20 Aprel 2024

Şənbə, 14:20

RADARDAN AŞAĞI ZƏRBƏ

Səudiyyə Ərəbistanının neft obyektlərinə edilmiş tarixin ən miqyaslı hücumu ortaya xeyli sual çıxarıb

Müəllif:

01.10.2019

Səudiyyə Ərəbistanının «Saudi Aramco» milli neft şirkətinin Abkayk və Xurays bölgələri yaxınlığındakı neft obyektlərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilmiş hücum ortaya bir sıra suallar çıxarıb: hücumu kim təşkil edib, Krallığın raketdən müdafiə sistemləri bu cür vacib obyektləri niyə qoruya bilmir, Ər-Riyad hansı addımları atacaq və nəhayət, yaxın perspektivdə neftin qiymətində hansı dəyişikliklər baş verəcək?

Vəziyyətin detallı təhlili isə göstərir ki, ortada olan bu suallarla yanaşı, ilk anda gündəmə gəlməyən, lakin daha vacib sayılacaq başqa suallar da var.

Beləliklə, «Saudi Aramco» şirkətinə məxsus 2 nəhəng neft müəssisəsi sentyabrın 14-nə keçən gecə onlarla PUA və qanadlı raketlər vasitəsilə atəşə tutulub. Amma onların bir dənəsi belə, vurulmayıb. Atəş nəticəsində baş vermiş güclü yanğın müəssisələrə ciddi maddi zərər vurub və bu, neft tədarükü prosesinə də təsirini göstərib.

Hadisəyə görə məsuliyyəti «Ansar Allah» hərəkatından olan şiə husi qiyamçıları öz üzərlərinə götürüblər. Hazırda bu qruplaşma Yəməndə hakimiyyət qüvvələrilə mübarizə aparır. Ər-Riyad həmin münaqişəyə 2015-ci ildə qoşulub və ərəb dövlətlərinin koalisiya qüvvələri Yəmənə məhz Səudiyyə Ərəbistanının başçılığı ilə girib. Onlar ölkənin husilər tərəfindən qovulmuş sünni prezidenti Mənsur Hadini dəstəkləyir. Koalisiya silahların qiyamçıların əlinə keçməsinə mane olmaq üçün dəniz blokadasını da həyata keçirib. Lakin müttəfiqlərin husilərlə mübarizəsi heç cür effektiv alınmır – dini qarşıdurma, ağır humanitar böhranla müşayiət olunan münaqişə davam edir.

Husilərin nümayəndəsi Yahar Sari «Al Masirah» kanalına bildirib ki, onlar hücumları Səudiyyə hökumətinin geri çəkilməsinədək davam etdirəcəklər. Üstəlik, maraqlıdır ki, bu, şiələrin dronlardan ilk istifadəsi deyil. Bu ilin mayında onlar Abkaykdan başlayan «Şərq-Qərb» neft xəttini sıradan çıxarmış, avqustda yenə də bir dron «Şaybah» neft yatağına hücum etmişdi. Siyahını uzatmaq da olar. Amma ötən ayın ortalarında təşkil edilmiş hücumla müqayisədə bütün bunlar xırda insidentlərdir. Son hücum nəticəsində Səudiyyə Ərəbistanında da neft hasilatının həcmi 2 dəfədən artıq azalıb – sutkada 9,8 milyon bareldən 4,1 milyon barelə düşüb. Miqyasın daha aydın olması üçün qeyd edək ki, bu, dünyadakı ümumi neft hasilatının 5%-i deməkdir.

«Bloomberg» baş verənləri tarixdə neft ixracına ən böyük badalaqlardan biri kimi qiymətləndirib. Məhz bu insident nəticəsində «Brent» markalı neft 13,8% bahalaşıb. Bu, son 30 ildə bir gün ərzindən qeydə alınmış ən ciddi artımdır.

Ər-Riyad etibarlı tədarükçü imicini qoruyub saxlamaq üçün ixracda ciddi azalmaya yol verilməyəcəyini, hər halda, bu məqsədlə lazım olan bütün tədbirlərin görüləcəyini bəyan edib.

Səudiyyə Ərəbistanının enerji naziri Abdel Əziz ben Salman baş verənləri terror aktı adlandırıb. Husilərin İran və onun müttəfiqi «Hizbullah»dan gizli hərbi və maddi dəstək aldığını əsas gətirən Ər-Riyad əsas ittihamları da məhz Tehrana yönəldib. Ölkənin Müdafiə Nazirliyinin rəsmisi Turki əl-Maliki neft obyektlərinə hücumun həyata keçirildiyi raketin quyruq hissəsini nümayiş etdirərək bildirib ki, ilkin araşdırmalar «hücumun İran istehsalı olan dron vasitəsilə həyata keçirildiyini» göstərib. Üstəlik, o, hücumun Yəmən ərazisindən təşkil olunmadığını da deyib.

