16 Aprel 2024

Çərşənbə axşamı, 20:32

GÖZLƏNTİLƏRİ DƏ AŞMIŞ LAYİHƏ

SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Vitali BƏYLƏRBƏYOVUN «R+»a müsahibəsi

Müəllif:

01.10.2019

- Bu günlərdə tarixi «Əsrin müqaviləsi»nin 25 yaşı tamam oldu. Bu razılaşma üzrə aparılmış danışıqların fəal iştirakçılarından biri kimi, bu işdə ən çox hansı məqamları xatırlayırsınız?

- «Əsrin müqaviləsi» müstəqil Azərbaycanın tarixində xüsusi strateji rola malikdir. Ötən 25 ilin uğurları insanı ölkəmizdə və ondan kənarda həyata keçirilmiş enerji layihələrinin nəhəngliyilə heyran qoyur. «Əsrin müqaviləsi»nin zəfər yolu Azərbaycanın dərin böhrandan çıxmasına, görünməmiş sosial-iqtisadi inkişaf yaşamasına imkan verib, regionun enerji xəritəsini ciddi şəkildə dəyişərək, yeni, qarşılıqlı faydalı əməkdaşlıq sisteminin əsasını qoyub.

Bu müqavilə Azərbaycan tarixində əbədi olaraq ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı qalacaq. Müqavilənin reallaşdırılması ilə bağlı parametrləri o müəyyənləşdirib, proses iştirakçılarını öz diqqəti və ideyaları ilə o ruhlandırıb, bütün maneələrə rəğmən, bu çətin yolda hamıya o yardımçı olub. Yeri gəlmişkən, bu çətinliklər istər müqavilə ilə bağlı danışıqların gedişi və sənədin imzalanması, istərsə də onun reallaşdırılması dövründə kifayət qədər idi.

Heydər Əliyev 1994-cü ilin yazında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihəyə cəlb olunmuş əməkdaşlarından ibarət qrupu ilə görüşdü, bizi dinlədi, xeyir-duasını verdi, lazımi məqamları izah etdi, qarşımıza konkret tapşırıqlar qoydu. Bundan sonra biz gecə-gündüz işləməyə başladıq. O zamankı şəraitdə hələ nisbətən gənc, təcrübəsiz şəxslərin qarşıya qoyulmuş tapşırıqların öhdəsindən gəlməsi heç də asan deyildi. Biz qarşımıza qoyulmuş vəzifənin nədən ibarət olduğunu tam və aydın anlayırdıq.

O, sadə, asan dildə danışır, bu işin ölkəmiz, insanlarımız, hər birimiz üçün nə qədər vacib olduğunu izah edirdi. Düşünürəm ki, bizə daha yaxşı izah heç kəs verə bilməzdi.

Bu görüş ömrümün sonunadək yaddaşımda qalacaq: nə danışırdı, necə görünürdü – hər şey. Sonrakı mərhələlərdə də onun bizim komandamıza, prosesə diqqəti heç zaman azalmadı. Zəng edirdi, maraqlanırdı, soruşurdu, ona məruzə olunurdu, o isə yeni tapşırıqlarını, məsləhətlərini verirdi. Həqiqətən, canlı bir proses gedirdi – ölkənin lideri müqavilə ilə bağlı gedən işlərlə konkret maraqlanırdı. Düşünürəm ki, o zaman həmin sənədin ölkə üçün əhəmiyyətini yalnız onun özü anlayırdı.

Təsəvvür edin, beynəlxalq səviyyədə qəbul olunan neft korporasiyalarını qarşıdurmaların davam etdiyi, nifaq və ədavətin olduğu, nəinki müvafiq təcrübənin, heç lazımi qanunvericilik bazasının da olmadığı bir ölkəyə nəhəng sərmayələr yatırmağa razı salmaq üçün hansı iradəyə, özünə əminliyə və strateji işlər görmək bacarığına malik olmalısan. Üstəlik, söhbət cəmi 3 il əvvələdək, ümumiyyətlə, beynəlxalq sistemdə olmayan bir dövlətdən gedirdi. Bu da son deyil. O dövrdə Azərbaycan nəinki coğrafi mövqeyinə görə (yəni açıq dənizlərə çıxışı olmadığı üçün) təcrid durumda idi, həm də uzun illər SSRİ-nin tərkibində yer aldığı üçün siyasi baxımdan da təcrid vəziyyətdə idi. Belə bir şəraitdə hər hansı müstəqil siyasət yürütmək yalnız çətin deyildi, buna görə, hətta cəzalanmaq belə, mümkün idi.

