22 Dekabr 2024

Bazar, 11:02

SƏRHƏDSİZ KUKLALAR

Tərlan QORÇU: «Biz Dünya Kukla Teatrları Festivalında diqqətdən kənarda qalmayanlar sırasında idik»

Müəllif:

01.11.2019

Bakı Marionet Teatrı Avropaya qastrol səfərindən sonra vətənə dönüb. Tanınmış teatrımız Fransanın balaca Şarlevil-Mezyer şəhərində Beynəlxalq Kukla Teatrları Festivalında iştirak ilə yanaşı, Xorvatiyanın Zaqreb şəhərinə səfər edərək, bu ölkə ilə Azərbaycan arasında mədəni əlaqələrin təməlini qoyub.

 

Dünya koordinat sistemində

Beynəlxalq Kukla Teatrları Festivalı 1961-ci ildə küçə aktyoru Cak Feliks tərəfindən təsis edilib və fransız şairi Artur Rembonun doğulduğu yer kimi tanınan kiçik şəhəri bu qədim insan əyləncəsinin mərkəzinə çevirməyi qarşısına məqsəd qoyub. Öncə o, beynəlxalq kukla teatrları festivalını təşkil edib və 20 il sonra isə indi çox nüfuzlu kukla teatrı məktəbi olan Beynəlxalq Kukla İncəsənəti İnstitutunu açıb. Bu gün Şarlevil-Mezyerdə UNİMA - Dünya Kuklaçılar İttifaqının qərargahı yerləşir. Festival 10 gün davam edir və bir qayda olaraq, 40 ölkədən 400-ə yaxın qrup iştirak edir, dünyanın hər yerindən gələn peşəkarlar və qonaqlar küçə tamaşalarını, görüşləri, sərgiləri görə bilərlər, yeni texnologiyalarla və kukla tamaşalarının kanonik formaları ilə tanış olurlar. Bir sözlə, bu günlərdə şəhər peşəkar tədqiqatçılar üçün ümumdünya xoş əhval və intensiv iş bayramına çevrilir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin himayəsi altında olan Bakı Marionet Teatrı bu mötəbər festivala iştirakçı kimi dəvət olunub. Yeri gəlmişkən, festivalın saytının «mətbuat» bölməsində Fransanın aparıcı teatrşünası, kukla teatrı üzrə mütəxəssis Veronika Hottenin məqaləsini asanlıqla tapmaq olar ki, məqalədə bu önəmli tədbirin nəticələrini yekunlaşdıraraq festivalın bütün afişasından yalnız 6 tamaşanın seçildiyini bildirib. Bizim Marionet Teatrının "Leyli və Məcnun" tamaşası həm məzmunu, həm də forması ilə onu heyran qoyanlar sırasındadır.

Marionet Teatrının direktoru və bədii rəhbəri Tərlan QORÇU Avropadakı teatr qastrolu barədə təəssüratlarını «R +» ilə bölüşüb.

- Belə səviyyəli bir festivala ilk dəfə gedirdiniz? Ora düşmək o qədər də asan deyil, axı...

- Kollektiv - ilk dəfə idi. Şəxsən mən Fransa səfirinin dəstəyilə bu festivalda səkkiz il əvvəl olmuşdum. Şarlevilə qonaq kimi gedərək çox sayda tamaşaya baxa bilmişdim, onun direktoru - xanım Kabanisə təqdim edilmişdim. Ona bizim Marionet Teatrımızla bağlı söhbətimiz maraqlı gəldi və iştirak üçün ərizə göndərməyi təklif etdi. Gördüyünüz kimi, aradan 8 il keçdi, biz "Leyli və Məcnun"u tamaşaya qoyduq və Şarlevildə bizim izləyicilərə heç bənzəməyən yerli tamaşaçılar qarşısında onu uğurla oynadıq. Düzdür, dil fərqi olan, bizim musiqi ənənələrimizi, ədəbi-dramatik əsaslarımızı bilməyən toplum qarşısında oynayacağımızı nəzərə almışdıq, amma tamamilə fərqli, Avropa tamaşaçısının bizi necə başa düşəcəyini, hətta başa düşüb-düşməyəcəyini təsəvvür belə edə bilmirdik!  

