29 Mart 2024

Cümə, 18:59

NAĞILLAR BAKIDA GERÇƏKLƏŞDİ

Bədii gimnastika üzrə Dünya çempionatı idmançı və azarkeşlərin yaddaşında uzun müddət qalacaq

Müəllif:

01.10.2019

Paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə Dünya çempionatısona çatdı. 61 ölkə və 300-dən çox gimnast ilin ən əhəmiyyətli turnirində bir həftə boyunca mübarizə apardı. Milli Gimnastika Arenasında nəinki dünya çempionlarının adları, həm də Tokio Olimpiadasına vəsiqə qazanan ən şanslı gimnastları müəyyənləşdi. Azərbaycan komandası üçün isə bu çempionat əsl bayrama çevrildi.

Gərgin məşqlər, tükənməyən əzmkarlıq, qarşıya qoyulan məqsədlər öz bəhrəsini verdi. Ölkəmiz Zöhrə Ağamirovanın timsalında fərdi proqramda, Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova isə qrup hərəkətləri komandası tərkibində çoxdan gözlənilən uğura imza ataraq, Olimpiya Oyunlarına lisenziyanı təmin etdilər. Qızlarımız uzun yolun sonunda bütün onları dəstəkləyənlərə ən xoş hədiyyəni verərək, finalda bir daha öz güclərini nümayiş etdirdilər.

Çempionat bir çox komandalar üçün ən yaddaqalan yarışlardan birinə çevrildi. Öz gimnastlarını dəstəkləmək üçün müxtəlif ölkələrin azarkeşləri Bakıya qonaq gələrək, 7 gün boyunca nağıllar aləminə səyahət etdilər. Şərq nağılı üslubu dekorasiyalarla bəzədilmiş zal nəinki gimnastların zövqlü və peşəkar çıxışlarına, həm də ən çılğın fanatların həyəcanlı emosiyalarına şahidlik etdi.

Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Qur-Qur idi. Hər kəsin sevimlisinə çevrilmiş, gimnastika yarışlarının maskotu bu dəfə də öz zarafatları, maraqlı proqramları ilə izləyicilərə unudulmaz anlar yaşatdı. “Nağıllar gerçəkləşəcək” şüarıyla start götürən çempionat, məsuliyyət, rəqabət, həyəcanlı gözləntilər, qələbə və üzüntü göz yaşlarını geridə qoyaraq, nağılları gerçək etdi.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvlərinin iştirak etdiyi təntənəli açılış mərasimi unudulmaz anlarla yadda qaldı. Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var idi. Şoudan sonra xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi. Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Yüksək təşkilatçılıqdan sonra əsas diqqət Azərbaycan gimnastlarının çıxışına yönəldi. Azərbaycan Gimnastika Federasiyası əvvəlcədən məqsədin Tokio-2020-yə lisenziya qazanmaq olduğunu bildirmişdi. Gərgin məşqlərin nəticəsi olaraq millimiz qarşıya qolun hədəfə nail oldu. Fərdi yarışlarda çıxış edən Zöhrə Ağamirova yüksək perfomans nümayiş etdirməklə lisenziyaya layiq görüldü. Maraqlıdır ki, ötən il Dünya çempionatında debüt edən Ağamirova bu il 16-cı olmaqla ümidləri doğrultdu. Top, gürz, halqa və lentlə kompozisiyanın cəmi olaraq təmsilçimiz lisenziya qazanan gimnastlar sırasında oldu. Zöhrə Ağamirova çempionatın həlledici günündə 4 alətlə yüksək performansıyla diqqəti cəlb etdi. Həyəcanla keçən final mərhələsində gimnastımız layiqli çıxışlar nümayiş etdirərək, ümumi 78.725 xalla öz qrupunda dördüncü yerdə qərarlaşdı. Bu nəticəylə Zöhrə Tokio-2020-də iştirakını rəsmiləşdirdi.