- Bu gün «Əsrin müqaviləsi»nin bütün gözləntiləri doğrultduğunu əminliklə söyləmək olarmı?

- 1995-ci ildə analitiklər bu müqaviləni xarici investorlarla imzalanmış ən sərt şərtlərə malik sənəd kimi qiymətləndirmişdilər. Demək, o, «ev sahibi» üçün daha faydalı müqavilə sayılırdı. AÇG-də 25 il ərzində aparılmış işlərin nəticəsi proqnozlarımızı, ən cəsarətli gözləntiləri belə, aşdı, Azərbayana gözləniləndən qat-qat çox qazanc gətirdi.

1994-cü ilin mayından sentyabrınadək Azərbaycanın bir otaqda toplanmış kiçik bir qrupunun iştirakı ilə aparılan üçmərhələli danışıqlar 1994-cü il sentyabrın 20-də uğurla – müqavilənin imzalanması ilə başa çatdı. Yeri gəlmişkən, həmin qrupun lideri, şübhəsiz ki, ARDNŞ-nin vitse-prezidenti İlham Əliyev idi. Sənəd məhz ümummilli lider Heydər Əliyev tərəfindən «Əsrin müqaviləsi» adlandırıldı.

«Əsrin müqaviləsi»nin imzalandığı çətin geosiyasi şəraitdə danışıqların bütün yükünü üzərinə götürmüş Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını tam qoruya bilib. İlk müqavilə sonradan uzadıla biləcəyi şərtilə 30 il müddətinə imzalanmışdı. Yatağın işlənməsi zamanı yeni neft və qaz ehtiyatlarının üzə çıxması (onlar 1994-cü ildə proqnozlaşdırılan həcmi 2 dəfədən artıq aşıb), həmçinin SOCAR-ın layihənin operatoru “BP” və digər tərəfdaşlarla uğurlu əməkdaşlığı, toplanan təcrübə və inkişaf etmiş infrastruktur isə müqavilənin müddətinin uzadılacağını əminliklə proqnozlaşdırmağa imkan verirdi. Bütün bu amillərə əsasən demək olar ki, «Azəri», «Çıraq» və «Günəşli» yataqlar bloku nəinki digər yataqlarımızdan ibarət tacın mirvarisidir, o, gksklözivnıy brilliant, kotorıy mojno prodoljatğ krasivo oqranətğ s pomohğö dalğneyşix kontraktnıx pereqovorov i razvitiə eqo usloviy.

Beləliklə, bütün bu işlər sonda daha bir uğura yol açdı: 2017-ci il sentyabrın 14-də, əslində, yeni, Azərbaycan üçün daha da faydalı olan müqavilə imzalandı. O, AÇG-nin 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

- «Əsrin müqaviləsi»nin nəinki bizim ölkəmizin, bütünlükdə regionun inkişafındakı rolunu sözlə ifadə etmək çətindir. Fikrinizcə, ötən 25 ildə qazanılmış əsas dividendlər nədən ibarətdir?

- Düşünürəm ki, bu müqaviləyə ən yaxşı qiyməti bu yaxınlarda Prezident İlham Əliyev verib. O, «Əsrin müqaviləsi»nin 25 illiyi və Neftçilər günü münasibətilə Bakıda təşkil olunmuş mərasimdə dedi ki, «Əsrin müqaviləsi» ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. «Əsrin müqaviləsi»nin bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var».

