24 Aprel 2024

Çərşənbə, 08:23

PARTER VƏZİYYƏTİNDƏ

Azərbaycan güləşçiləri Dünya çempionatında ümidləri doğrulda bilmədi

Müəllif:

01.10.2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə Dünya çempionatında Azərbaycan yığması onlara bəslənən ümidləri doğrulda bilmədi.

Dünya çempionatı 2020-ci ilin 22 iyul – 9 avqust tarixlərində keçiriləcək Tokio Olimpiadasına lisenziya verdiyindən, bu yarışın əhəmiyyəti ikiqat böyük idi. Əvvəlcədən söylənildiyi kimi güləş millilərimiz bu yarışa 28 idmançı ilə yollanmışdı. Yunan-Roma və sərbəst güləş üzrə yığmamız hərəyə 10 və qadın millimiz 8 idmançı ilə Qazaxıstanda mübarizə aparırdı. Hər üç yığmamız Dünya çempionatından hərəyə iki medal qazana bildi. Yunan-Roma yığmamızda medallar bir gümüş, bir bürünc, qadınlarda bir qızıl, bir bürünc və sərbəst güləş millimizdə iki gümüş oldu.

Təbii ki, nəticə baxımından nisbətən yaxşı göstəriciyə qadın millimiz imza atdı. Çünki Mariya Stadnik (-50 kq) həm karyerasında ikinci dəfə dünya çempionu oldu, həm də dördüncü dəfə Olimpiadaya vəsiqə qazandı. Ümumiyyətlə, Mariya Stadnikə ayrıca kitab həsr etmək mümkündür. Qadın güləşinin fenomeni sayılan Stadnik iki dəfə analıq məzuniyyətiylə əlaqədar güləşdən ayrılsa da sonradan çempion kimi qayıtmağı bacarıb. Bu adam öz çəkisində rəqib tanımır. 7 dəfə Avropa çempionu olmaqla yanaşı iştirak etdiyi üç olimpiadadan Bakıya medalsız qayıtmayıb. Bu dəfə də Mariya bütün rəqiblərinə qalib gələrək çempionluq sevinci yaşadı. Bununla, Stadnik qadın güləşimizin nüfuzunu qorudu. Amma kişilərin yarışında uğursuzluğu unutdurmadı.

Dünya çempionatında Rafiq Hüseynovla (-82 kq) Cəbrayıl Həsənovun (-79 kq) gümüş, Elis Manolova (-65 kq) və Eldəniz Əzizlinin (-55 kq) bürünc medalları Olimpiadaya lisenziya baxımından heç bir əhəmiyyət kəsb etmirdi. Çünki bu idmançıların yarışdığı çəkilər qeyri-Olimpiya çəkiləri idi. Yalnız Dünya çempionatının son görüşündə güləşən və gümüş medal qazanan Şərif Şərifovun (-97 kq) Olimpiadaya vəsiqə qazanması qeyd olunmalıdır.

Güləş yığmamız Dünya çempionatında 18 mümkün lisenziyadan ikisini qazandı. Sərbəst və yunan-Roma komandaları isə qızıl medal üzünə həsrət qaldı. Ümumilikdə, (hər üç komanda) 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan yığmanın çıxışını qənaətbəxş saymaq mümkün deyil. Yarışdan sonra hakimlərin qeyri-obyektivliyi, güclü rəqibləri səbəb kimi göstərmək olar. Amma əsas səbəb milli komandaların mötəbər yarışa hazır olmamasıdır. Rafiq Hüseynovla Cəbrayıl Həsənovun gümüş, Eldəniz Əzizliylə Elis Manolovanın bürüncü qeyri-Olimpiya çəkilərində qazanıldı. Üçqat dünya çempionu Hacı Əliyevin məğlubiyyətdən sonra (hakimlərin rəqibə tərəfkeşliyi olsa belə) idmançıya yaraşmayan hərəkətə yol verməsi ciddi şəkildə araşdırılmalıdır. Üstəlik, sərbəst güləşdə baş məşqçi Saypulla Absaidovun səfərə aparılmaması sual doğurur. Ən vacibi milli komandaya idmançıların psixoloji hazırlığı üçün psixoloq cəlb olunmalıdır. Güləşçilərin çıxışında inamsızlıq və həyəcan hiss olunurdu. Bütün bu problemlər qısa müddətdə həll olunmalıdır. Əks halda Tokio-2020 olimpiadasında cəmi 2 pəhləvanla təmsil olunmaq təhlükəsi var.

