28 Mart 2024

Cümə axşamı, 13:45

REKORD AMİLLƏRİ

Kənd təsərrüfatında liberallaşma və şəffaflığın yüksəldilməsi ölkə ÜDM-ində aqrar sektorun payının artırılmasına səbəb olur

Müəllif:

01.09.2019

2019-cu ilin birinci yarısı üzrə Azərbaycanda aqrar sektorda qeydə alınmış rekord artım göstəriciləri gözlənilən idi - qısa müddət ərzində bu istiqamətdə həm seqmentin ayrı-ayrı komponentlərinin idarəetmə sistemlərinin təkmilləşdirilməsi, həm də fərdi fermer təsərrüfatlarının fəaliyyətini stimullaşdıran əlavə rıçaqların yaradılması üzrə çox iş görülüb.

Bu istiqamətdə önəmli məqamlardan biri Prezident İlham Əliyev tərəfindən «Aqrar sığorta haqqında» qanunun təsdiq edilməsinin ardınca ilkin nizamnamə kapitalı 1 milyon manat olan Aqrar Sığorta Fondunun yaradılması, həmçinin aqrar xidmətlərin bütün spektrini əhatə edən «vahid pəncərə» sisteminin istifadəyə verilməsi oldu.

 

Bitkiçiliyin hesabına

“Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda sosial-iqtisadi sahə ilə bağlı iclasda çıxışı zaman bildirib.  

Yalnız taxıl istehsalı 40% artıb ki, əkin sahələrinin orta məhsuldarlığı 30 sentner /ha-dan çox olub. Ancaq elə təsərrüfatlar var ki, orada hektardan məhsuldarlıq 60 sentner və daha yuxarıdır. Digər məhsulların istehsalı da artıb: bostan məhsullarının istehsalı, təxminən, 40%, meyvə istehsalı 20%-dən çox, barama istehsalı 25%, tərəvəz istehsalı 14% artıb.

Kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, bu il rekord məhsul əldə etməyə imkan verən əsas amil doğru texniki təchizatın təmin olunması olub. “Belə ki, hər il bizim fermerlərdən bu sahə ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Ancaq yerləşdirmə sisteminin qurulması, özəlliklə çağdaş avadanlıqların istifadəsi, kombaynlara GPS quraşdırılması və onların düzgün yerləşdirilməsi nəticəsində bu il biçin 20 gün əvvəl başa çatdı", - deyə nazir bildirib.

Fermerlərin yeni texnika alması ilə bağlı daha bir vacib problemi də həll olunur. İ.Kərimovun sözlərinə görə, lizinq əməliyyatları sahəsində aparılan islahatlardan sonra bu bazarda tam liberallaşma müşahidə edilir. Dövlət güzəştləri və subsidiyalar artıq bütün təchizatçı şirkətlərə şamil olunur, bazarda texnikanın qiyməti, demək olar ki, 30% azalıb. Beləliklə, bu il 700-dən çox texnika vahidinin satılması təmin olunub və əvvəlki illərin imkanları da nəzərə alındıqda fermer təsərrüfatlarının kənd təsərrüfatı texnikası ilə təmin edilməsi səviyyəsini qənaətbəxş hesab etmək olar.

Bundan əlavə, gübrələrin əlçatarlığını təmin etmək üçün də işlər görülür, çünki fermerlər bəzən onları almaq üçün uzun yol getməli olurlar. Buna görə, bu ildən Kənd Təsərrüfatı Nazirliyi gübrələrin səyyar satışı, onların birbaşa fermerlərin həyətyanı sahələrinə və təsərrüfatlarına təhvil verilməsi üzrə işlər gerçəkləşdirib. Digər tərəfdən gübrələrin qiymətlərində də ciddi azalma olacaq.

Yeri gəlmişkən, islahatların əsas bəndlərindən biri də kənd təsərrüfatında rəqəmsallaşmanın sürətlənməsidir. Nazir İ.Kərimovun sözlərinə görə, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 300 mindən çox fermer artıq qeydiyyatdan keçib. Gələn ilin yanvar ayından subsidiyaların verilməsi tam elektron qaydada gerçəkləşdiriləcək. “Elektron əkinçilik sistemi həm də bizə fermerlərin əkinlərini öncədən planlaşdırmağa və proqnozlaşdırmağa imkan yaradacaq. Çünki onlar icbari qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər", - deyə nazir bildirib.

 

Aqrar ASAN xidmət  

Bütünlüklə, aqrar mütəxəssislərin ən aktiv fəaliyyəti fermerlərə dövlət subsidiyalarının verilməsinin liberallaşdırılması sahəsində müşahidə edilir. Məsələ bundadır ki, bu, məhz bürokratiyanın, süründürməçiliyin və korrupsiya elementlərinin ən çox qeyd alındığı sahədir. Buna görə, burada mənfi məqamları aradan qaldırmaqla, bütövlükdə kənd təsərrüfatının inkişafını xeyli sürətləndirmək mümkündür.  

Belə ki, əvvəl fermerlər subsidiya almaq üçün kənd icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin, həmçinin iki kənd ağsaqqalının daxil olduğu komissiyaya müraciət etməli idilər. Bu komissiya fermerin əkin sahəsinin qiymətləndirilməsini gerçəkləşdirirdi və subsidiyanın miqdarını müəyyənləşdirirdi. Sonra fermer üçün lazımi sənədlər hazırlanırdı və Dövlət Aqrar İnkişaf Mərkəzinə, oradan isə Kənd Təsərrüfatı Nazirliyi yanında Mərkəzi Komissiyaya göndərilirdi. Yəni sənədlər üç komissiyadan keçirdi.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, təbii ki, bu instansiyaların hansısa birində xətalara yol verilə bilirdi, bəzən komissiya üzvləri sənədlərdə öz kəndlilərinin xeyrinə, məsələn, 35 hektar əvəzinə 45 hektar yazırdılar.

