20 Aprel 2024

Şənbə, 03:34

BİR GÜLLƏ İLƏ…

Yaxud Türkiyə hər kəsi «Sülh bulağı»ndan necə içirdi?

Müəllif:

01.11.2019

Türkiyə Suriyada sayca üçüncü hərbi əməliyyatını ağır itki vermədən, qısa vaxt ərzində bitirdi. Oktyabrın 9-da başlayan “Sülh çeşməsi” əməliyyatı nəticəsində Türkiyə ordusu Suriyanın Ras əl-Ayn və Tel Abyad məntəqələri arasındakı 120 kilometrlik ərazidə, təxminən, 1500 kvadrat kilometr sahəni bir həftə ərzində PYD/YPG silahlılarından təmizləyib.

 

Qüvvələr nisbəti

Türkiyə ordusu “Sülh çeşməsi” əməliyyatına ümumilikdə 60 min canlı qüvvə cəlb edib. Bunun 40 min nəfəri Türkiyə hərbçiləri, 20 min nəfər isə suriyalılar, daha dəqiqi “Suriya Milli Ordusu”nun (SMO) döyüşçüləri olub. SMO əslində yeni bir formatdır, daha əvvəl “Azad Suriya Ordusu” çətiri altında toplanan qüvvələr sonuncu əməliyyat öncəsi daha geniş bir arealda SMO adı altında birləşdirilib. Bundan əlavə, “Əhrar əş-Şərqiyyə”, “Ceyş əl-Şərqiyyə”, “Ceyş əl-Şamiyyə”, “Ceyş ən-Nasr”, “Cəbhə ən-Nasr” və digər qruplaşmalara aid 14 min yaraqlı da Türkiyə ordusu ilə birlikdə əməliyyatda iştirak edib.

“Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgə artıq 4 ildən çoxdur ki, “Suriya Demokratik Qüvvələri” adlanan koalisiyaya məxsusdur. Bu koalisiya 2015-ci ildə təşkil olunub. Kürdlər, ərəblər, türkmənlər, süryani və digər kiçik qruplar təmsil olunur. Ancaq SDQ-nin əsas gücü bu ərazidə çoxluq təşkil edən kürd qüvvələridir. Daha dəqiqi, YPG və onun yan qruplarıdır. Bölgədə, eyni zamanda ABŞ və daha bir neçə Avropa ölkəsinin hərbi qüvvələri var.

Bəzi ehtimallara görə, SDQ-nin 84 min döyüşçüsü var. Bunlardan 50 min (bəzi mənbələr 60 minə qədər deyir - K.R.) silahlı YPG və ya başqa sözlə kürd silahlı qrupları, 24 min ərəb silahlıları, yerdə qalan isə kiçik etnik və dini qrupların silahlı dəstələridir. Bölgədə 7 fərqli kürd silahlı qrupunun olduğu ehtimal edilir. Bunlardan ən böyüyü PYD siyasi kürd təşkilatının silahlı qanadı olan YPG (Xalq Müdafiə Qüvvələri, kürdcə Yekinyen Parestina Gel – K.R.) və onun qadın briqadaları olan YPJ-dir.

Ancaq Suriyanın əsasən düzənlik və qismən təpəliklərdən ibarət olan şimal-şərq regionundakı açıq ərazilərdə kürdlərin Türkiyə ordusu qarşısında uzun müddət müqavimət göstərməsi inandırıcı deyildi. Gözlənildiyi kimi də oldu.

 

Atəşi kəsən sülh

Lakin Türkiyənin bu əməliyyatı Qərbdə, əsasən də ABŞ-da ciddi etirazla qarşılandı. Xüsusən də ABŞ prezidenti Donald Trampın Ankaraya əməliyyat üçün “yaşıl işıq” yandırması Vaşinqtondakı siyasi dairələrdə ciddi etiraz doğurdu. Çünki bu, həm də ABŞ-ın 5 ildir dəstəklədiyi kürdlərə arxa çevirməsi kimi yozuldu, hansı ki, bunu açıq deyən siyasətçilər də vardı. Tramp isə ilk günlərdə müqavimət göstərmək, kürdlərdən imtina etmək istəsə də, sonrakı günlərdə təzyiqlərə boyun əydi və Ankaradan əməliyyatı dayandırmağı tələb etdi. Ardınca Türkiyənin iki nazirliyi və 3 naziri barəsində, eləcə də Ankaraya bəzi maliyyə təzyiqləri nəzərdə tutan sanksiya sənədi qəbul olundu. Bu da nəticə vermədikdə oktyabrın 17-də vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeodan ibarət heyəti Ankaraya göndərdi.

