18 Aprel 2024

Cümə axşamı, 07:49

ALTERNATİVİ OLMAYAN İSLAHAT

Azərbaycan hökuməti qarşısında vəzifə qoyulub: qeyri-neft sektorunun payına düşən ÜDM-in formalaşdırılmasına özəl biznesin cəlbinin sürətləndirilməsi

Müəllif:

01.11.2019

Azərbaycanda aparılan iqtisadi islahatlar sayəsində artıq neçə ildir ölkə müxtəlif nüfuzlu reytinq və hesabatların liderlərindəndir. Dünya Bankının bu yaxınlarda açıqladığı «Doing Business 2020» reytinqində də Azərbaycan islahatçı ölkələrin ilk iyirmiliyində yer alıb. «Biznesə başlamaq» indikatoru üzrə 9-cu olan Azərbaycan «Kreditlərin alınması» indikatoru üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb (2019-cu il hesabatında 22-ci olduğu halda, bu dəfə 1-cidir). Ölkə «Tikintiyə icazənin alınması» indikatoru üzrə də xeyli irəliləyib (61-ci pillədən 59-cu yerə).

Lakin bütün bu islahatlar əsas hədəfə doğru bir qədər ləng gedir. Bu hədəf isə real iqtisadiyyatın inkişaf göstəricisidir. Demək, yekun nəticənin əldə olunmasına mane olan aralıq əngəllər var. Prezident İlham Əliyevin son qərarları və qarşıya qoyduğu vəzifələr məhz bu maneələrin aradan qaldırılmasına hesablanıb.

 

1-ci problem: qeyri-kafi gəlirlər

Çoxsaylı dövlət proqramının reallaşdırılması, qanunvericilik bazasının durmadan təkmilləşdirilməsi, imtiyazların verilməsi və s. – bütün bunlar Azərbaycanda illərdir görülən işlərdir və dövlət bu işləri yalnız bir məqsədlə görür – iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı. Burada isə məqsəd, əlbəttə ki, iqtisadiyyatın neft-qaz sahəsindən asılılığının azaldılmasıdır.

Bəli, müəyyən illərdə Azərbaycan iqtisadiyyatının artım həcmi ikirəqəmli göstərici ilə ifadə olunub və o, dəfələrlə bu göstəriciyə görə dünya liderlərinin sırasına düşüb. Lakin belə göstəricilərin müvəqqəti olduğu bəllidir. Dünyada heç bir iqtisadiyyat uzunmüddətli sürətli inkişafla öyünə bilməz. Azərbaycanda bu göstərici neft-qaz və tranzit layihələrinin reallaşdırılmasındakı pik dövrlə əlaqəli olub. Bu gün isə problem ölkə ÜDM-nin artım proqnozunun 3%-i ötməməsində deyil. Bu, əslində, kifayət qədər normal göstəricidir. Üstəlik, artım sabitdirsə…

Narahatlıq yaradan qeyri-neft sektorundakı vəziyyətdir. Axı, dövlət uzunmüddətli iqtisadi inkişaf hədəflərini müəyyənləşdirən zaman əsasən bu sektora bel bağlayır. «Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük», - deyə Prezident İlham Əliyev keçirdiyi son iqtisadi müşavirədə bildirib. Yeri gəlmişkən, son müşavirə tam yeni formatda keçirilib.

Dövlət başçısının səsləndirdiyi bu sual heç də ritorik deyil və onun cavabı Azərbaycan iqtisadiyyatının ən dərin problemlərini üzə çıxarır. Dövlət özəl sektorun, fərdi biznesin dəstəklənməsi üçün öz tərəfindən lazım olan bütün işləri görsə də, bunun nəticəsi lazımi səviyyədə deyil.

Bəs, sahibkarların daha da irəli getməsi, ÜDM-in formalaşmasında daha fəal iştirak etməsi üçün nə çatmır? Əlbəttə ki, pul. Pul qoymaq, götürmək, yenidən qoymaq – biznesin kifayət qədər sadə maliyyə dövrü bundan ibarətdir.

