhədçilər ikonaları hava şəraitinin pisləşməsi üzündən yığışdırdıqlarını bildiriblər: «Onlar ittihamla üzləşməmək üçün ikonları gürcü sərhədçilərinə veriblər».

Məbədin ətrafının «çirkləndirilməsi» məsələsinə gəlincə, gürcü məmur deyib: «İnanın ki, orada belə hallar yoxdur. Azərbaycanlı sərhədçilər deyir ki, oraya kağız parçalarını, müxtəlif tullantıları turistlər və zəvvarlar atır. Oraya turistlərin buraxılması ilə belə hallara tez-tez rast gəlinir».

Göründüyü kimi, Gürcüstan məmurları belə, öz ölkəsinin fəallarının ittihamlarını rədd edir. Lakin fakt faktlığında qalır: azərbaycanlı sərhədçilər monastırın irsini qoruduqları üçün təşəkkür almaq əvəzinə gürcü millətçiləri tərəfindən təhqir olunub və hücuma məruz qalıb.

 Bu özbaşınalıq Azərbaycan ictimaiyyətində böyük rezonansa səbəb olub. Məsələ sosial şəbəkələrdə geniş müzakirəyə yol açıb. Bunun bir neçə səbəbi var. İlk növbədə, söhbət azərbaycanlı sərhədçilərə, müvafiq olaraq, Azərbaycanın dövlət sərhədinə aşkar hörmətsizlikdən gedir.

Bununla yanaşı, hər belə insidentdən sonra Gürcüstan rəsmiləri məbəd ətrafında baş verənləri təxribat adlandırsa da, növbəti belə halı önləmək üçün heç bir tədbir görülmür. İndiki halda, mehriban qonşuluğa dair deklarativ bəyanatlarla yanaşı, məsələn, təxribatçıların cinayət məsuliyyətinə cəlb olunması kimi real addımlar da atmaq olardı.

Keşikçidağ ətrafındakı gərginlik bu ilin əvvəlində baş vermiş xırda insidentlərin nəticəsidir. Buna isə Gürcüstan hökumətinin səhlənkarlığı və susqunluğu rəvac verir. Gürcü «fəal»ların əraziyə tam «hazırlıqlı» (kameralarla, jurnalistlərlə) gəldiyini, özlərini aşkar ədəbsiz aparmaları belə düşünməyə əsas verir ki, onlar Azərbaycan sərhədçilərinin ən azı xəbərdarlıq atəşi açmasına nail olmaq istəyirlərmiş. Hər halda, bu, istisna deyil.

Bu təxribatlar eyni zamanda, Azərbaycan xalqının tarixinə də hörmətsizlikdir. Detallara varmadan yalnız onu qeyd edək ki, bölgəyə islam dininin gəlişinədək qədim Azərbaycanın sakinləri xristian olub. Bu mənada gürcü millətçilərin monastırı və onun ətrafındakı əraziləri sırf dini əsasla mənimsəmək cəhdi absurddur.

Bundan başqa, əsrlər boyu Tiflis şəhərinin (hazırda Gürcüstan paytaxtı Tbilisi) əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edib. Müvafiq olaraq, şəhərdə azərbaycanlıların əcdadlarının ibadət etdikləri məscidlər də var. Gürcü millətçilərin məntiqinə əsaslansaq, Azərbaycan Gürcüstan ərazisindəki bu müsəlman məbədlərinə iddia edə bilər. Yaxud, məscidlərdən biri Azərabaycan sərhədi yaxınlığında yerləşsəydi, həmin ərazinin Azərbaycana birləşdirilməsi məsələsi qaldırılmalı idi? Yeri gəlmişkən, elə eyni məntiqə əsaslanan Ermənistan Gürcüstan ərazisindəki yüzlərlə məbədə iddia edir. Amma Gürcüstan rəsmiləri və dini rəhbərliyi bu məsələdə son dərəcə sərt mövqe nümayiş etdirir, Ermənistanın iddialarına kifayət qədər operativ reaksiya verilir.

«İyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli cinayət əməli baş verib», - Azərbaycan Respublikası Prezidentinin Sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov AZƏRTAC-a müsahibəsində bildirib. O, deyib ki, «Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar».

