25 Aprel 2024

Cümə axşamı, 13:56

HAZIRKI ERMƏNİSTAN ƏRAZİSİNDƏKİ AZƏRBAYCAN XANLIĞI

Əsrlər boyu müasir İrəvanın yerində olmuş, sonradan dağıdılmış İrəvan qalasının nadir eksponatları ilk dəfə Bakıda sərgilənib

Müəllif:

01.09.2019

Heydər Əliyev Mərkəzinin iki ekspozisiya bölməsində Gürcüstan Milli Muzeyinin Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” sərgisi çərçivəsində orta əsrlər Azərbaycan incəsənətinin Qacar sülaləsi dövrünə aid 300-ə yaxın eksponatı təqdim olunur. Bunların sırasına İrəvan xanlığının Sərdar sarayı kompleksinə aid rəsmlər, məişət əşyaları, qadın və kişi geyimləri, əsgər geyimləri, mebel, şahmat, oyun kartları, qadın baxım ləvazimatı, mətbəx əşyaları və Rusiya fotoqrafiyasının pioneri Dmitri Yermakovun (1846-1916) İrəvan xanlığı haqqında nadir foto sənədləri daxildir. 

İrəvan xanlığındakı Sərdar sarayının divarlarının kaşıları, dekorativ naxışları və yerdə qalan çox şey XIX əsrin əvvəllərində və ortalarında azərbaycanlıların yüksək yaşayış və mədəni inkişaf səviyyəsinə malik olmasını sübut etməklə yanaşı, həm də İrəvan xanlığında əsasən azərbaycanlıların yaşadığını göstərən artefaktlardır. Yermakovun Azərbaycan memarlıq irsinin planlı şəkildə məhv edilməsini yaddaşa köçürən foto salnaməsi – azərbaycanlı əhalinin İrəvan xanlığı ərazisində yerli olması faktının inkaredilməz sübutudur. 

İrəvanın mərkəzində yerləşən İrəvan xanının Sərdar sarayının kompleksi və digər orta əsrlərə aid Azərbaycan tikililəri, eləcə də bütün İrəvan qalası Ermənistan hakimiyyəti tərəfindən tamamilə dağıdılıb. Beləliklə, 20-ci əsrdə İrəvanın tarixi mərkəzi, çoxəsrlik memarlığı və mədəniyyəti məhv edilib.

 

Möcüzə nəticəsində saxlanılıblar 

“Tarixin inciləri” adlı sərginin eksponatları XIX əsrin birinci və ikinci yarısına aiddir. Yaxşı qorunub saxlanılan nadir əşyalar arasında keramika, metal qablar, «Quran» lövhələri, güzgülər, qadın zərgərlik əşyaları və kosmetika üçün kiçik sandıqçalar, milli Azərbaycan və fars geyimləri, XIX əsrin ortalarında zərif yundan və ipəkdən toxunmuş xalçalar, İrəvanın Qacar sülaləsi xanlarının portretləri, xanzadələrin, pəhləvanların, musiqi alətlərində çalan qadınlar, orta təbəqənin nümayəndəsi olan qadınların rəsmləri var. Bir sözlə, Azərbaycan rəssamının, milli pannonun yaradıcısı - Azərbaycan vizual sənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin diqqətini cəlb edən hər şey orda yer alıb. Onun yaradıcılığı Fətəli şahın hakimiyyəti dövrünə təsadüf edir. Yeri gəlmişkən, ekspozisiyada şahın özünün və rəssamın da portretləri var! Tarixçilərin və sənətşünasların fikrincə, Fətəli şah sənətin inkişafına böyük önəm verirmiş: xüsusilə, o dövrdə uzunmüddətli təbliğat funksiyası yerinə yetirən, hökmdarın nüfuzunu gücləndirən və əslində insan yaşamının anlarını zamanda sənədli qeydə alan təsviri incəsənətin inkişafına. Eyni sözləri həmin dövrün arxitekturası və memarlığı haqqında da söyləmək olar.

Sərgidə Yermakovun yalnız İrəvan xanlığının bənzərsiz memarlıq tikililərinin (Sərdar sarayının, məscidlərin, hamamların, karvansaraların və s.-in) ardıcıl məhv edilməsini sənədli təsdiq edən fotoşəkillərini görməklə qalmayacaqsınız. Burada həmçinin ermənilər tərəfindən dağıdılmış sarayın xarabalıqlarından əldə edilmiş boyalı divarların fraqmentləri, şahmatlar, naxışlı masalar, orijinal mətbəx əşyaları, paltar, xalçalar və s. də var.

