20 Aprel 2024

Şənbə, 04:40

YENİ ŞANS

“Qarabağ” ardıcıl altıncı dəfə avrokubokların qrup mərhələsinə adladı

Müəllif:

01.09.2019

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ardıcıl altıncı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. Bir dəfə Çempionlar Liqası, beş dəfə Avroliqada əsas mübarizəyə imkan əldə edən Qurban Qurbanovun komandası bununla yeni rekord müəyyənləşdirdi. 

Amma “Qarabağ”ın Avropa Liqasına gedən yolu heç də asan olmadı. Cari mövsüm mübarizəyə Çempionlar Liqasının ilk təsnifat mərhələsindən başlayan ölkə çempionu əvvəlcə Albaniyanın “Partizani” klubunu üstələdi. Ardınca İrlandiyanın “Dundalk” təmsilçisini mübarizədən kənarlaşdıran “Qarabağ” Kiprin APOEL komandasına uduzdu. Səfərdə 2-1 hesablı vacib qələbədən sonra evdə 2 cavabsız qolla məğlubiyyət bütün planları pozdu. Bu məğlubiyyətın ardınca ÇL-nı tərk edən ölkə çempionu Avropa Liqasında mübarizəni davam etdirdi. Pley-offda rəqib Şimali İrlandiyanın “Linfild” klubu oldu. Səfərdə 2-3 hesablı məğlubiyyətin ardınca Bakıda qazanılan qələbə təmsilçimizi Avropa Liqasına daşıdı. 2-1 hesablı qələbədə Xayme Romero və Abdullah Zubir qollarımızın müəllifi oldu. 

“Qarabağ” hazırda Azərbaycanın ən güclü futbol klubudur. Sadəcə, bəzi mühüm məqamları da qeyd etmək lazımdır.  "Qarabağ" cari avrokubok mövsümündən tamamilə başqa futbol oynayır. Daha baxımlı, daha rəngarəng, daha maraqlı. Buna qədər heç vaxt Qurban Qurbanovun komandası belə oynamamışdı. Çox sayda qol epizodları yaradılır, cinahlar hücumların yaranmasında 90 dəqiqə dayanmır, yalnız top saxlamağa aludə olunmur. Rəqibdən asılı olmayaraq çoxlu sayda təhlükəli vəziyyətlər yaradılır, münasib vaxtda bütün heyətlə hücuma keçirlər. Etiraf edək ki, bu il qarşılaşdığımız dörd rəqibdən üçü o qədər qorxulacaq komanda deyildi. Amma hər halda ölkələrinin çempionlarıdır, bu amil nəzərə alınmalıdır. Baxımlı oyun tərzi APOEL-lə matçda da dəyişmədi. Kiprlilərin də bəxti gətirdi. Epizodları təkrar izləyəndə istifadə etmədiyimiz imkanlar nəzərə çarpır. Demək olar ki, ölkə çempionu hücum futbolu oynayır və bununla uğur qazanır. 

Pley-offda “Linfild”lə Bakıdakı oyunda “Qarabağ” bir qədər ehtiyatlı davrandı. Son görüşdə köhnə "Qarabağ"ı xatırladıq. Təmkinli, çox  ehtiyatlı “Qarabağ”ı. İstənilən halda oyun unudulur, nəticə tarixdə qalır. Ən əsası da odur ki, ortada həmişə nəticə olub. Bu olduqca isə, hər şey ikinci plana keçir. 