X.Xələfovun monastırın statusu və sərhədlərin delimitasiyası haqda fikirləri də diqqətəlayiqdir: «Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib».

Azərbaycan rəsmilərindən fərqli olaraq, onların gürcüstanlı həmkarlarının Keşikçidağla bağlı yaşanan insidentlərə reaksiyasında dəqiqlik, aydınlıq müşahidə olunmur. Bunu «R+»a açıqlamasında gürcü jurnalist Mzevinar Xuçişvili də təsdiqləyib. O, hesab edir ki, baş verənlərdə Gürcüstanın «həm əvvəlki, həm də indiki hakimiyyətinin günahı var - David-Qarecilə bağlı məsələ heç zaman əhali ilə geniş müzakirə olunmayıb».

Bunun əvəzində, Gürcüstanda çox tez-tez Azərbaycan-Gürcüstan münasibətlərini korlamağa çalışan üçüncü tərəfdən bəhs olunur. Doğrudur, belə fikirlər Azərbaycan tərəfindən də səsləndirilir. Fərq ondadır ki, həmin qüvvələr planlarını icra etmək üçün əlverişli şəraiti məhz Gürcüstanda tapır.

Ötən ilin sonlarından Gürcüstanın siyasi həyatında qeyri-sabitlik müşahidə olunur. Ölkə rəhbərliyinin vəziyyəti nəzarətə götürməkdə problemlər yaşadığı ortadadır. 2018-ci il oktyabrın 28-də keçirilmiş prezident seçkisindən, daha dəqiqi müxalifətin seçkinin nəticəsini qəbul etməyərək etirazlara başlamasından sonra Gürcüstanda sabitliyin bərpası mümkün olmur. Üstəlik, buraya Rusiya əleyhinə başlamış mitinqlər də əlavə olunur. Gürcüstan parlamentinin spikerinin istefası ilə nəticələnmiş bu aksiyalar hələ də davam edir. Yaxın zamanlarda isə Gürcüstan parlamentinə seçki keçirilməlidir. Həmin seçkidə hakim «Gürcü arzusu» partiyasının müxalifətə məğlub olacağı istisna deyil.

Gürcüstanda iqtisadi vəziyyət də yaxşı deyil. Milli valyuta dəyərini rekord həddə itirib. İctimaiyyətdə ciddi qütbləşmə var. Bütün bunlarla yanaşı, Gürcüstanın Ukrayna siyasi meydanında növbəti uğursuzluqla qaşılaşmış sabiq prezidenti Mixail Saakaşvili bütün diqqətini yenidən tarixi vətəninə çevirib. Başqa sözlə, Gürcüstan hakimiyyətinin vəziyyəti yaxşı deyil. Belə bir vəziyyətdə bəzi siyasi dairələrin Keşikçidağ ətrafında gərginlik yaratmaqla, diqqəti ölkənin ciddi sosial və iqtisadi problemlərindən yayındırmağa çalışdığı istisna deyil. Bu məsələlərdə daha bir vacib aktor Gürcü pravoslav kilsəsi ola bilər. Bu gün Cənubi Qafqazın 3 ölkəsindən yalnız Azərbaycan əsl sekulyar dövlətdir. Ermənistanda olduğu kimi, Gürcüstanda da kilsə vacib, bəzən isə həlledici rol oynayır. Gürcü pravoslav kilsəsi və ona yaxın dairələr hakimiyyətdən Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ məbədinin yerləşdiyi hissəsinin onların xeyrinə həllini hər zaman hökumətdən kifayət qədər sərt şəkildə tələb edib. Başqa sözlə, bu qüvvələr monastır ərazisinin tamamilə Gürcüstanın yurisdiksiyasına keçməsini tələb edir.

Tərəflərdən heç biri münasibətlərin gərginləşməsində maraqlı ola biləcək qüvvənin adını açıq çəkməsə də, bəzi mütəxəssislər söhbətin Rusiyadan gedə biləcəyini düşünür. Onlar ehtimallarını Azərbaycan sərhədçilərinə hücum etmiş fəalların «Vətənpərvərlər alyansı» siyasi təşkilatına aid olması ilə əsaslandırır. Bu siyasi qüvvə isə Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır. O, hakimiyyəti tez-tez Azərbaycan və Türkiyənin Gürcüstanı «iqtisadi baxımdan işğal etməsinə» göz yummaqda da günahlandırır.

