25 Aprel 2024

Cümə axşamı, 14:28

ZAMAN, İNSAN, RƏSSAM

Bakıda rejissor Murad İbrahimbəyovun sənədli filmləri təqdim edilib

Müəllif:

15.09.2019

Murad Maqsud oğlu İbrahimbəyov. Daha çox VQİK kimi tanıdığımız Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Rejissor, ssenarist, aktyor və yazıçıdır. Yaradıcılığına bədii filmlər, sənədli filmlər, oynadığı bir neçə rol, yazdığı povest və qısa hekayələr daxildir. Müxtəlif beynəlxalq kinofestivalların çoxsaylı mükafatlarını, o cümlədən ən yaxşı sənədli filmə («Neft») görə «Nika» mükafatını (2003) və «İnsan» trilogiyasına görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına (2019) sahibdir. Murad İbrahimbəyov üçün ötən yay iki hadisə –Bakı Kino Evində onun “İnsan” və “Mənim Dağıstanım. Etiraf" sənədli filmlərinin təqimatı ilə yaddaqalan olub.

 

«Neft» trilogiyası

Ötən əsrin əvvəlləri. Elektrik qatarı. İnsanlar: çadralı qadınlar, kişilər. Titrəyən kadrlar: at ağır bir yerişlə dövrə vurur ki, yerin dərinliyinə uzanan mexanizmi fırlatsın, ordan isə qara lehməli məhlul axır. Neft! Beləliklə, trilogiyanın ilk filmi başlayır, bu filmdə ardıcıl bir mətn yoxdur, ancaq inandırıcı, dolğun, ifadəli-emosional kino ardıcıllığı rejissorun düşüncəsini ən kiçik xırdalığına qədər oxumağa imkan verir. Rus sovet yazıçısı, nasir Boris Pilnyakın Abşeron neftinin çıxarılması ilə bağlı təsvirləri yadınızdadırmı? “Burada yerdən neft çıxarırlar. Atəşpərəstlərin ibadətgahında əsrlər boyu yanan alov indi yaxınlıqdakı fabrikdə benzinə çevrilir. Buraya, bu qədim yerlərə, Xəzərin Abşeron döngəsinə, uzun bir zaman üçün yüz minlərlə insan, fəhlə və mühəndis - ruslar, ukraynalılar, azərbaycanlılar, iranlılar, türklər, almanlar dərinlikləri fəth etmək üçün gəlir...»

Yazıçı yerin dərinliklərinə nüfuz etməyi və özünə tabe etməyi bacaran insandan bəhs edib. XXI əsrin əvvəllərində isə rejissor Murad İbrahimbəyov neftlə insanlıq arasındakı əlaqəni əks tərəfdən nəzərdən keçirir: neftin gücü tədricən İnsanı özünə qul edir.

"Qara qızıl" yalnız tərəqqinin hərəkətvericisi olmaqla qalmır, həm də insanın özünü hədəfə almış bir məqsədə çevrilir. Artıq bəşəriyyət acgözlüklə yerin dərinliklərini "sorur", oradan getdikcə daha çox qara yağlı maye çıxarır! Bu qara, qatı yağlı maye insanlar üzərində elə bir hakimiyyət əldə edib ki, bütün tarixi çağlarda insanlardan heç biri elə bir gücə sahib olmayıb! Rejissorun müxtəlif dövrlərin salnaməsindən yararlanaraq "şi you"nun şüurlu insanın yalnız məişətinə deyil, həm də şüurunda yer almasını izləyən düşüncələri də bu barədədir ("şi you" çincə dağ yağı deməkdir - çinlilər hələ e.ə. 347-ci ildən çıxardıqları ilk nefti belə adlandırırdılar). Bunun necə baş verməsini rejissor trilogiyasının ikinci filmində izləyir.

 

«Sivilizasiya»

İnsanlar nefti qədim zamanlardan tanıyır. O, qədim Babildə, qədim Misirdə və Bizansda istifadə edilib. Yolların, binaların tikintisi zamanı, gəmilərin hermetikləşdirilməsi, binaların işıqlandırılması və qızdırılması üçün və s. üçün istifadə edilib. 20-ci əsrin insanları yetərincə irəli getdilər və nefti həyatlarının bütün sahələrində texnologiyaların inkişafı üçün güclü bir hərəkətvericiyə çevirdilər. 

