22 Noyabr 2019

Cümə, 20:16

VALYUTA

MÜBARİZİN TALEYİ

Əhməd bəy Ağaoğlu ömrünün sonunadək Azərbaycanın gələcəyinə olan inamı itirmədi

Müəllif:

01.09.2019

“Bu il altmış yeddi yaşıma basdım. Altmış yeddi! Nə qədər çox! Bir az da artıq deyilmi?”… O anlarda zamanın çarpışmalarında keçən ömrünün xatirələri gözlərinin önünə sıralanmışdı. Altmış yeddi ilə sığdıra bildiyi böyük və bitib-tükənməz işlər Əhməd bəyin özünü belə heyrətləndirmişdi. 

İllər tarixə qovuşa-qovuşa ötüb keçməkdəydi. Əslində, Əhməd bəy üçün əlçatmaz olan yalnız köç edən illər deyildi. Dünyaya göz açdığı yurdu da indi ondan çox uzaqdaydı. Araya ayrılıq salan isə yalnız illər deyildi, Sovet hökumətinin çəkdiyi, keşiyində möhkəm dayandığı tikanlı məftillər idi...

Özü haqqında yazırdı Əhməd bəy: “1869-cu ildə Azərbaycanın Qarabağ vilayətində doğuldum. Atamın adı Haşım bəy, nəsil adımız Ağaoğludur. Babam torpaq sahibi idi”. Qarabağ... Əhməd bəyin nəzərində “...Şirvan ilə bərabər Azərbaycan türk mədəniyyətinin, türk musiqisinin, türk ədəbiyyatı ilə türk milliyyətçiliyinin də beşiyi” idi.

Xatirələri gözlərinin önündə dağ kimi ucalırdı. Zirvəsində Şuşa vardı. Qarabağın göz bəbəyi... XIX əsrin ikinci yarısının Şuşası... Bir tərəfində şeirli, musiqili, muğamlı, digər tərəfində dini, irfani söhbətlərlə, müzakirələrlə dolu məclislərin qurulduğu şəhər... Orda əsilzadə kimi dünyaya göz açmışdı Əhməd bəy. Oxumağı, yazmağı bacaran, ədəbiyyatı sevən, xalq musiqisini, xalq mahnılarını böyük həvəslə dinləyən atası Mirzə Həsən bəy, Sarıcallı elindən Rəfi bəyin qızı, incə ruhlu, zərif anası Təzə xanım vardı.

Uşaqlıq illərindən Əhməd bəyin həyat yolunu yönləndirən yalnız valideynləri deyildi. Elm və irfanı ilə Şuşada hörmət, ehtiram qazanmış ailəsində qaydaları müəyyənləşdirən çox sərt və zabitəli adam kimi xatırladığı böyük əmisi Mirzə Məhəmməd idi. Əhməd bəy ömrünün ilk çağlarını belə yada salırdı: “Elə gün olmurdu ki, evimizin geniş qonaq otağında bir çox elm və irfan əhli toplanıb plovla nargilə arasındakı fasilələrdə müxtəlif dini məsələlər ətrafında uzun-uzadı söhbət etməsinlər... Gənclik günlərimin hamısını elmi və irfani mücadilələr arasında keçirmək məcburiyyətində qaldım. O zaman hələ Azərbaycan türk ailəsi içində patriarxal adət-ənənələr hakim idi. Olduqca sərt və ağır xasiyyətli olan böyük əmim Mirzə Məhəmməd bütün ailə üzərində hakimi-mütləq idi. Onun hər sözü bərabər yaşayan və ən azından qırx adamdan ibarət olan bütün ailə üzvləri üçün bir qanun idi”. Əmisi Mirzə Məhəmmədin və onun qonaqlarının dini söhbətlərini dinləyə-dinləyə böyüyən Əhməd bəyin təhsili, gələcəyi barədə də fərqli olmayan bir qərar verilmişdi. Ailənin rəhbəri - əmisi bu zəkalı uşağın müctəhid kimi yetişməsini istəmişdi. Mirzə Məhəmmədin bu arzusuna qarşı çıxmaq müşkül məsələydi.