 

Qiymətsiz miras

Azərbaycan xalqının mədəni və tarixi irsi Gürcüstan Milli Muzeyindəki daimi ekspozisiyanın unikal hissəsidir. Muzeyin kuratoru, tarixçi-professor Eldar Nadirzadə “İrəvan xanlığı: tarixi və mədəni profil” adlı kitab yazıb. Kitab Azərbaycan, rus və ingilis dillərində nəşr edilərək sərginin açılışında təqdim edilib. Ekspozisiya ziyarətçilər arasında çox populyardır. Salonlarını gəzərək bələdçilərin Azərbaycan dilində, fransızca və digər dillərdə Azərbaycanın tarixi və mədəni irsindən danışdıqlarını, İrəvanın da Qarabağ ərazisi kimi Azərbaycanın doğma torpağı olduğunu təsdiqləyən danılmaz faktları sadalayırlar. Bu sərginin maarifçilik dəyəri danılmazdır. Yaxşıdır ki, o, oktyabrın əvvəlinə qədər davam edəcək! Yəni həm tələbələr, həm də məktəblilər ona baş çəkməyə vaxt tapacaqlar. 

Əcdadlarının ətraf dünyanın estetik qavrayışına böyük önəm verərək, özlərini əhatə etdikləri maddi, mədəni və bədii dəyərləri öz gözləri ilə görmək onlar üçün çox maraqlı olar. Azərbaycanlıların XIX əsrin ortalarına aid məişət əşyalarına və geyimlərinə heyranlıqla baxan rusdilli turistlər məhz bu barədə müzakirələr aparırdılar. Beş nəfərlik qrupdakı kişinin peşəkar turist olduğu açıqca görünürdü. Öz dünyagörüşlərini genişləndirmək üçün səyahət edən insanları belə adlandırırlar. Elə ki, naxışlarla örtülmüş saray divarı parçasının qarşısında dayandılar, o, öz yoldaşlarına bildirdi ki, saray qalanın içərisində tikilib, öz mövcudluğu boyunca bir neçə dəfə sahibləri tərəfindən yenidən qurulub, haçansa saray kompleksinə güzgülü salon və yay iqamətgahı əlavə edilib. Sonra yoldaşlarına İrəvanın Qacar sülaləsi dövründə nə qədər zəngin olduğu barədə danışdı. Məlum olur ki, şəhərdə beş meydan, iki mədrəsə, yeddi karvansara, doqquz məscid, çox sayda hamam və mağazalar olub. Şəhər-qalaya giriş və çıxış üzərində aslan təsvirli bayraqlar asılmış üç qapıdan həyata keçirilib. O həm də qeyd edib ki, Səfəvilərin və Qacarların hərbi bayraqları oxşar olub, çünki hər ikisinin üzərində aslan və günəş təsvir olunub. Bayraqlar bahalı parçalardan düzəldilirmiş.

 

Ekspozisiya

Sonra bu turist qrupu sərginin düz girişində yerləşdirilmiş aslanın fotoşəklini çəkməyə getdilər. Yeri gəlmişkən, sərginin kompozisiya tərtibatını bu qədər ustalıqla və böyük zövqlə hazırlamış rəssamlara təşəkkür etmək lazımdır. Sərgiyə girdiyiniz andan ziyarətiniz başa çatanadək sizə elə gəlir ki, sarayın içərisindəsiniz və otaqlarını gəzirsiniz! İllüziya o qədər gerçək görünür ki, otağın sərin havasında oturmaq, divanda və ya yumşaq gözəl xalçanın üzərində dincəlmək istəyi yaranır.

“Tarixin inciləri” ziyarətçilərdə kəşf və estetik həzz hissi yaradır. Bu sərgiyə kimin gəlməsindən asılı deyil: istər şəhər sakinləri, şəhərin qonaqları və ya çoxsaylı turistlər olsun. Önəmli odur ki, onların həyatının bu səhifəsi gerçəklik işığına bürünmüş tarixi həqiqətlər və əşyalar barədə yeni məlumatlarla zənginləşib.

Sərgi bizi təhsil, maarifçilik və tərbiyəyönümlü yeni-yeni ekspozisiyalarla sevindirməyə davam edən Heydər Əliyev Mərkəzinin fəzasına ahəngdar şəkildə yayılıb. Bu da çox sayda insanın gərgin səylərinin nəticəsidir. O cümlədən Gürcüstan nümayəndələri böyük səy göstərib.

Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundovun sözlərinə görə, Gürcüstan Milli Muzeyində Azərbaycanla əlaqəli minlərlə tarixi və mədəni artefakt var. Bu barədə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildikdən sonra bu materiallar əsasında Bakıda möhtəşəm bir sərgi təşkil etmək qərara alınıb.



MƏSLƏHƏT GÖR:

401