25 Aprel 2024

Cümə axşamı, 17:48

QIZIL ORTAYA DOĞRU

Suriyada siyasi keçid prosesinə start verilib

Müəllif:

01.10.2019

Suriyada Konstitusiya Komitəsi təşkil olunub və qarşıdakı həftələrdə Cenevrədə ilk toplantısını keçirəcək. Bu barədə BMT baş katibi Antonio Qutteres təşkilatın qərargahında jurnalistlərlə söhbətində məlumat verib.

Baş katib deyib ki, Suriyada hakimiyyət və müxalifət Konstitusiya Komitəsinin tərkibi mövzusunda artıq anlaşıblar və bütün tərəflərin qəbul etdiyi Komitə yaxın zamanlarda BMT nəzarəti altında Cenevrədə fəaliyyətə başlayacaq. Bununla da, Suriyada münaqişənin siyasi həll prosesi başlamış olacaq. Qutteres prosesə verdiyi dəstəyə görə Türkiyə, Rusiya və İrana təşəkkür edib.

Qeyd edək ki, Suriyada siyasi keçid prosesini reallaşdıracaq Konstitusiya Komitəsinin 150 nəfərlik heyəti il yarımdan çoxdur davam edən müzakirə və mübahisələrdən sonra sentyabrın 16-da Ankarada Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitdə razılaşdırılmışdı.

BMT TŞ-nin 2254 saylı qərarı Suriyada siyasi həll üçün Konstitusiya Komitəsinin qurulmasını nəzərdə tutur. 150 nəfərdən ibarət olacaq komitədə 50 hökumət, 50 müxalifət və müstəqil şəxslərdən ibarət 50 vətəndaş cəmiyyəti nümayəndəsi təmsil olunacaq. Plana əsasən 150 nəfərin içərisindən hər qrupdan 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya hazırlayacaq heyət seçiləcək. Yeni konstitusiya hazırlandıqdan sonra isə azad və ədalətli seçkilər keçiriləcək, yeni hökumət formalaşacaq.

Bu, o deməkdir ki, Suriyada siyasi keçid prosesinə artıq start verilib. Cenevredə toplanacaq Konstitusiya Komitəsi qarşıdakı dövrdə Suriyada yeni siyasi həll prosesinin bütün detallarını masa arxasında müzakirə edib qərar qəbul edəcək. Bu, həm də o deməkdir ki, gələnilki seçkilər ən yaxşı halda təxirə salınacaq və növbəti seçkilər artıq yeni Konstitusiyaya əsasən keçiriləcək.

Əlbəttə, bu o demək deyil ki, yaxın həftələrdə toplaşacaq Konstitusiya Komitəsi tez bir zamanda yeni Suriya Konstitusiyası hazırlayıb siyasi keçid prosesini başa çatdıracaq. Suriyada keçid prosesi, yəni yeni Konstitusiya, seçkilərin keçirilməsi, hakimiyyət bölgüsü və sair kimi həssas məsələlərin həlli uzun zaman tələb edəcək, həm də ən əsası sahədəki güclərin razıalşmasından asılı olacaq.

Təbii ki, Suriyanın gələcək taleyini sentyabrın 16-da Ankarada toplanan 3 ölkə və ABŞ müəyyən edəcək. İlk növbədə, indi Suriyanın taleyini ilk 3 ölkə təyin edir. ABŞ isə nisbətən passiv oyunçudur, əsas siyasəti şimalda kürdlər üzərinə fokuslanıb. Çünki 2013-cü ildə Bəşər Əsədin devrilməsi ehtimalları azaldıqdan sonra Vaşinqton daha çox Suriyanın şimalındakı terror qruplarına qarşı hərbi əməliyyatlara dəstək verməyə başlayıb. Sonrakı il İŞİD fəallaşıb və Vaşinqton kürdləri silahlandıraraq İŞİD-ə qarşı geniş tərkibli (64 ölkədən ibarət İŞİD əleyhinə koalisiya 2014-cü ilin avqustun son günlərində formalaşdırıldı. – K.R.) koalisiya ilə birlikdə antiterror əməliyyatlarını başladıb. Sonrakı illərdə bəlli oldu ki, Vaşinqtonun Suriyada əsas “yatırımı” kürdlərədir. İndi çoxları şübhə etmir ki, Pentaqonun kürd dəstəyinin arxasında uzaq hədəfdə İraqda olduğu kimi, Suriyanın şimalında da kürd muxtariyyətini formalaşdırmaq var.