Baş verənlərə görə Vaşinqton da İranı günahlandırıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, «Səudiyyə Ərəbistanına, təxminən, 100 hücumun arxasında İran dayanır». KİV-də yer alan xəbərlərə görə, artıq Trampın məsləhətçilərinin əksəriyyəti İranın Səudiyyə Ərəbistanına qarşı atdığı bu addımlara son dərəcə sərt tədbirlərlə cavab verilməsini istəyir. Ağ Ev sahibi isə deyəsən «qırğılar»ın məsləhətlərini dinləmək istəmir. O, İrana hərbi güclə cavab vermək niyyətində olmadığını bildirib: «Variantlar çoxdur… Mən ən son variantın müharibə olduğunu deməmişəm. Düşünürəm ki, bu, elə güc göstəricisidir. ABŞ hərbi baxımdan dünyanın ən güclü dövlətidir. Zərbə endirmək, müharibəyə başlamaq çox asandır. Görək, necə olur. Hansısa addımı atmağımıza ehtiyac yaranacaqsa, ləngiməyəcəyik».

Tramp bu dəfə də köhnə, sınaqdan çıxmış vasitəsinə – sanksiyalara üstünlük verib və budəfəki sanksiyaların «daha ciddi» olacağını bildirib.

Ziddiyyət dolu İran məsələsinin Amerika administrasiyasının gündəmindən bir an belə, düşmədiyi aydındır. Görünür, bu mövzu Vaşinqtondakı siyasətçilərin beynində və onların arasında böyük nifaqa yol açır. Məsələn, Səudiyyə Ərəbistanının dron hücumuna məruz qalmasından bir neçə həftə əvvəl Qərb KİV-i Ağ Ev sahibinin İrana qarşı sanksiya rejimini bir qədər yumşaltmaq qərarına gəldiyini yazırdı. Məlumata görə, Tramp, bununla, BMT Baş Assambleyasının sentyabrın sonuna təyin olunmuş sammiti çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşünə şərait yaratmağı düşünürmüş. Lakin məlum dron hücumundan dərhal sonra Donald Tramp İran rəhbərilə ilkin şərtlər olmadan görüşməyi düşünmədiyini bəyan edib. Amma Trampın guya Ruhani ilə görüşə hazırlaşdığı günlərdə – Səudiyyə Ərəbistanına hücumdan bir neçə gün əvvəl, konkret desək, sentyabrın 10-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton istefaya göndərilmişdi. Maraqlıdır ki, Bolton iranlılarla hər hansı təmasın qəti əleyhdarı kimi tanınır. Artıq sentyabrın 20-də isə o anadək sərt danışan Pompeo Trampdan xüsusi tapşırıq aldığını açıqlamışdı. Dövlət katibinin sözlərinə görə, prezident ona məsələnin sülh yolu ilə həlli üzərində işləmələri üçün müttəfiqlər tapmasını (koalisiya yaratmasını) tapşırıbmış.

Birləşmiş Ştatların müdafiə naziri Mark Esperin İranla «bahalı» münaqişəyə girməyin əleyhinə olduğu, Trampdan «təmkinli cavab addımları»nın atılmasını istədiyi də məlumdur.

Bu arada Pompeo Amerikanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən istifadə edən, nəzəri cəhətdən bütün tərəflərdən qapalı olan Səudiyyə Ərəbistanının dron hücumu qarşısında aciz qalmasından sonra faktiki olaraq, özlərinə bəraət qazandırmaq məcburiyyətində qalıb. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanının HHM sistemi özündə Amerikanın uzaq və orta fəaliyyət radiuslu radarlarını, o cümlədən orta radiuslu «Patriot», uzaq radiuslu THAAD strateji sistemlərini birləşdirir. Üstəlik, onlar radarlarla da təchiz olunub. Bundan başqa, Fars körfəzinin Krallıq sahillərində «Aegis» raketdən müdafiə sistemilə təchiz olunmuş təyyarə daşıyan 3 gəmi keşik çəkir.