Digər məqam “Qarabağ”ın bu dəfə daha çətinliklə qrupa düşməsidir. Sanki indiki komanda əvvəlkilərdən güclü deyil, müəyyən mənada hətta zəifdir. Amma təcrübə hesabına beşinci dəfə Avropa Liqasına vəsiqə qazanmağı bacardılar. Qrup mərhələsində çıxış edəcək “Qarabağ” mütləq heyəti gücləndirməlidir. Qapıda yalnız Vaqnerə güvənən Qurban Qurbanov onun zədələnəcəyi halda kimə etibar edəcəyi maraqlıdır. Şahruddin Məhəmmədəliyev siyahıda olsa avrokubok təcrübəsi çox azdır. Buna görə Avropa Liqasına yalnız bir əsas qapıçıyla yollanmaq səhv olar. Yeni transferlərdən Xayme Romero, Ailton, demək olar, uyğunlaşma dövrünü başa vurub. Bununla belə, Magaye Geyenin artıq çəki probleminin olduğu görünür. Bədavi Hüseynov, Filip Ozobiç, Dani Kintana kimi əsas futbolçuların zədələndiyini yada salsaq, transferlərin vacibliyi daha aydın hiss olunur. 

Ölkə çempionu beşinci dəfə Avropa Liqasına adlamaqla Azərbaycana yeni zəfər yaşatdı. Amma bu uğurla kifayətlənmək olmaz. General olmaq istəməyən əsgər heç vaxt irəli getməyəcək. Bu mövsüm heyəti gücləndirməklə qrupda ikinci yeri tutmağa çalışmaq lazımdır. “Qarabağ” növbəti dəfə üç yarışda eyni anda iştirak edəcək – ölkə çempionatı, kubok və Avropa Liqası. Deməli, Qurban Qurbanovun ən azı iki heyəti olmalıdır. Transfer barədə düşündüyü halda heyətə bir hücumçunun cəlb olunması mütləqdir. Avropa Liqasında uğur qazanmaq üçün qol vurmaq lazımdır, ona görə hücumçu məsələsi müzakirə mövzusu olmalıdır. Transferlər 10 gün ərzində reallaşacağı halda ilk oyunda onları iş başında görmək realdır. 

Növbəti dəfə Avropa Liqasına adlayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yetirmələrinin oyunundan razı qaldığını deyib: “Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildir. Bu, özü böyük uğurdur. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdur. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”. 

Qurbanov ilk dəfə qrupa düşdüyümüz ili də xatırlayıb. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi”, - deyə baş məşqçi bildirib. 

O, deyib ki, bütün dünya klubları indi transferlərdən şikayət edirlər: “Hətta “Real”, “Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindir. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindir. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik. Transferlər barədə daim düşünürük”. 

Heyəti gücləndirməklə həm də büdcəni möhkəmlətmək olar. Ağdam təmsilçisi cari mövsüm Çempionlar Liqasında (ÇL) iştirak üçün həmrəylik ödənişindən ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" daha 2,92 milyon avro  mükafat da əldə edib. Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro  alacaqlar. Qrup mərhələsində finala doğru irəlilədikcə mükafat məbləği də artacaq.  

Təəssüf ki, avrokuboklarda Azərbaycanın yalnız bir təmsilçisi mübarizəni davam etdirir. Digər klublarımız erkən mərhələdə uduzmaqla turniri tərk etdi. Debütant  “Səbail”, “Qəbələ” və gümüş medalçı “Neftçi” ümidləri doğrultmadı. Ardıcıl iki rəqibini məğlub edən “Neftçi” üçüncü mərhələdə İsrailin “Bney Yehuda” komandasına uduzmaqla Avroliqanı tərk etdi. Digər klublar elə ilk mərhələdəcə mübarizəni başa vurdular. 

 

Püşkün nəticəsinə görə, «Qarabağ» İspaniyanın «Sevilya», Kiprin APOEL və Lüksemburqun «Dyudelanc» klublarının da yer aldığı «A» qrupunda mübarizə aparacaq. Beləliklə, püşkdə «Qarabağ»ın bəxtinin gətirdiyini söyləmək olar. Komandanın Azərbaycan futbolu tarixində ilk dəfə qrupdan çıxmaq üçün real şansı var. «Qarabağ» qrupdakı rəqiblərini üstələmək gücündədir.



MƏSLƏHƏT GÖR:

304