Son 25 ildə ölkədə neft hasilatının həcmi 4 dəfədən çox, qaz hasilatı isə 5 dəfə artıb. Bu, əla nəticədir və o, multiplikativ effekt verərək, ölkə iqtisadiyyatının bütün sektorlarında canlanma yaradıb. Neft gəlirlərinin effektiv idarə olunması və bölüşdürülməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində inkişaf başlayıb, ordu müasirləşdirilib, elm, təhsil, səhiyyə sektorlarında böyük irəliləmə olub, müasir şəhər və respublika infrastrukturu inkişaf edib. Hər halda, son 25 ildə ölkədə ÜDM-in 216 dəfə artması, yoxsulluğun 10 dəfədən çox azalması təsadüf deyil.

Neft gəlirlərinin insan kapitalına çevrilməsi isə həyat səviyyəsinin, ilk növbədə, xalqın maddi durumunun davamlı olaraq yaxşılaşmasına yol açıb.

«Əsrin müqaviləsi» ölkənin neft-qaz sənayesində yeni eranın əsasını qoyub və indi, bu sahə Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Xəzər dənizinin Azərbaycana aid sektorundakı dərinsulu yataqların işlənməsi üçün ölkəyə müasir texnologiyalar, innovativ istehsalat üsulları gətirilib. Azərbaycana, təxminən, 265 milyard dollar investisiya qoyulub. Onun 101 milyardı neft-qaz sənayesinin payına düşür. Təkcə AÇG-nin işlənməsinə qoyulmuş investisiyanın həcmi 36 milyard dollardır. Bu 25 ildə bizim investorlar və podratçı şirkətlərlə əməkdaşlığımız qanuni, dəyişməz əsaslar üzərində qurulub.

Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 14-də AÇG-nin işlənməsi üzrə yeni müqavilənin imzalanması mərasimində dediyi kimi, «Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaradıb. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir».

- «Əsrin müqaviləsi» həm də regional əhəmiyyətli nəhəng layihələrin reallaşmasına yol açıb…

- Tamamilə doğrudur: 1994-cü ildə imzaladığımız müqavilənin vacib nəticələrindən biri də sonradan Heydər Əliyevin adının verildiyi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin inşasıdır. İnşası 2006-cı ildə uğurla başa çatdırılmış BTC-nin çəkilişilə bağlı işlərə keçməzdən əvvəl – 1995-ci ildə Bakı-Novorossiysk, daha sonra onunla paralel olaraq Bakı-Supsa kəmərlərinin (1999-cu ildə istifadəyə verilib) tikintisilə bağlı danışıqlar aparılıb. Beləliklə, 2006-cı ilin sonunda Cənubi Qafqaz qaz kəməri istismara verilib. Beləliklə, boru kəmərləri strategiyası tədricən bugünkü şəkli alıb.

Bu, əlbəttə ki, hələ 1990-cı illərdəki baxışın davamıdır. Həmin baxışlar artıq XXI əsrdə Prezident İlham Əliyevin rəhbərliyilə gerçəkləşib. O zaman baxış bundan ibarət idi ki, müxtəlif mənalarda təcrid vəziyyətində olan – müxtəlif dənizlərə çıxışı olmayan, beynəlxalq bazarlara çıxış imkanı verən infrastrukturdan məhrum Azərbaycan bu işləri görməli, Bakı-Supsa, Bakı-Novorossiysk boru xətlərindən daha miqyaslı magistral boru xətti sistemi qurmalıdır. Azərbaycanın müstəqilliyinə əsas maneələrdən biri məhz bu sistemin yoxluğu idi.

Bu gün artıq hər kəs qəbul edir ki, istər AÇG, istər «Şahdəniz», istərsə də BTC və Cənub Qaz Dəhlizi Azərbaycanın və region dövlətlərinin təhlükəsizliyinin, müstəqilliyinin əsasını təşkil edir. Onlar bizi artıq başqa dövlətlərlə birləşdirmiş körpü, həmin dövlətlərin son dərəcə vacib resurslarla təmin edən arteriya, nəhayət, bizə önəmli gəlir gətirən layihələrdir.

