19 Aprel 2024

Cümə, 12:45

GƏLƏCƏK ARTIQ GƏLİB

Azərbaycanda qeyri-nağd ödənişlərlə bağlı yeni mexanizmlərin tətbiqi sürətlənir

Müəllif:

15.09.2019

Real vaxt rejimində gələcəyi müşahidə etmək maraqlı hissdir… Söhbət heç də kosmosun mənimsənilməsi və yeni qalaktikanın aşkara çıxarılması ilə bağlı qlobal nailiyyətlərdən getmir. Məişətdə cəmi bir neçə il əvvəl mümkünsüz görünənlər bu gün adi hala çevrilir. Kompüterin qarşısından və ya telefondan «qopmadan» alış-veriş? Əlbəttə. Elektron vəsaitlə ödəniş? Problem deyil. Bank kartı əvəzinə mobil telefondan, yaxud hətta «ağıllı saat» və ya üzükdən istifadə? Artıq dünyanın bir çox ölkəsində yayılmış bu «möcüzə»lər indi Azərbaycan banklarının müştəriləri üçün də əlçatan vasitəyə çevrilir.

 

Smartfonda kart

Üzərinizdə smartfon varsa, bank kartını rahatlıqla evdə «unuda» bilərsiniz. Bu sistem tokenizasiya adlanır. O, istifadəçinin kart məlumatlarını şifrələyir. Bu texnologiya əməliyyat zamanı kartın bütün məlumatlarının şifrələnməsini nəzərdə tutur. Bu, tranzaksiyanın təhlükəsizliyinin təminini xeyli asanlaşdırır. Tokenizasiya həm də kartların istifadəçinin mobil telefonuna «köçürülməsi»nə də imkan verir və nəticədə, üzərinizdə bank kartı gəzdirmək kimi məcburiyyətiniz olmur. Bu yeni xidmətdən istifadə etmək üçün «Visa» kart sahiblərinin NFC modullu smartfona ehtiyacı var.

«Visa» beynəlxalq ödəniş sisteminin təşəbbüsü və bilavasitə iştirakı ilə sentyabrda Azərbaycanda bu sistemin istifadəsilə bağlı ilk layihəyə start verilib. Hələlik ona yalnız 1 bank cəlb edilib – Azərbaycan Beynəlxalq Bankı (ABB). Lakin tezliklə sistem bütün ölkəni əhatə etməlidir.

Söhbət nədən gedir? «Visa»nın Ukrayna, MDB dövlətləri və Cənub-Şərqi Avropa üzrə rəqəmsal məsələlər direktoru Aleksandr Stelmax layihənin təqdimat mərasimində istifadəçinin sistemdən necə yararlana biləcəyini açıqlayıb. Bunun üçün strukturuna görə ənənəvi mobil bank əlavəsinə çox bənzəyən xüsusi əlavəni (məsələn, ABB üçün bu, «IBA Pay»dir) yükləmək, kartın nömrəsini və mühafizə kodunu proqrama daxil etmək kifayətdir. Bununla istifadəçi bank kartının əvəzinə asanlıqla öz mobil telefonundan istifadə edə bilir. Maraqlıdır ki, qeyri-nağd ödənişlərin smartfon vasitəsilə həyata keçirilməsi üçün internetə belə, ehtiyac yoxdur – bütün bu işləri offline rejimində görmək mümkündür. «Yəni ödəniş üçün yeganə texniki maneə telefonun enerjisinin bitməsi ola bilər», - deyə A.Stelmax bildirib.

Doğrudur, kartın özü də əvvəldən təmassız istifadə sisteminə uyğun olmalıdır. Azərbaycan üçün belə kartlar da yenilikdir – «Visa» Azərbaycan banklarına apreldən yalnız belə kartlar (NFC texnologiyasına əsaslanan) buraxmağı tapşırıb. Kartın kontaktsız olub-olmadığının bilinməsi üçün istehsalçılar onun üzərində bütün ödəniş sistemləri üçün universal olan dalğa işarəsi (sanki, Wi-Fi-ın yana çevrilmiş forması) göstərir.

Belə kart sahibləri artıq onlardan istifadənin nə qədər rahat olduğunu təsdiqləyir – ödəniş etmək üçün kartı eyni funksiyaya malik POS-terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman lazımi məbləğ hesabdan PIN-kodu daxil etmədən çıxır.

Doğrudur, bir tranzaksiya üçün limit var: əvvəl o, 20 manat idi. Bu yaxınlarda Maliyyə Bazarlarına Nəzarət Palatası limitin 50 manata qaldırılması haqda qərar qəbul edib. Amma bu da son deyil. «Visa Inc.»in Qafqaz üzrə regional direktoru Kristina Dorosun sözlərinə görə, Azərbaycanda bu limitin 40 dollaradək artırılması təklif olunur. Çünki tranzaksiyaların 80%-i, təxminən, bu məbləğ civarında olur.

Ödəniş müəyyənləşdirilmiş limitdən artıqdırsa, artıq kod yığılması lazım gəlir. Bu, tranzaksiyanın təhlükəsizliyinin təmini üçün lazımdır.

 

Təhlükəsiz? Bəli!

