20 Aprel 2024

Şənbə, 01:17

QAYNAR PAYIZ

Ermənistanın «məxməri inqilabi» hökuməti yaşamaq uğrunda savaşır

Müəllif:

01.09.2019

Ermənistanın baş naziri Nikol Paşinyan aşkar təxribatçı bəyanatlarını davam etdirir. Bu isə şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurur. Lakin onun bəyanatlarında məsələnin qoyuluşu özü absurddur. Paşinyanın fikirləri istər sağlam düşüncəyə, istər beynəlxalq hüquqa tamamilə ziddir. Görünən odur ki, Paşinyanın boşboğazlığı sırf daxili auditoriyaya hesablanıb və o, belə gedişlər etməklə yalnız öz maraqlarını qorumağa çalışır.

 

Paşinyanın «xam xəyallar»ı və Qarabağ sayıqlaması

Paşinyan «Qarabağ Ermənistanındır, vəssalam!» kimi səs-küylü bəyanatından az sonra daha bir «müdriklik» göstərib. Bu, «erməni demokratiyasının atası»nın daxili siyasi arenada istəyinə nail olmaq üçün istənilən faktı, həqiqəti təhrif etməyə hazır olduğunu göstərib. Bu «nailiyyət»in xarici siyasi müstəviyə niyə keçə bilməyəcəyi aydındır. İstər elmi-tarixi, istərsə də siyasi-hüquqi baxımdan cahillik sayılan belə bəyanatlar Ermənistanı bir qədər də dalana salır, onu daha təcrid vəziyyətə aparır. Üstəlik, bu açıqlamalar Azərbaycanın öz ərazisini erməni işğalından azad etmək üçün hərbi əməliyyatlara başlamağa yaxınlaşdırır.

Beləliklə, erməni səfirlər və konsulluq xidməti rəhbərlərinin illik toplantısında çıxış edən Paşinyan deyib ki, «sovet Azərbaycanı SSRİ-nin tərkibindən çıxdığı kimi, Qarabağ da sovet Azərbaycanını tərk edib». Azərbaycan Xarici İşlər Nazirliyi nəinki hökumət başçısına, hətta məktəbliyə belə, yaraşmayan bu «sayıqlama»ya ətraflı cavab verib. Sadəcə, Paşinyanın bu sözü onun peşəkarlıq səviyyəsini bir daha şübhə altına salıb.

Amma görünən odur ki, rəhbərlik etdiyi ölkənin «məxməri inqilab» liderlərinin vədlərinin əksinə olaraq, ümidsizlik, çarəsizlik bataqlığında boğulduğu bir şəraitdə peşə bacarığı məsələsi Paşinyanı o qədər də maraqlandırmır. Ekspertlər Ermənistana və Paşinyana siyasi baxımdan qaynar payız vəd edir. Qarşıdakı dönəmdə onun «Qarabağ klanı» ilə qarşıdurmasının daha da kəskinləşəcəyi gözlənilir.

Buna Ermənistanın hazırda həbsdə olan sabiq prezidenti Robert Koçaryanla bağlı vəziyyət də, şübhəsiz ki, öz təsirini göstərəcək. 2008-ci ilin 1 mart hadisələrilə bağlı mübarizənin dərinləşməsi Konstitusiya Məhkəməsində Koçaryanın təqibinə qarşı müqavimətin olduğunu açıq şəkildə ortaya qoyur. Məhz bu gərginliyin nəticəsində Konstitusiya Məhkəməsinə eyni vaxtda 2 sədr təyin olunub. Onların birini Paşinyan hökuməti təyin edib. İndi rəqibləri baş naziri qanunverici və icraedici hakimiyyətin ardından, məhkəmə sistemini də özünə tabe etməyə çalışmaqda günahlandırır. Amma Paşinyan üçün «Qarabağ klanı» ilə qarşıdurma onun siyasi mövcudluğu baxımından, həqiqətən də, həyati əhəmiyyət kəsb edir. Baş nazirin işğal olunmuş Qarabağın başına özünə loyal rəhbər gətirmək planları da buradan qaynaqlanır. Paşinyanın «DQR»in rəhbərliyinə əsas namizədi kimi, separatçı rejimin sabiq «müdafiə naziri» Samvel Babayanın adı çəkilir. Baş nazirin məhz Babayanın namizədliyi üzərində dayandığını düşünməyə əsaslar var. Yeri gəlmişkən, separatçı rejim növbəti «seçki»ni gələn ilə planlayır. Lakin Paşinyanın bu məsələdə son qərarı verməkdə nə qədər çətinlik çəkdiyi göz qarşısındadır. Məsələ ondadır ki, separatçı rejim «məxməri inqilab»ın iradəsinə boyun əyməyən gərginlik ocağı olaraq qalmaqdadır.

