20 Aprel 2024

Şənbə, 07:56

«İLK ZƏNG ÇALINDI»

Rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq KUZNETSOVUN «Region plus» jurnalına müsahibəsi

Müəllif:

01.11.2019

MDB Dövlət Başçıları Şurasının oktyabrın ortalarında Aşqabadda keçirilmiş toplantısı, yəqin ki, daha çox Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına dair qətiyyətli bəyanatı ilə yadda qalıb. O, Hitlerin əlaltısı olmuş Qaregin Njdenin heykəlinin hələ də İrəvanın mərkəzində qalmasına görə Ermənistan hakimiyyətini ilk dəfə belə yüksək tribunadan, həm də elə Ermənistanın baş naziri Nikol Paşinyanın yanında sərt tənqid edib. İrəvan keçmiş SSRİ-dən olan qonşuları ilə faşizm üzərindəki qələbənin 75 illiyinə belə bir «yük»lə gedir.

«Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub», - deyə İlham Əliyev bildirib. Bunun ardınca o, iddialarının doğruluğunu sübut edən bir sıra sənədə istinad edib.

Azərbaycan Prezidentinin qarşı tərəfi darmadağın etmiş bu çıxışı və Ermənistanın baş nazirinin ona uğursuz cavab cəhdi KİV və ekspertlərin diqqətindən kənarda qalmayıb. Ermənistanda nasistlərin qəhrəmanlaşdırılması təcrübəsini kifayət qədər dərindən bilən rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq KUZNETSOV hesab edir ki, Azərbaycan Prezidentinin bəyanatı Ermənistana təsirsiz ötüşməyəcək.

- Oleq Yuryeviç, İlham Əliyevin çıxışı ilə Ermənistanda nasistlərlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılması mövzusu yenidən regionun informasiya məkanında aktuallıq qazanıb. Məsələn, Rusiya KİV-i bu prosesin Ermənistandan Rusiyaya ixrac oluna biləcəyinə diqqət çəkir. Uzun illər bu problemi araşdırmış alim kimi, necə düşünürsünüz, «buz əriməyə başladımı»?

- Fikrimcə, hələlik «buzun əriməyə başladığını» söyləmək tezdir. İndiki vaxtda belə yanaşmaq, həddindən artıq nikbinlik olardı. Məncə, «ilk zəng çalındı» demək daha uyğundur. İlham Əliyev cəsarət göstərərək, hər şeyi öz adı ilə çağırdı. Onun MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitindəki çıxışının məğzini 3 tezislə ifadə etmək olar: Böyük Vətən müharibəsi illərində erməni nasizmi; onun bu yaxınlaradək Ermənistanda hərtərəfli qəhrəmanlaşdırılması; bu işdə erməni xalqının günahsız olması.

Bununla Prezident Əliyev Azərbaycan xarici siyasətinin əxlaqi xarakterini, yəni kiminlə gəldi qarşıdurmaya deyil, dialoq ideologiyasına əsaslandığını bir daha ortaya qoyub. O, nasizmin qəhrəmanlaşdırılması faktının haradasa uzaqlarda deyil, elə «burunlarının ucunda» baş verdiyini MDB liderlərinin diqqətinə çatdırıb. İndi Azərbaycanın bu təşkilatdakı tərəfdaşları və həmkarları seçim qarşısındadır: bu fakta məhəl qoymamaq və unutmaq, yoxsa onu həll etmək? Mənə elə gəlir ki, ikinci yanaşma qalib gələcək. Lakin bu, özündə siyasi, inzibati, hüquqi tədbirləri, bəlkə də, güc nümayişini birləşdirməlidir. Onların miqyası, məqsədyönlülüyü, nisbiliyi və tətbiqi forması isə yaxşı ölçülüb-biçilməlidir. Kompleks tədbirlərin görülməsi, qərarların qəbulu üçün çox böyük olmasa da, zamana ehtiyac var. Siyasətdə bu, adətən, belə olur: əvvəlcə bəyanat səsləndirilir, daha sonra praktik addımlara keçilir. Beləliklə, «buzun əriməyə başladığını» yalnız beynəlxalq formatda ilk rəsmi bəyanatın səsləndirilməsindən sonra söyləyə biləcəyik.