Qeyri-Olimpiya çəkilərində medal qazanan idmançılarımız Tokioya yollanmaqdan ötrü ya çəkilərini azaltmalı, ya da artırıb Olimpiya çəkilərində mübarizə aparmalıdır. Yanvardan etibarən lisenziya xarakterli turnirlərə start veriləcək. Təbii ki, bunlardan bizim idmançılar üçün maraq kəsb edəni martın 19-22-də Budapeştdə keçiriləcək yarışdır. Bu turnirə Bakı da ev sahibliyi etmək istəsə də, Dünya Güləş Birliyi İcraiyyə Komitəsi Ermənistan güləşçilərinin də yarışacağını nəzərə alıb, bunu Macarıstana salmağı məqsədəuyğun saydı. Ancaq bu yarışda da lisenziya qazana bilməyən idmançılar üçün bu, son olmayacaq. Çünki 30 mart – 3 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada dünya olimpiya təsnifat turniri keçiriləcək. Bu yarışda hər çəki kateqoriyası üzrə iki finalçı Olimpiadaya vəsiqə qazanan son idmançılar olacaq. Bununla da, hər çəki üzrə Olimpiadada mübarizə aparacaq 16 idmançının tam heyəti bilinəcək.

Sadaladığımız faktlarla federasiya rəsmiləri də razılaşır. Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev jurnalistlərə açıqlamasında nəticədən razı qalmadığını bildirib: “Dünya çempionatı çox ağır mübarizə şəraitində keçdi. Bizim üçün güləşçilərimizin durumunu görmək önəmli idi. Digər tərəfdən çoxlu səhv oldu. Ötən gün Dünya Güləş Birliyinin büro iclasında Hakimlər Komitəsi ilə bağlı çox böyük iradlar səsləndirildi. Mən bunları bir-bir sadalamaq istəmirəm. Amma onu deyə bilərəm ki, Rəsul Çunayevin görüşündə ona iki dəfə passiv çıxış cəzası verdilər. Yarış boyu belə səhv olmamışdı. 130 kq çəki dərəcəsində Beka Kandelakinin görüşündə hakim fit çaldı, lakin hesab 9:0-a yüksəldikdə dayandı və hesabı 7:0-a endirildi. Görüş isə Kandelakinin parter duruşu ilə davam etdirildi. Yəni müəyyən səhvlər olub. Müəyyən obyektiv və subyektiv amillər də var. Hər halda idmançılarımızın kifayət qədər potensialı var və bizə nə qədər lisenziya lazımdırsa, qazanacaqlarına inanıram. Xüsusilə yunan-Roma güləşçilərinin çıxışı müzakirə olunacaq və cəza tədbirləri görüləcək. Tokio Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. Məşqçilər korpusunda müəyyən dəyişikliklər aparmağa çalışacağıq. Lakin olimpiadaya bir il qalmış hansısa məşqçinin dəyişdirilməsi məqsədəuyğun deyil. Sadəcə, məşqçilər korpusunu gücləndirəcəyik”,

Xatırladaq ki, Azərbaycanı bu günə qədər yayda keçiriləcək olimpiadada 5 idman növündə - atletika, bədii gimnastika (2 lisenziya, fərdi və komanda), üzgüçülük, güləş (2) – ümumilikdə 6 lisenziya ilə 10 iştirakçı təmsil etmək hüququ qazanıb.



MƏSLƏHƏT GÖR:

269