Bundan başqa, «Vətənpərvərlər alyansı» Rusiyanın müttəfiqi sayılan Gürcü pravoslav kilsəsi tərəfindən də dəstəklənir. Burada hakim «Gürcü arzusu»nun «Rusiyanın əlaltısı» imici də unudulmamalıdır. Doğrudur, əslində hakimiyyətin siyasəti bu imicə uyğun gəlmir. Lakin «Gürcü arzusu»nun rusiyapərəst olduğu fikri hələ də gündəmdə qalmaqdadır.

Amma əks fikirlər də var. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, «Gürcüstanı xaosa sürükləməyə, bununla da ona təsir rıçaqlarını gücləndirməyə çalışan xarici qüvvələr var. Əlbəttə ki, avantüra axtarışında olan marginal qüvvələr yox deyil. Amma onları öz planlarının icrasına cəlb edənlər kimlərdir? Bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına qətiyyən cavab vermir. Rusiyanı qaynar nöqtələrlə, qeyri-sabitliyin hökm sürdüyü zonalarla əhatələmək Qərbin, Amerikanın planıdır».

Bu arada diqqəti çəkən daha bir məqam var: Gürcüstanda Rusiya və hökumət əleyhinə aksiyalar ölkə prezidenti Salome Zurabişvilinin Gürcüstan ərazisində NATO bazasının yaradılması fikrini rədd etməsindən dərhal sonra başlayıb. İran ətrafındakı vəziyyəti nəzərə alsaq, bu bazanın ABŞ üçün nə qədər önəmli olduğu aydındır.

Yeri gəlmişkən, nümayişçilərin Rustaveli prospektini və Gürcüstan parlamentinin qarşısındakı meydanı ələ almasından sonra nümayişlərdə Azərbaycan əleyhinə də şüarlar eşidilməyə başlayıb. Az sonra nümayişçilərin əllərində David Qareci monastırını xatırladan transparantlar peyda olub, kompleksin Gürcüstana məxsusluğuna dair şüarlar səsləndirilib.

Təxminən eyni vaxtda müxalifətyönümlü «Rustavi-2» telekanalının aparıcısı Georgi Qabuniya aşkar təxribata gedərək, efirdən Rusiya prezidenti Vladimir Putini və onun mərhum valideynlərini ağıza alınmayacaq söyüşlərlə təhqir edib. Yeri gəlmişkən, hər bir insan üçün dünyasını dəyişmiş valideyninin ruhu nə qədər əzizdirsə, hər bir dövlət üçün də onun sərhədləri əzizdir.

Bəlkə də, Gürcüstan hakimiyyətinin «üçüncü qüvvə»nin adını çəkməkdən israrla imtina etməsinin səbəbi də budur. Halbuki, başqa vaxt onlar bunu asanlıqla edir, dərhal Rusiyanı ortaya atır. Onlar Rusiya əleyhinə mitinqlərin təşkilində belə, Moskvanı günahlandırırlar. Hər halda, bəzi qüvvələr ölkədə xaosun, qeyri-müəyyənliyin yaranmasında maraqlıdır. Onlar burada hakimiyyətə özlərinə tam sadiq, asanlıqla idarə edə biləəckləri qüvvələri gətirməyə çalışırlar.

Ermənistanın və Gürcüstan siyasi isteblişmentində kifayət qədər güclü mövqeyə malik erməni diasporunun maraqlarından danışmaq isə artıq olardı. Ermənilik bu iki qonşu və müttəfiq dövlətin arasında nifaq salınması arzusu ilə alışıb-yanır.

İstənilən halda, belə insidentlərin təkrarlanmaması ilə bağlı məsuliyyət məhz Gürcüstan hakimiyyətinin üzərindədir. Əks təqdirdə zərbə,ilk növbədə, Gürcüstanın dövlət maraqlarına dəyəcək.



MƏSLƏHƏT GÖR:

353