25 Aprel 2024

Cümə axşamı, 21:19

FORMAL DOSTLUQ

Aİİ-nin İrəvan sammiti: istəyirdilər yaxşı alınsın, amma…

Müəllif:

15.10.2019

Məlum olduğu kimi, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlət başçılarının sammiti və «Avrasiya qitəsinin tranzit potensialı» forumu keçirilib. Hər iki tədbir İrəvanda keçirilsə də, Ermənistanın onlardakı rolu, yumşaq desək, statistlikdən o tərəfə keçməyib. Yəni onun tədbirin gündəliyində hər hansı ciddi payı olmayıb – yalnız qonaqların gəliş proqramının hazırlanması, onların yerləşdirilməsi, banket təşkili və s.

Bununla yanaşı, Aİİ-nin İrəvan sammitinin tarixə düşəcəyinə dair fikirlər qismən də olsa, özünü doğruldub. Təşkilatın katibliyinin səyləri və onun aparıcı üzvlərinin (Ermənistan bu sırada deyil) nüfuzu sayəsində toplantıya quruma üzv olmayan dövlətlərin prezidentləri də qatılıb – İran, Moldova, Sinqapur. Bu, şübhəsiz ki, Aİİ-nin coğrafiyasını xeyli genişləndirir, bu inteqrasiya məkanı ilə münasibətlərdə maraqlı olan tərəflərin sayını artırır.

Qeyd edilməlidir ki, Aİİ-nin fəaliyyət gündəliyi təşkilatın Dövlət Başçıları Şurası və ya Ali Avrasiya İqtisadi Şurasının qərarları ilə müəyyənləşir. Konkret məsələlərə konkret yanaşmanı ortaya qoyan işçi orqan isə Avrasiya İqtisadi Komissiyasının (AİK) şurasıdır. Onun iclaslarında, adətən, Aİİ üzvü olan dövlətlərin hökumət başçılarının müavinləri və AİK kollegiyasının sədri iştirak edir.

Hazırda Aİİ-yə sədrlik edən Ermənistan, əlbəttə ki, müəyyən təşəbbüslərlə çıxış edə, qurumuni inkişafına töhfə verə bilərdi. Lakin o, iqtisadi durumu, ifrat iddiaları üzündən gerçəkləşməsi mümkün olmayan planlardan başqa heç nə təklif edə bilməyib. Özünüz baxın, Ermənistanın baş naziri «Avrasiya qitəsinin tranzit potensialı» forumundakı çıxışında Aİİ və İranın enerji sistemlərinin birləşdirici bəndi olmaq təşəbbüsünü irəli sürüb. Görünür, Nikol Paşinyan cəmi bir neçə ay əvvəl ölkəsinin miqyaslı enerji blek-autu ilə qarşılaşdığını unudub. O zaman bu, elektrik enerjisi xətlərinin həddindən artıq köhnə olması üzündən baş vermişdi. Paşinyandan fərqli olaraq, iranlılar bunu çətin unutsun.

Doğrudur, İran, Ermənistan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi çoxdan ortadadır. Lakin İrəvanın tərəfdaşları başqa istiqamətə – Azərbaycandan keçən marşruta üstünlük verir. İranın enerji naziri Rza Ardakanian hələ bu ilin martında bildirmişdi ki, ölkəsi elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulması planı üzərində düşünür. Başqa sözlə, ermənilər hələ təkliflər üzərində çalışırsa, Azərbaycan artıq fəaliyyətdədir.

Bundan başqa, Rusiya, Azərbaycan və İran hələ avqustun 12-də «Şimal-Cənub» enerji dəhlizinin yaradılmasının texniki-iqtisadi əsaslandırılması ilə birlikdə məşğul olmaq haqda razılaşma imzalayıblar. Bu dəhliz Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutur.

