19 Aprel 2024

Cümə, 03:36

KUKLALAR, MUSİQİ, MİNERALLAR

Rəssam Vüqar Əlinin məhdudiyyətsiz maraqları məhdud məkanda

Müəllif:

15.10.2019

“Rənglərin ritmləri." Muzey Mərkəzinin İncəsənət Qalereyasında rəssam, müəllim Vüqar Əlinin fərdi sərgisi məhz bu ad altında keçirilib. Həmişə olduğu kimi, İncəsənət Qalereyasının bu sərgi salonlarında həm açılış günündə, ondan sonra da çox sayda izləyicisi olur. Azərbaycanda bu incəsənət növünə maraq çox böyükdür. Bundan əlavə, sənətkarın şəxsiyyəti - peşəkar dairələrdə tanınan və hörmətli bir insan olması, habelə onun yaradıcılığı da böyük maraq doğurur. Sərginin koordina toru və ekspozisiyanın müəllifi Liana Vəzirovadır.

 

Uca missiya

Vüqar Əli - Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin və M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) məzunudur, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür – ancaq öz yaradıcılıq maraqları dairəsini yalnız rəsmlə məhdudlaşdırmır. 1990-cı illərdən başlayaraq dizayn, teatr-tərtibat incəsənəti və qrafika sahələrində fəal işləyir. «Kainat» yaradıcılıq qrupunun qurucularından biri olub. Karikatura rəssamı kimi KİV-lə əməkdaşlıq edib, plakatlar və afişalar yaradıb, onların bir çoxu müxtəlif müsabiqələrdə mükafatlandırılıb. Dövlət Gənclər Teatrının baş rəssamı işləyib, eyni zamanda səkkiz il Azərbaycanın Muzey Mərkəzində (MM) çalışıb ki, indi muzeyin ekspozisiyasında onun bir sıra əsərləri sərgilənir. MM-də işləyən zaman o, «Fusion Doll» Bakı Beynəlxalq Kukla Biennalesinin (2011, 2013, 2015), "Caz stilində kuklalar" (2010), "Qış zamanı" (2011), "Sport Art" (2012), “Novruz rəngləri ” (2012) və bir sıra digər məşhur sərgi layihələrində afişa və plakatların dizaynını işləyib. O, Azərbaycanın ilk «Kukla» art-qalereyası üçün də maraqlı plakatların və kataloqların müəllifidir.

Bu, heç də onun fəaliyyətinin tam siyahısı deyil. Rəssamın yaradıcılıq yolu - gündəlik axtarış və eksperimentlər yoludur. Vüqar Əli laqeyd və sönük insan deyil, bədii ideya ilə asanlıqla alovlanır və başqalarını da alovlandırmağı bacarır. Müəllim üçün əla keyfiyyətdir! Bu barədə Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil edilmiş sərginin açılışında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova və s. danışıblar.  

Sərginin açılışı rəssamlıq peşəsini vəsf edən bir bayrama çevrilib. Bununla belə, dünyanı şeylərin və hadisələrin mahiyyətinə dərindən nüfuz edən baxışlarla görmək qabiliyyətindən danışmaq bir az hörmətsizlik olardı. Çünki günün 24 saat ərzində ətraf dünya ilə təmasda olmaq missiyası artıq bir peşə deyil, daha yüksək və daha çətin bir işdir.

 

Musiqiyə münasibət

"Rənglərin ritmləri" rəssamın caz səslərinə dalmasını əks etdirən ilk fərdi sərgisi deyil. 2016-cı ildə onun əsərlərinin ekspozisiyası dünyanın böyük cazmenlərinin adları ilə təqdim olunub. Daha doğrusu, onların portretləri ilə. Bu, çox qeyri-adi və heyranedici olub, çünki qəfildən izləyicilərin qarşısında caz dinləyərkən musiqiçilərin yaradıcılığı barəsində ən az düşünülən tərəfi açılıb. Vüqar Əlinin caz musiqisinə sevgisi yetərincə təbiidir (hansı bakılı cazı sevmir!). Bunun sirri rəssamın çox sevdiyi musiqinin yaradıcı ritmlərinin onun təsviri ritmləri ilə üst-üstə düşməsi ilə bağlıdır. Musiqi Vüqar Əlinin vizual ritmlərinin özündədir. Onun işlərinə baxanda buna əmin ola bilərsiniz.

