29 Mart 2024

Cümə, 14:12

NƏHƏNG BARIŞIQ

ABŞ ilə Çin oktyabrda əldə olunmuş razılaşmanı fərqli şərh edirlər

Müəllif:

01.11.2019

«Çinlə indicə əldə etdiyim razılaşma ölkəmizin tarixində böyük vətənpərvərlərimiz – fermerlərimiz üçün əldə olunmuş ən nəhəng, ən böyük razılaşmadır. Təşəkkürlər, Çin!» Bunu ABŞ prezidenti Donald Tramp oktyabrın 12-də «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb.

Cəmi bir gün sonra o, növbəti tvitində Çinin artıq ABŞ-dan kənd təsərrüfatı məhsulları alışına başladığını bəyan edib: «Çinlə razılaşmamız onların bizdən böyük həcmdə kənd təsərrüfatı məhsulları alışına DƏRHAL, sənədlərin imzalanacağı 3-4 həftəni gözləmədən başlamasını da nəzərdə tuturdu və ONLAR ARTIQ BAŞLAYIBLAR! Eyni şey maliyyə xidmətlərinə, həmçinin sazişin digər aspektlərinə də aiddir…».

Bəs, söhbət hansı «nəhəng» sazişdən gedir? ABŞ və ÇXR nümayəndələri arasında danışıqların oktyabrın 11-də Vaşinqtonda keçirilmiş 13-cü raundu zamanı bəzi mübahisəli ticari məsələlərlə bağlı əldə olunmuş şifahi razılaşmadan?

Gəlin, əslində nə baş verdiyini aydınlaşdırmağa çalışaq. Bunun üçün isə bir qədər geriyə – oktyabrın 8-nə qayıtmaq lazımdır. Həmin gün ABŞ prezidentinin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Larri Kudlou Ağ Evin Oval zalında şefi üçün ekspertlərin də iştirakı ilə brifinq təşkil etmişdi. Həmin toplantıda Trampa Çinlə ABŞ arasında ticarət sahəsində artmaqda olan gərginliyin ölkə iqtisadiyyatına təhlükə yarada biləcəyi, nəticədə Trampın 2020-ci ildə təkrar prezident seçilmək şanslarının azalacağı haqda məlumat verilmişdi. Hər halda, ölkə əhalisi arasında sentyabrda aparılmış sorğu Çinlə ticarət savaşından narahat amerikalıların sayının getdikcə artdığını göstərib. Məhz bu səbəbdən, Amerika prezidentinin iqtisadi siyasətini dəstəkləyənlərin sayı 46%-ə düşüb (iyulda bu, 51% idi).

Trampın fermerlərin ştatlarında yüksək olan reytinqi məhz Çinlə başlamış ticarət savaşı üzündən azalır. Məsələn, Ayova kimi ştatlar Çinə soya satışından çox asılıdır. İki ölkə arasında ticarət savaşının başlamasınadək Amerikadan Çinə ildə 12 milyard dollarlıq soya ixrac olunurdu. Ötən il bu rəqəm 3 milyarddan bir qədər çox olub. Yaranmış vəziyyət 12000-dən artıq fermerdə müflis olmasına yol açıb. Bu ilin yanvarından martınadək amerikalı fermerlərin şəxsi gəliri illik 11,8 milyard dollar azalıb. Bu, son 3 ilin ən ciddi geriləməsidir. Bu üzdən, əksər fermerlər sözügedən savaşın bitməyəcəyi təqdirdə növbəti seçkidə Trampa səs verməyəcəyini bildirir.

Üç gün sonra ABŞ və Çin nümayəndələri arasında növbəti görüş keçirilib. Toplantıdan əvvəl tərəflərin irəliləyişə nail olacağı gözlənilməsə də, tam görüş ərəfəsində Vaşinqtonun qarşı tərəfə jest etdiyi məlum olub – Amerika Çindən 250 milyard dollarlıq ixraca görə 25%-lik rüsumun 30%-ə qaldırılması qərarını təxirə salıb. Halbuki, yeni qayda oktyabrın 15-də qüvvəyə minməli idi.

Görüşdən dərhal sonra isə Tramp jurnalistlərə maraqlı açıqlama verib: Çinin ABŞ-dan alacağı kənd təsərrüfatı məhsullarının həcmi əvvəlkindən «2,5-3 dəfə artıq olacaq». Söhbət 40-50 milyard dollardan gedir. Bu, münasibətlərdəki böhranaqədərki həcmi ən azı 2 dəfə üstələyir.

Doğrudur, belə bir razılaşmanın yazılı təsdiqi yoxdur. Üstəlik, Çin də məsələyə hələlik münasibət bildirməyib. Pekin rəsmiləri yalnız ABŞ ilə danışıqların uğurlu keçdiyini söyləməklə kifayətlənirlər. Onların sözlərinə görə, tərəflər arasında hansısa saziş yalnız Donald Tramp ilə Si Cinpinin noyabrın 16-17-də keçiriləcək Asiya-Sakit Okean ölkələrinin İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində baş tutacaq şəxsi görüşündə imzalana bilər. Hələliksə alqı-satqı Çin bazarının tələbatına uyğun həyata keçiriləcək.