Ermənistan tərəfinin Tehrana «Meqri» Azad Ticarət Zonasının imkanlarını «İranla Aİİ arasında birləşdirici bənd» kimi qəbul etdirmək cəhdi də yöndəmsiz alınıb. İran lideri Həsən Ruhani Ermənistanın ünvanına bir sıra xoş söz söyləyib, ikitərəfli münasibətlərin inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Lakin sammit iştirakçıları qarşısındakı çıxışında o, hər kəsi öz azad iqtisadi zonasından istifadə etməyə çağırıb. Bununla da, Ruhani Paşinyana hər şeyin onun düşündüyü kimi rəvan olmadığını anladıb.

Toplantı iştirakçılarının Ermənistanın texnoloji sıçrayışının zirvəsi kimi qələmə verilən yeni texnologiyalar mərkəzinə səfəri də solğun alınıb. Hər halda, bura «Silikon vadisi» deyil. Söhbət, əslində, texnologiyaların istehsalat prosesinə tətbiqinə cəhdlərin edildiyi adi məkandan gedir. Odur ki, bu səyahət ziyarətçilərdə hər hansı dərin təəssürat yaratmayıb.

N.Paşinyanın Ermənistanı Aİİ xəritəsində strateji nöqtə kimi təqdim etmək cəhdinin də uğurlu alındığını söyləmək mümkün deyil. O, guya nəinki Aİİ üzvlərinin, tərəfdaş ölkələrin də maraqlarının məhz Ermənistanda kəsişdiyini iddia edib. Lakin Aİİ ölkələrinin Ermənistanla əməkdaşlığın inkişafına xüsusi maraq göstərdiyini söyləmək çox çətindir. Buna baxmayaraq, yerli KİV İran prezidentinin Ermənistana səfəri ərəfəsində və səfərin gedişində iki ölkə arasında əməkdaşlığın fantastik gələcəyindən ağızdolusu dəm vurmağı lazım bilib. Məsələn, Tehranın son həftələrdə İran-Ermənistan dəmir yolu mövzusunu yenidən fəal şəkildə gündəmə gətirdiyi iddia olunur. Üstəlik, erməni müəlliflər (!) məsələnin İran prezidentinin bu yaxınlarda keçirdiyi xüsusi iclasda müzakirə olunduğunu da deyir. Bu cür psevdonəzəriyyəçilərin fantaziyası o dərəcədə inkişaf edib ki, onlar Tehranın İran-Ermənistan-Çin üçtərəfli formatını yaratmağa meyil etdiyini belə, söyləyirlər. Guya iranlılar dəmir yolu layihəsinin daha dərindən öyrənilməsilə məşğuldur və onlar bu məsələyə məhz üçtərəfli formatda yanaşmağa başlayıblar.

Bu yerdə xatırlatmaq lazımdır ki, Ermənistanın elektrik enerjisi infrastrukturu kimi, dəmir yolu da hazırda özünün yaxşı dövrünü yaşamır. Məlum olduğu kimi, Ermənistan dəmir yolları Rusiyanın uzunmüddətli nəzarətindədir. Yerli hüquq-mühafizə orqanlarının şirkəti vergidən yayınmaqda şübhəli bilməsi isə Rusiya tərəfinin qəzəbinə səbəb olub. Rusiyanın Nəqliyyat Nazirliyi sentyabrın sonunda bəyan edib ki, «Rusiya Dəmir Yolları» İdarəsinin «törəmə» şirkəti Ermənistan dəmir yollarının idarə olunmasına dair müqaviləni ləğv edə bilər. Bu yerdə rusiyalı nümayəndənin söylədiyi bir fikir xüsusilə vacibdir. O, bildirib ki, Ermənistanın «yaratdığı vəziyyət» 100% «Rusiya Dəmir Yolları» İdarəsinə məxsus «Cənubi Qafqaz Dəmir yolu» idarəsinin (yerli dəmir yollarının operatoru) «normal işləməsinə imkan vermir».

