20 Aprel 2024

Şənbə, 10:26

NEFT MANCANAĞI

Ekspertlərin proqnozu: «qara qızılın» qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 60 $-lıq qırmızı xətdən aşağı düşməyəcək

Müəllif:

01.09.2019

ABŞ və Çin arasında ticarət münaqişəsinin gərginləşməsi və dünya iqtisadiyyatının artım templəri üzrə həyəcanlı proqnozlar, həmçinin Vaşinqton və Tehran arasında münasibətlərin gərginləşməsi avqust ayında neft bazarına təsir edən əsas amillər olub. 

Dörd həftə boyunca əsas neft markalarının qiymətləri gah artım, gah da azalma istiqamətində dəyişsə də, «Brent» nefti üçün barelə görə 57-62 $ diapazonunda dəyişib. Düzdür, analitiklərin fikrincə, hətta dünyada gərgin geosiyasi durum fonunda neft qiymətlərinin kəskin düşməsi baş vermədi, səbəb hazırda neft bazarının balanslı olmasıdır və mövsümi tələbatın həmişəkindən artıq olmasıdır.

 

Anlaşma effekti

Avqustun 28-də axşam əqdlərinin nəticəsinə görə neft qiymətləri ABŞ Energetika Nazirliyi son bir həftə ərzində ölkədə enerji ehtiyatlarının kəskin azalması barədə məlumat yaydıqdan sonra artmaqda davam etdi. Londonun «ICE Futures» birjasında «Brent»in oktyabr fyuçersləri 1,29 dollar (2,17%) bahalaşaraq barel üçün 60,8 dollar oldu. Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI üçün oktyabr fyuçerslərinin qiyməti 1,43 dollar (2,60%) artaraq barel üçün 56,36 dollara çatdı.

Neft qiymətlərini dəstəkləyən digər bir mühüm amil də OPEK+ ölkələri arasında neft hasilatının azaldılmasına dair anlaşmanın imzalanmasıdır. Xatırladaq ki, ötən ilin dekabr ayında kartel ölkələri və OPEK-ə daxil olmayan ölkələr 2019-cu ilin birinci yarısında neft hasilatını 2018-ci ilin oktyabr səviyyəsi ilə müqayisədə 1,2 milyon barel/sutka azaltmaq barədə razılığa gəlmişdilər. Bu zaman OPEK üzvləri hasilatı 800 min barel/sutka (hər bir ölkənin hasilat həcminin 2,5%-i qədər), kartel üzvü olmayan ölkələri 400 min barelə qədər (hər ölkə üçün 2%) azaltmağı öhdələrinə götürmüşdülər. Anlaşmadan yalnız İran, Venesuela və Liviya azad edilmişdi. 2019-cu ilin iyul ayında Vyanada 24 OPEK+ ölkəsi anlaşmanın eyni şərtlərlə 9 ay (2020-ci il martın sonuna qədər) uzadılmasına qərar verdi.

OPEK+ Nazirlərinin Monitorinq Komitəsi (JMMC) avqust ayında açıqladı ki, kartel ölkələri, iyul ayında neft hasilatının azaldılması üzrə anlaşmanı 159% yerinə yetiriblər, iyun ayında bu, 137% olmuşdu.

"Ümumi yerinə yetirmənin bu yüksək səviyyəsi iqtisadi artımla bağlı davam edən narahatlığa görə bazarda müşahidə olunan qeyri-müəyyənliyi azaldır", - deyə komitənin açıqlamasında bildirilir.

JMMC həmçinin OPEK+ anlaşmasının işlək olması ilə əlaqədar 2019-cu ilin ikinci yarısında dünya üzrə neft və neft məhsullarının kommersiya ehtiyatlarının önəmli dərəcədə azalacağını gözləyir.