Paşinyanın bu savaşla bağlı əsas məşqi yəqin ki, «DQR»də «yerli özünü idarəetmə orqanları»na sentyabrda keçirilməsi nəzərdə tutulan «seçki» olacaq. Hər halda, baş nazir bu seçki ərəfəsində Koçaryan və separatçıların «prezident»i Bako Saakyanın tərəfdarlarına qarşı «partiya»nı son dərəcə çətinliklə təşkil edir. Bəlkə, «məxməri inqilab» liderinin zaman-zaman Qarabağın gələcəyilə bağlı demaqoq çıxışlar etməsi də bununla bağlıdır? Bəlkə, o, bununla sadəcə, «radikal» Qarabağ ermənilərini öz tərəfinə çəkməyə, «Qarabağ klanı»nı zəiflətməyə çalışır? İndi Paşinyan 20 illik «Qarabağ klanı» hakimiyyətinin ardından Ermənistanın başına keçməsində az rol oynamamış Sorosun institutlarına da ciddi dəstək verir. Burada da məqsəd eyni ola bilərmi?

 

Sorosdan qurtuluş yoxdur?

Avqustun 22-də Ermənistan hökuməti Dağlıq Qarabağda «yerli özünü idarəetmə orqanları»na keçiriləcək «seçki»nin müşahidə missiyası üçün maliyyə vəsaitinin ayrılması haqda qərar çıxarıb. Məsələn, bu iş üçün Soros Fondunun maliyyələşdirdiyi «Transparency International» təşkilatına 17 milyon 480 min dram ayrılıb. Yeri gəlmişkən, Paşinyan hakimiyyətə gəlişindən dərhal sonra «Transparency International»ın seçki proqramının koordinatoru Armen Qriqoryanı Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri təyin edib. Əslində, bu, Ermənistanın «məxməri hökuməti»nin geosiyasi mahiyyətini tam açıq şəkildə ortaya qoyur. Doğrudur, həyatı əsasən Rusiyanın hərbi-siyasi və iqtisadi dəstəyindən asılı olan Ermənistanın reallığı Paşinyan və ətrafını tezliklə Sorosun, yəni Qərbin nüfuz dairəsindən bir qədər uzaqlaşmağa vadar edib. «Yeni pöhrələyən» Paşinyanın bir anda sərt anti-Rusiya ritorikasını nəzərəçarpacaq dərəcədə yumşaltması da bunun göstəricisidir.

Bununla yanaşı, Ermənistan hökumətinin işğal olunmuş Dağlıq Qarabağda keçiriləcək «seçki»nin müşahidəsini sorosçulara həvalə etməsi göstərir ki, Paşinyanın Qərbin nəzarətindən çıxdığı haqda fikirlərin heç bir əsası yoxdur. Doğrudur, ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının yüksəkrütbəli nümayəndələri 1 ildən artıqdır, hakimiyyətdə olan Paşinyanı hələ də qəbul etməyiblər. Halbuki baş nazir az qala özünü dünya miqyaslı demokratiya etalonu sayır. Amma buna Trampın Sorosa münasibəti də səbəb ola bilər. Hər halda, ABŞ prezidenti yumşaq desək, bəyənmədiyi Sorosun Ermənistanda baş vermiş inqilabın təşkilində hansı rolu oynadığını yaxşı bilir.

İstənilən halda, Paşinyan üçün Qərbin aparıcı maliyyə mərkəzlərilə əlaqələrini ölkəsində getdikcə artan anti-Rusiya isteriyası, Rusiyanın Ermənistandakı rolu (Moskva Cənubi Qafqazdakı bu forpostunun təhlükəsizliyinin qarantıdır) ilə uyğunlaşdırmaq çox çətindir. Amulsar qızıl yatağı ətrafında getdikcə artan gərginlik də bu ziddiyyətin göstəricilərindəndir.

 

Mədən tapmacası

Amulsar qızıl mədənində geoloji kəşfiyyat işlərini 2007-ci ildən Böyük Britaniyanın «Lydian International» şirkətinin törəmə qurumu olan «Lydian Armenia» aparıb. 2015-ci ildə ona hasilata başlamaq üçün lisenziya verilib. Lakin ekoloqlar və sıravi vətəndaşların etirazları şirkətin işinə maneə yaradıb. Etirazçılar hesab edir ki, mədənin işlənməsi ətraf mühitə ciddi zərər vurur.