Maraqlıdır, Ermənistanda Rusiyanın normal işləməsi üçün şərait yoxdursa, İranın, Çinin və ya hər hansı digər ölkənin burada normal fəaliyyət göstərə biləcəyinə zəmanət varmı? Rusiya Ermənistanda zərərlə işləyən aktivlərindən imtina edərsə, yaranacaq riskli şəraitdə çətin ki, hansısa investor orada çalışmağa maraq göstərsin. Üstəlik, elə qonşu Azərbaycanın hazır dəmir yolu infrastrukturundan asanlıqla istifadə etmək mümkündür.

Ümumiyyətlə, bu sammitin İrəvan üçün əhəmiyyətini şişirtmək doğru olmazdı. O, rotasiya prinsipi əsasında Ermənistanda keçirilib. Aİİ-yə sədrlik edən Ermənistan qaydalara uyğun olaraq, sammitə ev sahibliyi etməli idi. Putin ilə Ruhani də Paşinyana Aİİ məkanında proseslərin inkişafına verdiyi töhfəyə görə deyil, sammitin təşkilinə görə təşəkkür ediblər. Yəni söhbət məsələnin yalnız texniki tərəfindən gedir. Çünki İrəvan təşkilatın fəaliyyətinə real töhfə vermir. Bundan başqa, Paşinyanın müxalifətdə olduğu zaman Ermənistanın israrla bu təşkilatı tərk etməli oluğunu söylədiyi hər kəsin yadındadır. Bu isə öz növbəsində, hazırkı baş nazirin mövqeyinin arxasında dayana bilmədiyini təsdiqləyən daha bir məqamdır.

Bir sözlə, Putin, Ruhani və digər prezidentlərin İrəvana səfərləri yalnız Aİİ-yə sədrlik növbəsinin Ermənistanda olması ilə bağlıdır. Odur ki, burada söhbət Rusiya və İranın İrəvanla, Paşinyanla əməkdaşlığa maraq göstərmələrindən getmir. Başqa sözlə, prezidentlər Ermənistana İrəvanın deyil, Aİİ-nin xatirinə yollanıblar. Orada səsləndirilən fikirlər də sırf protokol xarakterli fikirlər olub. Ermənistanla nə Putin, nə də Ruhani hər hansı ikitərəfli sənəd imzalayıb. Yəni bu, heç işgüzar səfər belə, olmayıb.

Doğrudur, Paşinyan yenə də sammitdən öz maraqları üçün istifadə etməyə çalışıb. Amma Ermənistanın özündə belə, bir məqama xüsusi diqqət çəkiblər – Rusiya prezidentinin Ermənistanın baş naziri ilə görüşü Putinin Bella Koçaryanla (Paşinyanın qatı düşməni olan sabiq prezident Robert Koçaryanın xanımı) görüşündən də az çəkib. Belə bir vəziyyətdə hansı dost münasibətlərindən danışmaq olar?

Forum haqda təsəvvürün tam olması üçün bir məqam da mütləq qeyd edilməlidir: Ermənistanın baş nazirinin «selfi» kimi ekspromtları bəzi iştirakçıları açıq-aşkar qıcıqlandırdı. Bu, onu göstərir ki, sammitin bəzi səhnəarxası məqamlarının ictimaiyyətə təqdim olunması heç də bütün iştirakçıların ürəyincə deyil. Bu, protokol qaydalarını aşır və Paşinyanın özü də belə halları heç də hər kəsin bəyənmədiyini etiraf edir. Bu, təşkilatçıların qeyri-peşəkarlığının, həmçinin tədbir iştirakçılarının maraqlarının nə qədər fərqli olduğunun göstəricisidir. Ölkəsini Aİİ ilə başqa ölkələr arasında körpü kimi təqdim etməyə çalışan Paşinyan növbəti dəfə özünü xoşagəlməz vəziyyətə salıb. Lap bir məşhur məsəldə deyildiyi kimi: «İstəyirdik yaxşı alınsan, amma həmişəki kimi alındı».



MƏSLƏHƏT GÖR:

290