- Aşqabadda Azərbaycan Prezidentinin bəyanatına cavab verən Ermənistanın baş naziri Nikol Paşinyan günahı ölkəsinin əvvəlki hakimiyyətinin üzərinə atmayıb, amma deyilənlərə konkret cavab da verə bilməyib. Əvəzində o, Əliyevin dediklərini şişirtmə kimi qiymətləndirməyə çalışıb. Bu, o deməkdirmi ki, Paşinyan faktiki olaraq, ölkəsində Hitlerin əlaltılarının qəhrəmanlaşdırılmasına görə məsuliyyəti bölüşür?

- Paşinyanı anlamaq olar. Pat vəziyyətinə düşmüş baş nazir ölkəsində nasistlərin qəhrəmanlaşdırılmasının dövlət siyasəti səviyyəsinə qaldırılmasına görə özündən əvvəlki hakimiyyəti günahlandıra bilərdi. Bir müddət əvvəl, 2019-cu il mayın 6-da Rusiyanın Xarici İşlər Nazirliyi məhz belə etmişdi. Lakin Paşinyan bunu da etmədi. Əksinə, o, indiyədək Ermənistanın sabit prezidenti Serj Sarqsyanın nasist Njde haqda dediklərini ağızdolusu təkrarlamağa başladı.

Bununla, Paşinyan MDB liderlərinin gözündə əvvəlkindən də aşağı düşdü. Necə deyərlər, o, bir hərəkətlə erməni diplomatiyasının bu məsələdə mənfur görüntü verməmək üçün geydiyi ədəb maskasını yox etdi. Xatırladım ki, Böyük Vətən müharibəsində qazanılmış qələbənin 75 illiyinin MDB-nin bütün üzvləri tərəfindən kollektiv şəkildə qeyd olunmasına dair razılıq hələ Aşqabad sammitindən əvvəl əldə edilmişdi. Aşqabadda isə ortaya qəribə mənzərə çıxdı: Ermənistan nasizm üzərində qələbənin ildönümünü nasist cinayətkarı Njde kimi «simvol» altında qeyd etmək istəyir. Halbuki həmin savaşda erməni xalqının əsl qəhrəmanı marşal İvan Baqramyan olub.

Ən maraqlısı isə odur ki, Paşinyanın Njde ilə bağlı mövqeyi erməni xalqının milli müstəqillik mübarizəsi nöqteyi-nəzərindən də absurd görünür. İndi mən məsələyə Böyük Vətən müharibəsilə bağlı bütün ənənəvi xeyir-şər anlayışlarından kənar yanaşmağa, vəziyyətə ortodoksal ultramillətçi erməni gözü ilə baxmağa çalışacağam. Araratın zirvəsindən baxdıqda belə çıxır ki, marşal Baqramyan Sovet rejiminin Ermənistanı «işğal etməsini» dəstəkləyib. Amma Njde də onun müstəqilliyini istəməyib, Ermənistanın nasist Almaniyasının müstəmləkəsinə çevrilməsinə çalışıb. Başqa sözlə, Njde Ermənistana müstəqillik arzulamayıb, nasistlərin əli ilə hakimiyyətə yiyələnmək üçün onun digər işğalçı rejimə birləşdirilməsi uğrunda savaşıb. Belə olduqda, ortaya sual çıxır: o, Ermənistanın azadlığı uğrundamı savaşıb? Birmirəm İrəvanda bu şizofren vəziyyəti anlayırlar, ya yox. Anlamırlarsa, hesab edirəm ki, bu xəstəliyin yeganə müalicəsi İkinci Dünya müharibəsindən sonrakı Almaniya kimi, Ermənistanın da total denasifikasiyasıdır.

