20 Aprel 2024

Şənbə, 02:08

TOKİODAN TOKİOYA VƏSİQƏ

Cüdoçularımız Dünya çempionatından iki medalla qayıtdı

Müəllif:

15.09.2019

Azərbaycan cüdoçuları üçün ilin əsas yarışı Yaponiya paytaxtı Tokioda keçirildi. 147 ölkənin iştirak etdiyi dünya çempionatının həm də Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması rəqabəti daha da artırdı. İdmançılar medalla yanaşı həm də Tokioya yollanmaqdan ötrü lisenziya xalları uğrunda da yarışda bacarığını göstərdi. Azərbaycan millisi ilin əsas yarışından 2 medalla ayrıldı. 

İlk olaraq qadın cüdoçulardan ibarət yığmamızdan danışaq. Əksər vaxtlarda rəqabətə tab gətirməyən xanımlarımız mötəbər yarışda medalsız qaldı. Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian, İçinxorloo Munxtsedev, Günel Həsənli və İrina Kindzerska vaxtından əvvəl mübarizəni dayandırmaqla mükafatçılar sırasına düşə bilmədilər. Ümumiyyətlə, xanımlar həmişəki kimi böyük yarışlarda medal qazanmağa hazır olmadıqlarını göstərdilər. Ona görə medalsız qalmağımız gözlənilməz olmadı. Yalnız İrina Kindzerskanın medalsız qalması təəccübə səbəb oldu. Stabil çıxışıyla diqqəti cəlb edən Kindzerska 78 kq-dan yuxarı çəkidə güclülərdən hesab olunur. Tokiodakı mundialda isə İrina Kindzerska yığmanın lideri statusunu doğrultmadı. 

Kişi cüdo komandamız minimum məqsədə nail oldu. Davud Məmmədsoy karyerasının ilk böyük yarışında uğur qazanmadı. 66 kq-da Nicat Şıxəlizadə yarışa yaxşı başlasa da, həlledici mərhələdə qələbənin davamını gətirə bilmədi və mükafatçılar sırasından kənarda qaldı. Böyük ümid bəslədiyimiz 90 kq-dakı cüdoçumuz Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) medalçılar sırasında yer almadı. Cüdoçularımızın fiziki hazırlığı lazımi səviyyədə olmadığı hiss olundu. Həlledici görüşlərdə sona qədər fənd nümayiş etdirməkdə çətinlik çəkən idmançılarımız rəqabətə dözmədi. 

Sevindirici məqam 73 kq-da Azərbaycan derbisinin baş tutması idi. Dünya reytinqində yüksək pillələrində yer alan Rüstəm Orucovla Hidayət Heydərov növbəti dəfə favorit olduqlarını nümayiş etdirdi. Hərəyə üç qələbə qazanan cüdoçularımız yarımfinalda bir-birinə rəqib oldu. Qələbə qazanan Rüstəm Orucov finala adladı. Təsəlliverici görüşlərə qatılan Hidayət Heydərov tacikistanlı Somon Mahmadbekovla üz-üzə gəldi. Rəqibini əlavə vaxtda məğlub edən Heydərov bürünc medal qazandı. Bu, həmçinin Azərbaycan cüdoçularının Dünya çempionatında ilk medalı oldu.

Təəssüf ki, Orucov qələbənin davamını finalda da gətirə bilmədi. 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançımız yaponiyalı Ono Syoxeylə qarşılaşdı və rəqibinə ipponla uduzdu. Ümumilikdə, 1 gümüş və 1 bürünc medal qazanan cüdo yığmamız komanda hesabında 11-ci yeri tutdu.