Lakin Vaşinqtondan fərqli olaraq, Rusiya, İran və Türkiyənin Suriyada daha aktiv və dərin mövcudluqları var. Hər 3 ölkənin Suriyada ciddi sayda hərbi gücü və konkret hədəfləri var. İki ölkə, İran və Rusiya Suriya dövlətinin dəvəti ilə bu ölkədə hərbi qüvvə saxlayır. Belə demək mümkündürsə, indi Suriyanın gələcək taleyini bu 3 ölkə yazır.

Hər nə qədər sentyabrın 16-da Ankarada səmimi görüntülər, isti mesajlar verilsə də, reallıq daha fərqli idi. Məsələ ondadır ki, indi hər 3 ölkənin Suriyada öz maraqları var və bu maraqlar heç də hər məsələdə üst-üstə düşmür. Amma həm də o hiss olundu ki, hər 3 dövlət indi bir-birinə nə qədər möhtac olduğunu anlayır, buna görə də qarşılıqlı anlaşma və birgə fəaliyyət göstərirlər.

Suriyada 3 ölkənin prioritetləri Ankara sammitinin ortaq bəyanatında əksini tapıb. Bəyanatda, ilk növbədə, Suriyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi dəstəklənir, bununla bağlı, BMT prinsiplərinə sadiqlik vurğulanır.

Eyni zamanda 3 ölkə Suriyada terrorla mübarizə adı altında sahədə yeni reallıqların yaradılmasına dair hər cür cəhdləri rədd edir.

Liderlər Suriyanın şimal-şərqində (kürd bölgəsi - K.R.) təhlükəsizlik və sabitliyin bu ölkənin suverenliyi və ərazi bütövlüyü əsasında təmin oluna biləcəyini vurğulayır.

3 ölkə lideri ABŞ-ın Colan Təpələri bölgəsinə dair beynəlxalq hüququn pozulması və regional sülhü təhdid edən qərarını qınayır.

Liderlər Suriya münaqişəsinin hərbi həllinin olmadığı, problemin yalnız suriyalıların başçılığı və ev sahibliyi ilə BMT nəzarətində siyasi həllinin olduğunu təsdiqləyir.

Məlumdur ki, hazırda siyasi keçid prosesini nəzərə almasaq, döyüş cəbhəsində iki əsas problem var. Birincisi, ölkənin şimalında yerləşən və əksəriyyəti müxaliflərin nəzarətində olan İdlib vilayətinin taleyidir. İkinci ciddi məsələ isə yenə şimal-şərq ərazilərə, daha dəqiqi Suriyanın 25 faizdən çox ərazisinə nəzarət edən kürdlərin taleyidir. Ankara sammitinin yekun sənədindən də məlum olur ki, liderlərin əsas gündəmi məhz mövzusu məhz qeyd olunan iki məsələ olub. Başqa sözlə İdlib və kürdlərin taleyi. Göründüyü kimi, prioritetlər bir-bir sadalanıb.

Əvvəlcə ondan başlayaq ki, hər nə qədər İsrailə münasibət, həmçinin Suriyanın gələcəyi ilə bağlı fikir ayrılıqları olsa da, indiki mərhələdə Rusiya və İran arasında hər hansı ciddi bir fikir ayrılığı yoxdur. Üstəlik, İdlib və kürd məsələsində iki ölkənin siyasəti üst-üstə düşür. Yalnız İdlib mövzusunda Türkiyənin digər ölkələrlə yaranan fikir ayrılığını liderlər fərqli formada həll etməyə çalışdılar.