Lakin sentyabrın 14-də atəş açılmayıbsa, demək, bütün bu sistemdə ciddi qüsur var. Hər halda, məlum olur ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirmiş PUA-ların uçuşu, ümumiyyətlə, aşkar olunmayıb. «HHM sistemləri heç də hər zaman uğurla çalışmır. Bu, bütün dünyada belədir. Dünyanın ən yaxşı sistemləri belə, bəzən düşmənin uçuş aparatlarını tutmur», - deyə Pompeo bildirib. Amma onun bu cavabı, əlbəttə ki, çoxlarına inandırıcı gəlməyib və hətta anlaşılmazlıqla qarşılanıb. Belə çıxır ki, dövlət katibi faktiki, Amerikaya məxsus HHM sistemlərinin effektiv olmadığını etiraf edir. Üstəlik, o, bu zaman günahı hər kəsin hər situasiyada «istifadə etdiyi» insan amilinin üzərinə belə, yıxmayıb. Halbuki, bu, həm Amerikanın HHM sistemini, həm də Ər-Riyadın etibarlı tədarükçü imicini xilas edərdi. Bu açıqlama isə onların hər ikisini şübhə altına qoyub. Faktiki olaraq belə çıxır ki, Səudiyyə Ərəbistanının böyük bir hissəsi qorunmur və buraya onun şərq əyalətlərindəki neft infrastrukturu da daxildir. Bu, ciddi müzakirələrə yol açıb. Amma daha vacib olanı hadisədən sonra atılan addımlardır. Məsələ ondadır ki, faktlara reaksiyanın ölçüsü yalnız kontekstdən asılıdır. Bu üzdən də amerikalıların Səudiyyə Ərəbistanının neft müəssisələrinə edilmiş hücuma dərhal cavab verəcəyini düşünənlər yanılıblar. Yaxın Şərqdə geosiyasi vəziyyəti tez-tez şiələr sünnilərə qarşı, Səudiyyə İrana, Rusiya ABŞ-a, hər kəs terrorçulara qarşı və s. şəklində təqdim edirlər. Əslində isə burada söhbət heç zaman əbədi müttəfiqlərdən və ya dəyişməz maraqlardan getməyib. Əksinə, bir istiqamətdə irəli atılan iki addım, digər istiqamətdə geriyə bir neçə addıma gətirib çıxara bilər, yaranmış şəraitdən asılı olaraq, dostun rəqibə çevrilməsi, gəlirin isə itki ilə əvəzlənməsi mümkündür. Məsələn, ABŞ Səddam Hüseyni devirməklə, faktiki olaraq İraqı etnik və dini baxımdan parçalayıb, eyni zamanda İranın regiona təsirinin artmasına yol açıb. Daha bir parlaq nümunə ABŞ ilə Türkiyənin münasibətləridir. Ankara ilə Vaşinqton bir hərbi-siyasi blokda yer alsalar da, Suriyadakı kürd amili məsələsində onların baxışları tam fərqlənir. Odur ki, Səudiyyə Ərəbistanına PUA hücumuna da fərqli bucaqlardan baxmaq olar.

Artıq qeyd edildiyi kimi, müxtəlif obyektlərə dronlar vasitəsilə hücumlar artıq yalnız husilərə məxsus təcrübə deyil və onun öz nüansları var. Mütəxəssislər deyir ki, manevr imkanları geniş olan və çox da hündürdən uçmayan dron kifayət qədər çətin hədəfdir. Onların öhdəsindən yalnız radar-təyyarə ilə gəlmək olar ki, daimi nəzarət üçün həmin təyyarələr fasiləsiz olaraq havada olmalıdır. Yalnız «Vikipediya»ya müraciət etməklə görürük ki, İsrailin, İranın, Rusiyanın, Türkiyənin və əlbəttə ki, ABŞ-ın öz dronları var. Onlar Çin bölgəsinə də kütləvi şəkildə tədarük olunur. Suriya müharibəsi müxtəlif tərəflərin öz PUA-sının məharətini nümayiş etdirməsi üçün kütləvi poliqona çevrilib. Məsələn, Rusiya KİV-i rusların Hmeymdəki aviabazasının dəfələrlə PUA-ların hücumuna məruz qaldığını yazıb. Son belə hadisələrdən biri sentyabrda qeydə alınıb: cihadçılar İdlib istiqamətində dronlardan istifadə edib. Daha əvvəlki miqyaslı hücum mayda baş vermişdi. Bununla yanaşı, Rusiya KİV-i yazır ki, dronların istənilən hücumu ölkə ərazisindəki bazalardan uğurla dəf edilir. Bunu Pompeonun dediklərilə müqayisə etdikdə belə çıxır ki, Rusiyanın HHM sistemi ABŞ-ın analoji sistemindən güclüdür? Yeri gəlmişkən, Putin artıq Ər-Riyadı Rusiyadan HHM sistemləri almağa çağırıb və bu zaman ölkənin «özünü təhlükəsizlikdə hiss edəcəyini» bildirib. Odur ki, Rusiya prezidentinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə oktyabrın ortalarına təyin olunmuş səfəri zamanı müzakirələrin hansı mövzularda olacağını təxmin etmək mümkündür. Qərb KİV-i isə Putinin bu sözlərini ABŞ və Aİ-yə qarşı hərbi anlamda «trollama» kimi qiymətləndirir. Hər halda, burada söhbət dəyəri yüz milyardlarla dollar olan müqavilələrdən gedir (Səudiyyə Ərəbistanı hərbi xərclərinə görə dünyanın ilk 5 ölkəsi sırasındadır).