Şəhərdə yeni üsullu məktəb fəaliyyətə başlamışdı. Həmin məktəbin şagirdlərinə rus dili və dünyəvi elmlər öyrədilirdi. Ancaq o illərdə şuşalıların böyük əksəriyyəti hələ də köhnə tədris üsulunu övladları üçün daha münasib hesab edirdilər. Balaca Əhməd bəy də əmisinin qərarı ilə mollaxanada oxuyurdu. O, fars dilini məhəllə məktəbində öyrəndiyi vaxt ərəb dilindən də xüsusi dərs alırdı. Oxuduqlarını tez qavraması, istedad və həvəsi ilə böyük əmisinin bəzən təqdirini qazanırdı. Mirzə Məhəmməd qürurla: “Görəcəksiniz, bu oğlum, müctəhid olacaq!” - deyirdi. Amma çox keçmədi ki, anası və şəhər bələdiyyə idarəsində rəis müavini işləyən dayısı onun həyatını tamamilə dəyişəcək bir addım atdılar. Mirzə Məhəmməddən gizli Əhməd bəyi Şuşa şəhərindəki realnı məktəbə qoydular. Məsələnin üstü açılanda Mirzə Məhəmməd hiddətləndi. Ancaq Əhməd bəyin Şuşada vəzifə, nüfuz sahibi olan dayısı böyük əmisinin qılığına girə bildi.

Şuşa realnı məktəbi onun dünyagörüşünə, həyata baxışına yeni, fərqli istiqamət verdi. Orada yalnız təhsil almadı. Sonralar barəsində dönə-dönə yazacağı, danışacağı erməni ədavətinin, haqsızlığının da şahidi oldu...

Ermənilərin yaşadığı hissədə yerləşən məktəbdə dörd türk uşaq vardı, beşincisi Əhməd bəy oldu. Məktəbdə sayca çox olmalarından istifadə edən erməni uşaqları türk balalarına zülm edirdilər. O günlər Əhməd bəyin hafizəsində belə iz salmışdı: “Tənəffüsdə biz, beş türk uşağı, cəld tərpənib arxamızı divara dayamağı böyük bir fərasət hesab edirdik. Yüzlərlə erməni uşaqları birdən üzərimizə hücum edirdilər, birisi başımızdan papağı alıb atır, digərləri təpiklərlə dörd, beş altun qiymətində olan Buxara dərisini torpaqlar üzərində yuvarlayırdılar. Bəziləri qiymətli və çoxu dəvə yunundan tikilmiş paltarlarımızın ətəklərindən yapışırlar, o yan-bu yana çəkirlər, parçalayırlar, bəzəklərini sökürlər, müqavimət göstərmək istəsək, yumruq, şillə, təpiklər altında bizi əzirdilər. Bəzən birləşib üstümüzə bir böhtan atırlar, birləşib şahid olurlar. Bizi haqsız yerə cəzalandırırdılar”.

Günahsız ola-ola cəzalanmağın, böhtanın nə olduğunu ilk dəfə onda gördü. Mübarizliyini də elə o vaxt təsdiq etdi. Şuşa realnı məktəbində oxuduğu illər ömrünün ilk ciddi sınağı oldu. Orada böyük həyat dərsi aldı. Verilən işgəncələrə tab gətirməyən türk uşaqları məktəbi tərk etdilər. Əhməd bəy dözümlü çıxdı, təhsilini davam etdirdi. Bu müvəffəqiyyət həm də dözümünün, əyilməzliyinin, mərdanəliyinin ilk mükafatı oldu.

Şuşa realnı məktəbi Əhməd bəy Ağaoğlunun qarşısında yeni üfüqlər açdı. Həmin məktəbin altıncı sinfini bitirən Əhməd bəy sonuncu sinifləri Tiflis şəhərindəki 1 saylı gimnaziyada oxudu. Gimnaziyanı fərqlənmə diplomu və üç yüz rubl mükafatla bitirdi. O ilin yayını Şuşada dayısı ilə birgə yaylaqda keçirdi.

Gənc Əhməd bəy daha mükəmməl təhsil almaqda qərarlı idi. Məktəbdə aldığı yeni biliklər, ən əsası, rus dilini öyrənməsi isə cəsarətini artırırdı. Təhsilini davam etdirmək üçün böyük ümidlərlə Peterburq şəhərinə yollandı. Sənədlərini Mühəndis-Texniki İnstitutuna verdi. Ancaq orada oxumaq arzusu reallaşmadı.