Yeri gəlmişkən, təhlükəsizlik haqda. Dünya KİV-də hər gün mümkün kiberhücumlarla bağlı silsilə xəbərlərin yer aldığı şəraitdə bu cür texnoloji yeniliklər bir qədər inamsızlıqla da qarşılanır. Bəs, pulları smartfona etibar etmək olarmı? Bu texnologiyanın provayderləri bildirirlər ki, unikal rəqəmsal identifikator olan token əslində qeyri-nağd ödənişlərin təhlükəsizliyinin təminində yeni səviyyədir. Məsələ ondadır ki, tokendə müştərinin ödəniş hesabının detalları, məsələn, kartın 16 rəqəmli nömrəsi olmur. Onlar təhlükəsiz şəraitdə online ticarətçidə və ya mobil qurğuda saxlanır. Bu isə elektron kommersiyanı və mobil ödəmələri xeyli asanlaşdırır.

«Daha təhlükəsiz ödəmə sistemi bir çox imkanlar yaradır. Nəticədə kommersiya formaları daha da artır, istehlakçılar isə istənilən məkanda, istənilən qurğu vasitəsilə təhlükəsizlik problemi olmadan alış-veriş edə bilir», - deyə Kristina Doroş bildirib.

Təmassız ödəniş kartlarının özü də bir neçə səviyyədən ibarət olan müdafiə sisteminə malikdir: daxil olunmuş kontaktsız çip, maksimum 4 santimetrdən «tutmaq», unikal şifrələmə sistemi və s. Bütün bunlar belə kartların saxtalaşdırılmasını mümkünsüz edir. Bununla yanaşı, təmassız ödənişlərin təhlükəsizliyinin təmini ilə bağlı ictimaiyyətdən gizli mexanizmlər də işləyir. Onlardan yalnız texnologiyalar üzrə bir qrup mütəxəssis xəbərdardır. Amma nəzəri baxımdan düşünsək ki, kart və ya smartfon itib, yaxud oğurlanıb və onlara yiyələnmiş şəxs hesabdakı pulu çıxarmaq istəyir? Mütəxəssislər bu riski inkar etmir. Belə halda müştərinin banka müraciət etməsindən sonra maliyyə strukturu araşdırmaya başlayır. Araşdırma tranzaksiyanın aparıldığı POS-terminala quraşdırılmış müşahidə kamerasının qeydləri əsasında aparılır. Vəsaitin hesabdan kart sahibinin iradəsindən kənar çıxarıldığı faktı təsdiqini tapırsa, bank həmin vəsaiti müştərisinə qaytarır, bundan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edir. Bu proses, əlbəttə ki, qısa çəkmir. Odur ki, mütəxəssislər onun daha da təkmilləşdirilməsi üzərində çalışırlar.

 

Növbəti mərhələ

İstənilən halda, risklər olsa belə, irəliləmə qaçılmazdır. Üstəlik, dünyada «ağıllı» qurğular vasitəsilə təmassız ödəniş artıq keçilmiş mərhələdir. Azərbaycanda növbəti addım «Tap to phone» pilot layihəsinin reallaşdırılması olacaq. A.Stelmaxın sözlərinə görə, «Visa» onu artıq 2020-ci ildə reallaşdırmağı düşünür. Layihə «Visa»nın yeni texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu, kartdan ödənişin mobil telefon vasitəsilə qəbuluna imkan verəcək. Yəni smartfon burada, əslində, POS-terminal funksiyasını yerinə yetirəcək.

«Məlumdur ki, banklara POS-terminalların alınması və quraşdırılması iqtisadi baxımdan heç də hər zaman sərfəli olmur. Bizim texnologiyalarımız telefonu POS-terminala çevirmək imkanı yaradır və bu, kartdan ödəniş prosesini xeyli sadələşdirir», - deyə Stelmax qeyd edib. Onun sözlərinə görə, bu layihə regionda artıq iki ölkədə – Ukrayna və Belarusda pilot layihə kimi həyata keçirilir: «2020-ci ildə regionda daha 2 pilot layihəyə başlamağı planlaşdırırıq. Onlardan biri Azərbaycanda icra olunacaq».

Bəs, bu layihələrə nə ehtiyac var? Əsas məqsəd Azərbaycanda qeyri-nağd ödəniş bazarının genişləndirilməsidir. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin 1 il əvvəl təsdiqlədiyi «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»na əsasən, ölkə iqtisadiyyatında nağd tranzaksiyaların səviyyəsinin 74%-dən (2017-ci il) 40%-dək (2020) azalacağı gözlənilir. Bununla yanaşı, 2018-2020-ci illərdə qeyri-nağd ödəniş həcminin illik 17 milyard manat artacağı proqnozlaşdırılır.

Arayış üçün: bu ilin ilk yarısında Azərbaycanda qeyri-nağd ödənişlərin payı 20% təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4% çoxdur. K.Doroşun sözlərinə görə, ümumilikdə Azərbaycanda qeyri-nağd ödənişlər bazarı genişlənməkdədir: «2019-cu ilin ilk yarısında tranzaksiyaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 40%, həcmi isə 39% artıb. Eyni zamanda, çekin orta ölçüsü azalıb – 1,4%, yaxud 54 manat. Bu müsbət göstərici müştərilərin ən kiçik əməliyyatlarda belə, kartlardan istifadə etməyə başladığını təsdiqləyir».

Yaxın günlərdə «Visa» ilə Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. O, ölkədə rəqəmsal ödənişlərin daha da fəallaşmasına təkan verəcək. «Sənəd həmçinin müasir ödəniş sistemlərindən istifadənin genişləndirilməsini, rəqəmsal biznesin dəstəklənməsini və bunun Azərbaycan əhalisinə öyrədilməsini nəzərdə tutur», - deyə K.Doroş bildirib.

Beləliklə, «gözəl gələcək» tezliklə daha yaxın olacaq.



MƏSLƏHƏT GÖR:

275