- Bununla belə, dörd tamaşanın dördünün də biletləri festivalın başlanmasına iki ay qalmış satılmışdı?!

- Hə. Orası elədir. Ancaq biletlərin satılması hələ uğurlu çıxışın sübutu deyil. Əlbəttə, biz hamımız narahat idik. Böyük məsuliyyət idi! İlk dəfə olaraq biz təkcə Bakı şəhərinin deyil, bütünlüklə Azərbaycan teatrını təmsil edirdik. Ölkəni, anlayırsız?  

- Və?

- İlk tamaşada izləyciləri ilk görəndə hələ sakitləşməmişdim, ancaq nəfəslərini necə tutduqlarını, necə izlədiklərini və necə dinlədiklərini görəndə düşündüm ki, vəziyyət elə də pis deyil. Daha bir tamaşa da oynadıq və sonra birini də əlavə etdik. Baxıb, dinləyib artistləri alqışlayırdılar, uzun müddət buraxmırdılar. Dörd tamaşanın hamısını oynadıqdan sonra, rahatlıqla düşündüm ki, ən azından biabır olmadıq. Yəni Azərbaycanı elə də pis olmayan şəkildə təqdim edə bildik.

- Sizi uzun illərdir tanıyıram və bilirəm ki, peşəkar kaprizlərdən tamamilə uzaq adamsız. Doğrusunu deyin, Şarlevildə uğurlu çıxışdan, Veronik Hottenin məqaləsindən sonra qürur hissi keçirib özünüzə deyirsinizmi: mən bunu etdim?

- Yox, yox. Həmişə deyirəm ki, uğur yalnız kollektiv və qarşılıqlı yaradıcılıq şəraitində əldə edilə bilər. Güclərin dəqiq və peşəkar paylanması şəraitində. Hər kəs öz yerində etməli olduğunu edir. Hər şey bundan ibarətdir. Mən başqalarından pis olmadığımızı, amma yaxşı da olmadığımızı dərk edəndə çox rahatlandım. Biz, sadəcə, fərqliyik. Ancaq, ən başlıcası, öz sahəmizin peşəkarlarıyıq. Buna görə də teatrımız dünya festivalında diqqətdən kənarda qalmayanlar sırasında oldu.  

- Başqa ölkələrdən olan kollektivlərin çıxışlarına baxa bildinizmi?

- Bəli. Festivalın saytına qoyulmuş məni maraqlandıran tamaşalar üçün əvvəlcədən bilet almışdım. Kukla teatrı sənətinin çağdaş mərhələdə necə inkişaf etdiyini anlamaq istəyirdim.  

- Necə gördünüz?

- Festivalda müxtəlif kuklalar təqdim olunmuşdu. Çox qəribə olsa da, marionetlər az idi. Ancaq məsələ onda deyil. Mən təhlil edib nəticə çıxardım ki, müasir kukla teatrında dəqiq müəyyənləşdirilmiş süjet xətti yoxdur. Çox vaxt bu, əsas məqamı diqqət mərkəzində olan və ətrafında hadisələrin dolaşdığı müəyyən bir detal tərəfindən tutulmuş tamaşalardır. Tamaşanın bütün gedişləri məhz bu xüsusi detala mümkün olan bütün variasiyalarda baxmağa yönəldilir. Bunun ovsunlayıcı və maraqlı olduğunu deyə bilmərəm. Bu, ilk beş dəqiqə üçün maraqlıdır, sonra isə darıxdırıcıdır.  

- Bunu teatr incəsənətindəki böhranla əlaqələndirirsiniz?