- Öz kitablarınızda, məqalə və müsahibələrinizdə Rusiya XİN-ni tez-tez Ermənistanda Njdenin qəhrəmanlaşdırılmasına lazımi reaksiyanı göstərməməkdə məzəmmət edirsiniz. Digər tərəfdən bu prosesin Rusiyaya ixracı ilə bağlı həyəcan təbili çalırsınız. Fikrinizcə, Rusiyanın bu prosesi, heç olmasa, öz ərazisində əngəlləməsinə nə mane olur?

- Haqlısınız, mən Rusiya XİN-ni Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına lazımi kəskin reaksiya vermədiyi üçün davamlı tənqid edirəm. Bu bəlanın Rusiyada yayılması ilə isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti öz səlahiyyətlərinə uyğun məşğul olmalıdır.

İlham Əliyevin Aşqabad bəyanatı kifayət qədər ciddi siqnaldır. Bu gün ona məsələyə aidiyyəti olan hər kəs reaksiya verməlidir. Rusiyanın hüquq-mühafizə orqanları fəal iş aparmalı, Rusiyanın cənubunda erməni nasizminin qəhrəmanlaşdırılması əlamətlərini kökündən yox etməlidir. Üstəlik, bu əlamətlər yalnız Krasnodar vilayətinin Armavir şəhərindəki Uspenskaya erməni-qriqoryan kilsəsi ərazisində nasist Njdeyə hələ 2012-ci ildə qoyulmuş memorial lövhəsilə məhdudlaşmır.

Məsələ ondadır ki, 1918-ci ilədək heç zaman ermənilərin milli dövlətçiliyi olmayıb. Onlar bütün tarixi boyu özləri üçün yad milli və dini mühitdə, daha qüdrətli xalqların hakimiyyəti altında yaşamalı olublar. Bu həyat tərzi nəsildən-nəslə keçərək, onlarda iki milli xarakter əlamətini formalaşdırıb – hakimiyyətə yaltaqlıq və rəqiblərə qarşı amansızlıq.

Erməni biznesinin nümayəndələri və onlarla əlaqəli siyasi-dini xadimlər ən müxtəlif profilli, ranqlı məmurları ələ almaq üçün nə qədər lazımdır vəsait xərcləyir, onların praktik iştirakı ilə korrupsiya sxemi qururlar. Tarixə nəzər salsaq, asanlıqla görə bilərik ki, bu təcrübədən erməni etnosunun mövcud olduğu bütün dövrlərdə istifadə edilib. Yerlərdə korrupsiyanın dəstəklənməsi, çiçəkləndirilməsi onlar üçün adi vərdiş yox, az qala anadangəlmə instinktdir. Onlar məhz bu üzdən yaşadıqlar ərazilərdəki hakimiyyət nümayəndələrini və ya onların qohumlarını çox asanlıqla öz bizneslərinə inteqrasiya etməyi bacarırlar. Bu, erməni icmasının yaşadığı hər yerdə hər zaman olub.

Bu məsələdə Rusiya da digər ölkələrdən fərqlənmir. Təbii ki, bu vəziyyət köklü əhalinin xoşuna gəlmir. Bu üzdən, zaman-zaman nəinki geniş xalq etirazları olur, hətta açıq anti-erməni qiyamları da baş verir. 2007-ci ildə Tula vilayətinin Venyov şəhərində, 2013-cü ildə Saratov vilayətinin Puqaçov şəhərində, 2019-cu ilin yanvarında isə Qazaxıstanın Karaqanda vilayətində anti-erməni etirazları olub. Hər yerdə səbəb eynidir: yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının erməni biznesilə birləşməsi. Əminəm ki, analoji vəziyyət Armavirdə də təkrarlanacaq. Çünki orada bələdiyyə rəhbərliyi nasist Njdenin memorial lövhəsini quraşdırması az deyilmiş kimi, onun açılışına da qatılıb. Hər halda, Krasnodar mətbuatı belə yazır.