Ermənistanın İstintaq Komitəsi 2018-ci ilin iyulunda Təbiətin Mühafizəsi Nazirliyinin məmurları haqqında cinayət işi açıb – onlar Amulsar mədəninin istismarının ətraf mühitə vurduğu zərəri bilərəkdən gizlətməkdə ittiham olunurlar. Bunun ardından mədəndə işlər «Earth link & Advanced Resources Development» (ELARD) beynəlxalq təşkilatının vəziyyətlə bağlı ekspert qiymətləndirməsi açıqlamasınadək dayandırılıb. Ekspertlərin bu il avqustun 15-də verdikləri yekun rəydə isə bildirilir ki, Amulsar yatağının işlənməsinin ətraf mühitə vura biləcəyi zərəri bir sıra tədbirlərlə önləmək mümkündür. Ermənistan prezidenti Armen Sarqsyanın iqamətgahında keçirilən xüsusi iclasda baş nazir Paşinyan bu hesabata əsaslanaraq, yatağın işlənməsinin dövlətin maraqlarına uyğun olduğunu bildirib. Lakin Amulsar yatağında işlərin bərpasına etiraz edən fəal ekoloqlar dərhal İrəvanın mərkəzində etiraz aksiyasına çıxıblar. Hökumət aksiyanı yalnız polisin zor tətbiq etməsilə dağıdıb.

Ermənistan KİV-də yer alan iddialara görə, hökumətin mədəndə işlərin bərpası haqda qərar qəbul etməsinə korrupsiya faktı yol açıb. Hətta Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidməti qarşısında bununla bağlı araşdırmalara başlanılması məsələsini qaldırıb. Prokurorluq yatağın istismarı məsələsində korrupsiya halları ilə bağlı araşdırma aparılmasını vacib sayır.

Bundan başqa, son dövrlərdə «inqilabi» rəhbərlik arasında parçalanmalar haqda da məlumatlar yayılmaqdadır. Parlamentin Paşinyanın «Mənim addımım» blokundan olan bəzi deputatları baş nazirin prezident yanında keçirilmiş iclasda yatağın işlənməsinin vacibliyi haqda fikirlərinə etiraz belə edir.

Lakin Amulsarla bağlı tapmaca Paşinyanın qarşısına həm də xarici siyasi aspektdə çıxıb. ABŞ-ın yatağın məhz «Lydian» tərəfindən istismarını tələb etməsi çox şeydən xəbər verir. Vaşinqton hətta Ermənistana Qərb investisiyasının axını üçün bunu İrəvan qarşısında şərt kimi qoyub. Odur ki, Paşinyan Vaşinqtonun təzyiqi qarşısında tab gətirə bilmir. Üstəlik, o, cəmi bir il əvvəl «məxməri inqilab»ın qalib gəldiyi ölkədə investisiya bumunun yaşanacağını vəd edirdi. Amma bu investisiya bumu hələ də görünmür. Əslində, belə də olmalı idi. Azərbaycana təcavüzü üzündən regional inteqrasiya proseslərindən kənarda qalmış ölkəyə investisiya axını çətin məsələdir.

İndi Paşinyan Rusiyanın timsalında həqiqi bossu ilə Qərbin simasında arzulanan bossu arasında çabalamaqdadır. Rusiya Cənubi Qafqazın hələ də ona yarınmaqda olan ən yoxsul ölkəsindəki qızıl ehtiyatının Amerika və Britaniya biznesinin əlinə keçməsini qısqanclıqla qarşılayır. Paşinyan isə hələlik bu qısqanclığa necə reaksiya göstərəcəyini müəyyənləşdirə bilmir. 

Beləliklə, Paşinyan üçün payız həqiqətən çox qaynar başlayıb. Hələ ki bunun yalnız mövsüm anlamında deyil, həm də siyasi mənada payız olub-olmayacağını demək çətindir. İndi bir şey aydındır: Paşinyan üçün arzulanmaz olan ikinci variantın baş vermə ehtimalı yüksəkdir. Onun daxildə siyasi dividend qazanmaq üçün Qarabağ mövzusunda səsləndirdiyi bəyanatlara da bu kontekstdə yanaşmaq lazımdır. Görünür, Paşinyanın belə dividendlər qazanması üçün başqa yolu qalmayıb.



MƏSLƏHƏT GÖR:

304