Elə həmin gün Ankarada ABŞ vitse-prezidenti ilə Türkiyə prezidenti arasında 120 saatlıq atəşkəs əldə olundu. Razılaşmaya əsasən bu müddət ərzində kürd silahlıları (YPG və digər qruplar) Türkiyənin tələb etdiyi qədər, yəni Suriya-Türkiyə sərhədindən 32 kilometr dərinliyə çəkilməli, buna qarşılıq olaraq Türkiyə əməliyyatı dayandıracaq, ABŞ hökuməti isə Prezident Trampın imzaladığı sanksiya qərarlarını ləğv edəcək.

13 maddədən ibarət razılaşmanın 10-cu maddəsinə əsasən, Suriyanın şimalındakı “təhlükəsiz zona” Türkiyə ordusunun nəzarətinə veriləcək, bu proses Türkiyə və ABŞ qüvvələrinin birgə nəzarəti altında həyata keçiriləcək. “Təhlükəsiz zona” 20 mil, yəni 32 kilometr olacaq.

 

Amerikalılar getdi, ruslar gəldi

Lakin “Sülh çeşməsi” əməliyyatının gedişində bir başqa dönüş baş verdi. ABŞ ordusunun geri çəkilməsindən sonra kürdlər Moskvanın vasitəçiliyi ilə Laziqiyyə yaxınlığındakı Xmeymim Hərbi Hava bazasında Suriya hökuməti ilə danışıqlara başladı. Nəticədə, çox tezliklə Suriya ordusu qüvvələri Menbic, rayonu, yenə də Fəratın aşağısında Tabqa qəsəbəsi və eyniadlı hərbi aerodrom, Raqqa şəhəri, o cümlədən Raqqadan şimala doğru ərazilər, Laziqiyyə-Hələb və İraq sərhədini birləşdirən M-4 magistralı və onun üzərində yerləşən Ayn-İsa qəsəbəsi, o cümlədən Şərqə - İraq sərhədinə doğru yenə M-4 magistralı üzərində yerləşən Tel-Tamer qəsəbəsi, eyni yolun üzərində Qamışlı, bir qədər mərkəzə doğru Hasake şəhərləri, əl-Kəhtaniyə, Tel Hamis və nəhayət, İraq-Suriya sərhədi üzərində yerləşən Yaurubiyə qəsəbələri və bu məntəqələri birləşdirən yollar Suriya ordusuna təhvil verildi.

Qamışlı, əl-Kəhtaniyə, həmçinin qərb tərəfdə Kobani və oradan qərbə doğru, Cerablusa qədər sərhəd bölgəsi də Suriya ordusunun nəzarəti altına düşdü. Halbuki Ankarada əldə olunan anlaşmada, əslində, bu şəhərlər və sərhəd ərazisi Türkiyəyə verilməli olan 32 kilometrə daxil edilirdi.

 

Soçidə kürd bazarlığı

Bu dəfə Türkiyə prezidenti Putinin dəvəti ilə Soçidə kürd məsələsini müzakirə etdi. 6 saatlıq danışıqlardan sonra 10 maddəlik Suriya razılaşması əldə olundu. Bu razılaşmaya əsasən 150 saat ərzində kürdlər Suriya-Türkiyə sərhədindən geri çəkiləcək. Türkiyə “Sülh çeşməsi” əməliyyatı nəticəsində 120 kilometrlik zolağı əlində saxlayacaq, yerdə qalan 300 kilometrlik (ümumilikdə Cerablus-İraq sərhədi arasında məsafənin 440 kilometrdən bir qədər çox olduğu güman edilir – K.R.) sərhəd zolağında Suriya ordusu sərhəd qüvvələri, 10 kilometrlik zolaqda isə Türkiyə və Rusiya hərbi qüvvələrinin ortaq patrulu hərəkət edəcək. Kürdlər isə 30 kilometrdən geri çəkiləcək.

Bu müddət artıq başa çatıb və oktyabrın 27-də Suriya XİN bəyanat yayaraq kürd qüvvələrinin (SDQ və YPG) Soçi anlaşması çərçivəsində Suriya-Türkiyə sərhədindən çəkildiyini bəyan edib. Bundan əvvəl isə SDQ bəyanat yaraq sərhəddən çəkiləcəyini bildirmişdi. Bununla da, “Sülh çeşməsi” əməliyyatı rəsmən başa çatmış hesab olunur.