Cənub Qaz Dəhlizi layihəsi üzərində işlər hələ davam edir. Layihə yekun mərhələdədir. Onunla bağlı Azərbaycan və Gürcüstan ərazisində işlər tam başa çatıb. Faktiki olaraq, Türkiyə ərazisində işlər bitib. Sistem 2018-ci ilin iyulundan işləməyə başlayıb və biz 2020-ci ildə Avropaya qaz tədarükünə başlanacağını gözləyirik. Amma bu da yalnız başlanğıcdır. Cənub Qaz Dəhlizi də mərhələli şəkildə inkişaf edəcək. Söhbət necə deyərlər, həm boyuna, həm də dərininə doğru inkişafdan gedir. Boru xəttilə daha böyük həcmdə qaz nəql olunacaq və ona daha çox istehsalçı və isteklakçı qoşulacaq. Bu, gələcəyin işidir.

- «Əsrin müqaviləsi», təbii ki, Azərbaycana «canlı» pullar, necə deyərlər, neft dollarları gətirib. Bəs, onlar nə dərəcədə effektiv xərclənib?

- Ölkəyə bu layihədən ilk gəlir 1997-ci ildə gəlməyə başlayıb. O zaman hökumət gəlirlərin getdikcə artacağı şəraitdə necə davranılmalı olduğu üzərində düşünməyə başlamışdı. Nəticədə, müvafiq strategiya hazırlandı. 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondu məhz həmin strategiya əsasında yaradılıb. Yeri gəlmişkən, sentyabrın 26-da bu qurum 20 yaşını qeyd edib. Zaman bu yolun uğurlu olduğunu təsdiqləyib.

Nadir qurum olan ARDNF hər hansı təşkilatın təkrarı deyil. Fondun vəsaitlərinin bir hissəsi bu illərdə ən çox zərərlə üzləşmiş insanların dəstəklənməsinə xərclənib – qaçqınlar, məcburi köçkünlər, dözülməz şəraitdə yaşayan insanlar və sair. Daha bir hissə sənayemizin – neft və qeyri-neft – dəstəklənməsinə yönəldilib və yönəldilir. Nəhayət, Fond, əlbəttə ki, özünə də pul götürür.

Bu gün Fondun yaradılması qərarının tam doğru qərar olduğunu söyləmək mümkündür. Onun birmənalı olaraq effektiv idarə edildiyini, ölkənin iqtisadi həyatında son dərəcə böyük rol oynadığını da inamla söyləyə bilərik. Fondun vəsaitlərinin bölüşdürülməsi maksimum şəffaf, Prezident İlham Əliyevin deyərdim ki, «dəmir əl»lə dəqiq formalaşdırdığı prinsiplərə uyğun şəkildə həyata keçirilib. Bu vəsaitlər istər indiki, istərsə də gələcək nəsillərin rifahı üçün xərclənir.

- Azərbaycanda neft erasının yeni mərhələsi qaz hasilatının inkişafına təkan verib. Hər halda, «Şahdəniz» yatağı ilə bağlı epopeya məhz «Əsrin müqaviləsi»nin uğur qazanmasından sonra başlayıb.

- Əlbəttə. Bu 25 ilin əsas nailiyyətlərindən biri ölkəmizin dünyada yeni, vacib təbii qaz mənbəsi kimi qəbul olunmasıdır. «Şahdəniz» yatağının uğurla işlənməsi nəticəsində Azərbaycan nəinki qaz ixracatçısına, həm də qlobal infrastruktur qaz layihələrində aparıcı gücə çevrilib. Ötən il biz Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən 40 milyardlıq meqalayihə olan CQD-nin 4 seqmentindən 3-nün reallaşdırılmasını uğurla başa çatdırmışıq. Artıq «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan qazı Avropaya nəql etməyə tam hazırıq. Layihənin son seqmenti olan TAP-ın tikintisi də başa çatmaq üzrədir. Artıq reallığa çevrilmiş CQD qarşıdakı 25 ildə bizi Avropa ölkələrilə, həmin ölkədəki standartlarla daha sıx birləşdirəcək. Bununla da, beynəlxalq əməkdaşlığımız daha da genişlənəcək, yeni infrastrukturdan bütün maraqlı tərəflərin yararlanmasına imkan yaranacaq.