Məsələ ondadır ki, 2018-ci il sentyabrın 17-də Ərdoğanın Soçidə Putinlə tələm-tələsik əldə etdiyi razılaşmaya əsasən həmin ilin dekabrına qədər İdlibin mərkəzindən keçən “silahsızlaşmış zolaq” yaradılmalı, ağır silahlar çəkilməli, atəşkəsə nəzarət olunmalı idi. Ən əsası ərazidəki terror təşkilatları siyahısına daxil olan “Əl-Qaidə”, “Heyət Təhrir əş-Şam” (HTŞ) kimi qruplar ləğv edilməli idi. Məsələ ondadır ki, İldibdə bu qruplara daxil olmayan Suriya müxalifəti siyahısına aid olan hərbi-siyasi müxalifət hesab olunan qruplar var. O cümlədən üçüncü böyük silahlı qrup hesab olunan və təxminən, 15-18 min nəfərlik uyğurlardan ibarət “Türküstan İslam Partiyası” silahlı qrupu (İdlibdəki uyğurların sayının 40 minə yaxın olduğu güman edilir – K.R.) ilə yanaşı Türkiyənin dəsətklədiyi “Milli Qurtuluş Cəbhəsi” adlı silahlı dəstələr var. Ancaq məsələnin dolaşıq tərəfi odur ki, Türkiyə Soçi anlaşması əldə etdikdən bir neçə ay sonra İdlibdə cihadçılar hücuma keçərək vilayətin böyük hissəsini ələ keçirdilər. Bununla da, Türkiyənin götürdüyü öhdəliyi dekabra qədər yerinə yetirməsi mümkün olmadı və hələ də mümkün olmur. Ancaq məsələ ondadır ki, müharibədən əvvəl 1,5 milyon insanın yaşadığı İdlibdə hazırda 3 milyon, hətta bəzi iddialara görə 4 milyona yaxın insan yaşayır. İdlibdə hərbi əməliyyatların başlaması bir tərəfdən həm də Türkiyəyə yaxın qrupların zərbə altına düşməsi ilə yanaşı, digər tərəfdən içərisində terrorçular da olmaqla yüz minlərlə qaçqının Türkiyəyə axın etməsi deməkdir. Bu səbəbdən də, indilikdə İdlibdə hərbi əməliyyatların dayanması Ankara üçün ciddi uğurdur. Lakin hər kəsə aydındır ki, bu, uzun zaman davam edə bilməz. Xüsusən də Rusiya İdlibdə hazırkı vəziyyətin uzun müddət davam etməsində maraqlı deyil.

Lakin eyni zamanda Moskva Ankaranın İdlibə deyil, bir qədər şərqə doğru yönəlməsini istəyir. Çünki orda İdlibdən də daha təhlükəli mövzu var. Suriyanın 25 faizdən çox ərazisinə nəzarət edən kürd silahlıları, ya da başqa adla YPG və ya “Suriya Demokratik Qüvvələri” koalisiyası və onları himayə edən, silahlandıran ABŞ, Fransa və da bir neçə Avropa ölkəsinin orduları indi müttəfiqlər üçün daha təhlükəli görünür. Kürdlər (SDQ-nin əsas gücünü kürd YPG təşkil edir – K.R.) artıq 5 ildir Suriyanın şimalında ABŞ və İŞİD əleyhinə koalisiya ilə əməkdaşlıq edir, böyük silah-sursat yardımı alıb və məhz Vaşinqtonun dəstəyi ilə bölgədə siyasi idarəçilik, hətta “konstitusiya” hazırlayıblar. Aydın məsələdir ki, kürdlər Suriyanın şimalında İraqda olduğu kimi kürd muxtariyyəti almağı hədəfləyir. Onları bu yoldan isə yalnız Türkiyə çəkindirə bilər.

Türkiyə Suriyanın şimalında kürd muxtariyyəti və ya hansısa formada kürd özünüidarəsini öz suverenliyi və təhlükəsizliyi üçün təhdid olaraq görür. Bu səbəbdən də, Ankara ilkin mərhələdə Suriya-Türkiyə sərhədində “təhlükəsizlik zolağı” yaratmaq və bununla da, kürdlərin muxtariyyət əldə etməsinə mane olmağa çalışır.

