25 Aprel 2024

Cümə axşamı, 09:18

DANIŞIR BAKI!

Azərbaycan rəssamlarının zamanı dayandıran işlərinin sərgisi keçirilib

Müəllif:

01.11.2019

XX-XXI əsrlər Azərbaycan İncəsənət Muzeyində Bakının 1900-1940-cı illərini əhatə edən daha bir maraqlı ekspozisiya açılıb. Həmin vaxt təsviri incəsənət necə olub, şəhərin, ölkənin, ayrı-ayrı insanların həyatı necə idi? Dörd onillik boyu şəhərin həyatının təsvir edilmiş anları hadisələrin rəsmli xronologiyasıdır: ilk neft bumu, inqilab, gündəlik sovet həyatı, Bakı, insanlar.

 

Özəl olanlardan

Azərbaycan təsviri incəsənət məktəbinin keçmişinə səyahət edən Zöhrə Məmmədovanın tədqiqatları heyranedici nəticələr verib və bizə ölkə rəssamları - İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Bəhruz Kəngərli və çox sayda başqalarının yaradıcılığının dərinliklərinə dalmaq imkanı yaradıb. Sizə elə gələ bilər ki, burada elə də böyük iş görülməyib? Yox, çox böyük iş görülüb! Müəlliflərin ustalığı, ortaq tale yaşayan insanların gündəlik həyat salnaməsi, Cəfər Cabbarlının ədəbi əsərlərinin əlyazmaları, arxiv sənədləri, məktublar, rəsmlər, həmçinin keçən əsrin əvvəllərinə aid nadir fotoşəkillər... Bir sözlə, rəsm əsərlərindən və arxiv sənədlərindən ibarət olan və bir-birlərini tamamlayan eksponatların seçimi dörd onilliyi əks etdirən heyrətamiz bir mənzərə yaradır və tam doğru bir başlıqla orda çıxır: “Danışır Bakı. 1900-1940 ”. Bakı, doğrudan, danışır, o, üzünü keçmişdən bizə tutur. Aydın, doğru, yanqılı və ucadan danışır. Burada biz öz əsərlərində şəhərin 40 illik həyatını anlarda əbədiləşdirən insanların səsini eşidirik.

 

Əli bəy Hüseynzadə  

"Şeyxülislam". Portret. 1900-cü il. Ağ saqqallı, çalmalı qoca bizə deyil, harasa kənara baxır. Bu baxışlar özünə böyük inamı olan, iradəli, sərt və enerjili bir insandan xəbər verir. O, Həqiqəti harada və necə axtarmağı dəqiq bilir. O, bu məqsədə doğru getməyin yolunu dəqiq bilir. Rəssamın istifadə etdiyi texnikanın mükəmməlliyi heyran qoyur. Şeyxin üzünə baxın. Görün, onun çalması və saqqalı necə çəkilib, baxışları və üzü necə ifadəlidir! Bu, sadə deyil, ustalığın ən yüksək dərəcəsidir. Bu, insan ruhunu görməyi bacaran bir ustanın işindən estetik bir zövqdür. Bu da başqa bir əsəri - "Səlim Turanın uşaqlığı". Biz bu nazik sviter geymiş oğlanın həyatının necə alındığını bilmirik. Ehtimal edə bilərik ki, portret çəkilən zaman onun 6-7 yaşı olub. 1917-ci ildən sonra onun taleyi necə oldu? Bəlli deyil. Ancaq həmin an onun üçün hər şey gözəldir: pəncərədən akasiya ağacının gur çəhrayı çiçəkləri görünür və budaqların arxasında daş hasar, alaqapı var, küçənin o üzündə isə başqa bir ev var. Küçə, qarşıdakı ev, çiçəkli akasiya, mavi çiçəklər açmış kol bitkisi, oğlanın arxasındakı böyürtkən dolu vedrə uşağın ahəngdar və xoşbəxt həyatının olması hissini yaradır. Vedrənn üzərində ərəb dilində yazı var: bu. rəssamın əbədiyyətə ismarıcıdır ...

 

Bəhruz Kəngərli  

"Rus dili müəllimi Mirzə Zamanovun portreti." 1917-ci il. Özünü uşaqlara həsr etmiş bir insanın üz cizgilərinə baxın. Görün, necə geyinir! Rəssam parçanın üz toxunuşlarını o qədər diqqətlə və ustalıqla təsvir edir ki, baş verənlərin gerçəkliyi hissi yaranır. İndi Mirzə Zamanov başını döndərəcək, kürsüsündən qalxacaq, paltosunun düymələrini bağlayacaq və nəzakətlə bizə baş əyəcək.

 

Salam Salamzadə

"MTS-in açılması." 1929-cu il. Rəssam kollektivləşmə dövründə kənd sakinlərinin həyatında bir anı dondurub. Kişi və qadınlar bərabər şərtlərlə kolxozda mühüm rol oynayan maşın - traktor stansiyasının yaradılması məsələsini müzakirə edirlər. İclasda qızğın müzakirələr gedir. Belə görünür ki, ağsaqqallar kollektiv təsərrüfatın mexanikləşdirilməsinin tərəqqinin vacib bir hissəsi olduğunu söyləyən alovlu natiqə elə də inanmırlar. Uzaqda qalan və unudulan keçmişə çevrilmiş bir həyat anı.

 

Mixail Gerasimov

"Oğlan". 1930-cu il. Parlaq günəşli gün. Gündüz kölgələri. Kürəyi görünən arıq oğlan fiquru. İstidir. İsti hava hissi, iri gövdəli ağacın biraz bükülmüş yarpaqları və oğlanın əllərini qoyduğu budaqların isti kələ-kötürlüyü. Yaydır! Bizim Abşeron yayı! İndiki ritmləri də heç dəyişməyib...