1888-ci ildə Fransaya yolandı. Əvvəlcə “Kollec de-Frans”a qəbul olunaraq siyasi biliklər məktəbində oxudu. Sonra Parisdəki məşhur Sarbonna Universitetində təhsil aldı. Beləcə, Əhməd bəy Ağaoğlu Azərbaycandan təhsil üçün Avropaya gedən ilk gənc oldu.

O coşqun illərdən qalan xatirələr o qədər işıqlı idi ki... Fransa mühiti, dünya şöhrətli şərqşünas alimlər Ernest Rena və professor Ceyms Darmesteteri tanıması, Şərqin görkəmli nümayəndəsi Cəmaləddin Əfqani ilə qarşılaşması Əhməd bəyin həyata baxışında, siyasi-ictimai düşüncələrinin formalaşmasında xüsusi rol oynadı.

Əhməd bəy Ağaoğluya jurnalistika sahəsində ilkin təcrübələri də Fransada tələbəlik illərində məqalələrini çap etdirdiyi fransız mətbuatı qazandırdı. Ciddi qələm sahibi olduğunu elə ilk məruzə və məqalələri ilə təsdiq etdi.

Bu parlaq zəkaya malik gəncin böyük uğurlar qazana biləcəyinə əminliklə demişdi məşhur alim Ernest Renan: “Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar”. Edilən təklif, əslində, kifayət qədər cəlbedici idi və Əhməd bəyə Fransa kimi ölkədə rahat həyat, şöhrət vəd edirdi. Amma o dövrdə Azərbaycanın Əhməd bəy Ağaoğlu kimi təhsilli, millətinin, ölkəsinin tərəqqisi yolunda fədakarlıq göstərməyə qadir neçə ziyalısı var idi ki? Bu məsuliyyət və cavabdehlik duyğusu ilə müəlliminə cavab verdi: “Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm”.

Heyran qaldığı Qərbdən bütün dəyərləri və nöqsanları ilə birlikdə sevdiyi, özünü sevməyə məhkum etdiyi vətəninə 1894-cü ildə döndü. O, yalnız geniş savada, dərin biliyə malik gənc olaraq qayıtmadı. Hətta geyim-kecimi də dəyişmişdi. Elə buna görə Şuşanın “Firəng Əhməd”i oldu...

Milli qurtuluşa gedən yolda ilk addımlar cəmiyyətin savadlanması və mədəni inkişafı ilə atılmalı idi. Bunun üçün xalqın maariflənməsi Əhməd bəy Ağaoğlunun fəaliyyətində ön sırada dayanırdı. Azərbaycana qayıtdıqdan sonra bir müddət qubernatorluğun dəftərxanasında məmur işləməklə yanaşı, Şuşada fransız dilindən dərs dedi.

Vətənində həyata keçirəcəyi böyük işlərin sırasına qəzetçilik də daxil idi. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev onu maddi dəstək verdiyi “Kaspi”yə dəvət etdi. Həmin il Bakıya gələn Əhməd bəy hüquqşünas, diplomat, publisist Əlimərdan bəy Topçubaşovla birlikdə bu qəzetin həmredaktoru oldu. Eyni vaxtda Bakı realnı məktəbində fransız dili müəllimi işlədi.

1905-ci ilin aprelində “Həyat” qəzeti nəşrə başladı. Bu qəzetə qədər də islami dəyərlər, milli birlik ideyası tərəfdarlarından biri kimi çıxış etdiyinə görə Əhməd bəy Ağaoğlu haqqında danoslar yazılırdı. “Həyat”da dərc olunan yazıları isə düşmənlərinin sayını artırdı. Bu qəzetdə fəaliyyəti uzun sürmədi. 1905-ci ilin dekabrında baş redaktoru və sahib-imtiyazı olduğu “İrşad” qəzetinin ilk sayı işıq üzü gördü.

Həmin ilin martından ermənilər çar hökumətindən hər cür yardım alaraq türk-müsəlmnlara qarşı qırğınlar törədirdilər. Azərbaycanın vətənpərvər övladları münaqişəyə son qoymaq, təklənmiş, ağır bəlalara düçar edilmiş soydaşlarına dayaq durmaq, onların haqq səsini ucaltmaq üçün mücadilə aparırdılar. 1906-cı ilin fevralında Tiflisdə erməni-müsəlman sülh məclisinin toplanmasına qərar verildi. Əhməd bəy Ağaoğlu sülh məclisinə nümayəndələrimizin göndərilməsində, məclisin gedişatında müstəsna xidmətlər göstərdi.

