20 Aprel 2024

Şənbə, 18:44

STRATEJİ SƏRMAYƏLƏR

SOCAR Türkiyədə yatırım sahələrini genişləndirməyi planlaşdırır

Müəllif:

01.11.2019

İpsala - əhalisi, təxminən, 30 min olan kiçik bir qəsəbədir, Türkiyənin Ədirnə şəhərində, düz Yunanıstanla sərhəddə yerləşir. Kimin ağlına gələrdi ki, bu, ilk baxışda gözə çarpmayan yaşayış məntəqəsi yalnız Türkiyə üçün deyil, həm də Cənub Qaz Dəhlizində iştirak edən bütün ölkələr üçün strateji önəm daşıyacaq. Məhz burada Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) son nöqtəsi yerləşir və bu ərazidən Azərbaycanın «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsindən əldə edilən qaz Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya çatdırılacaq.

 

Xərclər və gözlənilən effekt

TANAP Boru Kəməri Konsorsiumunun baş direktoru Saltuk Düzyolun sözlərinə görə, 1 iyul 2019-cu ildən etibarən TANAP Azərbaycan qazının Avropaya tədarükünə tam hazırdır. “Biz nəqlə başlamaq üçün Trans-Adriatik Boru Kəmərinin tikintisinin başa çatdırılmasını səbirsizliklə gözləyirik. 2020-ci ilin oktyabrından öncə Avropaya ticari qaz nəqlinin başlanılması mümkün deyil, amma biz indidən qaz verməyə hazırıq", - deyə S.Düzyol Azərbaycan jurnalistlərinin Ədirnəyə press-turu zamanı bildirib.

Xatırladaq ki, Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə ticari nəqli 30 iyun 2018-ci ildə başlayıb və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu gün kimi «Şahdəniz» yatağından 3 milyard kubmetr qaz ixrac edilib. Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu komponenti olan TAP boru kəmərinin tikintisi 90% başa çatdırılıb və yaxın aylarda qaz kəmərinin doldurulmasına başlanacaq. 2020-ci ildə isə o, artıq işə başlayacaq, bununla bağlı olaraq Azərbaycan qazının TANAP üzrə nəqlinin artırılması nəzərdə tutulur. SOCAR-ın proqnozlarına görə, TANAP-ın fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni ödəyəcək.

Azərbaycana gəldikdə isə, TANAP, ilk növbədə, Azərbaycanla Avropa Birliyi (AB) arasında enerji dəhlizinin əsas həlqəsidir. Bəllidir ki, Trans-Anadolu qaz kəmərinin ötürmə gücü 16 milyard kubmetrdir, bunun 10 milyardı Avropaya, 6 milyardı Türkiyənin qərb bölgələrinə yönəldiləcək. Bununla belə, artıq 2023-cü ildə boru kəmərinin ötürmə gücü ildə 24 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə qədər artırıla bilər. Bununla yanaşı, TANAP üzrə nəqlin əsas qaynağı «Şahdəniz» qazı olacaq, sonrakı mərhələlərdə isə Azərbaycanın digər yataqlarının qazı da bura qoşulacaq. Buna baxmayaraq, S.Düzyolun sözlərinə görə, TANAP-da Türkmənistan, Şimali İraq qazından da istifadə edilə bilər. "İran da TANAP üçün potensial qaz mənbəyidir, lakin hazırkı şəraitdə onu real təchizatçı hesab etmək mümkün deyil", - deyə baş direktor vurğulayıb.

Konsorsiumun qiymətləndirməsinə görə, TANAP-ın gücünün sonrakı genişləndirilməsi üçün ciddi xərc tələb edilmir. Belə ki, boru kəmərinin həcmini ildə 24 milyard kubmetrə çatdırmaq üçün iki əlavə kompressor stansiyası, 31 milyard kubmetrə çatdırmaq üçün isə daha üç kompressor stansiyası qurmaq lazımdır ki, bu da onların ümumi sayını yeddiyə çatdıracaq. İndiki mərhələdə iki kompressor stansiyası və dörd qaz ölçmə stansiyası, iki qaz çıxışı məntəqəsi tikilib.

Yeri gəlmişkən, Trans-Anadolu qaz boru kəmərinin tikintisi üzrə faktiki xərclər 6,5 milyard dollar təşkil edib, ilkin qiymətləndirmə isə 11,77 milyard dollar idi. Bu zaman işlərin bir hissəsi beynəlxalq maliyyə qurumlarının (Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının (İBRD), AYİB-in, Sərmayələr və Zəmanətlər üzrə Çoxtərəfli Agentliyin (MIGA), İnfrastruktur Sərmayələri üzrə Asiya Bankının (AIIB)) toplam 2,65 milyard dollara bərabər kreditləri hesabına maliyyələşdirilib.

"Boru kəmərinin tikintisi mərhələsində xərclərin 45%-inə qənaət etməyə nail olduq. Bu, hətta SOCAR-a bu layihə üçün MIGA zəmanəti ilə ayrılan kreditlərin bir hissəsindən imtina edilməsi barədə qərar verməyə imkan yaratdı", - deyə S.Düzyol bildirib.