 

Əzim Əzimzadə

"Mədrəsələrdə oxuyan azərbaycanlı qadınlar." 1935-1938-ci illər. Bakılılardan kim bu rəssamın əsərlərini tanımır? Fotoqraf dəqiqliyi ilə təkcə etnik özəllikləri deyil, həm də personajların xarakter quruluşunu, dramatik, komediya və məişət süjetlərini çəkən ustadın orijinal əsərlərini bir daha görmək imkanıdır. Buna görə də, kino və teatr rəssamları tez-tez məhz onun əsərlərinə müraciət edirlər və müraciət etməkdədirlər. Düzdür, onun özü də qrafika, karikatura, plakat və teatr rəssamlığına diqqət yetirib, Bakı Satira- Təbliğat Teatrında və Azərbaycan Dram Teatrında tamaşaların tərtibatı ilə məşğul olub. Rəssamın yaradıcılığındakı bu istiqamət Dövlət Teatr Tarixi Muzeyində geniş şəkildə təqdim olunub. Sərgidə bir neçə əsər təqdim olunub: "Köhnə Bakının personajları" seriyasından "Arvadını döyən kişi", "Köpəklərin zəhərlənməsi" və s. Bu müəllifin əsərlərini nə qədər baxsan da, yenə də təkrar-təkrar istəyirsən ki, onlara bir də baxasan. Hansısa da xüsusi maqnit qüvvəsi sizi bu rəsmlərə qaytaracaq. Siz dəfələrlə məmnuniyyətlə "Danışır Bakı" ekspozisiyası çərçivəsində rəssamlarla ünsiyyət quran həmsöhbət rolunu öz üzərinizə götürəcəksiniz.

 

Həsən Haqverdiyev

"Əzim Əzimzadənin portreti." 1938-1939-cu illər. Rəssamın dünyadan getməsindən beş il əvvəl çəkilmiş portreti onun ruhunun daxili vəziyyətinə aid ən kiçik təfərrüatları çatdırır: dodaqları sıxılıb, istehzalı baxışları kənara yönəldilib. Elə görünür ki, indi nəsə söyləcək və ya şərh edəcək. Rəssamın sağ əlində kitab, sinəsində orden var. Məlumdur ki, o, 1927-ci ildə “Şərəf” ordeni ilə təltif edilmiş ilk və yeganə sənətkardır. Həsən Haqverdiyev bir yaradıcı və vətəndaş kimi xalqının tarixinin bir hissəsinə çevrilmiş bir insanın kimliyini sonrakı nəsillər üçün qoruyub.

 

Tağı Tağıyev

"Qadın portreti." 1938-ci il. Sakit, mülayim baxışlarda böyük sevgi və həyat anlayışı var. Yorğun əllər, başında tünd rəngli yaylıq, yaylığın altından çıxan ağ saçlar... Biz onun adını, soyadını bilmirik. Onun evdar qadın olub-olmadığını, yaxud hardasa işlədiyini də bilmirik. Ancaq ona baxırıq və dərhal başa düşürük ki, bu Qadın dünyanın bütün analarına və bütün nənələrinə bənzəyir.  

 

Oqtay Sadıqzadə

"Gəzinti". 1939-cu il. Gündəlik sovet həyatı. Daha doğrusu – sovet istirahət günü. Hardasa fəhlə rayonunda bir bağça. Bəlkə də, bu, «Villa Petrolea»dır! Geyinib-gecinmiş qadınlar və kişilər rəqs edirlər. Park submədəniyyəti - sovet dövrünün dinc axan həyatının şahdidir. Sağ tərəfdə bayan çalınır. O, bu mədəniyyətin ayrılmaz hissəsidir. Terrasda isə baş verənləri maraq və zövqlə izləyən insanları görürük. Rəssamın başqa bir əsəri - "Kommunist küçəsi" (1941). Bu küçədən tramvayların hələ də keçdiyi dövrdür (indiki İstiqlaliyyət küçəsidir, keçmiş adları Nikolayevskaya, Parlament olub). Ən qədim mərkəzi küçələrdən biri bu gün də asanlıqla tanınır. Rəssam tarixi ana şahidlik edib. Bəlkə də, bu, 22 iyundur. İnsanlar yolun hər iki tərəfində donub, sağdakı dirəklərdəki reproduktorlardan gələn səslərə qulaq asırlar. Tarixin bir anı və bütün insan həyatı.

 

Ekspozisiyanın sənədli hissəsi

Burada çox nadir qorunan eksponatlar toplanaraq təqdim olunur. Bunlar məktublar və müxtəlif fotoşəkillərdir, onların sırasında gənc Əzim Əzimzadənin fotosu da var, həmçinin C.Cabbarlının ədəbi əsərlərinin mürəkkəblə yazılmış əlyazması, şairə Ümgülsüm Sadıqzadənin (Oqtay Sadıqzadənin anasının) Bayıl həbsxanasındakı uşaqlara ünvanladığı məktublar, rəssam Bəhruz Kəngərlinin kiçik açıqcalara bənzəyən bədii miniatürləri də buradadır. Ramazan Babayev bu barədə, eləcə də sərgi haqqında bizə ətraflı və sevgi ilə danışdı. Sərgi 12 aprel 2020-ci ilə qədər davam edəcək. Ancaq bunu təxirə salmayın, elə bu gün gedin və görün. “Danışır Bakı. 1900-1940” ekspozisiyası gerçəkdən buna dəyər! Bu, yalnız yüksək incəsənətlə təmas olmaqla qalmır, həm də keçmiş nəsillərimizə şəksiz məxsus olan Zamanla təmasdır. Bizim atalarımız kimi, onun da öz sirləri və öz həqiqətləri var.



MƏSLƏHƏT GÖR:

315