25 Aprel 2024

Cümə axşamı, 20:40

YENİ TREND

Azərbaycanın tikinti materialları istehsalçıları istehsalın bir hissəsini xarici bazara yönəldir

Müəllif:

01.11.2019

Hökumətin mənzil tikintisini dəstəkləmək və ixracı stimullaşdırmaq üzrə səyləri fonunda Azərbaycanda tikinti materialları istehsalının getdikcə artması meyli müşahidə edilib. Tikinti bumu dövründə dinamik inkişaf etmiş sahə 2015-2017-ci illərdə dövlət və korporativ sektor tərəfindən infrastruktur və əsaslı tikinti layihələrinin maliyyələşdirilməsinin azalması üzündən önəmli dərəcədə azalma yaşayıb. Daxili bazarda tələbin azalması tikinti materialları istehsalçılarını istehsal etdikləri məhsulun bir hissəsini ixrac etməyə yönəltdi. İnşaat sahəsindəki bu və digər yeni istiqamətlər oktyabr ayında keçirilən «BakuBuild Azerbaijan 2019» beynəlxalq tikinti sərgisində də öz əksini tapıb.

 

İrəliləmə

“Son illərdə Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edib və 2013-2018-ci illərdə ölkədə tikinti materialları istehsalı 70%-dən çox artıb. Bundan əlavə, sement, kərpic kimi tikinti materiallarına olan daxili tələbatın 90%-dən çoxu yerli istehsal hesabına ödənilir. Bu, iqtisadiyyatın bu prioritet sahəsindəki yüksək artım dinamikasını təsdiqləyən təqdirəlayiq göstəricidir. Yaxın gələcəkdə ölkə müstəqil şəkildə özünü tikinti materiallarının çoxunun istehsalı ilə təmin edəcək", - deyə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov «BakuBuild Azerbaijan 2019» yubiley sərgisinin açılışında bildirib.

Ötən illər ərzində Azərbaycan tikinti materialları istehsalında gerçəkdən böyük uğurlar qazanıb və bu gün istehsal həcminə, çeşidinə görə Cənubi Qafqaz bölgəsində inamla birinci yer tutur. Hazırda ölkədə istehsal olunan tikinti materiallarının ümumi həcminin, təxminən, 80%-i özəl sektorun payına düşür. Son 12 ildə bu seqmentdə 2,5 dəfə artım müşahidə olunub, fəaliyyətdə olan şirkətlərin sayı 12 dəfədən çox artıb.

Uzun müddət ərzində tikinti materialları istehsalı üzrə müəssisələrin inkişafı dövlət sektorunun və özəl sektorun yol və digər infrastruktur layihələrinə, sənaye layihələrinin gerçəkləşdirilməsi çərçivəsində sənaye və kənd təsərrüfatı müəssisələrinin tikintisinə, bölgələrin sosial-iqtisadi inkişafı proqramlarına çoxmilyardlıq sərmayə yatırımları ilə dəstəklənib. Ancaq qlobal enerji böhranının ən çətin dövründə - 2015-2017-ci illərdə əsaslı tikinti sahəsində işlərin həcmi nəzərəçarpacaq dərəcədə azaldı. Beləcə, keçən il də bu seqmentdə 9% azalma qeydə alındı və bu meyil 2019-cu ilin 9 ayı ərzində də davam edib (təxminən, 6% azalma qeyd edilib). Bu durum tikinti materialları istehsalının ilk başdan daxili bazarın tələbinə yönəldilmiş dinamikasına mənfi təsir göstərməyə bilmədi.

Tikinti sektorundakı ümumi azalma meylini dayandırmaq mümkün olmasa da, son dövrdə mənzil tikintisi seqmentində müsbət irəliləmələr olub. Bu, böyük ölçüdə Azərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlıdır. Fərmanda bütün tikinti-quraşdırma işləri 1 yanvar 2019-cu il tarixədək başa çatmış və sakinlər tərəfindən məskunlaşmış mənzillərin mövcud olduğu çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi nəzərdə tutulub. Bu tədbirlər 2019-cu ilin yanvar-iyul aylarında istifadəyə verilmiş mənzillərin ümumi sahəsini 3,4 milyon kvadratmetrə qədər artırmağa imkan verib ki, bu da ötən ilin uyğun dövrünün göstəricisindən 3,1 dəfə çoxdur.

Bu amil həm çoxmənzilli binalarda təmir işlərinə tələbatın artmasına, həm də tamamlama materiallarının və digər tikinti materiallarının satışının artmasına töhfə verən katalizator rolunu oynayıb. Öz növbəsində, manatın iki dəfə gerçəkləşdirilmiş devalvasiyası nəticəsində Azərbaycanın tikinti materiallarının qiyməti idxal olunan analoqlarına nisbətən daha aşağı düşüb ki, bu da daxili bazarda tələbi stimullaşdırıb. Eyni zamanda ixracın təşviqi mexanizmlərinin tətbiqi sayəsində son illərdə tikinti materiallarının ixracı nəzərəçarpacaq dərəcədə artıb ki, bu da yerli istehsalçıları istehsal həcmini artırmağa və məhsul çeşidini genişləndirməyə həvəsləndirib.