Xatırladaq ki, Türkiyə daha əvvəl sərhədlərində terror təhlükəsini əsas gətirərək iki dəfə Suriya ərazisində hərbi əməliyyatlar keçirib. Birinci hərbi əməliyyat 2016-cı il 24 avqustda başlayıb. “Fərat qalxanı” adlanan əməliyyat 5 aydan çox davam edib, nəticədə, Suriyanın Aziz və Cerablus məntəqələri arasında 100 kilometrdən bir qədər az ərazi əl-Bab məntəqəsinə qədər dərinliyə azad edilib. Türkiyənin Suriyada ikinci əməliyyatı YPG qruplaşmasına qarşı 2018-ci ilin yanvarında başlayıb. “Zeytun budağı” adlı əməliyyat iki ay davam edib və Afrin rayonunun kürdlərin əlindən alınması ilə başa çatıb. “Sülh çeşməsi” sayca 3-cü əməliyyatdır.

 

Yekun əvəzi: Kim nə qazandı?

Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi son əməliyyat bütövlükdə münaqişənin taleyində ciddi rol oynadı. Bu əməliyyat nəticəsində kürdlər Türkiyə-Suriya sərhədindən 30 kilometr dərinliyə çəkildi və bununla da, faktiki olaraq Hataydan İraq sərhədinə qədər olan bölgədə kürdlərin nəzarət etdiyi sərhəd ərazisi qalmadı. Halbuki 30 il əvvələ qədər sərhədin böyük hissəsi onların nəzarətində idi.

Bununla da, Ankara əsas hədəfi olan Cerablusdan (Cerablus 2016-cı ildən Türkiyə ordusunun nəzarətindədir – K.R.) İraq sərhədinə qədər olan 440 kilometr uzunluğunda ərazidə 32 kilometr dərinliyə qədər sərhəd zolağını YPG terror təşkilatından təmizləmək hədəfinə nail oldu. Eyni zamanda kürdlər miqyas olaraq böyük bir ərazini itirdilər və sərhəd bölgələrinə nəzarət əllərindən çıxdı. Bununla da, Suriyada böyük bir ərazidə kürd muxtariyyəti və ya başqa sözlə, Suriyanın şimalında federal subyektin qurulması planı pozuldu. Üstəlik, YPG-nin sərhəddən uzaqlaşdırılması və geri qalan ərazilərdə Suriya ordusunun nəzarətində olması da Ankaranın maraqlarına cavab verir.

Bu prosesdə ən asan “qazancı” Suriya və Rusiya əldə etdi. Suriya ordusu beş ildən sonra bir güllə belə atmadan Menbic, İŞİD-in Suriya “paytaxtı” sayılan Raqqa Raqqa, Qamışlı və digər şəhərləri götürdü. Eyni zamanda rusların vasitəçiliyi ilə kürdlər Suriya hökuməti ilə danışıqlar masasına oturdular. Rusiya isə faktiki olaraq kürdlər üzərində təsir sahibinə çevrildi. İndi bir il əvvəlkindən fərqli olaraq kürdlər faktiki olaraq Rusiyanın təsiri altındadır, Moskva isə uzun müddət bunun üçün çalışırdı.

Vaşinqton isə şimal sərhədlərindən çəkilsə də, indi əsas qüvvələrini mərkəzə, kürdlərin nəzarətində olan Deyr əz-Zor vilayətinə toplayır. ABŞ müdafiə naziri bildirib ki, bu bölgəyə əlavə qüvvələr, o cümlədən zirehli texnika (Abrams tankları – K.R.) göndəriləcək. Məqsəd neftli ərazilərin (Suriyanın müharibəyə qədər gündəlik 360 min barel neft istehsal edən əsas yataqları məhz bu ərazidə yerləşir – K.R.) qorunması, İŞİD-in əlinə keçməsinə mane olmaqdır.

Kürdlər şimalda sərhəd əraziləri itirsələr də, bu dəfə ABŞ-dan daha ciddi bir təhlükəsizlik təminatı alacaqlar. İndi kürd siyasətçiləri nisbətən daha kiçik ərazidə özünüidarə statusu tələb etməyə ümid edilər. Lakin bunun üçün indi bölgədə əsas söz sahibi olan dövlətlərin, o cümlədən son əməliyyatdan sonra mövqeləri güclənən Türkiyənin neytrallığını qazanmaq lazımdır. Bu isə o qədər də mümkün deyil. Çünki kürd muxtariyyəti mövzusunda Türkiyənin ən yaxın müttəfiqi rəsmi Dəməşqdir. Yaxın dövrdə Dəməşq-Ankara təmaslarının yenidən bərpa olunması möcüzə sayılmamalıdır.



MƏSLƏHƏT GÖR:

283