İnfrastrukturdan söz düşmüşkən, Azərbaycanın geoloji kəşfiyyat potensialı, artıq aşkar olunmuş və proqnozlaşdırılan ehtiyatlarımız haqda da danışmaq istərdim. Dünyanın enerji xəritəsində, həm də tək enerji xəritəsində yox, bir sıra digər xəritələrində aparıcı rol oynamaqda olan kiçik dövlət üçün bu, son dərəcə önəmli məsələdir. Bizdə perspektiv quyular əvvəlkitək çoxdur – 50-dən artıq. Onların bir çoxu ilə bağlı danışıqlar davam edir. Artıq müqavilələrin bağlandığı və ya AÇG kimi işlənmə mərhələsində olan strukturlarda ilk mərhələnin bitməsilə ikinci fazaya keçilir. Nümunə kimi artıq adını çəkdiyimiz «Şahdəniz»i göstərmək olar. Bundan başqa, biz əminik ki, bu yatağın işlənməsinin ikinci fazasının ardından üçüncü, bəlkə də, dördüncü faza da olacaq.

Ölkənin çox böyük investisiya potensialı var: mütəxəssislərimizin üzə çıxardığı təsdiqlənmiş qaz ehtiyatımız 2,6 trilyon kubmetr, neft ehtiyatımız isə 1,5 milyard tondur. Burada, əlbəttə ki, SOCAR-ın birinci vitse-prezidenti, hörmətli Xoşbəxt Yusifzadənin adını çəkməliyik. Bu yataqların əksəriyyətini o kəşf edib, qalanlarının isə harada ola biləcəyini mütəxəssislərə o göstərib.

Son 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. Üstəlik, bu müsbət dinamika davam edir: bu ilin sonuna ümumi qaz hasilatı həcmində 20%-lik artım proqnozlaşdırılır. Artım növbəti illərdə də davam edəcək. «Şahdəniz»lə yanaşı, aparılan kəşfiyyat-axtarış işləri, həmçinin «Abşeron», «Qarabağ» və «Ümid» yataqlarındakı hasilat göstərir ki, bizim qaz kondensat ehtiyatlarımızın da yaxşı perspektivi var. Bizim «Babək», «Şəfəq», «Asiman», «Əşrəfi», «Dan ulduzu», «Aypara» və digər struktur və yataqlardan da gözləntilərimiz böyükdür.

- Beləliklə, hasilat sənayemiz inkişafdadır və bu, yaxın sahələrin, məsələn, neft-kimya sahəsinin də inkişafı üçün impulsdur…

- Qaz sahəsindəki uğurlar qarşımızda qaz emalı, kimya sənayesi kimi yeni üfüqlər açır, müəssisələri indiyədək xaricdən alınan məhsulların istehsalına təşviq edir. Ötən il «SOCAR Polymer» və «SOCAR Carbamide plant» müəssisələrində polipropilen və polietilen istehsalı qurğularını yaratmaqla, bu istiqamətdə ciddi irəliləyişə nail olmuşuq.

«SOCAR Polymer»də hər il 300 min ton məhsul istehsal ediləcək ki, onun da 70%-i xarici bazarlara ixrac olunacaq. Eyni zamanda müxtəlif istehlak mallarının istehsalından bu məhsuldan xammal kimi istifadə olunması kiçik və orta sahibkarlığın inkişafına impuls verəcək, qeyri-neft sektorunun genişlənməsində vacib rol oynayacaq.

Karbamid Zavodunun əsas hədəfi ölkənin azot gübrələrinə tələbatının ödənilməsidir. Burada hər il 650-660 min ton gübrə istehsal ediləcək. İllik məhsulun 2/3-si ixrac üçün nəzərdə tutulur.

Yeni zavodların istismara verilməsi istehsalat əməliyyatlarımızı ciddi şəkildə şaxələndirir. Bu, ənənəvi məhsullardan asılılığın azaldılmasına imkan verir, bizi dəyişkən beynəlxalq neft bazarının fəsadlarından qoruyur. İnvestisiya-əməliyyat portfelinin şaxələndirilməsi dövrümüzün əsas çağırışlarından biridir və SOCAR-ın bu istiqamətdə atdığı addımların uğur gətirdiyini əminliklə söyləyə bilərik.