- Mən öz üzərimə məsuliyyət götürüb belə bir açıqlama verə bilmərəm. Bunun incəsənətdə yeni söz olduğunu da iddia etməyəcəm. Ancaq ehtimal edə bilərəm ki, baş verən hər şey iqtisadi böhranın güzgü əksidir və o, cəmiyyətdəki ən həssas sahəni - mədəniyyət və incəsənətin durumunu zərbə altında qoyur. Marionet kuklaları yaradan mütəxəssislər yanaşı incəsənət sahələrinə getməyə başladılar. Daha çox ödənilən sahələrə. Çünki bu cür kuklaların istehsal dəyəri onlara tələbdən gələn gəlirdən qat-qat artıqdır. Marionet ilə işləyən quruluşçuların araşdırma işlərinə də artıq gərək qalmır. Onları boy kuklaları, yəni animasiya kostyumları ilə əvəz edirlər. Bu artıq başqa şeydir. Bu, bədii düşüncənin ticariləşməsinin sonucudur, son nəticədə bu, gerçək yaradıcılığın və incəsənətin öncə əvəzlənməsinə, ən sonda isə məhvinə aparır. Bu da toplumun halıdır. İstənilən toplumun. Şarlevilə isə dünyanın hər yerindən gəlirlər…  

- Acınacaqlı təəssüratdır?

- Yox. Düşünmək, təhlil, axtarış üçün səbəbdir.

- Festivala qatılmağınız şəxsən sizə nə verdi?

- Mən anladım ki, təkcə öz izləyicilərimiz üçün deyil, həm də dünyanın istənilən ölkəsinin izləyiciləri üçün maraqlı olmaq üçün repertuar axtarışarı hansı istiqamətdə irəliləməlidir. Buna görə də Üzeyir Hacıbəyovun üçüncü operettası "O olmasın, bu olsun" tamaşasının quruluşu ideyası ilə vidalaşmaq lazımdır. Bir abidə kimi o, çox yaxşıdır, amma bir ideya, düşüncə olaraq – yox.  

- Tamaşa üçün yeni material tapmısınız?

- Hə. Bu, Lermontovun "Aşıq Qərib"idir...

- Niyə?

- Bu, hər kəs üçün anlaşılan bir sevgi dastanıdır. Şarlevil və Zaqrebdən sonra mən bu barədə düşündüm.  

- Yeri gəlmişkən, Zaqreb haqqında danışaq. Festivallara çox alışmamış bir şəhərdə necə qarşılandınız?

- Biz Zaqreb Kukla Teatrının səhnəsində iki tamaşa oynadıq. Bu, Azərbaycanın Xorvatiyadakı səfirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Xorvatiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə mümkün oldu.  

- İzləyicilər "Leyli və Məcnun" tamaşasını necə qiymətləndirdilər?..

- Çox yaxşı. Bizim gəlişimiz şəhərdə mədəniyyət hadisəsinə çevrildi. İlk tamaşada oradakı müxtəlif diplomatik korpus nümayəndələri, ikinci gün isə şəhərin bütün yaradıcı və sənət elitasının nümayəndələri təmsil olunmuşdu. Bir sözlə, izləyicilər yetərincə hazırlıqlı idi. Bizi çox gözəl qəbul etdilər. Özümüzlə Bakıya gözəl xatirələrlə və yaddaqalan şəkillərlə yanaşı, həm də ölkəmizin adını çəkərək tamaşamızı xatırlayacaqlarına inam gətirdik. Deyəcəklər ki, biz oraya Azərbaycandan gəlmişdik.

- İndi siz evə qayıtdıqdan sonra marionetlər üçün «Aşıq Qərib»in tamaşa versiyasını hazırlamağın astanasındasınız, xaricə səfərlə bağlı planlarınız varmı?

- Gələn il «İçərişəhər» memarlıq kompleksinin UNESCO tərəfindən qorunan ərazilər siyahısına daxil edilməsinin 20-ci ildönümüdür. Bu tarixi UNESCO-nun qərargahının yerləşdiyi Parisdə bir tamaşa ilə qeyd etmək ideyası var.  

- Sizə uğurlar və sizin Marionet Teatrınıza uğurlar və bütün yaradıcılıq planlarının həyata keçirilməsini arzu edirəm!

- Təşəkkür edirəm!



MƏSLƏHƏT GÖR:

481