19 Aprel 2024

Cümə, 00:07

YUMUŞALMA OLACAQMI?

İran ətrafında yaşanan son hadisələr göstərir ki, onun Qərblə münaqişəsinin hərbi fazaya keçmə ehtimalı azalır

Müəllif:

15.09.2019

İran mövzusu beynəlxalq siyasətin ən qəliz məsələlərindən biri olaraq qalır. Tehranla Qərb arasında gərginlik durmadan artsa da, problemin diplomatik yolla həlli ehtimalı aktuallığını qoruyub saxlayır. Üstəlik, son dövrlərdə bir sıra amillər bu ehtimalı daha da artırıb.

 

Razılaşma təhlükə qarşısında

Sentyabrın ilk həftəsində İran rəhbərliyi kifayət qədər səs-küylü, lakin tamamilə gözlənilən xəbər açıqlayıb: Tehran nüvə proqramına dair razılaşmanın verdiyi öhdəliklərdən imtinanın üçüncü mərhələsinə qədəm qoyur. İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planında (HBFP) sentrifuqalarla bağlı elmi tədqiqat işlərinə dair nəzərdə tutulmuş bütün məhdudiyyətlərdən imtina edir. Bundan başqa, Ruhani razılaşma iştirakçılarına (Fransa, Almaniya, Böyük Britaniya) HBFP üzrə öhdəliklərə əməl etmələri üçün daha 2 ay vaxt verdiyini də deyib.

Beləliklə, Tehran neft ixracının davam etdirilməsi mövzusunda Parisdə bir müddət əvvəl keçirilmiş görüşdə səsləndirdiyi xəbərdarlığı reallaşdırmağa başlayıb. İranı narazı salan yalnız ABŞ-ın ona qarşı sanksiyaları sərtləşdirməsi deyil, həm də Avropanın davranışıdır. Razılaşmanın avropalı üzvləri sözdə Vaşinqtonun nüvə razılaşmasını tərk etməsini və yürütdüyü anti-İran siyasətini pisləsə də, faktiki olaraq ABŞ-ın sanksiyaları ilə razılaşırlar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif «avropalıların hər hansı addım atmayacağı təqdirdə» ölkəsinin öhdəliklərdən imtinanın üçüncü mərhələsinə başlayacağını hələ bir müddət əvvəl elan etmişdi. Beləliklə, artıq prosesə rəsmən start verilib. Şübhəsiz ki, hadisələrin bu cür inkişafı İranla Qərb arasındakı gərginliyin azalması baxımından yaxşı heç nə vəd etmir. Qərb İranın öhdəliklərdən imtinanın əvvəlki mərhələlərində belə, HBFP-da nəzərdə tutulmuş çərçivələri aşdığını, nəzərdə tutulandan daha çox uran zənginləşdirdiyini bildirirdi. İranlılar isə hələlik yalnız 4,5%-dək zənginləşdirilmiş uran ehtiyatı toplamaq haqda düşündüklərini, lakin uranı 20%-dək zənginləşdirmək imkanına malik olduqlarını bildirirlər. Öhdəliklərdən imtinanın üçüncü mərhələsi çərçivəsində uranın zənginləşdirilməsi üçün sentrafuqaların sayının 10-dan 174-dək artırılması da bunu təsdiqləyir.

Bütün bunlarla yanaşı, Tehran, hələ ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) onun nüvə obyektlərilə buraxılması rejiminə dəyişiklik etməyi düşünmür. Məsələn, sentyabrın əvvəlində MAQATE-nin yeni rəhbəri Kornel Ferutsenin başçılıq etdiyi nümayəndə heyəti İranda olub. Üstəlik, agentlik Tehranın yeni sentrifuqaların quraşdırılmasına başladığını, zənginləşdirilmiş uran istehsalına doğru irəlilədiyini bəyan edib. Bu isə nüvə proqramına dair razılaşmaya ziddir.

İran isə bütün bunların Birləşmiş Ştatların razılaşmanı birtərəfli qaydada tərk etməsinə cavab olduğunu bildirir. İranlılar deyir ki, razılaşmanın digər üzvləri HBFP-nin ilkin variantına qayıtmağa razılıq verərsə, onlar buna hazırdırlar. Vaşinqton isə nəinki bu şərti qəbul etmir, hətta İrana qarşı sanksiyaları daha da sərtləşdirməyi düşünür. Yeri gəlmişkən, Amerikanın bu siyasəti son ildə İran iqtisadiyyatının xeyli geriləməsinə səbəb olub.