- Amma görünür, Armavirdə kilsə ərazisində Njdenin lövhəsinin asılması ermənilərə kifayət etmir. Sosial şəbəkələrdə Krasnodar vilayətində ona abidənin ucaldılmasına dair müraciət yayılıb. Görəsən, onları İlham Əliyevin çıxışı qəzəbləndirib?

- Xeyr, burada vəziyyət bir qədər fərqlidir. 2016-cı ilin mayında İrəvanın mərkəzi meydanında, hökumət binasının qarşısında Njdenin heykəlinin açılmasından dərhal sonra Ermənistan hakimiyyətinin göstərişilə Rusiyadakı erməni diasporunun radikal millətçiləri aşkar təxribatçı ərizələr yaymağa başlayıb. Məqsəd bu nasist caninin qəhrəmanlaşdırılması təcrübəsinin Rusiya ərazisinə daşınması idi. Belə müraciətlərdən ən məşhuru Rusiyanın qədim şəhəri, bir vaxtlar rus dövlətinin paytaxtı olmuş Vladimir şəhərinə Njdenin adının verilməsi idi. Məsələ ondadır ki, sözügedən nasist canisi məhz bu şəhərdə yerləşən və şansonlardan məşhur olan «Vladimirski sentral» xüsusi rejimli həbsxanasında ölüb və elə həbsxananın qəbiristanlığında da dəfn edilib.

Krasnodar vilayəti rəhbərliyindən Armavirdə Njdeyə abidənin ucaldılması, həmçinin şəhərin küçələrindən birinə onun adının verilməsilə bağlı tələbin tarixçəsi buradan qaynaqlanır. İndi isə sizinlə bir kiçik sirri bölüşmək istərdim. Onu bu yaxınlarda üzə çıxarmışam və hələ mətbuata açıqlamamışam. Necə deyərlər, sizin üçün eksklüziv xəbər olsun.

Rusiya FTX-nin Böyük Vətən müharibəsi dövrünə aid sənədlərilə tanış olarkən qarşıma maraqlı informasiya çıxıb. Sən demə, Armavirdə 1920-ci ildə bolşeviklər tərəfindən bağlanmış erməni kilsəsini 1942-ci ildə Hitlerin işğalçı hakimiyyəti ibadət üçün yenidən açıb. Üstəlik, kilsənin açılmasını Hitler Almaniyasının işğal olunmuş şərq əraziləri üzrə nazirliyindən şəxsən Njde xahiş edibmiş. O vaxtdan bu kilsə bir daha qapadılmayıb. Krasnodar vilayətində yaşayan ermənilər bunu bilir və onların Njdeyə bu cür həssas yanaşmasının səbəbi də budur. Məhz bu üzdən onlar müasir Rusiyanın qanunlarına, rəsmi dövlət ideologiyasına zidd olmasına rəğmən, Njdeni ilahiləşdirmək istəyirlər.

Əminliklə deyə bilərəm ki, Rusiyadakı erməni diasporunun böyük bir hissəsi bu gün mənəvi-dini mənada Njdeyə pərəstiş edir. Bu vəziyyətlə yalnız onların total denasifikasiyası ilə mübarizə aparmaq mümkündür. Necə ki, hitlerizm və nasizmin süqutundan sonra Potsdam konfransının qərarı ilə 1945-1955-ci illərdə Almaniyada olmuşdu.

- Necə düşünürsünüz, nasistlərin əlaltılarını qəhrəmanlaşdırmaq Ermənistanın nəyinə gərəkdir? Hər halda, Njde yeganə belə şəxs deyil.