Bizdə isə problem elə ilk maddədən başlayır. «Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir», - deyə Prezidentin sədrliyilə keçirilən iclasda iqtisadiyyat naziri (hazırda baş nazirin müavini) Şahin Mustafayev bildirib.

 

2-ci problem: real sektorun kreditləşdirilməsindəki həvəssizlik

İndi ortaya bir sual da çıxır: banklar biznesə kredit ayırmaqda niyə maraqlı deyil? Əslində, onların əsas missiyası elə bu deyilmi? Dövlət dəstəyinə gəlincə, burada da problem yoxdur. Banklar sərbəst fəaliyyət göstərir, onların resurs cəlbinə maksimum rahat şərait yaradılıb (sübut Əmanətlərin Sığortalanması Fondudur), Mərkəzi Bank davamlı olaraq uçot dərəcəsini azaldır. Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 26-da qəbul etdiyi qərarla, yalnız bu il bu göstərici fevraldakı 9,75%-dən 7,75%-ə endirilib.

Belə olan təqdirdə, banklar niyə hələ də biznesin kreditləşdirilməsinə deyil, kifayət qədər riskli sayılan istehlak kreditlərinə üstünlük verir? Axı, son 4 ildə müflis olmuş 12 bank fəaliyyətinə elə bu üzdən son qoyub. «Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik», - deyə Prezident İ.Əliyev qeyd edib.

Bu cür problemlərin mövcudluğu göstərir ki, bank sahəsində də islahatların vaxtıdır. Konkret desək, bankların biznes modeli dəyişdirilməlidir. Bu, onların real sektoru kreditləşdirməkdə maraqlı olması üçün lazımdır. Bəli, söhbət banklarda bu işə maraq yaradılmasından gedir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmonvun da bugünlərdə keçirdiyi mətbuat konfransında haqlı olaraq dediyi kimi, bankları kredit verməyə məcbur etmək mümkün deyil. Çünki onların özləri də özəl sektorun təmsilçiləridir. Demək, bazar iqtisadiyyatı şəraitində bankların fəaliyyətinə müdaxilə yolverilməzdir. E.Rüstəmovun sözlərinə görə, bu istiqamətdə ciddi iş aparılmalıdır və ilk növbədə, bank sektoru və biznesin maraqları arasındakı ziddiyyətlər aradan qaldırılmalıdır.

«Artıq bir neçə ildir bankların qeyd etdiyi mübahisəli məqamlardan biri girovun realizə edilməsi prosesinin sadələşdirilməsi, bu prosesə sərf olunan vaxtın azalmasıdır. Əfsuslar olsun ki, biz indiyədək bu məsələni həll edə bilməmişik. Bu günə əsas söz «dialoq»dur. Biz hamımız – dövlət, banklar və biznes yığışaraq bu məsələni həll etməli, problemləri aşkar edərək həll etməliyik», - deyə E.Rüstəmov bildirib.

Bundan başqa, Rüstəmov deyib ki, banklar öz problemlərinin həllini sürətləndirməli, risklərin idarə olunması üzrə funksional sistem yaratmalıdır: «Risk-menecmentin zəif olması artıq bank sektorunda problemlər yaradıb. Mən bank rəhbərlərilə görüşlərimdə istehlak kreditlərindən belə yapışmağa ehtiyacın olmadığını deyirəm. Bununla yanaşı, bank kadrlarını da gücləndirmək lazımdır. Doğrudur, irəliləyiş var, amma daha da inkişaf etmək lazımdır. Banklarda böyük likvidlik görürük. Lakin onlar bundan istifadə etmir. Demək, hansısa problemlər var».

Prezidentin müşavirəsindən dərhal sonra Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının rəhbərlərilə görüş təşkil edib. Görüşün sonunda bankların strateji planlarına yenidən baxması, ən qısa vaxtda öz təkliflərini tənzimləyiciyə təqdim etməsi haqda qərar qəbul olunub. Bundan başqa, görüş iştirakçıları banklar tərəfindən kredit yarmarkalarının təşkilinin məqsədəuyğun olduğu qənaətinə gəliblər.