Rüstəm Orucovun Yaponiya cüdosunun gənc istedadı Ono Syoxeyə növbəti dəfə uduzması müzakirə olunmalıdır. Orucov Avropa çempionatının qalibi, Olimpiya Oyunlarının gümüş medalçısıdır. Son illərdə mötəbər yarışların finalında Onoya məğlubiyyəti artıq psixoloji sindrom yaradıb. Rüstəm sanki Onoya qarşı qələbə qazanmağın yolunu tapa bilmir. Finalda da açıq mübarizədən yayınsa da fəndə düşdü. İdmanda məğlubedilməz idmançı olmur. Amma hazırlıqsızlıq olanda qələbə idmançıdan uzaqlaşır. Rüstəm Orucov kimi idmançı Dünya çempionatında yalnız qızıl medalla kifayətlənə bilər. Rio-2016-dan sonra Tokioda da Onoya məğlubiyyət Rüstəmi ciddi düşündürməlidir. Gələn il Yaponiyada keçiriləcək olimpiadada Ono növbəti dəfə çempionluğa real namizəd olacaq. Çempion olmaq istəyən Rüstəm mütləq əsas rəqibini təhlil etməli və onu məğlub etməyin yollarını axtarmalıdır. 

Rüstəm Orucov Dünya çempionatının finalında yerli idmançı Şohey Onoya məğlubiyyəti şərh edərkən belə deyib: “Finalda uduzmağıma rəğmən, evə medalla döndüyüm üçün xoşbəxtəm. Çox yoruldum, ancaq növbəti yarışlara hazırlaşacağam. Ono ilə qarşılaşmam 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakının təkrarı idi. Mən hazır idim, ancaq o, güclü idmançıdır. Bir neçə dəfə görüşsək də, Onoya qalib gələ bilməmişəm. Gələcəkdə bunu dəyişəcəyimə ümid edirəm. Biz onunla kiçik yaşlarımızdan güləşirik. Bu rəqabətin məni şux saxlamasına görə xoşbəxtəm. Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşmağı davam etdirəcəyik. Növbəti dəfə qələbənin mənim olacağına inanıram”. 

Cüdo millisinin Dünya çempionatındakı çıxışını təhlil etdikdə 73 kq-dakı idmançılarımız barədə xüsusi danışmalıyıq. Həm Rüstəm Orucov, həm Hidayət Heydərov dünyanın ən güclüləri sırasındadır. Amma olimpiadada Azərbaycanı hər çəkidə yalnız bir idmançı təmsil edə bilər. Ona görə seçim edilməlidir. Azərbaycan Cüdo Federasiyası qərarı daha əvvəl açıqlamalıdır. Çünki digər cüdoçumuz çəkini dəyişdirməyə məcbur olacaq. Buna görə ona olimpiadaya hazırlaşmağa vaxt lazımdır. Hər iki idmançımız Tokio-2020-də medal qazanmağa iddialıdır. Lakin milli komandanın digər üzvləri barədə bu fikri söyləmək çətindir. Öz çəkilərində ölkənin ən güclüsü sayılan Məmmədəli Mehdiyev, Elmar Qasımov kifayət qədər beynəlxalq təcrübəyə malikdir. Onlar mütləq şəkildə Tokio Olimpiadasına ciddi hazırlaşmalıdır. Məşqçilərin fiziki hazırlığa daha böyük önəm verəcəyi xüsusi vurğulanmalıdır. Yaponiyadakı Dünya çempionatında da fiziki hazırlıq baxımından problemlərin olduğu hiss olundu. Məhz buna görə bu məqamı xüsusi vurğuladıq. Olimpiadaya hazırlaşacaq heyətdə təcrübəli Orxan Səfərov, gənc və iddialı Kəramət Hüseynov da olacaq. Ona görə təlim-məşq toplanışında rəqabət qaçılmazdır. 

Qeyd edək ki, cüdo növündə Yay Olimpiya Oyunlarına lisenziya xalları sayəsində vəsiqə verilir. İlboyu beynəlxalq yarışlarda iştirak edən idmançılar xal toplayır və sonra lisenziya qazanır. Cüdoçularımızın potensialını nəzərə alaraq kişilərin komandasında olimpiadada bütün çəkilərdə təmsil olunacağımızı proqnozlaşdırmaq olar. Qadınların mübarizəsində isə üç idmançımızın lisenziya qazanacağına ümid var.



MƏSLƏHƏT GÖR:

293