Amerikanın xüsusi nümayəndəsi Brayan Xuk deyir ki, «ABŞ İrana təzyiqi maksimum həddə çatdırmaq niyyətindədir». Onun sözlərinə görə, məqsəd Tehranı nüvə və raket mövzusunda yeni danışıqlara məcbur etməkdir. Beləliklə, Donald Tramp administrasiyasının İranla özündən əvvəl əldə edilmiş razılaşmaya yenidən baxılması niyyəti tam ortadadır. Tramp Tehranı HBFP-ni əvəzləyəcək yeni plan ətrafında danışıqlara başlamağa məcbur etmək niyyətindədir.

Amerikalılar hesab edir ki, razılaşma İranın yalnız nüvə deyil, həm də ballistik raket proqramını tənzimləməlidir. Mövcud razılaşmada İranın ballistik raket proqramının dayandırılması və ya ondan tam imtinanın nəzərdə tutulmaması Trampın xoşuna gəlmir. Çünki Vaşinqtonun İranın ballistik raket proqramının inkişafını özünün Yaxın Şərqdəki maraqlarına birbaşa təhdid sayır. Eyni zamanda, amerikalılar bu proqramı ən yaxın müttəfiqi İsrail üçün də təhlükəli hesab edir.

Bu arada İsrail də ABŞ-ın İrana təzyiqləri artırmasına və ümumiyyətlə, Tehranla danışıqlardan tam imtina etməsinə çalışır. Maraqlıdır ki, MAQATE ekspertlərinin İranın HBFP-nin tələblərini pozduğunu elan etməsindən sonra İsrailin xarici işlər naziri İsrael Kats Fransa, Böyük Britaniya və Almaniyanı Tehranla razılaşmadan imtinaya və ABŞ-ın anti-İran sanksiyalarına qoşulmağa çağırıb. Əslində bu, İsrailin İran probleminin güc yolu ilə həllinə dəstəyi anlamına gəlir. Yeri gəlmişkən, bu ssenarini Ağ Ev də istisna etmir və Amerika siyasi elitasının «qırğılar» düşərgəsi məhz buna çalışır.

 

Dağıdıcı siyasət

Bu arada Birləşmiş Ştatların bir sıra addımları onun İranla müharibəyə hazırlaşdığını düşünməyə əsas verir: «F-22» qırıcılarının Qətərə yerləşdirilməsi, «Avraam Linkoln» təyyarə gəmisinin və digər hərbi gəmilərinin İran sahillərinə yaxınlaşması – məsələn, Hind okeanının şimal-qərb hissəsinə yerləşməsi, regiona əlavə «Patriot» HHM sistemlərinin gətirilməsi və s. İran Silahlı Qüvvələrinə məxsus İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Amerikaya məxsus pilotsuz uçuş aparatını vurmasından sonra isə dünya sanki səksəkə içərisindədir. Üstəlik, İİKK Hərbi-Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, Amerikanın artıq vurulmuş dronu vasitəsilə Tehranı arzulamadığı dialoqa məcbur etmək istəyi baş tutmayıb.

Bu arada ABŞ-ın İİKK-yə münasibətinin özü də Vaşinqtonla Tehran arasında düşmənçiliyin artdığına nümunədir. Məlum olduğu kimi Ağ Ev bu qüvvəni xarici terror təşkilatlarının siyahısına daxil edib. İran isə buna cavab olaraq, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terror təşkilatı, ABŞ-ı isə «terrorçuluğu maliyyələşdirən dövlət» kimi tanıyıb.