Ekspertlər hesab edir ki, Çin Amerikadan kənd təsərrüfatı məhsulları alışını artırmağa razılıq veribsə, bu, daxili bazarda donuz ətinə olan tələbatın ödənilməsi zərurətinin yaranması ilə əlaqədardır. Məsələ ondadır ki, Afrika taunu xəstəliyinin yayılması üzündən ölkəyə donuz əti idxalı ən azı 4 dəfə azalıb.

Lakin razılaşma (üstəlik, şifahi razılaşma) daha çox müvəqqəti barışığa bənzəyir. 15 aydır davam edən ticarət savaşında belə hal bir neçə dəfə olub.

 

Bu, ilk deyil

«Böyük iyirmiliyin» 2018-ci ilin dekabrında Buenos-Ayresdə keçirilən sammiti zamanı iki ölkə münasibətlərin tam aydınlaşdırılmasınadək qarşılıqlı sanksiyaları təxirə salmış, bununla da, barışıq əldə etmişdi. O zaman həm Tramp, həm də Cinpin bildirmişdi ki, razılaşma 90 gün qüvvədə olacaq. Bunun ardından Çin Amerikadan soya idxalını belə, bərpa etmişdi. Lakin növbəti ilin mayında barışıq pozuldu. O zaman tərəflər bir-birini razılaşma layihəsində ciddi dəyişikliklər etməkdə təqsirləndirirdi. Nəticədə, ABŞ Çindən alınacaq 200 milyardlıq məhsula görə rüsumu 15%-dək artırmış, Çin isə qanunvericiliyində dəyişikliklərlə bağlı öhdəlikdən imtina etmişdi. Söhbət ABŞ-dan intellektual mülkiyyət və ticarət sirləri oğurluğu, texnologiyaların məcburən ötürülməsi, rəqabət siyasəti, maliyyə xidmətlərilə çıxış, valyuta manipulyasiyası kimi sahələrdən gedirdi.

Vaşinqtonla Pekin bir də «G20»nin Osaka sammiti (28-29 iyun) ərəfəsində «barışıq» əldə etmişdi…

 

Tramp Pekinin ən yaxşı dostudur?

Bu arada Amerikanın «Foreign Policy» jurnalı maraqlı qənaətə gəlib. Çin hökumətinin üzvlərilə çoxsaylı qeyri-rəsmi söhbətlər aparan jurnalistlər bu fikirdədirlər ki, Pekində Trampın gələn il təkrarın prezident seçilməsini arzulayanların sayı artır. Onlar hesab edir ki, Çinin siyasi və iqtisadi nüfuzunun, həmçinin hərbi potensialının artması fonunda Donald Tramp ABŞ-ın qlobal liderliyini hərtərəfli zəiflədir, nəticədə, Pekin üçün nəinki Asiyada, bütün dünyada nüfuz dairəsini genişləndirmək imkanı yaranır. Bir çox çinli düşünür ki, Trampın qlobal siyasəti Çinin uzaq perspektivə hesablanmış strateji maraqlarına uyğundur – Pekinə sanksiyaların tətbiqinə, iqtisadi təzyiqlərin artmasına rəğmən.

Tramp ölkəsini ticarət sahəsində əməkdaşlığa dair çoxsaylı razılaşmalardan çıxarır (məsələn, Trans Sakit Okean Tərəfdaşlığı (TSOT) layihəsi). Halbuki, illər ərzində ABŞ-ın beynəlxalq iqtisadi siyasətinin əsasını məhz bu razılaşmalar təşkil edib. Çin isə əksinə, belə sazişlərin bağlanması üçün var gücünü ortaya qoyur. O, Yeni İpək Yolu layihəsini («Bir kəmər, bir yol») fəal şəkildə inkişaf etdirməklə yanaşı, Hərtərəfli Regional İqtisadi tərəfdaşlıq layihəsinin reallaşdırılması üzərində də ciddi iş aparır. Bu, Cənub-Şərqi Asiyanın 16 ölkəsini, o cümlədən çoxillik müttəfiqlər olan ABŞ, Yaponiya, Avstraliya, Koreya Respublikası, Yeni Zelandiya və Hindistan kimi ölkələri özündə birləşdirməlidir.

Layihənin iştirakçısı olacaq 16 ölkənin (dünya əhalisinin 49%-i) birgə ÜDM-i dünya ÜDM-nin 30%-ni təşkil etməlidir. Bu, beynəlxalq ticarətin üçdə biri deməkdir.

Son zamanlaradək bu layihə Amerikanın TSOT layihəsinə alternativ sayılırdı. Lakin ABŞ-ın həmin sənədi imzalamaqdan imtina etdiyini nəzərə alsaq, bu iki azad ticarət zonasının ortaq maraqlar üzərində bir araya gəlməsi tamamilə mümkündür. Onlar bir-birini tamamlamaqla, ABŞ-ı əməkdaşlıqdan kənarda qoya bilər.

