24 Aprel 2024

Çərşənbə, 12:26

“PARTER”DƏN ÇIXMAQ ÜÇÜN

Güləş üzrə Azərbaycan millisi məşqçi heyətini yeniləyir

Müəllif:

01.11.2019

Qazaxıstanda keçirilən güləş üzrə Dünya çempionatının nəticələrinin qənaətbəxş olmaması federasiyanı ciddi addımlar atmağa məcbur etdi. “R+”un yazdığı kimi Azərbaycan Güləş Federasiyasının məşqçilər heyətində islahatlar başladı. Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.     

Beləliklə, böyüklərdən ibarət komandanın baş məşqçisi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.

Federasiya rəhbəri Namiq Əliyev Tokio Olimpiadasına 9 ay vaxt qaldığını və bu müddətdə komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu söyləyib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza lazımi şəraitin yaradılacağını da bildirib.

Yeni baş məşqçi isə öz növbəsində yığmamızı yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.           “R+”a açıqlama verən yeni baş məşqçi komandasıyla bağlı ilk təəssüratlarını bölüşməklə yanaşı, hazırlıq planı haqqında danışıb: “1993-94-cü illərdə Türkiyə yığmasında köməkçi-məşqçi kimi işləmişəm. Ancaq Rusiya xaricində ilk dəfə baş məşqçi kimi çalışıram. Azərbaycan yığması yaxşı komandadır. Burada güləşçilərin fərqli texniki bacarıqları var. Hələ SSRİ dönəmində yetişmiş güclü yunan-Roma güləşçilərinin davamçılarını görməkdəyik. Onlar öz bacarıqlarını yeni nəsilə ötürüb. Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır. Halbuki millidə güclü güləşçilər var və mənə elə gəlir ki, biz bu missiyanın öhdəsindən gələcəyik. Müşahidələrimə əsasən deyə bilərəm ki, güləşçilərin fiziki hazırlığı qaydasında olsa da, xalça üzərində məşqlərə daha çox ehtiyac var. Bəlkə, məhz xalça üzərində məşqlər yetərincə olmadığı üçün Dünya çempionatında nəticə ürəkaçan olmadı. Ancaq güləşçilərin təcrübəsinə söz ola bilməz.

İndi komanda yüklənmə dövrünü keçir. Azərbaycan çempionatından sonra Minskdə təlim-məşq toplanışı keçirmək nəzərdə tutulub. “Rusiyanın baş məşqçisi ilə də birgə hazırlıqla bağlı danışıqlar aparırıq. Ustalıq səviyyəsini artırmaq üçün belə toplanışlara ehtiyac var. Dekabrda keçiriləcək Azərbaycan çempionatında bütün yığma üzvlərinin iştirakı nəzərdə tutulub. Çünki bu yarışın nəticələrinə əsasən millinin heyəti yenidən formalaşdırılacaq”, - deyə A. Tarakanov bildirib.

Bundan sonra Avropa çempionatı və Azərbaycan üçün daha böyük önəm kəsb edən lisenziya xarakterli turnirlərə hazırlığa start veriləcək. “Uşaqlar məşqlərdə belə həvəslə işləməyə davam etsə, lisenziyaları qazanacaqlar. Bizdə xüsusən 60, 67, 87 və 130 kq-da rəqabət güclüdür və yaxşı perspektiv var”, - deyə baş məşqçi vurğulayıb.

Yunan-Roma güləşi üzrə yığma komandadan başlayan islahatların digər komandada davam edəcəyi gözlənilir. Saypulla Absaidovun Dünya çempionatına yollanmaması artıq vəzifəsindən ayrılması anlamına gəlir. Sərbəst güləş üzrə milli komandamızın baş məşqçi postuna əsas namizəd kimi dağıstanlı Ənvər Məhəmmədhacıyevin adı çəkilir. Hazırda Dağıstanın gənclərdən ibarət yığmasında böyük məşqçi, Rusiya millisində məşqçi kimi çalışan 63 yaşlı mütəxəssis həm də millimizin üzvlərindən Şərif Şərifovla Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisidir. Məsələnin yaxın vaxtlarda həllini tapacağı gözlənilir.

Məlumatı təsdiq etməyən Ənvər Məhəmmədhacıyev belə bir variantın olduğunu istisna etmədi: "Dəqiq məlumatı federasiyadan almaq olar. Düzdür, müəyyən danışıqlarımız olub. Milli üzvlərinin yarısının legioner olması səbəbindən komandada mənim çalışmağımın məqsədəuyğunluğu bildirilib. Razılaşsam, mənə rəsmi təklif ünvanlamaları mümkündür. Bu məsələyə dair qərarı rəhbərlik verəcək".

Təcrübəli məşqçi yığmamızda işləməyin hamının arzusu olduğunu etiraf etsə də, bəzi məsələlərin həllinin vacibliyini dilə gətirib. "Belə güclü yığmada işləmək dünyanın istənilən məşqçisinin arzusudur. Hətta belə etimad göstərilməyin qarşılığında nə edəcəyimi bilmirəm. Bu, mənim üçün fəxrdir. Bu komandayla böyük uğurlar qazanmaq mümkündür. Rəsmi təklif olsa, bu barədə düşünmək olar. Bəzi məsələləri də yoluna qoymaq lazımdır. Dağıstanın paytaxtı Mahaçqalada çalışdığım Həmid Həmidov adına İdman Məktəbində yüzlərlə güləşçi məşğul olur. Təkcə bu il iki yetirməm gənclər arasında Avropa çempionu, Dünya çempionatının mükafatçısı olub. Onları atıb gəlmək də yaxşı addım olmaz. Eyni zamanda ailə problemlərim var. Rəhmətə gedən qardaşımın 3 qızı qalıb, onları da mən tərbiyə edirəm. Bütün bunları danışıb həll etmək lazımdır. Görək, necə alınacaq", -deyə Ənvər Məhəmmədhacıyev bildirib.

Qeyd edək ki, indiyədək millimizdə Ənvər Məhəmmədhacıyevin 14 yetirməsi çıxış edib. Onlar 2007-ci ildə Bakıda təşkil olunan Dünya çempionatından öncə yığmaya cəlb olunmağa başlayıblar. Şərif Şərifov Avropa, dünya və olimpiya çempionu, Cəmaləddin Məhəmmədov isə Avropa və dünya mükafatçısıdır.



MƏSLƏHƏT GÖR:

360