Çarizmin və ermənilərin qəddar “Daşnaksütyun” partiyasının Azərbaycan xalqına qarşı soyqırımılar apardıqları vaxtlarda Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri “Difai” adlı özünümüdafiə təşkilatını yaratması oldu. Bununla, erməni-müsəlman qarşıdurmasının qarşısının alınmasında mühüm addım atıldı.

O, xalqının görən gözü, danışan dili idi. Buna görə varlığı Azərbaycanın düşmənləri üçün gözdağı idi. 1909-cu ildə təzyiqlər üzündən Türkiyəyə getsə də, həyatının ən böyük amalına sadiq qaldı, yenə Azərbaycan naminə çalışdı.

İstanbul Darülfünununda müəllimliyə başladı. Amma bir sahədə fəaliyyət göstərmək, sakit yaşamaq ona yad idi. Əhməd bəyin həyatı Türkiyədə də ziyalı, ictimai-siyasi xadim, türk vətənpərvəri, nəhayət, pedaqoq və jurnalist kimi mücadilələrlə keçdi. Həmin dövrdə Türkiyədə ictimai-siyasi hadisələr mürəkkəb idi. İstər-istəməz Türkiyədə ictimai proseslərə qoşuldu. “İttihad və tərəqqi” partiyasına daxil oldu.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması həm də Ə.Ağaoğlunun millətçilik, türkçülük, dövlətçilik ideyalarının həyata keçməsi demək idi. Buna görə də cümhuriyyətin hakimiyyətə gəlməsini böyük sevinclə qarşıladı. Həmin il Qafqaz İslam Ordusunun tərkibində, ordunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi vətənə gələn Əhməd bəy Ağaoğlu Gəncədə “Türk sözü” adlı qəzet təsis edərək onun iki sayını çap etdirə bildi.

Azərbaycan hökuməti çətin günlərini yaşayırdı. Müstəqilliyini, haqq səsini dünyaya bəyan etməyə çalışırdı. O zaman Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinə Əhməd bəy də daxil edildi. Ancaq ingilislər onun Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə getməsinə nəinki icazə vermədilər, hətta onu həbs edərək Malta adasına göndərdilər. Sürgün həyatı əzab-əziyyətlər içərisində keçdi. Həmin günlərdə Türkiyədə yaşayan ailəsi də ağır günlər yaşadı...

1921-ci ildə sürgündən qayıdan Əhməd bəy gənc Türk dövlətinin qurucuları sırasına qoşuldu. Ankaraya gələrək Atatürkün ən yaxın silahdaşlarından birinə çevrildi. O, iki dəfə - 1923 və 1927-ci illərdə Qarsdan millət vəkili seçildi. 1925-ci ildən 1930-cu ilədək qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs dedi.

Türkiyədə də jurnalistlik fəaliyyətini davam etdirdi, “Hakimiyyəti-milliyə” və “Tərcümani-həqiqət” qəzetlərinin redaktoru, “Türk yurdu” jurnalının yaradıcılarından biri oldu.

Həyatı mübarizələrdə keçdi. Türk millətinin bu böyük övladına, milli mücahidinə qarşı çar hökuməti kimi bolşeviklər də barışmaz oldular. Əhməd bəy Ağaoğlunu unutdurmağa çalışırdılar. Əsərlərini yasaq edirdilər. Çünki onun yazıları milli düşüncəyə, milli özünüdərkə, milli birliyə istiqamətləndirirdi. Bunlar Sovet hakimiyyətinin apardığı siyasətə zidd idi. Ancaq Azərbaycanın bir gün yenidən müstəqilliyini əldə edəcəyinə, o zaman hər kəsin tarixin səhifələrindəki yerində, olduğu kimi tanınacağına heç şübhəsi yox idi Əhməd bəyin. Bu inamı həyatının sonunadək itirməyəcəkdi... 

O, 1939-cu ildə yetmiş yaşında bu dünya ilə vidalaşacaqdı. Hələlik isə qarşısındakı vərəqdə özü ilə ömrünün altmış yeddinci ilinin haqq-hesabını çəkirdi: “Həm də pək uzun görünən bu altmış yeddi sənə şimdi mənim üçün göz yumub-açmaq qədər bir şey!.. Dimağımın milyonda birini doldurmayan kölgələr! Olub-bitən pək böylədir”. 



MƏSLƏHƏT GÖR:

22