Bəs, görəsən, Amerikanın HHM sistemi Rusiya sistemlərindən həqiqətənmi bu qədər geri qalır? Yoxsa sadəcə, alışmış neft terminalından fərqli olaraq, qapalı hərbi obyektin ərazisində baş verənləri gizlətmək asandır? Əslində isə cavab aydındır: saysız-hesabsız proksi-müharibələrdə dronlardan istifadə yeni reallıqdır və hələlik heç kəs onun öhdəsindən tam gəlmək gücündə deyil. Obrazlı ifadə etsək, müasir HHM sistemləri onilliklər ərzində qriflərdən qorunmağa öyrəşib və indi onları xırda arılar sancmağa başlayıb. Güman ki, dronların əlindən hər kəs bezardır və onların hansı tərəfdən gəldiyini, kimlər tərəfindən göndərildiyini hər kəs yaxşı bilir. Belə olan təqdirdə, baş verənləri «siz bizə burada problem yaratsanız, biz də sizə orada problem yaradacağıq» sxemi kimi qəbul etmək olarmı? Miqyaslı müharibənin heç kəsə lazım olmadığını nəzərə alsaq, bu sualın cavabı müsbətdir. Amerikalı siyasətçilərdə İrana hərbi müdaxilə ilə bağlı müşahidə olunan fikir ayrılıqları, həmçinin Trampın ziddiyyətli fikirləri də buradan qaynaqlanır. Yeri gəlmişkən, ABŞ prezidenti artıq Yaxın Şərqdə əlavə hərbi texnikanın göndərilməsi məsələsinə baxır. Söhbət əlavə HHM komplekslərindən, reaktiv qırıcılardan və müşahidə qurğularından gedir. Tramp bu zərurəti məhz Səudiyyə Ərəbistanının neft sektoruna edilmiş son hücumla əsaslandırır. Sanki burada məntiqsizlik var. Amma bir şeyi xatırlatmaq yerinə düşər: Donald Tramp Yaxın Şərqdə 2017-ci ildə etdiyi səfəri zamanı Krallıq rəhbərliyilə Ər-Riyada 110 milyard dollarlıq silah satışı ilə bağlı razılıq əldə etmişdi.

Yaşananların iqtisadi tərəfi lap maraqlıdır. Neftin qiymətində hücumdan dərhal sonra qeydə alınmış sıçrayış təkcə İran, Rusiya və ABŞ-a sərf etmir. Bu, Səudiyyə Ərəbistanının da xeyrinədir. «The Wall Street Journal» bu il avqustun 9-da yazırdı ki, dünyanın ən nəhəng neft şirkəti olan «Saudi Aramco» 2020-ci ilin əvvəlinə IPO (səhmdar cəmiyyətin səhmlərinin ilk açıq satışı) planlaşdırır. «Saudi Aramco»nun dünyanın ən bahalı şirkətləri olan «Microsoft», «Apple» və «Amazon» kimi şirkətləri belə, geridə qoyacağı gözlənilir. «The Financial Times» şirkətinin dəyərini 880 milyard - 1,1 trilyon dollar arasında, «Bloomberg» 1 trilyon olacağını yazır, «Rystad Energy» isə 1,4 trilyondan danışır. Diqqət! Bu, yalnız bir halda mümkündür ki, neftin bir barelinin qiyməti 75 dollar civarında olsun. Krallıq planlaşdırdığı bu prosedura son dərəcə ciddi yanaşır – ölkədə ümid edirlər ki, şirkətin dəyərini Qərb ekspertlərinin dediyindən daha yüksək görən son vəliəhd şahzadə Məhəmməd bin Salmanın yanılmayacaq – 2 trilyon dollar! Qərb KİV-i isə yazır ki, IPO-ya hazırlıq çərçivəsində «Saudi Aramco»nun Direktorlar Şurasının rəhbəri dəyişdirilib və hökumət ölkənin bir sıra zəngin ailəsini investor olmağa məcbur edir.

Əlbəttə, sadalananlara əsasən birmənalı nəticəyə gəlmək mümkün deyil. Müttəfiqlərlə düşmənlər, müharibələrlə sülh arasında son sərhədlərin də pozulmaqda olduğu dünyada hər hansı qənaətə gəlinməsinə imkan verəcək faktlar çox azdır. Mümkün olan sadəcə, bəzi aşkar ziddiyyətləri, kifayət qədər qəribə fikirləri izah etməyə çalışmaqdır.



MƏSLƏHƏT GÖR:

293