 

3-cü problem: kölgə biznesi

Lakin özəl sektorun kreditləşdirilməsinin zəifliyi heç də yalnız banklarla bağlı deyil. Bəzi hallarda bu, biznesin özünün problemidir. Söhbət, ilk növbədə, kölgə biznesindən gedir – sahibkar vergidən və digər nəzarət orqanlarından yayınmaq məqsədilə real gəlirini, dövriyyəsini və s. göstərmir. «Bu gün kölgə biznesinin praktik olaraq, kredit resurslarına çıxışı yoxdur. Doğrudur, kölgə iqtisadiyyatı ilə mübarizə artıq nəticələrini verir. Lakin prezidentin də bu yaxınlarda dediyi kimi, hələ də kölgədə işləməyə üstünlük verən sahibkarlar var», - deyə E.Rüstəmov bildirib.

Həqiqətən də, son 2 ildə ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə xeyli artıb, vergi sahəsində aparılan islahatlar artıq ciddi nəticələr verməyə başlayıb. Məsələn, yalnız bu ilin 9 ayı ərzində 100 mindən artıq əmək müqaviləsi qeydiyyata alınıb. Onların 80%-i qeyri-neft sektoruna aiddir. «Bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs, onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın», - deyə Prezident İlham Əliyev bildirib.

Əlbəttə ki, proses davam etməlidir. Çünki hələ də ən azı on minlərlə insan ondan kənarda qalır. Üstəlik, bu, artıq qeyd edildiyi kimi, kölgə biznesinin yalnız bir hissəsidir.

Amma sahibkarların bu neqativ fəaliyyətinin belə, bəzən obyektiv səbəbləri olur. Məsələn, bazarda öz biznes maraqları olan dövlət məmurları tərəfindən dəstəklənən haqsız rəqabət kimi, inhisarçılıq kimi və s. «Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən», - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, inkişaf etmiş ölkələrdə ÜDM əsasən kiçik və orta biznesin hesabına formalaşır: «Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək».

Yeni yaradılmış, özündə Vergilər Nazirliyini, Əmlak Məsələləri Dövlət Komitəsini, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini birləşdirmiş İqtisadiyyat Nazirliyinin əsas hədəfi də dövlətlə biznes arasında daha real, daha sıx dialoqun qurulmasıdır. Yəni bundan sonra sahibkarların problemlərinin ioniorinqi, onların aradan qaldırılması bir mərkəzdən – supernazirlik tərəfindən həyata keçiriləcək. Bu isə problem və çatışmazlıqların daha effektiv şəkildə aradan qaldırılmasına imkan verəcək.

Yeni strukturun rəhbəri Mikayıl Cabbarov artıq bu istiqamətdə ilk addımı da atıb. O, iqtisadiyyat naziri kimi verdiyi ilk müsahibəsində sahibkarlara dost olmağı təklif edib: «Dostluq da ikitərəfli olmalıdır. Bizim vəzifəmiz sahibkarların hər hansı problemi olduqda onu dinləmək, problemini həll etməkdir. Sahibkarın da dost kimi üzərinə düşən vəzifələri var - fəaliyyətini şəffaf qurmaq və dövlətin vergilərini ödəmək. Vəssalam».

Bir sözlə, Prezident İlham Əliyevin də dediyi kimi, islahatların alternativi yoxdur və Azərbaycan hökuməti üçün əsas prioritet yenə də dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. «Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5% artıb, amma qeyri-neft sektorunda 3,5%. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır», - deyə Prezident İlham Əliyev vurğulayıb.

Odur ki, yaxın vaxtlarda Azərbaycanın iqtisadi həyatının yeni maraqlı proseslərlə, kadr və struktur islahatları ilə zəngin olacağını əminliklə söyləmək mümkündür. Qarşıdan əlamətdar 2020-ci il gəlir. Ona görə əlamətdar ki, ən müxtəlif dövlət proqramlarında, yol xəritələrində bu ilə böyük ümidlər bəslənir. İqtisadi inkişafla bağlı vacib hədəflərin bir hissəsinə məhz gələn il nail olunmalıdır…



MƏSLƏHƏT GÖR:

254