 

Yeni müəssisələr  

Beləliklə, hökumətin həyata keçirdiyi kompleks tədbirlər sayəsində Azərbaycanda tikinti materialları istehsalı bütövlükdə tikinti sektorunun inkişaf tempini xeyli üstələyərək bir neçə ildir davamlı artım dinamikasını nümayiş etdirir. Bu müsbət meyil cari ildə də müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin üç rübü ərzində Azərbaycanda tikinti materialları istehsalının həcmi 580,5 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 4,2% çoxdur. Statistikaya görə, ən böyük artım tikinti əhəngi istehsalında qeydə alınıb - 33,5 min ton olub (artım 51,8% təşkil edib), ikinci yerdə tikinti kərpici gəlib - 312.5 min kubmetr olub (artım 40,8% təşkil edib).  

Demək olar ki, bütün digər növlər üzrə eyni meyil müşahidə olunur. Yalnız sement istehsalında artım qeydə alınmayıb və bu əsas tikinti materialının həcmi, 2,5 milyon tondan bir qədər çox olub, bu da, demək olar ki, keçən ilin uyğun dövründəki qədəridir. Müsbət dinamika plastik borular, elektrik kabelləri, boya-lak məhsulları, silikat yapışqan, bəzi tamamlama materialları və s. istehsalı sahəsində müşahidə edilir. Statistika göstərir ki, Azərbaycanda tikinti materialları istehsalı sektoru yüksək səviyyədə böhran müqavimətinə malikdir (2015-2019-cu illərdə sahədə heç bir iri müəssisə işini dayandırmayıb və ya bağlanmayıb), bundan əlavə, ölkədə yeni güclər formalaşır və məhsul çeşidi genişlənir.

N.Səfərovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunun inkişafına böyük diqqət yetirilir, tikinti şirkətləri və istehsalçılarını böyük infrastruktur layihələrinin icrasına cəlb etmək üçün dövlət səviyyəsində ciddi səylər göstərilir.

O cümlədən, iqtisadiyyat nazirinin müavininin sözlərinə görə, gələn il Sumqayıt Kimya-Sənaye Parkında "AzerFloat" QSC-nin təbəqə şüşə istehsalı zavodunun tikintisi başa çatacaq. Layihəyə, təxminən, 82 milyon dollara yaxın sərmayə qoyulub ki, bu, onu bölgədə tikinti materialları istehsalı üzrə ən böyük təşəbbüslərdən birinə çevirir. Önəmlidir ki, yeni şüşə fabriki tutarlı bir ixrac potensialına malikdir, istehsal gücü ildə, təxminən, 8 milyon kvadratmetr şəffaf və ton verilmiş float-şüşə olacaq. Bu həcmlər şüşəyə daxili tələbatı tamamilə ödəyəcək və artıq həcmlər Gürcüstana, Orta Asiya ölkələrinə və yəqin ki, Rusiyaya ixrac ediləcək.

N.Səfərov nümunə kimi Hacıqabul sənaye məhəlləsinin ərazisində tikilməsi planlaşdırılan daha bir yeni müəssisəni göstərdi: burada tikinti materialları istehsalı üçün avadanlıq istehsal edən zavod qurulacaq.

Eyni zamanda Azərbaycan bir sıra iri tikinti materialları istehsalı müəssisələrinin kommersiya prioritetləri tədricən dəyişir, onlar daxili bazarın kiçikliyi problemini aradan qaldırmaq üçün məhsulun bir hissəsini ixraca yönəldirlər. O cümlədən, son dövrlər sement bazarında bu tendensiya güclənməkdədir, böhrandan sonrakı dövrdə bu bazarda istehsal artıqlığı müşahidə olunur. Belə ki, bu gün Azərbaycanda sement müəssisələrinin ümumi istehsal gücü ildə 5,7 milyon tondur, daxili bazarın tələbatı isə 3 milyon tondan azdır ki, bu da istehsalçıları alıcıları xaricdə axtarmağa məcbur edir. Yerli müəssisələrin fəaliyyətinin təhlili göstərir ki, onlar bunu uğurla bacarırlar. Tikinti materialları istehsal edən Azərbaycan şirkətləri arasında yerli bazardan kənara çıxmağı bacaran və bununla da, satışı şaxələndirməklə mənfi təsirlərin tənzimlənməsinə nail olanların sayı ildən-ilə artır. Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun mühüm hissəsi olmaqla yanaşı, məşğulluq bazarının əsas sahələrindən biri olan bir sektorun inkişafı təmin edilmiş olur.



MƏSLƏHƏT GÖR:

312