Lakin bütün sadalananların fonunda son günlər xüsusilə Amerika tərəfindən siyasi-təbliğat demarşları kifayət qədər maraqlı məcraya yönəlib. İİKK rəhbərliyinin, konkret desək, korpusun komandanı, briqada generalı Hüseyn Salaminin İran Ordusunun məğlubedilməzliyini, Tehranın silah-sursatını müasirləşdirdiyini, «təkəbbürlü transregional fövqəldövlətlər üzərində qələbə strategiyasına» əsasən, hərbi qüdrətini artırdığını bəyan etdiyi bir vaxtda ABŞ İran Silahlı Qüvvələrinin elit hissəsinin fəallığı və potensialının məhdudlaşdırılması istiqamətində yeni addımlar atmağa başlayıb. Vaşinqton İİKK və korpusun tərkibində xüsusi təyinatlı hərbi bölük olan «Qüds»ün maliyyə əməliyyatlarını pozacaq informasiyaya görə 15 milyon dollar mükafat vəd edib. ABŞ Dövlət Departamentinin yuxarıda adı çəkilən xüsusi nümayəndəsi Brayan Xuk bunu tarixi qərar adlandırıb: «ABŞ tarixdə ilk dəfə olaraq, dövlət təşkilatının maliyyə əməliyyatlarını pozacaq informasiyaya görə mükafat vəd edir». Bu, ABŞ-ın İranın hərbi potensialını artırmasına istənilən yolla mane olmaq niyyətini bir daha ortaya qoyur. Bəs, Vaşinqton, həqiqətən, «sonadək getmək» niyyətindədirmi və İranla qarşıdurmanın hərbi müstəviyə keçmə ehtimalı nə qədərdir? Amerika administrasiyası bütün hərbi bəyanatlarına rəğmən, bu suala birmənalı cavab vermir. Üstəlik, Amerikanın əsas «qırğı»larından birinin istefaya göndərilməsi vəziyyəti daha da qarışdırıb.

 

İnadkar məsləhətçi vəzifədən kənarlaşdırıldı

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonu vəzifədən kənarlaşdırıb. «Mən onun təkliflərinin əksəriyyətilə qəti razı deyildim. Administrasiyanın digər əməkdaşları da mənim kimi düşünürdülər. Odur ki, Condan istefaya getməsini istədim və bu gün səhər o, bu istəyimi yerinə yetirdi», - deyə Tramp sentyabrın 10-da «Twitter» hesabında yazıb.

Buna Ağ Ev sahibi ilə onun administrasiyasının bir çox xarici məsələlər, o cümlədən İran problemilə bağlı əsas fiqurlarından biri olan Bolton arasındakı çoxsaylı fikir ayrılıqları səbəb olub. Doğrudur, Donald Tramp İrana qarşı sanksiyaları durmadan sərtləşdirməyin tərəfdarıdır və o, Tehranla Vaşinqtonun şərtlərinə uyğun yeni nüvə razılaşmasının əldə olunmasına çalışır. Lakin ABŞ prezidenti İran rəhbərliyilə hər hansı ilkin şərt irəli sürülmədən birbaşa danışıqların tərəfdarıdır. Hər halda, Tramp iranlı həmkarı Ruhani ilə BMT Baş Assambleyasının artıq sentyabrın sonunda keçiriləcək toplantısında görüşə biləcəklərini deyib. Bu görüşün mümkünlüyünü ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Pentaqonun rəhbəri Mark Esper də təsdiqləyiblər.

Maraqlıdır ki, İsrail KİV-i ölkənin kəşfiyyat məlumatlarına istinadən, ABŞ və İran prezidentlərinin gözlənilən görüşünə hazırlığın başa çatdığını belə, yazır. «Haaretz» isə xəbər verir ki, ABŞ ilə İran arasında ən yüksək səviyyədə görüşün keçiriləcəyinə əminlik İsrailin baş naziri Binyamin Netanyahunun Mark Esperlə söhbətindən sonra yaranıb. Qəzet «Trampla Ruhaninin yəhudi dövlətinin xoşuna gəlməyəcək razılıq əldə edə biləcəklərindən» narahatlıq da ifadə edib.

«Jerusalem Post» isə bu məsələdə Amerika liderinin təxminedilməzliyinə istina edir: «Tramp, əlbəttə ki, Qüdsü də, Qolan təpələrini də İsrail ərazisi kimi tanıya, İranla nüvə razılaşmasından çıxa bilər. Lakin cəmi bir gün sonra o, İranla İsrailin maraqlarına uyğun olmayan razılaşma da imzalaya bilər».

ABŞ-ın avropalı müttəfiqləri, xüsusilə Fransa isə Tramp-Ruhani görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Paris Tehranla iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu gizlətmir və müvafiq olaraq, Amerikanın İrana qarşı sanksiyaları yumşaltmasını istəyir.

Trampın Ruhani ilə söhbətləşmək istəyinə şübhənin qalmadığı bir vaxtda Tehranla sərt davranmaq tərəfdarı olan Con Bolton bu görüş ətrafında qeyri-korrekt mühit yaratmağa başlamışdı. Onun «iranlılarla görüş ABŞ prezidenti Donald Trampın mövqeyinin dəyişdiyi anlamına gəlməyəcək» bəyanatı da bunun təsdiqi idi. Üstəlik, Bolton bildirmişdi ki, iki ölkə prezidenti «yalnız Tehranın nüvə proqramına dair yeni razılaşmanı müzakirə etməyə hazır olduğu zaman» görüşəcək.