Həm Polimer, həm də Karbamid zavodlarından xammal kimi Heydər Əliyev adına Neft Emalı Zavodunun və «Azərikimya» İstehsalat Birliyinin məhsullarından istifadə olunur. Bu arada həm Heydər Əliyev adına Neft Emalı Zavodunda, həm də «Azərikimya» İstehsalat Birliyində aparılan yenidənqurma işləri uğurla davam edir. Məqsəd bu nəhəng neft-qaz və kimya komplekslərinin ölkə iqtisadiyyatının inkişaf tempilə ayaqlaşmasını təmin etmək, onların əsas qurğularını müasirləşdirmək, yenilərini tikmək, kəmiyyət və keyfiyyət göstəricilərini yaxşılaşdırmaq, məhsul çeşidlərini artırmaq, istehsalı Avropa standartları səviyyəsinə qaldırmaqdır.

Şübhəsiz ki, tamamilə yenidən qurulacaq bu komplekslər hələ uzun illər daha keyfiyyətli, ekoloji təmiz məhsullar istehsal etməklə, ixrac imkanlarını genişləndirməklə, xalqımıza xidmət edəcək.

- Bu 25 ildə milli neft şirkətimiz – SOCAR da yenidən qurulub, böyüyüb. Şirkət özünün əsas inkişaf hədəflərinə nail ola bilibmi?

- Azərbaycanın ənənəvi neft-qaz sənayesinin layiqli varisi olan SOCAR qədim, şərəfli tarixə malikdir. Bu gün o, tanınmayacaq dərəcədə dəyişib, müasirləşib, dünyanın ən nəhəng milli neft-qaz şirkətlərindən birinə çevrilib.

Ölkə iqtisadiyyatının aparıcı gücü olan şirkətimiz dövlətin kəşfiyyat, qazma, hasilat, nəql və təkrar emal, həmçinin ixracla bağlı bütün tapşırıqlarını vaxtında yerinə yetirir. Yeni texnologiyalardan istifadə edən SOCAR dərin sularda müstəqil şəkildə özüllər tikir, qurur və onları istismar edir, dənizin dərin hissələrində, çətin geoloji strukturlarda, yüksək təzyiq altında qazma və hasilat işləri aparır, dünya standartlarında sənaye müəssisələri yaradır, qlobal miqyaslı layihələrdə operator kimi iştirak edir.

Azərbaycan neftçiləri üçün xüsusilə əlamətdar olan yeni modulların, nəhəng platformaların dayaq bloklarının, ümumilikdə, tikinti-konstruktor işlərinin məhz Azərbaycanda, yerli mütəxəssislərin iştirakı ilə SOCAR-ın tikinti meydançalarında aparılmasıdır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri SOCAR-ın dünyaca tanınan, müasir, rəqabət qabiliyyətli, vertikal inteqrasiya olunan transmilli şirkətə çevrilməsidir. Bu istiqamətdə artıq ciddi nailiyyətlər qazandığımızı deyə bilərəm. SOCAR dünya bazarlarına kifayət qədər inamla çıxıb, orada layiqli yer tutub və mövqeyini kifayət qədər gücləndirib.

TANAP-ın tikintisində əldə edilmiş uğurlar SOCAR-ın ölkədən kənarda belə, nəhəng, son dərəcə çətin layihələri vaxtında, yüksək nəticə ilə həyata keçirmək gücündə olduğunu təsdiqləyib. Biz Gürcüstanda, Türkiyədə, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrdə uğurla işləyirik. Bizim əməliyyatlarımız artıq faktiki olaraq, bütün qitələri əhatə edir. Ötən il 40 ölkədə 100-dən çox məntəqədə müxtəlif kommersiya əməliyyatları aparmışıq. Bu, SOCAR-ın geniş, inkişaf etmiş qlobal ticarət infrastrukturu şəbəkəsinə malik olduğunu göstərir.

Bundan başqa, bizim ticarət əməliyyatlarımızın, təxminən, 80%-i üçüncü ölkələrin məhsulları hesabına aparılır. Biz biznes portfelimizi davamlı olaraq şaxələndirməklə, beynəlxalq bazarlarda iştirak payımızı artırmaq yolunu seçmişik. Hazırda Türkiyədə “BP” şirkətilə birlikdə yeni neft-kimya kompleksinin tikintisi imkanlarını nəzərdən keçiririk.