Vəziyyət bir il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin şəhər və rayon idarələrinin bazasında dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) yaradılmasından sonra dəyişməyə başladı. Mərkəzlərdə fermerləri qəbul edəcəklər və bütün istiqamətlər üzrə işləri yerinə yetirəcəklər. N. Nəsirlinin sözlərinə görə, əvvəllər fermer rayonun müxtəlif yerlərində olan 4-5 ünvana getməli idi. “İndi bu strukturların hamısı DAİM-dg birləşib. Fermer öz problemini bir bina daxilində qısa müddətdə həll edir. Hər mərkəzdə subsidiyaların verilməsi daxil olmaqla 40-a yaxın xidmət göstərilir”, - deyə ekspert vurğulayıb.

Həmçinin dörd fərqli strukturun – Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin bir Aqrar Xidmət Agentliyində birləşdirilməsi qərara alınıb. Vətəndaş bu idarədə bütün növ xidmətləri ala biləcək, yəni əslində bu, fermerlər üçün bir növ ASAN Xidmətə çevriləcək.

Bundan əlavə, yeni subsidiya sistemi çərçivəsində fermerlər heç bir bürokratik gecikdirmə olmadan onlayn müraciət edə biləcəklər. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, məbləğin 70 faizi tədarükçülərə fermer kartları vasitəsilə ödəniləcək ki, bu kartlar da ilin sonundan fermerlərə paylanmağa başlayacaq. Bunlar subsidiyaların alınması üçün xüsusi bank kartlarıdır.  

"İndiki kartlar yalnız nağdlaşdırma imkanı verir, yeni kartlar həm nağd, həm də nağdsız ödənişləri təmin edir. Yalnız 25%-i nağdlaşdırmaq mümkün olacaq, qalan 75% isə nağdsız şəkildə aqrotexniki xidmətlərin haqqının ödənilməsi üçün verilir. Bu, həm də ölkədə nağdsız ödənişlər sisteminin inkişafına öz töhfəsini verəcək”, - deyə agentlik sədri vurğulayıb.

 

Yeni qaydalar  

Yeri gəlmişkən, məhz bu ilin yayından Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi üzrə yeni qaydalar müəyyən edilib. Bu qaydalara əsasən fermerlər üç növ subsidiya üçün müraciət edə bilərlər – əkinin aparılması üçün, aqrar məhsulların istehsalı üçün və toxum alınması üçün müraciət edə bilərlər. Əkinin aparılması üçün subsidiya fermerin əkin sahəsinin hər hektarı üzrə kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün lazım olan vəsaitin bir hissəsinin kompensasiya edilməsi üçün verilir. Məhsul üçün subsidiya isə tədarükçülərə göndərilən hər ton məhsul üçün əlavə bir əkin subsidiyasıdır.

“2020-ci ilin yanvar ayından etibarən subsidiyalar yeni sistem üzrə veriləcək. Bu, ilk öncə, məhsuldarlığı, məşğulluğu artırmağa, ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa, eləcə də kənd təsərrüfatı sahəsində ixrac potensialımızı artırmağa imkan verəcək", - deyə nazir İ.Kərimov bildirib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, kənd təsərrüfatı kooperativlərinə verilən subsidiyalar 50 hektardan çox ərazidə əkin aparılması üzrə, həmçinin çoxillik bitkilərin əkilməsi üzrə 10% artırılacaq. "Məntiq budur ki, fermerlər birləşəcək, birgə fəaliyyət nəticəsində istehsal xərcləri azalacaq və artan maliyyə imkanları məhsuldarlığa müsbət təsir göstərəcək", - deyə o vurğulayıb.

Yeri gəlmişkən, heyvandarlıq məhsulları istehsalçıları üçün sabit subsidiya dərəcələri müəyyən edilir. Sərəncama əsasən, hər sağlam dana üçün subsidiya 100 manat müəyyən edilir. Arıçılar üçün subsidiya hər arı pətəyi üçün 10 manat müəyyən edilir. Bu, 2023-cü ilə qədər hər il verilir. İpək lifləri üçün barama istehsal edənlər üçün subsidiya hər kiloqram barama üçün 5 manatdır. Bəlkə də, bu qaydalar heyvandarlıq sahəsində bu gün 3%-ə çatan artım sürətini yüksəldəcək.

Eyni zamanda, yeni qaydalar fermerlərin məmurlarla təmasını, vaxt itkisini və digər maneəçilik amillərini maksimum dərəcədə istisna edir - bütün proses elektron formada aparılır. 1 yanvar 2020-ci ildən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə subsidiyalar veriləcək. Sistemdə qeydiyyata düşməyən fermerlər subsidiya ala bilməyəcək. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin onlara çıxışını asanlaşdıracaq və vaxt itkisinin qarşısını alacaq.

İslahatların ardıcıl gerçəkləşdirilməsinin son məqsədi ölkənin öz istehsalı olan ərzaq məhsulları ilə təminat səviyyəsini artırmaqdır. Bundan əlavə, əlbəttə ki, kənd təsərrüfatının ölkə ÜDM-dəki ümumi payı artacaq. Bu pay bu gün 5,6%-ə çatır. İslahatlar kənd təsərrüfatına, nəhayət, ölkənin iqtisadi artım komponentləri arasında öz layiqli yerini tutmaqda yardımçı olacaq.



MƏSLƏHƏT GÖR:

321