Pilnyakın "Küləklər şəhəri"ndən sitat: "Zira insan sivilizasiyasının indiki benzin və mazut dövründə - benzin, mazut, qazolin, hudron, liqron, maşın yağı, sabun naftası, parafin, asfalt - təyyarələri göyə qaldırır, gəmiləri okeanların üstü ilə hərəkət etdirir". 

Lakin bu romanı yazarkən müəllif hələ bilmirdi ki, sadalananlardan başqa bəşəriyyət həm də tanklar, sualtı qayıqlar, raketlər və Allah bilir, başqa nələr

icad edəcək və silahlanacaq! Yalnız dinc məqsədlər üçün istifadə edilsəydi, o zaman nefti İnsanı yüksəldən bir maddə kimi nəğmələrdə vəsf etmək olardı. Amma yox! İnsanlıq neft sınağından çıxa bilmədi. 

O, üstün gəldi və qeyri-kamil bir insanın ruhu ilə qeyri-bərabər bir döyüşdə qalib gələrək Şüurlu İnsanı öz quluna çevirdi. Neft insanın şüurunu idarə edərək onu özünüməhvetmə alətinə çevirdi. Bu barədə - sənədli filmin üçüncü hissəsində.

 

«İnsan» 

Özünü məhv etmək baxımından insan ağlının yaradıcılıq imkanları misilsizdir. Yerin dərinliklərinə sahib olmaq üzrə özün kimilərinə qarşı mübarizə aparmaq üçün silahlar kifayət deyil. Neft özünə bənzərləri məhv etmək üçün Şüurlu İnsanı yeni "qəhrəmanlıqlara" yönəltdi - konslagerlər, atom bombaları və s. yarandı. Sanki qulaqlarına pıçıldayır: "Get və öldür!", "Get və götür!", "Götürdüyün hər şey sənin olacaq!" Belə olan halda, neftin bəşəriyyəti şeytani güclə və yeniliklərlə idarə etməyi bacaran canlı energetik substansiya olduğunu iddia edən ezoteriklərə necə inanmayasan? Uşaqlar və yaşlılar, kişilər və qadınlar bu ehtirasa qurban verilir və bəşəriyyət irqi, milli və dini zəmində fiziki məhv faktını ifadə edən yeni bir söz icad edib. 

Bu - soyqırımıdır! Sonra daha konkret anlayışlar ortaya çıxdı - Holokost, etnosid, talan, moriori, hərbi cinayət, hinduların soyqırımı, Şimali İraqdakı kürd əhalisinin məhv edilməsi, Xocalı və Dağlıq Qarabağ sakinlərinin məhv edilməsi, Ruandada kütləvi qırğın, Bosniya müsəlmanlarının qətliamı. Sonra hara olacaq? Amma yox! Bəşəriyyət planeti viran edə bilən şeyləri icad etməyə və artırmağa davam edir! Özünü məhv etmək tutqusu heç də keçmişdə qalmayıb. O, neft kimi yaşardır. Və burada son olmasa idi, bərabərlik işarəsi qoymaq olardı. Qadın bətnindəki dölətrafı mayedə olduğu kimi Dünya okeanında yeni bir həyat ortaya çıxır! Budur, Körpə inamla və gözəl şəkildə kameranın obyektivinə doğru hrəkət edir və gözlərini geniş açaraq biz baxır, sanki soruşur: "Sonra nə olacaq?" Gerçəkdən, nə olacaq? Bəlkə də, məhz indi - özünün "uğurlu" deqradasiya dövründə dünyanı xaosa bürümüş bəşəriyyətin dayanmasının vaxtı çatıb. Əks təqdirdə, hər şeyi yenidən sıfırdan başlamaq lazım gələcək. Adəm və Həvvadan. Bəlkə də, Qurban Səid romanının bütün neft quyularını torpaqla doldurmağı və həmin torpaqlarda buğda əkməyi arzulayan qəhrəmanı haqlı idi ki, ondan sonra neftə can atan və müharibələr törədən hər bir kəs bu arzusundan birdəfəlik əl çəksin…

 

«Mənim Dağıstanım. Etiraf»

Dağıstandan olan məşhur sovet şairi Rəsul Həmzətov haqqında film çəkmək təklifi, Murad İbrahimbəyovun sözlərinə görə, tam yerinə düşdü. O, istənilən bir sənətkar kimi böhran içində olub. Layihə üzərində iş onun yaradıcılıq və peşə həyatına çox sayda yeniliklər və maraqlar gətirdi. İşin gedişində o, Qafqazı daha yaxşı tanıdı, onun daha öncə heç ağlına gəlməyən özəlliklərini özü üçün açdı. 