İndiki ekspozisiya müəllifin yaradıcılığını və bədii maraqlarını tematik şəkildə əks etdirən üç istiqamət ilə təqdim olunur: “musiqi” - sənətkarın ruh halı kimidir; "Nargilə" - mif və gerçəkliyin əksi kimi - "Nar pərisi" ("Nargilə") adlı əsərlər silsiləsi; "kristalloqrafiya" çağdaş dünyaya baxış üçün bir üsuldur. Bu, rəssamın  mineralogiya sahəsində tanınmış mütəxəssisi, akademik Xudu Məmmədovun rəhbərliyi altında mineralların quruluşunu və təbiətini anlamaq üzrə araşdırma dövrü ilə bağlı olan yaradıcılıq və təcrübi axtarışlarının nəticəsidir. Təbiətinə görə kristal nədir? Bəs, kristal qəfəs nədir? Bu, fiziklərə və kimyaçılara ünvanlana biləcək bir suallar. Bəs, rəssamlığın bununla nə əlaqəsi var? Buna fəlsəfi baxımdan yanaşılarsa, mineralın sadəcə canlı və cansız təbiət arasında bir ara həlqəsi olduğunu iddia edə bilərik. Rəsmdə – fiqurun bərabər tərəflərinin, bucaqlarının və tillərinin, onların simmetrik təkrarlanmasının həndəsi dəqiqliyi yer alıb. Bu, ovsunlayır, qəribə olsa da, əsərlə vizual təmasda üçölçülü məkan hissi yaradır.

 

«Nargilə»

Bu bölməyə daxil olan rəsm əsərləri sırası – bu, qadınlığın təbiətinin və təbiətin qadınlığının gözəlliyinə həsr edilmiş bir himndir. Çünki həm rəsmdəki Qızlar, həm də Narlar dondurulmuş anın zərifliyini və çırpıntısını vəsf etməklə yanaşı, həm də canlı və cazibədar personajlara çevrilirlər. Adam onlara uzun-uzun baxmaq istəyir. Rəssamın fırçasının onları əbədiləşdirdiyi an üçün onların münasibətlərinin təbiətini izləmək və "oxumaq" istəyir.

 

«Musiqi ritmləri»

Bu, sərginin ən böyük hissəsidir və orada konkret insanların portretləri təqdim olunub – portretlər müəllifin musiqini ifaçını və ətrafındakı dünyanı dəyişdirməyə qadir fenomenal hadisə kimi qavraması mövzusunda bədii ümumiləşdirmənin təcəssümüdür. Ən azından skripka çalınan o anlar üçün. Musiqi və İnsan – rəssamın düşüncələrini məşğul edən mövzudur, o, bir tədqiqatçı kimi qəhrəmanlarının düşüncə və hisslərinin dərinliklərinə qədər nüfuz edir. Ona görə nüfuz edir ki, ovsunlayıcı yaradıcılıq stixiyasını anlasın. Dünyanı daha yaxşı, daha təmiz və daha xeyirxah edəcək ahəngləşdirici enerji axınına çevrilən stixiyanı.

 

Rəssamlar haqqında

Azərbaycanda istedadlı və parlaq rəssamlar çoxdur. Onların həm dünya ilə, həm də özləri ilə "danışmağa" sözləri var. Yetərincə dürüst və vicdanlı qalmaqla. Rəssam Vüqar Əli öz dünyasını yaradıb. Bu, özündə yaradıcılıq axtaran bir İnsanın dünyasıdır. Ona İnsan olaraq qalmasına imkan verən həyati məkanların enerji titrəmələrini arayan bir İnsan. Rəssamın əsərlərində işıq çoxdur. Müsbət hisslər və düşüncələr də çoxdur. Belə görünür ki, Vüqar Əli özü və ətraf dünya ilə ahəng içində olmağı bacarır. Buna görə, onun həm tamaşaçılara, həm də tələbələrinə söyləyəcəyi sözü var. Yeri gəlmişkən, sərgidə tələbələrin sayı yetərincə çox idi.  

Duyğular: toplum, yəqin ki, xeyirxah qəlbli və ürəyində işığa sahib gözəl rəssamların olmasının vaciblik səviyyəsini yetərincə anlamır. Yəni. Amma yaxşı olardı ki, toplum, yəni sizlə biz onların peşə və yaradıcılıq uğurlarını qeyd edib, ad və mükafatlarla təltif edəydik: "ifadəli fırça", "kompozisiya ustası", "rəng palitrasının virtuozu" və s. Şairlər, bəstəkarlar və rəssamlar – kainatın Yüksək ideyasının daşıyıcısı olmaq üçün göylərin vergisinə sahib xüsusi insanlardır. Buna görə də onlar xüsusi statusa sahib olmalıdırlar.



MƏSLƏHƏT GÖR:

298