- Mən özüm üçün bu sualın cavabını, təxminən, 1 il əvvəl tapmışam. O vaxtdan heç bir opponentim bu fikrimi dəyişdirə bilməyib. Hesab edirəm ki, Njdenin Ermənistanın milli qəhrəmanına çevrilməsi bu respublikanın SSRİ-nin süqutu ilə müstəqillik qazanmasından sonra dövlətçilik ideologiyasının formalaşması prosesində ortaya çıxıb. Ermənilərin etnik mentaliteti elə formalaşıb ki – bunu dəyişmək mümkün deyil – bu insanlar tarixən hansısa ideoloji stereotipi gözüyumulu qəbul edir. Onların beynində ideya yox, gözləri qarşısında səcdə edəcək bir nümunə olmalıdır. Bu xalqın intellektual liderləri həmvətənlərinin şüurunda bu emosional-psixoloji dominantın mövcudluğunu yaxşı bilir. Bu üzdən də onlar xalqı üçün 1 nömrəli qəhrəmanın müəyyənləşdirilməsi və XXI əsrdə onun kumirə çevrilməsi işinə son dərəcə ciddi yanaşıblar.

Son 25 ildə erməni ziyalısı və gəncliyi üçün nümunə kimi müxtəlif personajlar nəzərdən keçirilib: Drastamat Kanayan, Andranik Ozanyan, beynəlxalq terrorçu Monte Melkonyan və s. kimi hazırda Ermənistanda milli qəhrəman sayılan cinayətkarlar. Lakin müxtəlif səbəblərdən onların heç biri işə yaramayıb.

Sonda İrəvan seçimini Qaregin Njdenin xeyrinə edib. Bu seçim isə daha çox ideoloji baxımdan deyil, Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə baxımından edilib. Proses 2000-ci ildə başlayıb. Bu, Njdenin irqçi «tsexakron» nəzəriyyəsi əsasında qurulmuş Ermənistan Respublikaçılar Partiyasının yaradıcısı və ilk lideri Andranik Marqaryanın ölkənin baş naziri təyin edildiyi tarixdir. O zaman Ermənistanda ölkənin ilk prezidenti Levon Ter-Petrosyan və onu hakimiyyətdən kənarlaşdırılmış ikinci prezident Robert Koçaryanın tərəfdarları arasında sərt daxili siyasi mübarizə gedirdi.

Dağlıq Qarabağın səhra komandirlərindən ibarət silahlı dəstələri, hərbi xuntası, rusdilli mətbuatda daha çox «Qarabağ klanı» kimi tanınan qüvvələr İrəvanda hakimiyyəti ələ keçirdikdən sonra onu leqallaşdırlmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanın tərkib hissəsi elan etmişdi. Ermənistanda nüfuzunu artırmağa çalışan yeni hakimiyyət elə o anda Qaregin Njdenin qəhrəmanlaşdırılmasına qərar vermişdi. Çünki 1921-ci ildə Cənubi Qafqazda ikinci erməni dövləti olmuş «Dağlıq Ermənistan Respublikasına» o rəhbərlik etmişdi. Erməni millətçilərinin Azərbaycanın hazırda işğal altında olan torpaqlarına iddialarının əsasını da Njde qoymuşdu. Bu addım Ermənistanın yerli sakinlərinə, İrəvan ermənilərinə Azərbaycandan gələrək hakimiyyəti ələ keçirmiş Qarabağ ermənilərinin ölkəyə rəhbərlik etmək kimi mənəvi haqqının haradan qaynaqlandığını da göstərməli idi.

Njdenin nəzəriyyəsindən Azərbaycana qarşı təcavüzə haqq qazandırılması məqsədilə Ermənistanın xarici siyasətində də istifadə olunur. Məsələyə qərəzsiz yanaşsaq, aydın olur ki, əslində, müasir Ermənistanın bütün həyatı Dağlıq Qarabağın işğalı ideyası ilə keçib və hər şey – insan, maliyyə, inzibati və diplomatik resurslar daim məhz bu işə yönəldilib.

Bir sözlə, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması hər zaman bir məqsədə qulluq edib: işğalçı rejimin möhkəmləndirilməsi, onun mövcudluğu üçün mənəvi əsasın yaradılması. Halbuki son fakt öz-özlüyündə beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Faktiki olaraq, bütün bu siyasət nasizmi fərqləndirən siyasi nihilizm və insan şərəfinin tapdanmasına əsaslanıb.



MƏSLƏHƏT GÖR:

373