Yeri gəlmişkən, SOCAR Türkiyənin ən nəhəng xarici investorudur. Qısa vaxtda biz orada vahid infrastruktur və dəyər zənciri qurmağa nail olmuşuq. İki qardaş ölkə üçün son dərəcə əhəmiyyətli olan bu dəyər zənciri özündə «Petkim» neft-kimya kompleksi, külək enerjisi stansiyası, Egey dənizi sahilində ən böyük liman olan SOCAR-ın konteyner terminalı, optiko-volokonnaə liniə və ötən il istismara verilmiş STAR Neft Emalı Zavodu kimi nəhəng aktivləri birləşdirir. Bizim artıq tam gücü ilə işləməkdə olan STAR Zavodunda istehsal etdiyimiz məhsul Türkiyədə biznesimizi inkişaf etdirməyimizə yeni impulsdur.

Bir sözlə, SOCAR ildən-ilə böyüyür, inkişaf edir, beynəlxalq bazarlarda yeni seqmentləri əhatə edir, bununla da, Azərbaycanın milli sərvətinin dəyəri artır. Şirkətimiz sosial məsuliyyətini dərk edərək, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair proqramlarda, Heydər Əliyev Fondunun layihələrində və digər layihələrdə hər zaman fəal iştirk edir.

- Sosial mövzunu davam etdirək. Bu gün dünya səviyyəli neft şirkətlərinin qarşısında dayanan əsas vəzifələrdən biri istehsalat zamanı ətraf mühitə dəyən zərərin minimuma endirilməsidir. SOCAR bu məsələdə yüksək standartları tətbiq edə bilirmi?

- SOCAR ölkəmizdə geniş vüsət almış, ötən dövrlərin neft-qaz hasilatı fəaliyyətindən bizə miras qalmış problemlərin aradan qaldırılmasına yönəlmiş ekoloji hərəkatın ön cərgəsində gedir. Biz neftlə çirklənmiş mədən ərazilərinin, xüsusilə Abşeron yarımadasındakı ərazilərin təmizlənməsi istiqamətində miqyaslı işlər görürük. Dəniz suyunun təmizlənməsi, yaşıllıqların yaradılması, atmosferə çirkli qazların atılmasının qarşısının alınması üçün də vacib tədbirlər görülür. SOCAR-ın ekoloji layihələrinə BMT və Dünya Bankı tərəfindən yüksək qiymət verilib. Bizim Tullantıların İdarəolunması Mərkəzimiz MDB və Xəzər regionunda neft-qaz sənayesi tullantılarının istifadəsi üzrə ixtisaslaşmış ilk qurumdur.

Sevindirici haldır ki, bizim xarici tərəfdaşlarımız da ətraf mühitin mühafizəsinə ciddi yanaşır, bu cür tədbirlərin keçirilməsində SOCAR ilə fəal əməkdaşlıq edir. Məsələn, CQD layihəsinə cəlb olunmuş bir çox şirkət üzərinə dəyər istehsal-satış zəncirində və təbii qazın paylaşımı (Methane Guiding Principles Initiative) zamanı atmosferə metan atılmasının minimuma endirilməsinə dair öhdəlik götürüb. SOCAR bu təşəbbüsə qoşulmuş ilk milli neft şirkətlərindən biridir. Biz eyni zamanda, Xəzər regionunda səmt qazının yandırılması təcrübəsindən imtina etmiş ilk şirkətik.

Cənub Qaz Dəhlizi müasir texnologiyalardan istifadə etməklə tikilir. Bu isə qaz hasilatı və tədarükünün atmosferə minimum həddə metanın atılması ilə həyata keçirilməsinə imkan verir. Bu mənada CQD-nin tikintisi həm də atmosferə metan atılması məsələsində yeni sənaye standartlarının tətbiqi baxımından nümunə olacaq.

Bütün bu qlobal səviyyəli nailiyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji strategiyasının uğurlarının göstəricisidir.



MƏSLƏHƏT GÖR:

418