24 ölkənin qrup hərəkətləri komandaları çoxnövçülük mübarizəsində də Azərbaycan məqsədinə çatdı. Azərbaycanın qrup komandası Diana Əhmədbəyli, Aliyə Paşayeva, Ayşən Bayramova, Zeynəb Hümmətova və Dərya Sorokina hər iki kompozisiyanı mükəmməl şəkildə icra edərək, ümumilikdə, 53.100 xal topladılar. Bununla da, qızlarımız, Olimpiya Oyunları Tokio 2020-yə lisenziyanı təmin etdilər. Qeyd edək ki, bu qrup hərəkətləri komandamızın 12 illik fasilədən sonra olimpiadada ilk iştirakı olacaq.

Ölkəmizin bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasileva “R+”a açıqlamasında gimnastlarımızın çıxışından razı qaldığını bildirib: “Ən əsası - Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı təbrik etmək və Dünya Çempionatının açılışı zamanı onun və əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə hiss etdiyimiz dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm. Onların yanımızda olmaları bizim üçün böyük qürurdur. Hətta onlar zalda olmayanda biz onların dəstəyini həmişə hiss etmişik. Şadıq ki, biz də nəticələrimizlə onları sevindirə bildik. Daha çox çalışacağıq".

Azərbaycan gimnastlarının Tokio-2020 Olimpiya Oyunlarına qazandıqları lisenziyalardan danışan M.Vasilyeva qeyd edib ki, bu, böyük uğurdur və qarşıya qoyulan məqsəd yüz faiz yerinə yetirilib: "Biz yaxşı bilirdik ki, fərdi proqramda iki lisenziya qazana bilmərik, bütün gimnastlarımız gəncdir, onlardan ikisi Dünya çempionatında ilk dəfə çıxış edirdi. Əlbəttə ki, Zöhrə Ağamirovaya ümid edirdik, o, ən təcrübəlidir. Ötən il o, Dünya çempionatında iştirak etmişdi və 24-cü yeri tutmuşdu. Hazırda isə çempionatda o, artıq 16-cıdır və Olimpiya Oyunlarına lisenziya qazanıb. Zöhrə ilə fəxr edirik, çünki gənc yaşında belə möhkəm əsəblərin olması nadir haldır. O, öz üzərində işləyəndir. Fikrimcə, onu gələcəkdə daha böyük uğur gözləyir. Qrup hərəkətlərdə komandanın nəticəsindən danışarkən demək istərdim ki, mən çox xoşbəxtəm. Bizim üçün bu, vacib idi. Deyirlər ki, evdə doğma divarlar kömək edir, amma evdə çıxış etmək daha çətindir. Bizim qızlara da çətin idi, onlar bacardıqlarından da yaxşı çıxış etmək və azarkeşləri sevindirmək istəyirdilər. Yeri gəlmişkən, azarkeşlərə də dərin təşəkkürümü bildirirəm, bilirəm ki, final günü üçün bütün biletlər satılmışdı.

Artıq çoxları Azərbaycanda bədii gimnastika məktəbinin formalaşmasını söyləyir. Bu fikir bizə xoşdur. Bu, onu göstərir ki, biz doğru yolla gedirik və öz məktəbimizi yaradırıq".

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinare Vatanabe Təşkilat Komitəsinə təşəkkür etdi: “Azərbaycan Gimnastika Federasiyası və Dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvlərinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Həmçinin gələcək nəslə gimnastika məşəlini ötürməyə kömək edən Dünya çempionatının rəsmi səfiri Yana Batırşinaya da təşəkkürümü çatdırıram. Növbəti il Olimpiya Oyunlarının möcüzəsini yaşadan daha bir nağılı dinləmək üçün hamınızı Tokioda yenidən görməyə şad olarıq. Hər zaman olduğu kimi mükəmmək yarış, unudulmaz Dünya çempionatının şahidi olduq. 7 gün yarış üçün az müddət deyil. Bu günlərin hər birini unudulmaz edən təşkilatçılara çox sağ ol deməyə borcluyam”, - deyə FIG-in prezidenti əlavə edib.



MƏSLƏHƏT GÖR:

282