Bu məsələdə Ankaranın mövqeyi Moskva, Tehran və ən əsası Dəməşqlə üst-üstə düşür. Buna görə də Rusiya rəhbərliyi İdlibin cənubunda irəliləyərək böyük bir ərazini nəzarətə götürən Suriya ordusunu atəşkəs elan etməyə məcbur etdi. Ankara isə kürd qruplarını özünə qarşı ciddi təhdid hesab edir. Həmçinin Ankara kürdləri sərhəddən geri çəkməklə böyük bir ərazini nəzarətə götürmək və sərhəd üzərində zolağında necə deyərlər, “tampon bölgə” yaratmağa çalışır.

Moskva və Tehranda isə anlayırlar ki, Ankara yaxşı halda kürdləri sərhəddən 35-40 kilometr geri çəkərək geniş bir “təhlükəsizlik zolağı” qurmaqla kürdlərin əl-ayağını yığışdıracaq, buna nail olmasa belə ən pis halda Vaşinqtonla Ankaranın arasında soyuqluq yaranacaq. Çünki hazırda formal olaraq Vaşinqton (həm də Pentaqon – K.R.) Türkiyənin Suriya ilə sərhəddə “təhlükəsizlik zolağı” yaratmasına etiraz etməsə də, Vaşinqton bunun daha kiçik ərazidə olmasını və ən əsası Türkiyənin istədiyi kimi 35-40 kilometr dərinliyə qədər getməsini istəmir.

Üstəlik, daha pisi odur ki, Suriya ordusu İdlibdən fərqli olaraq ABŞ ordusuna görə kürdlərə qarşı əməliyyat keçirə bilmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında etdiyi çıxışında bu bölgə ilə bağlı planlarını həm də qaçqınlar mövzusu ilə əlaqələndirib. Prezident deyib ki, hazırda ABŞ-la Türkiyə arasında “təhlükəsizlik zolağı” mövzusunda müzakirələr davam edir. Onun sözlərinə görə Türkiyə, ilk növbədə, “sülh dəhlizi” yaratmaq, daha sonra isə bu bölgədə 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Türkiyə prezidenti deyib ki, “zolaq” ərazisində azı 1,5-2 milyon qaçqın yerləşdirmək mümkündür. Söhbət 400 kilometrə qədər uzunluğu və 35-40 kilometr enində bir neçə min kvadrat kilometrlik böyük ərazidən gedir. Daha sonra isə əlavə edib ki, bu xətti Deyr əz-Zor-Raqqa xəttinə qədər endirə bilsələr, o zaman Avropanın digər regionlarından da qayıdacaq 3 milyona yaxın qaçqını yerləşdirmək olar.

Əgər bu plan baş tutsa, o zaman Türkiyə Hatay yaylasından İraq sərhədinə qədər 800 kilometrə yaxın (Türkiyə-Suriya sərhədinin uzunluğu 900 kilometrdən bir qədər çoxdur – K.R.) uzunluğu olan böyük bir ərazi üzərində nəzarət əldə etmiş olacaq. Bu, həm də qarşıdakı həftələrdə Cenevrədə başlayacaq Suriya Konstitusiya Komitəsinin fəaliyyəti üçün ciddi dəstək olacaq. Yəni Türkiyə uzun illərdən sonra Suriyanın gələcək taleyini müəyyən edəcək əsas hərbi-siyasi gücə çevrilmiş olacaq. Əlbəttə ki, bunun üçün ABŞ kimi böyük “maneəni” aşmalıdır.

Vaşinqton isə hələ bir müddət dirənməyə çalışacaq. Çünki ABŞ Ankaranın tələblərinin kürd siyasi perspektivi üçün öldürücü olduğunu yaxşı bilir. Lakin Vaşinqton indi Yaxın Şərqdə Türkiyə kimi böyük ölkə ilə “ipləri qoparmaq” istəmir. Amerikalıların bütün fəaliyyətləri indi kürdlər və Ankara arasında ortaq həll variantı tapmaqdır. Bu mənada indi Suriyada siyasi keçid prosesinin taleyi böyük ölçüdə Ankaradan, onun davranışlarından asılıdır.



MƏSLƏHƏT GÖR:

272