Layihənin sonrakı ticari fəaliyyətinə gəldikdə isə, TANAP-ın tikintisi üzrə konsorsium qaz kəmərinin istismarından illik 1,45 milyard dollar həcmində gəlir gözləyir, bunun da 58%-i Azərbaycanın payına düşəcək. Bununla yanaşı, TANAP-la qaz nəqlinə görə Türkiyəyə hər 1000 kubmetr üçün 5,95 dollar vergi ödəniləcək.

Beləliklə, TANAP qaz boru kəməri Azərbaycanın büdcəsinə önəmli töhfə verməklə yanaşı, Türkiyəyə və Avropaya ixrac imkanı yaratmaqla ölkəni yalnız bir bazarın ehtiyaclarını ödəmək asılılığından xilas edəcək. TANAP-a üçüncü tərəfin cəlb edilməsi layihə iştirakçıları üçün tranzitdən əldə olunan gəlirləri xeyli artıracaq.

SOCAR-ın qiymətləndirməsinə görə, layihənin gerçəkləşdirilməsi Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, bölgədə geniş və güclü iqtisadi birliyin yaranmasına səbəb olacaq.

 

Petkim – uğurlu yatırım

Onu da qeyd etmək lazımdır ki, TANAP heç də Azərbaycanla Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlığın yeganə nümunəsi deyil. İndiyədək SOCAR tərəfindən Türkiyə iqtisadiyyatına, o cümlədən TANAP boru kəmərinin inşasına, «Petkim Petrokimya Holding»in nəzarət səhm paketinin alınmasına, STAR neftayırma zavodu və SOCAR konteyner terminalının, həmçinin 51 MVt gücündə külək elektrik stansiyasının tikintisinə və bir sıra başqa layihələrə toplam 15 milyard dollar sərmayə yatırılıb. Yaxın illərdə şrkət bu sərmayələrin həcmini 19,5 milyard dollara çatdırmağı planlaşdırır ki, bu vəsaitlərin də bir hissəsi Türkiyədə neft-kimya kompleksinin gələcək inkişafına sərf olunacaq.  

“Hazırda SOCAR-ın yatırımları üçün prioritet sahələr neft emalı, təbii qaz və neft kimyasıdır. Lakin bz bəyan etdyimiz toplam 19.5 milyard dollarlıq yatırılmarı tamamladıqdan sonra yeni sərmayələr də ola bilər və onlar hətta başqa sahələrə də yönəldilə bilər",- deyə «SOCAR Turkiye Enerji» şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Le Kompte bizimlə söhbətində bildirib.

Xatırladaq ki, SOCAR-ın Türkiyədəki fəaliyyəti 2008-ci ildə «Petkim Petrokimya Holding»in səhmlərinin 51%-ni almaqla başlayıb.

"SOCAR tərəfindən 2008-ci ildə "Petkim" kompleksinin özəlləşdirilməsindən sonra bütün keçən dövr ərzində Azərbaycanın Dövlət Neft Şirkəti bu müəssisənin inkişafına hər il 100 milyon dollar sərmayə qoyub və bu əlavə sərmayələrin ümumi həcmi 1 milyard dolları ötüb", - deyə "Petkim Petrokimya Holding"in baş direktoru Anar Məmmədov bildirib.

Kompleksə 60 növ müxtəlif məhsul çeşidinin istehsalı üzrə 15 əsas və 6 köməkçi obyekt daxildir. "Bu məhsullara olan yüksək  tələbat sayəsində «Petkim» kompleksi 2018-ci ili 872 milyon türk lirəsi (təxminən 151,5 milyon dollar) qazancla başa vurdu. 2019-cu ilin birinci yarısının nəticələrinə görə, «Petkim»in gəlirləri 5,9 milyard türk lirəsi (1,03 milyard dollar), xalis mənfəəti - 439 milyon türk lirəsi (76,3 milyon dollar) olub ”, - deyə A.Məmmədov bildirib.

Onun sözlərinə görə, «STAR» NEZ-in istifadəyə verilməsi ilə «Petkim», demək olar ki, lazımi yerli xammalla – nafta ilə təmin olunur. Neft emalı zavodunun infrastrukturunun «Petkim» ilə birləşdirilməsi ilə «Petkim» orta müddətdə məhsuldarlığını artırmağı planlaşdırır.

 

«Merkuri» daha yaxındır

“Türkiyənin neft-kimya bazarı yüksək potensiala malikdir, onun illik artım 6-7% təşkil edir. Hal-hazırda «Petkim Petrokimya Holding» neft-kimya məhsullarının daxili tələbatının 20%-ni təmin edir. Bununla yanaşı, artan tələbatı təmin etmək üçün yeni güclərin yaradılması üçün böyük sərmayələr tələb olunur», - deyə A.Məmmədov vurğulayır.  