Bundan başqa, Tramp administrasiyasının bəyanatları və fəaliyyəti bir çox ölkədə ABŞ-a arxalanmağın mümkünsüzlüyü fikrini yaradıb. Buna son misal kimi, Suriya kürdlərinin taleyini göstərmək olar.

Kuryoz hadisələrə belə, rast gəlinir. Hər halda, Çin rəsmiləri yəqin ki, Vaşinqtonun onlardan ABŞ-da keçiriləcək növbəti prezident seçkisinə müdaxilə etmələrini istəyəcəyini gözləmirdi. Lakin bu, baş verib. Tramp jurnalistlərlə söhbətində deyib: «Çin Baydenlə bağlı araşdırmalara başlamalıdır. Çünki Çində baş vermiş hadisələr elə Ukraynada yaşanmış olaylar qədər çirkindir». ABŞ prezidenti bu istəklə çıxış edərkən ölkəsinin sabiq vitse-prezidentinin oğlu Hanter Baydenin Çinin investisiya firması ilə əlaqələrini nəzərdə tutur.

Onun bu istəyinə Çinin xarici işlər naziri Van İ dərhal cavab verib: «Çin ABŞ-ın daxili işlərinə heç zaman qarışmayacaq. İnarırıq ki, Amerika xalqı öz problemlərini həll etmək gücündədir». Etiraf etmək lazımdır ki, kifayət qədər aşağılayacı bəyüanatdır. Üstəlik, Çinin kommunist ideoloqları üçün bu, əməlli-başlı hədiyyədir. Başqa sözlə, bu, onların Qərb üslubundakı demokratiya və seçki sisteminin doğru qiymətləndirilmədiyi haqda fikirlərinin təsdiqidir.

Yeri gəlmişkən, oktyabrın 11-də əldə olunmuş barışın Pekində Cinpinin Tramp üzərindəki qələbəsi kimi qiymətləndirilir. Hər halda, ABŞ prezidenti «nəhəng» razılaşmadan danışarkən Çinin iqtisadi siyasətində hansısa struktur dəyişikliklərinə gedildiyini nəzərdə tutmur (halbuki ABŞ administrasiyası Pekindən məhz bunu tələb edir). Trampın «nəhəng» razılaşma dediyi Çinin Amerikadan daha çox kənd təsərrüfatı məhsulu alacaq olmasıdır. Bu isə Çinin özünə lazımdır.

 

Qarşılıqlı zərər

Ticarət savaşından həm ABŞ, həm də Çin iqtisadiyyatı ciddi zərər görüb. Çində ÜDM-in artımı ilin ikinci rübündə 6,2%-dək azalıb. Bu, son 27 ilin ən zəif göstəricisidir. Üstəlik, geriləmənin daha da dərinləşəcəyi istisna deyil. İqtisadçılar düşünür ki, ilin sonunda bu göstərici 6%-dən də az ola bilər.

ABŞ iqtisadiyyatı isə aprel-iyun aralığında cəmi 2% artıb. Halbuki, əvvəlki rübdə bu, 3,1% idi.

Hər iki ölkə rəsmiləri ticarət savaşından daha çox qarşı tərəfin əziyyət çəkdiyini deyir. Amma bu, əlbəttə ki, belə deyil. Zərər qarşılıqlıdır.

Hər iki tərəf münaqişəyə sinə gərməyə imkan verəcək iqtisadi dayanıqlığa malik olduğunu da deyir. Amerika şübhəsiz ki, xarici ticarətdən daha az asılıdır. Çin isə öz növbəsində, iqtisadiyyatdakı dövlət monopoliyası ilə daha güclü maliyyə, pul və kredit alətlərinə malikdir.

İstənilən halda, Çin ya sanksiyalar, ya da iqtisadi inkişaf tempində artıq bir neçə ildir müşahidə olunan geriləmə nəticəsində daxili bazarının dünyaya açılmasına istiqamətlənmiş bəzi addımlar atmaqdadır. Məsələn, rəsmi Pekin yaxın vaxtlarda fyuçers, qiymətli kağızlar və qarşılıqlı fond şirkətlərində xaricilərin iştirakına olan limitin aradan qaldırılacağını bəyan edib. Baş nazir Li Ketsyan isə bildirib ki, ölkəsi xarici bank, broker şirkətləri və fondların idarə olunması ilə məşğul olan qurumların fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırır.

Beləliklə, hər iki tərəfdə getdikcə artan problemlər onların liderlərini qarşılıqlı güzəştlərə məcbur edə bilər. Nəticədə, onlar ticarət savaşındakı barışığı hərtərəfli saziş şəkilinə sala bilərlər. Amma imzalanacaq sazişin bir də həyata keçirilməsi məsələsi var…


MƏSLƏHƏT GÖR:

249