 

Qiymətli proqnoz

Bir tərəfdən, təbii ki, neftin barelinin 60 dollardan aşağı olan qiyməti neft istehsalçıları üçün elə də komfortlu göstərici deyil, çünki bu, neft gəlirlərinin səviyyəsinin azalmasına səbəb olur. Həm də qiymət diapazonunun daha da aşağı düşmə riski yetərincə böyük olur. Bununla belə, hər işdə bir yarar var - aşağı qiymətlər ABŞ-da şist nefti hasilatının azalmasına gətirir. WTI-nin dəyəri bir barel üçün, təqribən, 60 dollar səviyyəsində sabit olmalıdır, əks halda bu sektora sərmayə qoyuluşu azaldılmalı olacaq.

«BKS Qlobal Markets»in ekspertlərinin fikrincə, ABŞ-da neft hasilatının daha da artması üçün WTI markalı neftin qiymətinin artması tələb olunur, onun qiyməti isə ticarət müharibələri təhlükəsi fonunda tələbin pisləşməsi üzündən təzyiq altında qalıb.

"Bunun nəticəsi kimi, şist neftinin hasilatının tam maya dəyərinin səviyyəsi (bir barel neft üçün 56 dollar) nəzərə alınarsa, ABŞ-da hətta hasilatın, hətta orta dərəcədə artmasına, bizim fikrimizcə, inam azdır – işləyən qazma qurğularının sayının daim azalması dolayı yolla göstərir ki, həcmin artması getdikcə yerini maliyyə səmərəliliyinə can atmağa verir”, - deyə təhlilçilərin hesabatında vurğulanır.

Uyğun olaraq, ABŞ-da hasilatın, təxminən, 30%-ni təmin edən əsas şist neft istehsalçılarının proqnozları nəzərə alınarsa, 2019-cu ildə Ştatlarda istehsalın hazırkı səviyyəsinin yalnız bir qədər dəyişəcəyini gözləmək olar. "2020-ci ildə dinamika WTI markalı neftdən daha çox asılı olacaq ki, hasilatın stimullaşdırılması üçün də onun bir barelinin qiyməti 60 dollardan xeyli baha olmalıdır", - deyə bazar araşdırmaçıları bildirirlər.

Beləliklə, WTI üçün 2020-ci il üzrə sabit qiymətin bir barel üçün 65-70 dollar arasında olacağı proqnozlaşdırılır ki, bu da «Brent»in qiymətinin 70-75 dollar / barel səviyyəsinə uyğun gəlir.

Bununla yanaşı, «UBS AG» bankının analitikləri, qlobal yanacaq ehtiyatlarının azalması hesabına yaxın üç ay ərzində “Brent” markalı neftin qiymətinin bir barel üçün 65 dollar səviyyəsində bərpa olunacağını gözləyirlər. Ancaq mütəxəssislərin fikrincə, ticarət riskləri üzündən bu markanın qiyməti yenidən 62 dollara, 12 aylıq perspektivdə isə bir barel üçün 60 dollara enəcək.

«Fitch Solutions» şirkətinin analitikləri avqust ayında “Brent” markası ilə bağlı növbəti üç il üçün proqnozlarını aşağı salıb, çünki dünya ticarətindəki çəkişmələr bazar əhvali-ruhiyyəsinə və neftə fiziki tələbə təzyiq göstərməkdə davam edir. İndi ekspertlər gözləyir ki, «Brent»in qiyməti bu il üzrə, orta hesabla, 67 dollar, 2020-ci il üzrə 65 dollar və 2021-ci il üzrə 61 dollar olacaq. Əvvəllər proqnozlar bir barel üçün müvafiq olaraq 70, 76 və 80 dollar səviyyəsində idi.

«Morgan Stanley» mütəxəssisləri də «Brent» markalı xam neftin qiymətinin 2020-ci il üzrə bir barel üçün 60 dollar səviyyəsinə endiriblər və qeyd ediblər ki, OPEK ölkələri gələn il hasilatı daha önəmli dərəcədə salmalı olacaqlar.