O cümlədən, baş direktorun sözlərinə görə, söhbət İzmirin Aliağa bölgəsində yeni «Merkuri» neft-kimya kompleksinin tikintisindən gedir. Yeni kompleksin «Petkim» və «STAR» neft emalı zavodunun yanında tikilməsi planlaşdırılır. Müəssisənin 2023-2025-ci illərdə istismara verilməsi planlaşdırılır.

"Merkuri" layihəsində əsas tərəfdaşlar SOCAR və BP olacaq. Bununla yanaşı, «Petkim» də bu layihənin səhmdarı olmağı planlaşdırır. Şirkətimizin iştirak payının tam olaraq nə olacağı barədə, hələ bir şeyə deyə bilmirəm, amma böyük olmayacaq. Bu layihənin gerçəkləşdirilməsi «Petkim» şirkətinin gələcək inkişafı üçün çox vacibdir. Biz bu layihədən yaxşı nəticələr gözləyirik", - deyə A.Məmmədov bildirir.

Ehtimal edilir ki, «Petkim» yeni kompleksə sərmayə qoymayacaq, ancaq ərazi, infrastruktur təqdim edəcək və ehtimal ki, xammalla da təmin edəcək.  

SOCAR-dan verilən məlumata görə, layihənin dəyəri 1,8 milyard dollar səviyyəsində qiymətləndirilir. Onun həyata keçirilməsi üçün BP ilə paritet əsaslarla birgə müəssisə yaradılması planlaşdırılır. Layihə ilə Əliağa bölgəsində ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu, 840 min ton paraksislol və 340 min ton benzol istehsal edən zavodun inşası nəzərdə tutulur.

Azərbaycanın Dövlət Neft Şirkətindən verilən məlumata görə, İzmirdə neft-kimya kompleksinin inşası Türkiyəyə hər il 6 milyard dollarlıq cari kəsiri örtməyə imkan verəcək.

 

Və başqa layihələr

Onu da qeyd edək ki, SOCAR Türkiyədəki fəaliyyət sahəsinin genişləndirilməsi çərçivəsində bu ilin yanvar ayında Almaniyanın «EWE A.G» şirkətinin Türkiyə aktivlərini də əldə etmişdir. Sövdələşməyə «EWE Turkey Holding»in və ona daxil olan beş şirkətin – «Bursagaz», «Kayserigaz», «Enervis», «EWE Enerji» və «Millenicom»un alınması daxildir. Türkiyə mediasına görə, sövdələşmə məbləği 140-150 milyon dollar təşkil edir.

«Burgaz» və «Kayserigaz» qaz paylayıcı şirkətlərinin alınması ilə «SOCAR Turkiye Enerji»nin Türkiyənin qaza daxili tələbatının 7%-ni əhatə edə biləcəyi gözlənilir.

İnvestisiya fəaliyyəti ilə yanaşı, Dövlət Neft Şirkəti Türkiyədə qazma podratçısı kimi də cəlb edilib. Həmçinin, «SOCAR AQS» MMC Türkiyənin Tuz Gölü bölgəsində yeraltı qaz anbarının genişləndirilməsi layihəsi çərçivəsində qazma işləri üçün podrat müqaviləsi alıb.

“SOCAR AQS bu önəmli layihə üzərində «China CAMC Engineering Co., Ltd - IC İctas Construction Industries & Trade Inc.» ilə birlikdə işi yüksək qiymətləndirir. Müqavilə çərçivəsində şirkətimiz qazma ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürür", - deyə «SOCAR AQS»in baş direktoru Ramin İsayev bildirib.

100 milyon dollarlıq inteqrasiya edilmiş qazma işləri üzrə müqaviləsi Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi üçün 40 quyunun qazılmasını nəzərdə tutur. R.İsayev bildirib ki, yeni quyular onlara təbii qaz vurulması üçün qazılır və tələbat yaranandan sonra bu qaz istehlakçılara çatdırılacaq.  

Bu arada, «IC Ictas»ın baş direktoru Murat Mehmet Kurtuluş hesab edir ki, sənədin imzalanması iki şirkət və nəticədə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə yeni bir təkan verəcək. "Tuz Gölündə yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün vacibdir və «SOCAR AQS» bu missiyanın uğurla başa çatmasına öz töhfəsini verəcək", - deyə o vurğulayıb.

Tuz Gölü təbii qaz anbarının 2024-cü ilə qədər genişləndirilməsindən sonra qaz anbarının tutumu 1,2 milyard kubmetrdən 5,4 milyard kubmetrədək artacaq.

Beləliklə, Azərbaycanın Dövlət Neft Şirkəti yalnız Türkiyədəki qısamüddətli fəaliyyəti ərzində xarici layihələr portfelini əhəmiyyətli dərəcədə genişləndirib və bu ölkənin iqtisadi inkişafına hiss olunan səviyyədə töhfə verib. Ancaq belə görünür ki, bu son hədd deyil və ola bilsin ki, neft-kimya sənayesinin ardınca SOCAR digər sektorlara nəzər salacaq və oralarda öz zəngin təcrübəsini nümayiş etdirəcək.



MƏSLƏHƏT GÖR:

288