Rüstəm İbrahimbəyovun Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovla birgə yazdığı ssenarinin əsasında Rəsul Həmzətovun “Mənim Dağıstanım” kitabı dayanıb. Şair, yazıçı, publisist Rəsul Həmzətov Xunzax rayonunda Sada dağ kəndində anadan olub. Film Həmzətovun 90 illik yubileyinə həsr olunub.

Çəkilişlər şairin doğma kəndində, Mahaçqalada və Dərbənddə baş tutub. Filmdə aktyorlar Hacı İbrahimov, Hüseyn Qazıyev, Xadijat Camaludinova, Vaxtanq Kikabidze və başqaları çəkiliblər. Kadrarxası səs SSRİ xalq artisti Vasili Lanovoya məxsusdur. Demək lazımdır ki, bu, sadəcə bir səs deyil. Bu, canlı real personajdır. Adama elə gəlir ki, bu, Lanovoy ilə dost olan Rəsul özüdür, tamaşaçılarla səmimi, etibarlı söhbət aparan, təkcə özü haqqında deyil, dağlı olmağın nə demək olduğu barədə danışır. Sanki, yalnız bu filmi izlədikdən sonra Rəsul Həmzətovun poeziyasını başa düşməyə başlayarsınız.

 

Dağlının şərəf məcəlləsi 

Ssenarist və rejissor hiss etdirmədən bizi Rəsulun düşüncə və hisslərinin ardınca aparır. O, sanki səninlə danışır, vətəni, anası, atası, dostları, sevgi yaradan qadınlar, sevimli həyat yoldaşı Patimat və s. barədə düşüncələrini və hisslərini məhz sizə etibar edir. Birdən anlayırsınız ki, dağ insanının atadan oğula ötürülən mənəviyyat məcəlləsi yalnız gözəl sözlər deyil, həm də bir üslub və həyat tərzidir. Bir dağlının həyatında heç nə təsadüfi deyil: nə göydə uçan quş, nə yeni doğulmuş uşağın beşiyindəki yazı, nə də ruhun çırpıntısı ilə doğulan bir fikir.

Kişiyə çevrilən bir oğlan necə böyüyür? Evi və ailəsi, dostları və vətəni üçün məsuliyyətinin dərəcəsini və ölçüsünü bilən bir kişi necə yaşlanır? Rəsul Həmzətovun - XX əsrin şairinin və nasirinin fikir və düşüncələri bu haqdadır, bunlarla o, bizə dağ xalqının ruhunu, onun mental xüsusiyyətlərinin təbiətini açır. 

Şair dünyası və insanın dünyası burada birləşərək tamaşaçıları dostlara, həmsöhbətlərə çevirir. Bədii sənədli film, film-portret, bir araşdırma filmi - “Mənim Dağıstanım. Etiraf" filmi məhz budur. Hələ də Şimali Qafqaza sirli, qorxulu dünya kimi baxan milyonlarla tamaşaçının gözündə Dağıstanı kəşf edən rejissor və ssenarist üçün bu, şübhəsiz, uğurdur. Çiyinlərində silah daşıyan saqqallı dağlılar barədə miflər hələ Lermontov dövründən var. Filmin müəllifləri Hamzətovun yaradıcılığının dəstəyi ilə bu qəliblənmiş mifi dağıtdılar.

Bu, Dağıstan şairi haqqında çəkilmiş tək film deyil. Ancaq bizim həmyerlimizin filmi onun barəsində ifadəli bədii ümumiləşdirmə: Zaman - İnsan - Rəssam səviyyəsinə qalxaraq, sadə bir tərcümeyi-hal hekayəsindən kənara çıxmağı bacaran yeganə filmdir.



MƏSLƏHƏT GÖR:

293