Görünür, Amerika administrasiyasının əfqanların «Taliban» hərəkatı ilə danışıqlarını aşkar sabotaj edən Boltonun İranla bağlı da özbaşına davranması Trampı özündən çıxarıb. İndi Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postundan kənarlaşdırılması ilə Ağ Evin İran siyasətində müəyyən yumşalma da gözləmək mümkündür.

 

Əsas tərəfdaşlar

Vaşinqtonun Tehran siyasətinə ciddi təsir edən başqa amil də var: dünya birliyinin böyük hissəsi problemin güc yolu ilə həllinə qarşıdır. Bu mənada Çinlə Rusiyanın mövqeyini xüsusi qeyd etmək lazımdır. İran onları «HBFP-nin qorunub saxlanmasında əsas tərəfdaşları» sayır. Yeri gəlmişkən, Çin son günlərdə Amerikanın İranla bağlı sanksiyalarına məhəl qoymaq niyyətində olmadığını açıq şəkildə ifadə edib. Çinin Xarici İşlər Nazirliyi Vaşinqtondan «İrana qarşı birtərəfli sanksiyalar və təzyiqlər kimi doğru olmayan yoldan çəkilməyi» tələb edib: «Ümid edirik ki, Amerika tərəfi regional sülh və sabitliyə yol açacaq addımlar atacaq, alovun üzərinə yağ tökməyəcək».

Pekin bu səs-küylü bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Çinə səfəri ərəfəsində çıxış edib. Səfər zamanı isə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıqla bağlı «yol xəritə»sinin detalları məlum olub. Onun əsas bəndi Çin tərəfindən İranın neft-qaz və neft-kimya sektorlarının inkişafına 280 milyard dollar, nəqliyyat və istehsalat infrastrukturunun müasirləşdirilməsinə isə 120 milyard dollar investisiyanın qoyulmasını nəzərdə tutur. Razılaşmaya əsasən, İranın neft və qaz yataqlarının işlənməsi, neft-kimya sahəsində istənilən layihənin reallaşdırılması üçün seçim zamanı Çin şirkətlərinə üstünlük veriləcək. Üstəlik, onların bunun üçün İrana lazımi personal və texnologiya gətirməsi hüququ da tanınacaq.

Sənədin daha bir vacib maddəsi reallaşdırılacaq layihələrin mühafizəsi məqsədilə Çin təhlükəsizlik xidmətinin 5 min əməkdaşının İrana gətirilməsini nəzərdə tutur. Daha bir vacib məqam Pekinə İran mallarına görə ödənişi 2 il gecikdirmək haqqının verilməsidir. İki ölkə arasındakı əməliyyatlarda isə dollardan istifadə olunmayacaq.

İran üçün ən mühüm məqamlardan biri: Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə uyğun olaraq, onun ərazisindən keçən yeni İpək Yolu Urumçini (Çinin Sintszyan əyalətinin paytaxtı) Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vasitəsilə Tehranla birləşdirəcək, daha sonra isə Türkiyə və Avropayadək uzanacaq. Amma Tehran üçün prioritet başqadır: Çinlə razılaşma İranda neft-qaz hasilatını artıracaq, ABŞ-ın sanksiyalarına rəğmən, onun enerji resurslarının Çinə ixracını artıracaq.

Beləliklə, Tehranla Pekin ikitərəfli əməkdaşlıqda ciddi irəliləyişə imza atır. Üstəlik, bu, Vaşinqtonun İrana qarşı sanksiya siyasəti, Çinlə isə ticarət savaşı fonunda baş verir. Bu mənada İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, briqada generalı Məhəmməd Hüseyn Baqerinin başçılıq etdiyi hərbi nümayəndə heyətinin sentyabrın 11-də Çinə səfəri də çox şeydən xəbər verir. İran Amerika və müttəfiqlərilə qarşıdurma fonunda Çinlə strateji əməkdaşlığa üstünlük verir. Bu, İran və onun nüvə proqramı ətrafında hadisələrin inkişafına ciddi təsir göstərəcək amildir.



MƏSLƏHƏT GÖR:

310