Rusiya İqtisadi İnkişaf Nazirliyi də 2019-2024-cü illər üçün makroproqnozuna

«Urals» markalı neftin qiymətinin aşağı salınması istiqamətində düzəlişlər edib. "Qlobal iqtisadiyyatdakı daha zəif dinamika fonunda «Urals» markalı neftin qiymətinin bu ilin sonunadək bir barel üçün, təxminən, 57 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. İl üzrə, orta hesabla, bir barelin qiyməti 62 dollar olacaq", - deyə qurumun rəhbəri Maksim Oreşkin bildirib.

 

OPEK-ə güvən

Dünya arenasında bu cür aydın sezilən volatillik və qeyri-müəyyənlik fonunda neft bazarının getdikcə siyasi qarşıdurma və böyük güclərin rəqabət alətinə çevrilməsi ekspertləri məcbur edir ki, iqtisadiyyatı bu titrəmələrdən az və ya çox asılı olan ölkələrin daha çevik enerji siyasəti hazırlanmasının zərurətindən daha çox danışsınlar.

Bu, Azərbaycana da aiddir: neft qiymətləri hələ də ölkə iqtisadiyyatı üçün olduqca aktual mövzudur - dünya ticarət meydançalarında ssenarilərin dəyişməsi birbaşa dövlət büdcəsi gəlirlərinə, maliyyə dayanıqlılığına və bütünlükdə iqtisadi dayanıqlılığa təsir göstərir.

Dərc olunan məlumatlara görə, 2019-cu ilin birinci yarısında Azərbaycan 15,6 milyon tondan çox neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır. Bununla yanaşı, hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri, təxminən, 7,4 milyard dollar təşkil edib (azalma 8,6% olub). Gəlirin azalması 2019-cu ilin yanvar-iyun aylarında dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsi və OPEK+ anlaşması üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərə alınmaqla neft ixracının azalması ilə bağlıdır.

İlk başdan Azərbaycan öz enerji siyasətində OPEK ilə dostluğa əsaslanıb və bundan heç nə itirməyib - bir sıra ekspertlərin şübhə açıqlamalarına baxmayaraq, yuxarıda açıqlanan göstəricilər bildirir ki, kartel bu gün neft qiymətlərini tənzimləyən ən təsirli rıçaqdır. Uyğun olaraq, qurumun müzakirələrində və kluar danışıqlarında iştirak etmək imkanı ölkənin iqtisadi durumunun inkişafı üzrə planlar tərtib etməsi üçün çox dəyərlidir.

 

Asılılığın azaldılması

Hökumətin 2019-cu il büdcəsində neft qiymətlərini tənzimləməsinin vacibliyi barədə söhbətlərə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi, qiymətlərin Azərbaycan üçün bir barelin qiymətinin 60 dollara bərabər olduğu qırmızı xətdən aşağı qiymətə enmə ehtimalı çox azdır. Buna görə hökumətin ilin ikinci yarısında da bu rəqəmi saxlamaq qərarı, prinsipcə, doğrudur.

Digər tərəfdən 2015-2016-cı illər böhranından sonrakı dövrdə neft sektorundan asılılığı azaltmaq üçün bir sıra vacib addımlar atıldı, bunun sayəsində ixracatda qeyri-neft sektorunun xüsusi çəkisi artıq 10%-i keçdi.

“İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirdiyi müşavirədə bildirib.

Bununla yanaşı, önəmli bir göstərici də ölkənin qeyri-neft ixracatının artıq ümumi ixracdan geri qalmamasıdır və ilin birinci yarısının nəticələrinə görə onun payı 15%-ə bərabərdir və bu, qeyri-neft idxalının payından yüksəkdir.

“İqtisadi artım haqqında deyildi, bu, davamlıdır. Bütövlükdə 6 rübdür ki, ümumi iqtisadi artım, 10 rübdür ki, qeyri-neft sektorunda iqtisadi artım davam edir. Bu, onun davamlılığını göstərir", - deyə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov özəlliklə qeyd edib.

Ümumiyyətlə, ölkənin dövlət büdcəsi proqnozlarının ardıcıl yerinə yetirilməsi göstərir ki, neft qiymətlərinin nə qədər titrəməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı üçün narahatlığa səbəb yoxdur...



MƏSLƏHƏT GÖR:

295